Afaq MƏSUD
İlk dəfə sufiliyin cazibəsinə hələ bir neçə il bundan əvvəl – insanı ecazkar sirlər aləminə sovuran “Sufizm müsəlman mədəniyyətləri kontekstində” kitabını – alt qatı yeni tutumlu həqiqətlər közərən sehrli mətnləri oxumağa başlayanda düşmüşdüm...
“Balaca adam siyahıdı[1] və böyük adamın əlamətlərindən biridi”.
Böyük sufi Əziz əd-din ibn Məhəmməd Nəsəfinin “Zübdət əl Həqayiq” traktatında dediyi bu “böyük adam”ın, cəmiyyətin seçmə adamı olduğunu zənn etsəm də, növbəti cümlələrdə bunun yaşadığımız dünya olduğunu anlamış, bu sərhədsiz fikrin möhtəşəmliyindən heyrətə gəlmişdim. Bu mətnin ardınca gələn sonrakı cümlələri isə, nədənsə, Əziz əd-dinin bizlərə – qələm adamlarına ünvanladığı fövqəladə müraciəti kimi qəbul etmişdim...
“Dünya” sözünün mənasını biləndən sonra, indi bil ki, sən kiçik adam və kiçik dünyasan. Bütün dünya isə, “böyük adam” və “böyük dünya” adlanır. Dərviş, sən kiçik dünyasan, bütün dünya isə böyük dünyadı. Və sən hər iki dünyanın siyahısı və işarəsisən.
Bil ki, böyük dünyada nə varsa, o, kiçik dünyada da var. Özünü dərk et, aşkarda və gizlində olanlara çat ki, böyük dünyanın əvvəlinə və axırına çata biləsən.
Bu yoldan savayı, ayrı yol yoxdu.
Hər şeyi olduğu kimi görməyə can atan kəs qoy özünü də olduğu kimi görsün”.
Kitabı oxuduqca, Kainat havalı fəsillərlə, ənginlik sonsuzluqlu fikirlərlə tədricən bu dünyadan üzüldüyümü, izaha gəlməyən sirli cazibələrlə, harasa, geriyə sovrulduğumu hiss edir, ömrüm uzunu gözümün qabağında, burnumun ucunda olan sirli bir aləmə – yeni azadlıqlar qoxuyan divarsız, tavansız, ecazkar boşluqlara – Həqiqi Dünyaya daxil olurdum...
İnsanın kamillik yolu qədim sufilər tərəfindən, onun İlahiyə (Uca Yaradana) can atma, Ona daxil olma yolu kimi baxılır. Onlar son ucu Yaradanda bitən bu sonsuz səyahətin zirvəsinə çatan yeganə kəsi Məhəmməd peyğəmbərdə görürlər.
Sufilərə görə, bu kamillik özündə üç cəhəti birləşdirir ki, bunların hər üçü Məhəmməd peyğəmbərin simasında öz əksini tapıb.
“Qanun – mənim dediklərimdi.
Yol – əməllərim, gerçəklik – mənim halımdı (Məhəmməd peyğəmbər).”
Ayrı sözlə desək, qanun – bilik, yol – bu biliyin əmələ keçirilməsi, gerçəklik (reallıq) – insanın iç dünyasıdır.
Qədim sufilər Məhəmməd peyğəmbəri insan kamilliyinin təcəssümü hesab etsələr də, onun ən ali dərəcəyə – Peyğəmbər Möhürü dərəcəsinə ucalmasını, ondan sonra hələ ki qanuni peyğəmbərlərin aşkar olunmamasını təsdiq etsələr də, sufilik yolunun, yəni Böyük Yaradana aparan sonsuz Yolun davam etdirilməsinə ümid yerinin qaldığını da bildirirlər.
Nəsəfiyə görə də, Uca Yaradana aparan kamillik yolunun axırı, sonu yoxdur:
“Əgər insan min il də yaşaya bilsəydi və bütün o min ili özünüdərklə, zahidlik və zikrlə məşğul olsaydı, o, öz biliyinin və dərk həddinin müqabilində hər gün, hər dəqiqə nə isə dərk edəcək, nə isə anlayacaqdı. O səbəbdən ki, Allahın Biliyinin və Müdrikliyinin sonu, həddi yoxdu.
