Elektron ədəbiyyat və sənət portalı

Fərhad Abdullayev

Bölmə: Mərkəz 12.07.2018

 

Fərhad Abdullayev - publisist, tərcüməçi

 

1958-ci ilin 8 oktyabr tarixində Bakıda doğulub;

1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib;

1972-ci ildən dövri mətbuatda yazıları dərc olunur;

1976–1981-ci illərdə “İdman”, “Şahmat” qəzetlərində korrektor, ədəbi işçi və məsul katib işləyib. 1981-ci ildə AzTV-də şöbə müdiri vəzifəsində çalışıb;

Esse və məqalələr müəllifi kimi tanınır. Y.Dolqopolskinin “Mən şahmat oynayıram”, M.Gerşensonun “Robin Hud”, N.Xomiçin “Sərdabənin sirri”, Ş.Aleyxemin “Seçilmiş əsərləri”, M.Çexovun “Peşəkar aktyorluq dərsləri”, P. Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” və s. kitabları Azərbaycan dilinə çevirib.

Hazırda A.Tarkovskinin “Kino sənəti haqqında” kitablarını tərcümə edib çapa hazırlayır.  

  

 

F.Abdullayev

SƏNƏDLİ  OÇERK - SUR  PAPAQ

(Babam Abdullanın əziz xatirəsinə)

“– Kimi axtarırsan, a bala?”

Səsə diksindim. Elə bilirdim, bu köhnə qəbiristanlıqda məndən başqa heç kim olmaz. Demə, varmış. Üzü dərin qırışlarla örtülmüş, başında araqçın, əlində susəpən tutmuş bu qocanın hardan qarşımda peyda olduğunu bilmədim.

– Süleyman kişinin qəbrini axtarırdım...

– Papaqçı Süleymanın? O de... Xal-xal gümbəzin yanında.

Sağollaşıb getmək istədim. Qoca əlindəki susəpəni yerə qoydu.

– Nəyisən kişinin, a bala?

Duruxdum. Desəydim ki, müştərisi olmuşam, yaxşı düşməzdi. Qohum da deyildik ki, birtəhər vəziyyətdən çıxım.

– Heç nəyi, tanışı.

– Hə...?? – Susəpəni yerdən qaldırıb ağır-ağır irəlilədi. – Başdaşına adını yazmayıblar. Bir iynə, bir qayçı şəkli var. Rəhmətlik sağlığında özü belə istəyib...

...Məni Maştağadakı bu köhnə məzarlığa uşaqlıq xatirələri gətirmişdi. Yaşımın üstünə yaş gəldikcə hansı səbəbdənsə, uşaqlıq xatirələrim daha dolğun canlanır, sanki keçmişə açılan qapıdan daxil olub ötən illərin əhvalatlarının canlı iştirakçısına çevrilirəm.

...Bakının elə bir vaxtları idi ki, bütün tramvay relsləri Sabunçu vağzalında kəsişirdi. Buralar daim qələbəlik olurdu. Hətta şəhərin o biri başından vağzal qarşısına isti peraşki, qutab, nanəli konfet, “xoruzlu şüşə” konfeti almağa gəlir, burda görüş təyin eləyirdilər.

 Elektrik qatarları 5-10 dəqiqədən bir yola düşdüyündən perronlar sərnişinlə dolu olurdu. Mən də atamla Maştağaya gedən elektrik qatarına mindim. Stansiyadan qəsəbənin mərkəzindəki məşhur bazara piyada gəldik, buranı xeyli dolaşdıq. Bu bazarda nələr yox idi? Sovet dönəmi mağazalarındakı qıtlıqdan fərqli olaraq, burda quş südü də tapardın. Qəribədir, bazarda, tanış olan da, olmayan da bir-biri ilə salamlaşır, hal-əhval tuturdu. Atam bir-iki nəfərdən gedəcəyimiz ünvanı soruşdu. Göstərdikləri yolu tapdıq və tezliklə bir papaqçı dükanına gəldik. Bura evimizdəki mətbəx kimi darısqal idi. Burada mənə tanış olmayan bir qoxu duydum (sonralar bildim ki, dəri və yapışqan qoxusu imiş). Şüşələri toz basmış pəncərənin qarşısındakı “Zinger” markalı köhnə tikiş maşınının arxasında qoca bir kişi oturmuşdu. Nəsə tikirdi. Qarşı tərəfdə isə cavan bir oğlan əlindəki qara papağa ağzı ilə su püskürdərək şotka ilə təmizləyirdi.

