Elektron ədəbiyyat və sənət portalı

Mahir N. Qarayev

Bölmə: Mərkəz 12.07.2018

 

Mahir N. qarayev - şair, tərcüməçi.

Mahir N. Qarayev 17 iyul 1958-ci ildə Göyçayda doğulub.

1985-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 1987-ci ildə isə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 19791989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasında, «Türkologiya» elmi-kütləvi dərgisində işləyib.

19891994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının «Elm» və «Tarix» qəzetlərində; Milli Məclisin orqanı olan «Azərbaycan» qəzetində; həmçinin «ABS» və «Cümə» müstəqil nəşrlərində çalışıb. 

1994–1996-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində «Yol» ədəbi qəzetinin və ingiliscə çıxan «WEEK-END» həftəliyinin redaktoru olub, həmçinin Mərkəzin nəşriyyat redaksiyasının baş redaktoru vəzifəsində çalışıb.

19961999-cu illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

19992014-cü illərdə «Antinarkotizm» Beynəlxalq elmi-analitik Mərkəzin direktoru, eyni zamanda «Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti» ictimai birliyinin sədri vəzifələrini icra edib.

2014-cü ildən Azərbaycan Tərcümə Mərkəzinin dil üzrə mütəxəssisidir. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

Nəşr olunmuş kitabları:

TƏNHALIQ (şeirlər, poetik tərcümələr)

Bakı, «Oskar» nəşriyyatı, 2008 

POETİK SİLSİLƏLƏR TOPLUSU

Bakı, «Qanun» nəşriyyatı, 2011

 

Nəşr olunmuş Tərcümə kitabları:

Frans Kafka (Avstriya) 

Seçilmiş əsərləri. Bakı, «Şərq» nəşriyyatı, 1995.

Qabriel Qarsia Markes (Kolumbiya)

Seçilmiş əsərləri. Bakı, «Şərq» nəşriyyatı, 1996.

Ernest Heminquey (Amerika)

Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb» nəşriyyatı, 2010

Uilyam Folkner (Amerika)

Emili üçün qızılgül. Bakı, «Qanun» nəşriyyatı, 2013

Qabriel Qarsia Markes (Kolumbiya)

Saat altıda gələn qadın. Bakı, «Qanun» nəşriyyatı, 2013

Ernest Heminquey (Amerika)

Kilimancaro qarları. Bakı, «Qanun» nəşriyyatı, 2013

Ernest Heminquey (Amerika)

Ya var, ya yox. Bakı, «Qanun» nəşriyyatı, 2014

Andre Morua (Fransa)

Yad qadına məktublar. Bakı, «Qanun» nəşriyyatı, 2014

Frans Kafka (Avstriya) 

Vəsiyyət. Bakı, «Qanun» nəşriyyatı, 2014

Frans Teodor Çokor (Avstriya)

Axınla birgə. Bakı, «Qanun» nəşriyyatı, 2014

Andre Morua (Fransa)

Hekayələr. Bakı, «Qanun» nəşriyyatı, 2014

Ernest Heminquey (Amerika)

Qadınsız kişilər. Bakı, «Təhsil» nəşriyyatı, 2015

Patrik Modiano (Fransa)

Seçilmiş əsərləri. Bakı, «Təhsil» nəşriyyatı, 2015

Çexovdan Markesə qədər

Seçmə hekayələr toplusu.  Bakı, «Təhsil» nəşriyyatı, 2015

Alberto Moravia

Roma hekayələri.  Bakı, «Təhsil» nəşriyyatı, 2017

 

 

Mahir N.Qarayev:

Mənim kitablarım gec – 50 və 53 yaşlarımda çap olunub.

Onların gecikməsinin yeganə səbəbi odur ki, mən yazılarımı, ümumiyyətlə, gec çapa verirəm. Həmişə belə olub; bu mənim prinsipimdir. Yazının üzərində müxtəlif vaxtlarda, müxtəlif ovqatlarda təkrar-təkrar işləməyi xoşlayıram. Çalışıram gözdən qaçan heç nə qalmasın, sonradan nəyisə düzəltməyə də ehtiyac yaranmasın. Yəni, pozul­ma­lısını pozuram, xoşuma gəlməyənləri də vaxtında öz əlimlə cırıb atıram.

Əli Kərimin gözəl bir fikri var: yazdığım zəif misranın üstündən qalın bir xətt çəkdim, o biri ağ varaqda xəttin yeri qaldı. Və şair o xəttin yerini belə qiymətləndirir: qoy desinlər ki, şairin oxucuya bir hörmət sətri qaldı!