İnsan məhz bu səbəbdən kamilliyin son həddinə yetə bilmir. O, kamilliyin hansı dərəcəsinə çatsa belə, yenə ona verilən qabiliyyətləri müqabilində, Allahın Biliyi və Müdrikliyi ilə müqayisədə tam kamil olmayacaq.
Odu ki kamilliyə çatdığını düşünən kəs bu kamilliyin nisbi olduğunu anlamalıdı.
Müqəddəs Qanuna görə isə, tam kamillik mövcuddu”.
“Son məqsəd – Mənbəyə (Allaha) qayıdışdı. Mənbəyə qayıdan – öz məqsədinə yetəndi.
Kəndli taxılı torpağa səpib onu becərir. Taxıl bitməyə başlayır və bar verir, yenidən toxuma dönüb öz əvvəlki vəziyyətini alır. Dairə qapanır.
Mövcudluq dairəsinin qapanması – azadlıqdı...”
İmam Həsən Bəsri
Bu dünyanı hər kəsin görə bilmədiyi, çılpaq qiyafətdə görüb, tanıyıb, ömrünü qorxular və sarsıntılar içində başa vurmuş, erkən zahidlik (tərki-dünyalıq) ənənəsinin davamçısı İmam Həsən Bəsri bütün ömrünü Allaha aparan Müqəddəs Yolun cazibəsində yaşadı.
Erkən islamçılığın nümayəndəsi, sufi məktəbinin yaradıcılarından olan müqəddəs İmam Həsən Bəsri haqda söylənənlər:
* * *
Həsən dünyaya gələndə atası Dinar qul idi. Lakin köləlikdə doğulmuş Malik Dinar hər iki dünyadan azad idi.
Geniş qəlb sahibi, Bilik və Əməl Kəbəsi, imtina və dinməzlik yolunun öndəri, Allahın Qüdrətindən daim qorxu duyub, daim Ona can atan Həsən Bəsri Məhəmməd Peyğəmbərin himayəsində böyümüşdü.
* * *
Həsənin anası Ümm Sələmənin[2] yaxınlarından idi.
Deyilənə görə körpə ikən anasının başı işə qarışan zaman Həsən ağlayır. Bu vaxt Ümm Sələmə (Allah Öz Mərhəmətini ondan əsirgəməsin!) uşağı qucağına alır, ovutmaqdan ötrü ona öz döşünü verir. Körpə döşü əmdikcə, döşün giləsindən bir neçə damla süd axır. Deyilənə görə Allahın saysız-hesabsız xeyir-duaları Həsən Bəsriyə Ümm Sələmənin həmin o bir neçə damla südünün ardınca verilir.
* * *
Deyilənə görə uşaqlıq illəri Ümm Sələmənin evində keçən Həsən peyğəmbərin kuzəsindən bir qurtum su içibmiş.
Bunu bilən peyğəmbər:
– İçdiyi suyu ona halal elədim, – deyibmiş.
Sonralar İmam Həsən:
– Məndə olan bütün biliklər peyğəmbərin içdiyi suyla qazanılıb, – deyirmiş.
* * *
Deyilənə görə Həsən uşaq vaxtı hər hansı bir günah iş tutanda, elədiyini tikişlə təzə köynəyinin yaxasına yazdırar, sonra hər gün oxuyar, ürəyi gedənəcən ağlayarmış...
* * *
İmam Həsən həftədə bir dəfə moizə oxuyurdu. Moizə zamanı adamların arasında Rəbiyyəni[3] görməyəndə sözünü yarımçıq kəsib minbərdən enir, evinə yollanırdı.
Günlərin bir günü onun bu hərəkətindən qeyzlənən camaat Həsəndən soruşur:
– Ay Hacı, niyə bu boyda camaatı, bu qədər adamı, hacıları bir başı çadralı qarıya görə pərt eləyirsən?