 Divar boyu irili-xırdalı papaqlar düzülmüşdü, qəribə bucaqları vardı. Qocanın başının üstündən asılmış saralmış fotolardan yalnız Stalini tanıdım.

Qoca bizi xoş qarşıladı, yer göstərdi. Atam zənbildən bir bağlama çıxarıb aramla açdı. Babamın sur papağını o dəqiqə tanıdım. Əmlik quzunun tüklü dərisindən tikilmişdi, özü də çox qəribə papaq idi. Günəşə tutanda hər ilməsi, hər büküyü al-əlvan rəngə çalırdı. Babam papaqçı olduğundan, yalnız bu dərini bəyənib özünə sur papaq tikmişdi. Babamın vəfatından sonra atam onu bir dəfə də başına qoymamışdı.

– Usta, bu papaq atamındır. Rəhmətlik, indi oxşamasın, elə bir suyu sizə çəkirdi... Başıma qoymaq istəyirəm, gəl ki, dardır. Bunu söküb azacıq genişləndirmək lazımdır, şəhərdəki ustalardan heç kim boynuna götürmür. Sizi məsləhət bildilər...

Usta papağı götürdü. Qalın linzalı eynəyini taxıb əlini papağın qıvrım tüklərinin üstündə gəzdirdi, diqqətlə ilmələrə baxdı. Eynəyini çıxaranda gözləri yaşla dolmuşdu. Qoca için-için ağlayırdı. Atam da, mən də, cavan usta da donub qalmışdıq. Qoca ustanın göz yaşları qurumaq bilmirdi, papağı üzünə sürtdü,  öpdü. Qəhər dolu səsi indi də qulaqlarımdadır:

– Abdullanın papağıdı... Qardaşım, dostum Abdullanın... Barmaqlarına qurban olum, qardaşım. Əl işindən tanıdım onu. Bu ilmələri ancaq Abdulla vura bilərdi...

Yaşı 80-ni haqlamış qoca papaqçının adı Süleyman idi. Əvvəl atamı öpdü, sonra məni bağrına basdı. İllər ötsə də, onun bizə danışdığı həyat tarixçəsini hələ də unuda bilmirəm.

– Abdulla ilə birlikdə Təbrizdən Bakıya gəlmişdik. Aclıq, səfalət... Bir parça çörək üçün hər əziyyətə qatlaşırdıq. İndi Füzulinin heykəli qoyulan yerdə inqilabdan əvvəl papaqçı Dadaşın dükanı vardı. İkimiz də onun şagirdi idik. Sənəti tez öyrəndik, amma Abdulla daha cəld, daha bacarıqlı idi. Bir gün bolşeviklər gəlib Dadaşı apardılar. Sonra eşitdik ki, güllələyiblər yazığı. Dükan qaldı başsız. Abdulla dükanda qaldı, mən zavoda işə düzəldim. Sonra da müharibə. Allah Hitlerin evini yıxsın. Yaralanıb əsir düşdüm.

Hospitalın baş həkimi alman zabiti idi. Bir gün məni otağına çağırdı. Stolun üstündəki əsgər çantamı dərhal tanıdım.

O, çantamdakı sur papağı göstərib çoxlu sual verdi. Dedi ki, heç vaxt belə gözəl bir papaq görməyib, çox istərdi ki, onun da belə papağı olsun. Bu papağı davaya getməzdən əvvəl Abdulla tikmişdi mənimçün. Alman zabitinə dedim ki, bu papağı verə bilmərəm, dostumdan yadigardır, ancaq özüm də ustayam, papaq tikirəm. O təklif etdi ki, hospitalda qalıb həkimlərə dəridən isti papaq tikim, əvəzində məni əsir düşərgəsinə göndərməyəcək. Naəlac qalıb razılaşdım... Papaqçılığım onda məni ölümdən qurtardı. Əsirlikdən qayıdandan sonra çox incitdilər məni, sürgün elədilər, Stalin öləndən sonra buraxdılar. Bir müddət Sibirdə yaşadım. Papaq da həmişə yanımda olub. Qayıdandan sonra Abdullanı çox axtardım, tapa bilmədim...

Ayrılarkən usta Süleyman atamı bağrına basdı.

