Elektron ədəbiyyat və sənət portalı

MÜQƏDDƏSLƏR VƏ ONLARIN SÖYLƏDİKLƏRİ

Bölmə: XİLAS YOLUNUN YOLÇULARI 01.07.2018

Həzrət Həbib Əcəmi

 Deyirlər Həzrət Həbib Əcəmi Quran oxunarkən acı kədərlə ağlayarmış. Adamlar ondan:

– Sən ki müqəddəs Kitabın yazıldığı dili bilmirsən, bu göz yaşlarının səbəbi nədi?.. – so­ruşan­da o:

– İranlı olsam da, qəlbim ərəb qəlbidi… – deyə cavab verir.

                 

Həzrət Mühəmməd Vasi

  

 Mühəmməd Vasidən:

– Bu gün halın necədi, Vasi? – soruşanda o:

– Ömrü gün-gündən qısalıb, günahlarının sayı gün-gündən artanın halı necədisə, elə, – deyə cavab verir.

 

Həzrət Davud Təyi

                     

Həzrət Təyi yemək yeyən zaman yanında olanlara deyirdi:

– Yeməyi bütöv tikələrlə ağıza qoymaq lazım deyil. Onları suda isladıb horra şəklinə salmaq və içmək lazımdı.

Ondan bunun səbəbini soruşanda Təyi:

– Quran oxumağın vaxtı çeynəməyə getməsin deyə, – deyə cavab verib.

    

***

Deyilənə görə Təyi uçuq-sökük bir daxmada yaşayırmış.

Adamlar ona:

– Təyi, sənin ki evinin damı çöküb, o hər an başına uçula bilər, – deyəndə o, cavabında:

– Mənim dama baxmağa vaxtım yoxdu. Bundan da savayı, bu qərara gəlmişəm ki, bir də ev tikdirməyim, – deyib.

  Deyilənə görə Təyinin daxmasının damı o, dünyasını dəyişəndən bir gün sonra uçub.

***

  

 Adamlar Təyidən, onlara ibrətli məsləhətlər verməyi xahiş eləyir.

Təyi belə cavab verir:

– Bu dünyadan və onun adamlarından qaçın. Və yadınızda saxlayın: boş söhbətlərə sərf etdiyiniz vaxt sizi məhv edəcək, əşyalara və mənzərələrə tamaşa isə, faydasızdı.

 

 

Həzrət Zün-n-Nun Misri

     “Allah yaradılmışların sevdiyini sevməz.”

       “Kamillik yolunun müəllimi – tənhalıqdı.”

 

Deyilənə görə Zün-n-Nunun cansız bədənini qəbiristanlığa apararkən, göydə süzən quşlar qanadların açıb, onun tabutu üzərinə kölgə salıblarmış. Tabut məsciddən çıxarkən, minarədən azan səsi eşidilməyə başlayıbmış.        

Bu zaman insanlar, cəsədi basdırılmağa aparılan Zün-n-Nunun barmağının göylərə tuşlandığını görüb onun dirildiyini zənn ediblərmiş. Lakin məlum olanda ki, o, həqiqətən, ölüb, yollarına davam ediblərmiş.

Deyilənə görə, Zün-n-Nunun barmağı o, qəbrə qoyulanda da, eləcə göylərə tuşlanmış vəziyyətdə qalıbmış və beləcə, barmağı göylərə tuşlanmış vəziyyətdə də torpaqlanıbmış.

 

Həzrət Cəfər Sadiq

 

Bir gün xəbər gəlir ki, Xəlifə Həzrət Cəfər Sadiqi hüzuruna dəvət edir. Cəfər Xəlifənin sözünü yerə salmayıb dəvəti qəbul edir və saraya yollanır.

Sarayda söhbət zamanı Xəlifə ondan razılığını bildirir və bu razılığın müqabilində Cəfərə içi qızıl dolu məcməyi hədiyyə edir.

Cəfər hədiyyəni qəbul etməkdən imtina edir. Onda Xəlifə Cəfərdən, ürəyindən keçəni ona bildirməsini xahiş edir.

Cəfər Xəlifəyə belə cavab verir:

– Əgər, həqiqətən, məndən razısansa, səndən bircə diləyim var: məni bir də, bu saraya dəvət etmə.       