İmam Həsən:
– Mən fil üçün hazırlanan şərbəti qarışqaların mədəsinə tökə bilmərəm, – deyə cavab verir.
* * *
Deyilənə görə, insanlar İmam Həsənin ecazkar, məstedici moizələrindən vəcdə gəlib ağladığı məqamlar o, üzünü Rəbiyyəyə tutaraq:
– Ey bakirə qız! Bütün bu dediklərim sənin közərən qəlbinin sönmüş kömürləridir! Seyyida! Bütün bu alov, bu qızmar od, sənin qəlbinin xırda kömürcüyünün istisindəndir!..– deyirmiş.
* * *
Yığıncaqlardan birində bir nəfər ayağa qalxıb:
– Bu Həsənin nəyi bizdən artıqdı axı? – deyəndə, orada iştirak edən bir müdrik:
– Onun bizlərdən üstünlüyü – bu dünyada hamının onun biliyinə ehtiyaclı olması, onunsa heç kimə ehtiyaclı olmamasıdır. Bütün möminlərin onun sözünə ehtiyacı var. O isə bu dünyada hər şeydən və hamıdan azaddır. Bununla da bizlərdən ucadadır.
* * *
İmam Həsəndən soruşublar:
– Müsəlmanlıq nədir və müsəlmanlar kimdi?
O deyib:
– Müsəlmanlıq kitablarda, müsəlmanlarsa, qəbirlərdədir.
* * *
İmam Həsəndən soruşublar:
– Dinin əsası nədir?
O deyib:
– Qənaətcillik.
Soruşublar:
– Onu məhv edən nədi?
İmam Həsən:
– Tamah, – deyə cavab verib.
* * *
İmam Həsəndən soruşublar:
– Şeyx, bizim qəlblərimiz sanki yuxudadı. Sənin sözlərin də onları oyada bilmir. İndi biz nə edək?
O cavab verib:
– Yatsaydı, nə vardı ki? Yatana toxunanda, o oyanır. Sizin qəlbləriniz ölüdü, nə qədər tərpətsən də, oyanmazlar.
* * *
İmam Həsən deyib:
– Mən məni içkiyə çağıranı, bu dünyanın işlərinə çağırandan üstün tuturam.
* * *
Deyilənə görə, Mürtəza[4] (Allah onu şad eləsin!) Bəsrəyə təşrif buyurur və şəhərin işləri ilə tanış olmağa başlayır. Üç gün keçməmiş minbərləri sökdürməyi əmr edir, namaz qılmağı qadağan edir.
Həmin günlərin birində təsadüfən o, İmam Həsən Bəsrinin moizəsində iştirak edir. Onu axıra qədər dinlədikdən sonra:
– Sən tələbəsən, yoxsa müəllim? – deyə ondan soruşur.
İmam Həsən:
– Nə oyam, nə də bu. Mən peyğəmbərin dediklərindən agah olan bir kəsəm. Onun dediklərini təkrar edirəm,– deyə cavab verir.
Mürtəza:
– Allah ona rəhmət eləsin. Bu cavan söz deməyə layiqdi,– deyib, Həsənin çıxışlarına qadağanı götürür və məclisi tərk edir.
O gedəndən sonra Həsən bu adamın kim olduğundan duyuq düşür, minbərdən yerə enib onun ardınca qaçır, Mürtəzanı haqlayıb qarşısında diz çökür, ətəyinə toxunub:
– Allah xatirinə, mənə dəstəmaz almağı öyrət, – deyir.
Bab-ət-teşt adlı bir yer var. Mürtəza Həsəni həmin o yerə aparır, teşt gətizdirib, Həsənə dəstəmaz almağın qayda-qanununu öyrədir və şəhəri tərk edir.
* * *
Bir dəfə Bəsrəyə quraqlıq düşür. İki yüz min adam məscidə axışıb İmam Həsəndən minbərə çıxmağı, yağışın yağması üçün dua etməyi xahiş edir.
Həsən minbərə qalxıb:
– Ay camaat! İstəyirsiz yağış yağsın? – deyir.