– Oğlum, bu sur papağı heç kim cürət edib sökə bilməz. Elə mən də. Çünki onun bütün ilmələri bir-birinə bağlıdır. Bizim həyatımız kimi...

 

 

 “Dizlərin qabar olanda...”

 

Qocaman jurnalist, “Bakı” və “Baku” axşam qəzetlərinin baş redaktoru, jurnalistika fakültəsinin professoru Nəsir İmanquliyevin əziz xatirəsinə...

 

– Nəsir müəllim zəng vurmuşdu, dedi axşam onlara gələsiniz, diplom işinizlə əlaqədar, qeydləri var...

Sonuncu kurs tələbəsi olduğum universitetin jurnalistika fakültəsində katibənin verdiyi bu xəbərə sevindim. Kim sevinməz ki? Bilirdim ki, onun qapısı hamının üzünə açıqdır. Təhsil aldığımız, təcrübəyə getdiyimiz və sonra da müxtəlif mətbu orqanlarında çalışdığımız illərdə bu dahi pedaqoqun həmişə isti nəfəsini hiss edirdik.

Bir dəfə seminar məşğələsində demişdi ki, “oğlum yoxdur, amma belə hesab edirəm ki, siz hamınız mənim övladlarımsınız”. Biz – onun çoxsaylı tələbələri bu sözlərin səmimiliyinə inanırdıq. Bilirdik ki, köməyə və qayğıya ehtiyacı olan adamlar üçün Nəsir müəllim əlindən gələni əsirgəmir. Məsələn, hələ o vaxt gənc şair Nüsrət Kəsəmənlini “Bakı” qəzetinə işə götürmüşdü, ona toy eləmişdi, mənzil vermişdi. Belə faktlar çoxdur. Halbuki sovet dönəmində, kommunist partiyasının tüğyan etdiyi bir zamanda belə xoşməramlı işlər görmək böyük səy və cəsarət tələb edirdi.

...Nizami küçəsindəki binanın 3-cü mərtəbəsinə birnəfəsə qalxdım. Qapını Nəsir müəllimin həyat yoldaşı Gövhər xanım açdı. Bəstəboylu, çəlimsiz qadın idi. Əynində pamazı xalat vardı. Xınalı saçları səliqə ilə daranmışdı. Həyat eşqi saçan gözləri bu müdrik qadına xüsusi yaraşıq verirdi. Çöhrəsinə təbəssüm qondu.

–Xoş gəlmisən, keç, utanma, keç içəri oğlum, Nəsir müəllim BK-da (Bakı Şəhər Partiya Komitəsi) büronun iclasındadır. Bayaq zəng vurmuşdu ki, bir azdan gələcək. Sən keç kabinetə, mən sənə bir pürrəngi çay dəmləyim...

Onun evdəki kabineti mənə nağıllar aləmini xatırlatdı. Rəflərdə saysız-hesabsız kitablar, klassiklərin əsərləri düzülmüşdü. Çərçivəyə salınmış fotolar diqqətimi cəlb etdi. Nəsir müəllimin yeganə övladı Aidanın (görkəmli şərqşünas-alim, professor Aida xanım İmanquliyeva), onun qızları – balaca Mehriban  (Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva) və Nərgizin ( Lomonosov  adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz xanım Paşayeva) fotolarına maraqla baxdım. Başım elə qarışmışdı ki, sinidə çay gətirmiş Gövhər xanımın otağa nə vaxt daxil olduğundan xəbər tutmamışdım.

– Nəvələrimizdir, Mehribanla Nərgiz. Bu da Aidanın şəklidir. Nəsir müəllim onlarla nəfəs alır. Qızlar da onu çox istəyir. Elə gün yoxdur ki, babaları ilə danışıb görüşməsinlər...

Qapının zəngi çalındı. Gələn Nəsir müəllim idi. Mən də dəhlizə çıxdım. Gövhər xanım həyat yoldaşını çox mehriban qarşıladı, ona üst geyimini soyunmaqda kömək etdi, şlyapasını, qovluğunu aldı.

– Nə gec gəldin, ay Nəsir müəllim, – mənə işarə eləyərək – uşaq bayaqdan gözləyir.

– Büro iclasını bilmirsən...Bütün məsələlər qurtarıb, indi də keçiblər məhkəmə oçerkinin müzakirəsinə. Hər çıxışçı bir söz deyir. Birinci katib də gileyləndi ki, niyə dərc eləmisiniz, guya belə yazılar cəmiyyətə ləkə vurur...