 

Həzrət Malik ibn Dinar

 

“Bu dünyanın alçaq (maddi) təbiətini dərk  edəndən sonra, mənə və hərəkətlərimə verilən qiymət vecimə deyil.”

 

Bir dəfə Malik Dinarın qızı ondan gecələr yatmamağının səbəbini soruşur. Malik Dinar qızına belə cavab verir:

– Mən Allahın Öz Rəhmini mənə nə vaxt göndərəcəyinin dəqiq vaxtını bilmirəm. Qorxuram bu, mən yuxuda olanda baş verə və Onun göndərdiyi böyrümdən ötüb keçə. Üstəlik, mənə İblisə xidmət edib, Allahın nemətlərini tar-mar edən “insan olmaq” bədbəxtliyi nəsib olub. Odu ki, sənə deyirəm: əgər bir gün bir kimsə məscidin qapısından bu dünyanın ən alçaq və şərəfsiz adamının adını səsləndirsə, bil ki, o mənəm.  

       

Həzrət Füzeyl bir Əyad

                                  

 “Otuz ildir ki, üzüm gülmür.”

 

Qiyamət günü ən ağır cəzanı varlılar çəkəcək. Ən böyük vahiməni isə güclülər yaşayacaq.

***

Hamıdan Ucanın Rəhmi o qədər böyükdür ki, hamınıza xilas bəxş ediləcək, tək bir mən – günahlıdan savayı.

***

Allah sevdiyinə əzab göndərir, sevmədiklərinə isə bu dünyanın nemətlərini bəxş edir.

***

Cənnətdə göz yaşı axıtmaq mümkün olmadığı kimi, bu dünyada gülmək, yanız heyrət doğurur. O səbəbdən ki, Cənnət  – göz yaşı axıdılan yer deyil, bu dünya da, gülmək yeri deyil.

***

Danışırlar ki, bir gün Füzeyl, görüşünə gəlmək istəyən qohumlarına belə bir xəbər göndərir: “Özünüzə maraqlı bir iş tapmırsız ki, vaxtınızı bu cür axmaq-axmaq işlərə sərf etmək istəyirsiz?”

                    

Həzrət Üveys Gerani

 

“Allahı özünə dost bilən, bir kimsəylə dostluq etməz.”

 

Ölümün qənşərində yat,  onu yaxınlığında hiss et və yuxudan ayılanda düşünmə ki, çox yaşayacaqsan.

***

 Quranı özünə bələdçi bil və ölümünü bircə anlığa belə, unutma.

***

 

 İbadət vaxtı o hala gəlməlisən ki, kürəyinə sancılan nizənin ağrısını hiss etməyəsən.

***

 Günlərin bir günü bir nəfər Geraniyə bir neçə quruş təklif edir. Cavabında Gerani cibindən iki dirhəm çıxarıb o adama göstərir və təklif olunan quruşları qəbul etməkdən imtina edir.

 Həmin adamın ona verdiyi:

– O miskin dirhəmlər sənin neçə gününə bəs edəcək ki? – sualını Gerani belə cavablandırır:

– Məgər verdiyin o quruşlardan sonra mənim nə qədər yaşayacağımı bilirsən?   

 

Həzrət əbu Şəfiq Bəlxi

                    “Allaha xidmətin doqquz payı - tənhaqlıq və qorxu, bir payı sakitlikdir.”

  

 Ölüm ki, gəldi, çəkilib getmir. Odur ki, Ona hər an hazır ol.

 

Həzrət Həris Mühasibi

   “Bircə tikə quru çörək kifayət edir ki, dərvişin könlü açılsın.”

 Çox yemək – qəlbin aynasını bulandırar.

 

***

Susmaq, oruc, tənhalıq – Yolun əsasları bunlardır.

***

 

Təsəvvüf (sufilik) – bütün bəlaların içindən təmkinlə keçmək bacarığı və Allaha aid olmayan hər bir şeydən imtinadır.

 

***

 Bu dünyanın işləri ilə məşğul olmaq – həqiqəti anlamağa əngəllər yaradır.

 

***

 Ağla və həyatının sonu barədə düşün.