Adamlar bir ağızdan:
– Əlbəttə, istəyirik! Bura elə bundan ötrü yığışmışıq! – deyirlər.
Həsən:
– Onda Həsəni Bəsrədən qovun! – deyir.
* * *
Deyilənə görə İmam Həsən hələ uşaqlıq illərindən canında gəzdirdiyi anlaşılmaz, səbəbsiz qorxudan əziyyət çəkirmiş. İçində elə bir möhtəşəm qorxu varmış ki, tez-tez oturduğu yerdə:
– Elə bil cəlladın hüzurunda otururam,– deyirmiş.
Deyilənə görə onun üzündə bircə dəfə belə olsun, təbəssüm görən olmayıbmış. Möminlər bunun səbəbini İmamın canında gəzdirdiyi həmin böyük, izaholunmaz qorxu ilə bağlayırlarmış.
* * *
İmam Həsənin yaxınlarından biri belə bir əhvalat danışıb:
– Bir axşam Həsən mənim evimdə oturub ağlayırdı. Mən ona dedim ki, sən ki, bu boyda biliyin, bu qabilliyətlərin sahibisən, niyə bu qədər ağlayıb ah-vay edirsən?
O cavabında:
– Çünki təkcə mənə – Həsənə, bilmədiyim işin yapışmaq, ya Allahdan nə isə diləmək qadağandı. O dəqiqə Həsənə: “itil! – deyiləcək, – bundan sonra bir quruşluq dəyərin yoxdu!”
* * *
Deyirlər, bir dəfə kimsə İmam Həsənin evinin kandarında oturub onu gözləyirmiş. Həmin vaxt Həsən evin damında namaz qılır, hönkür-hönkür ağlayırmış.
Həsənin göz yaşının bir damlası kandarda oturanın üzünə sıçrayır. O, ayağa qalxıb damda namaz qılan Həsəndən, üstünə sıçrayan suyun pak, yoxsa murdar olduğunu soruşanda İmam Həsən:
– Üstünə sıçrayan göz yaşıdı, – deyir, – sənə bu murdar sudan yuyunub təmizlənməyi məsləhət görürəm. Çünki bu, namaz vaxtı itaətə gəlməyən, yaşını axıdıb günaha batan gözlərimin suyudu.
* * *
Deyirlər bir dəfə İmam Həsən ölüyə yaxınlaşır. Meyiti qəbrə endirib üstünü torpaqlayanda, torpağın üstə oturub o qədər ağlayır ki, torpaq islanır. Ağlayıb doyandan sonra Həsən üzünü adamlara tutaraq:
– Ay camaat! Baxın! Bizim əvvəlimiz də, sonumuz da bu qəbir xəndəyidi, – deyir. – Bu dünyanın axırı da bu xəndəkdi, o biri dünyanın əvvəli də. Axırı bu darısqal qəbir xəndəyi olan bir dünyanın nəyindən fərəhlənirsiz? Əvvəli bu qəbir olan o dünyanın nəyindən qorxursunuz?..
* * *
Həsən deyirmiş:
– Hamıdan Uca Yaradan müqəddəs Quranda buyurur: “Sənin bütün günahlarından keçərəm, tək bir Məni düşünsən əgər…”
* * *
Bir gün Səbət Bönnəni[5] İmam Həsənə belə bir məktub yazır:
“Eşitmişəm ziyarətə hazırlaşırsan. Sənə yoldaş olmaq istəyirəm”.
İmam Həsən cavabında ona yazır:
“Gəl hər ikimiz Allahın kölgəsi altında öz yolumuzu gedək. Birlikdə olmaq hər ikimizin gizli eyiblərini açacaq və bizi bir-birimizin gözündən salacaq”.
* * *
Bir dəfə İmam Həsəndən:
– Bu dünyanın əzabı nədi? – soruşurlar.
O:
– Ruhun məhvi,– deyə cavab verir.
– Ruhun məhvi nə deməkdi? – soruşanda, o:
– Bu dünyaya olan sevgi,– deyə cavab verir.
* * *
Günlərin bir günü küçədə İmam Həsənə rast gələn bir adam ondan:
– Necəsən, Həsən? – soruşur.