– Sənə deyirdim də, ay Nəsir müəllim, bu yazı söz-söhbətə səbəb olacaq.

Demə Gövhər xanım da yazını oxuyubmuş. Söhbətin nədən getdiyini dərhal anladım. Bu ərəfədə “Bakı” qəzetinin dalbadal bir neçə nömrəsində məhkəmə oçerki dərc olunmuşdu. Bütün şəhər bir-birinə dəymişdi. (İndi müəllifi və oçerkin adını xatırlamıram. Yadımda qalan təkcə odur ki, Mazan Əliyev adlı şəxsə 30-dan çox bıçaq zərbəsi vurmuşdular, o isə sağ qalmışdı). Köşklərdə qəzet tapmaq mümkün deyildi. Hamı bu yazıdan danışırdı...

– Mən bir qəzet redaktoru kimi hesab edirəm ki, belə yazılar da olmalıdır. Cəmiyyətdə yaxşı da var, pis də. Əslində biz şayələrin qarşısını aldıq. Oxucu hər şeyi doğru-dürüst öyrəndi. Nə isə, danışıb qərar çıxarmaq Büronun işidir.

Nəsir müəllim mənimlə əl görüşdü. Səsinin tonu tam dəyişdi. Baməzəliyini bu dəfə də göstərdi:

– Əgər Gövhər xanımın çayını içmisənsə, deməli yarı jurnalistsən, yüz faiz sənətkar olmaq üçün mütləq onun bişirdiyindən dadmalısan. Ay Gövhər, bax gör neynirsən, iki ac pəhləvanı doydurmaq sənlikdir...

Gülüşdük. Nəsir müəllim qoluma girib məni kabinetə apardı. Diplom işini müzakirə etdik. Bütün qeydlərini səliqə ilə vərəqlərin kənarına yazmışdı. Dəyərli məsləhətlər verdi. Söhbətimiz xeyli uzandı.

– Hazıra nazir gələndən jurnalist olmaz. Həyatda gərək əziyyətə qatlaşasan, çətinlik görəsən ki, yaxşının qədrini biləsən. Mən çox ağrılı günlər yaşamışam. Atam Əsədulla kişi, anam Reyhan xanım bizi min bir zillətlə böyüdüb. Mən, qardaşım Abdulla, İbadulla, Seyfulla, bacım Suğra həyatda mücadilə aparmağı valideynlərimizdən öyrənmişik. Amma heç vaxt insani sifətimizi, əqidəmizi, ləyaqətimizi itirməmişik, haram yeməmişik, yalan danışmamışıq. Yazmağı gərək dizinin üstündə öyrənəsən. Əvvəla torpağa yaxın olacaqsan, sonra da insanlara yuxarıdan aşağı baxa bilməyəcəksən. Dizlərin və barmaqların qabar olanda bil ki, artıq nəyə isə nail olmusan...

Gövhər xanım bizi şam süfrəsinə dəvət etdi. Getmək istəsəm də Nəsir müəllim qoymadı. Aida xanım da gəlmişdi. Süfrə arxasına əyləşdik. Gövhər xanım toyuq qızartması hazırlamışdı.

– Möhsünə (Nəsir müəllimin xidməti “Volqa”sının sürücüsü) tapşırmışdım, Pirşağıdan təzə toyuq alıb.  Bəyənərsiz, yəqin...

Süfrə arxasında Aida xanım atasına son tədqiqat işlərindən danışdı. Ərəb filosofu Çubran Xəlil Çubran haqqında yazdığı kitabın bəzi məqamlarını atası ilə müzakirə etdi. Ərəb dilində sitatlar gətirib, tərcüməsini söylədi. Bu gözəl və ziyalı qadının bilik dairəsinə, onun nurlu qəlbində çağlayan həyat eşqinə heyran qaldım.

Ayrılanda Nəsir müəllim müdrik nəsihət verdi:

– Meyvə vaxtından tez yetişmir. Amma yetişənə kimi böyük təkamül yolu keçir. İnsan da illərlə formalaşır, püxtələşir. Əlbəttə ki, bunun üçün istək və səy göstərmək lazımdır. Əgər bunları qəlbində birləşdirə bilsən, deməli xoşbəxt adamsan, mənim kimi!