Bax mən bu fikrin tərəfdarıyam: pozulası nə varsa, öz əlinlə pozub, oxucuya onun pozacağı bir misra da, bir cümlə də saxlama!

 

 

UVERTÜRA

Nə çoxdu dünyada şeir yazanlar –

bir deyil, yüz deyil, min deyil, atam.

Şairin şerinə qəbir qazanlar

bir deyil, yüz deyil, min deyil, atam –

                   şeirlər yazıram çap olunmasın!

 

Şairlər dünyanın dərdini yazar,

dərdlər tapışarlar, arxalaşarlar;

Hər şeir şairin qəbrini qazar:

islam qəbirləri – Nəsimiləşər,

ispan qəbirləri – Lorkalaşarlar...

 

Hadilər içinin dərdini yazar,

dərdlər üzə çıxar, adiləşərlər;

Hər şeir Hadinin qəbrini qazar –

qəbirlər bir ucdan Hadiləşərlər...

 

Nazimlər yurdunun dərdini yazar,

şarkılar Nazimin farkına enməz;

Şarkılar Nazimin qəbrini qazar –

və Nazim Gülhanə parkına dönməz,

yurduna qayıtmaz, barkına dönməz...

                  

Şeirlər yazıram çap olunmasın –

sən mənim halıma acıma, dostum!

 

Son şair asılar sonuncu dəfə,

son şair soyular... yenə də əbəs!

Yenə də açılar sonuncu dəfə

sonuncu şairə sonuncu məhbəs!

 

Çeynəyə-çeynəyə sonuncu şair

sonuncu dərdini... ölər acından;

Göynəyə-göynəyə sonuncu şair

asılar şeirinin dar ağacından!

                  

Öz dərdim, öz yasım özümə bəsdir,

doğmaca göz yaşım gözümə bəsdir;

qanımın qarası üzümə çıxıb,

qələmin qarası sözümə bəsdir –

                   şeirlər yazıram çap olunmasın!

 

Daşın tanrısı var – uludan ulu,

göyün durnası var – qəribdən qərib;

qulun tanrısıyam, tanrının qulu! –

hər gecə ümidlə yerimdən durub

                   şeirlər yazıram çap olunmasın!

 

Sən mənim halıma acıma, dostum:

oxudum gecəmin tənhalığına;

oxudum anama-bacıma, dostum,

oxudum məhbəsin qaranlığına.

 

Oxudum içimdə lap xısın-xısın,

Bir dəfə yazmışdım, min dəfə pozdum!             

Şeirlər yazıram çap olunmasın –

Sən mənim halıma acıma, dostum!..

 

 

DƏNİZ

Anam dəniz,

məni bir gecəlik ovudarsanmı? –

ağrımı-acımı yuyub tərtəmiz

sel kimi, su kimi axıdarsanmı?

 

Sonam dəniz,

sökəcək içimi bu pıçıltılar! –

öpdüyüm saçların kövrək eşqinə

bircə yol ömrümə qayıdarsanmı?

 

Tanrım dəniz,

üz qoyub öpərəm bu qayaları! –

bircə misralığa, bircə anlığa

Müşfiqi, Nazimi oyadarsanmı?

 

Sonum dəniz,

Bir qarış uzaqda ölən deyiləm;

Aparırsan apar səssiz-səmirsiz –

Getsəm, daha bir də gələn deyiləm...

 

 

 

QARAÇI QIZ

Qara saçlar – kim oxşayar?!

Qəmli gözlər – kim acılar?!

         Bu nə gəzim diyar-diyar,

         Nə köçhaköç, qaraçılar?!

 

Cocuq körpə, nənəm qarı,

Yenə hara?! – Qışlamağa...

         ...Qaçır kəndin uşaqları

         itlərini daşlamağa...

 

– Bu atımız, arabamız

qoşulmağa, çatılmağa;

Olmadı bir xarabamız

qaxılmağa, oturmağa...

 

...Daş yolları, toz yolları

Atlar-itlər ötüb gedər...

         Aman tanrı! Aman tanrı!

         Ürəyimdə bu nə kədər?!

 

Bu nə kədər ürəyimdə?!

Nə vurğunluq qaraçıya?!

Hərdən gəlir gülməyim də

Bu ağrıya, bu acıya...

 

O nə baxış, qaraçı qız?!

O nə şirin bir inləyiş?!

Qıçın sınsın sənin, payız –

Bu nə gəliş?! Bu nə gediş?!