İmam Həsən:
– Gəmisi qəzaya uğrayan, özü, suyun üzünə çıxan taxta parçalarından yapışan kimi,– deyə cavab verir.
* * *
Deyirlər İmam Həsən məclislərdə danışıb-gülən adamları görəndə:
– Bu adamlara məəttəl qalıram, – deyirmiş, – bunların, deyəsən, öz hallarından xəbərləri yoxdu...
* * *
Deyilənə görə, imam Həsən, yalnız ölüm yatağında – ölümünə sayılmış dəqiqələr qalanda gülməyə başlayıbmış. Dünyasını gülə-gülə:
– Günaha bir bax... sən bir günaha bax... – deyə-deyə dəyişibmiş.
Həsənin üzündə təbəssüm əlaməti görməyənlər bundan heyrətə gəliblərmiş.
* * *
Deyirlər, bir dəfə İmam Həsənə yaxınlaşan bədəvi ərəb ondan səbir barədə fikir bildirməsini xahiş edir.
Həsən:
– İnsan səbrinin qüvvəsi var. Kim ki öz taleyi ilə barışar, onun səbri Haqqa xidmət edər, – deyə cavab verir.
Və deyir: “kamillik – özündə kin və ədavətin zərrəsini belə duymadığın andan başlanır”;
və deyir: “əbədi Cənnət – bu dünyada gördüyün xırım-xırda işlərlə yox, ürəyində daşıdığın xeyirxah niyyətlərlə qazanılır”;
və deyir: “qəlb əhli susmağı üstün tutar. Onların əvvəl qəlbi dilə gələr, sonra dili”;
və deyir: “qənaətcilliyin kiçicik zərrəsi namaz və orucun min-min misqalından dəyərlidir”;
və deyir: “müdrikliyin ən uca zirvəsi – düşünmək və hər bir şeydən ehtiyat etməkdir”;
və deyir: “bilsəydim ki ikiüzlü deyiləm, özümü bu dünyanın ən varlı adamı hesab edərdim”;
və deyir: “üzdə və arxada, dildə və ürəkdə olanlar arasındakı ziddiyyətlər ikiüzlülükdən yaranır”;
və deyir: “əsl mömin – narahat adam deyil, odununu, ala-qaranlıq düşər-düşməz, gizlicə yığan, əlindən gələni edən, ağzına gələni danışan deyil”;
və deyir: “Böyük və Qüdrətli Allah bu dünyanın borc verildiyini, yalnız bəzilərinə anladır. Məhz o kəslər borclarını qaytarıb, bu dünyadan rahatca köçürlər”;
və deyir: “Allahı tanıyan Onu sevər. Dünyanı tanıyan onu özünə düşmən bilər”;
və deyir: “dostlar – bizə əziz olanlar, Allahın Göndərdikləridir. Ailə və uşaqlar bu dünyanın dostları, bizlərin rəqibləridir”;
və deyir: “qəlbsiz qılınan hər namaz insanı əzablara yaxınlaşdırar”;
və deyir: kim ki insanlardan uzaq qaçar, özünü tənhalıqla qoruyar. Kim hisslərinin əsarətindən çıxar, azadlıq qazanar;
və deyir: müdrik olan kəs bu dünyanın özülünü dağıdıb, yerində ayrı – əbədi dünyanın qalasını ucaldandır;
və deyir: axmaq ətraf (yoldaş) Haqqı axtaranı yolundan azdırar;
və deyir: “Allahı tanıyan – bu dünyanı özünə düşmən bilər. Bu dünyanı sevən – Allahın düşməninə çevrilər”.
[1] Siyahı – Burada nüsxə mənasını daşıyır.
[2] Ümm Sələmə – Məhəmməd peyğəmbərin qadınlarından biri
[3] Rəbiyyə – Rəbiyyə əl-Ədəviyyə; tanınmış sufi moizəçi
[4] Mürtəza – “Seçilmiş” deməkdir; Xəlifə Əlinin titullarından biridir.
[5] Səbət Bönnəni – ilahiyyatçı-moizəçi