    

***

 Bu dünya Hamıdan Ucanın nəzərində ağcaqanaddan dəyərli deyil.

 

Həzrət Mühəmməd Səməq

 

Səməqdən evlənməməyinin səbəbini soruşanda o:

– Mənim iki İblislə mübarizə aparmağa gücüm yoxdu, – deyir.

 

Həzrət Sirri Səqəti

 

Deyilənə görə həzrət Sirri Səqəti bütün ömrünü balın dadına baxmaq arzusuyla yaşasa da, həyatının sonunacan bal üzünə həsrət qalıb.

 

Həzrət Əbül Həsən Hirkani

 

Həzrət Bəyazid adəti üzrə müqəddəslərin və möminlərin qəbirlərini ziyarət edirdi və hər dəfə Hirkandan ötəndə havanı, ətirli çiçəyin qoxusunu qoxlayan tək, içinə çəkirdi. Bu qoxunu ha tərəfdən duyduğunu ondan soruşan tələbələrinə o: “Tez bir zamanda bu şəhərdə məni öz möminlik nailiyyətləri ilə arxada qoyacaq bir nur – öz evində, ailəsində yaşaya-yaşaya ali dərəcələrə ucalacaq Əbül Həsən adlı böyük müqəddəs anadan olacaq” – deyə cavab verir.

Bu əhvalatdan bir neçə il sonra Əbül Həsən dünyaya gəlir və iyirmi yaşına çatandan sonra hər gün Bəyazidin qəbrini ziyarət etməyə başlayır. Orada Allaha dua edib yalvararaq: “Ay Allah! Mənə Bəyazidə nəsib etdiyin möminliyin zərrəsindən ver!” – deyir.

Beləcə on iki il ötür. Günlərin bir günü Əbül Həsən duasını bitirib qəbiristanlıqdan çıxarkən, qulağına qəbirdən səs gəlir...

– Əbül Həsən, möminliyim sənin mənə hədiyyəndi… – səs deyir.

Əbül Həsən ayaq saxlayıb geriyə qayıdır, üzünü qəbrə tutub deyir:

– Ey qəbir evindən mənimlə danışan cənab, bu necə ola bilər? Axı mən səndən on üç il sonra dünyaya gəlmişəm? Möminliyimi sənə necə bəxş edə bilərdim?

Qəbrindən yenə həmin səs eşidilir:

– Möminlik yolunda maneələr vardı. Allaha yalvardım ki, o maneələri aradan qaldırsın. Və həmin məqam Allahın sədasını eşitdim: “Sən bu istəyini Hirkana daxil olanda, səni işığa bələyəcək Nura söylə!”

 Hirkana daxil olanda mən, həqiqətən, Yerin tərkindən göylərə ucalan həmin işığı gördüm. Ona, Allahın tapşırdığı kimi, dua etdim və dərdimin çarəsi tapıldı.

 Bu hadisədən sonra evə dönən Əbül Həsən özündə yeni qabiliyyət kəşf edir. O, Quranı iyirmi dörd saat ərzində başdan ayağa oxuyub öyrənir.

 

***

Bir dəfə Əbül Həsən öz həyətində yer qazarkən gümüş pullar tapır. Pulları əlinə almadan, üstünü torpaqlayıb, ayrı bir tərəfi qazmağa başlayır. Bu dəfə qazdığı yerdən qızıl pullar çıxır. Əbül Həsən bu pulların da üstünü torpaqlayır. Üçüncü yeri qazanda, oradan almaz çıxır. O, almazları da torpaqla basdırır. Dördüncü yeri qazanda, oradan qiymətli ləl-cəvahirat çıxır. Əbül Həsən onların da üstünü torpaqlayır və üzünü Allaha tutub:

– Ay Allah! – deyir. – Bu dünyanın bütün ləl-cəvahiratını, o biri dünyanın bütün nemətlərini də mənə bəxş etsən, heç zaman heç nəyi Səni bircə anlığa görməyə dəyişməyəcəyəm.

***

Günlərin bir günü, bir məclisdə Əbül Həsənlə yanaşı əyləşmiş məşhur bir müqəddəs möcüzə nümayiş etdirir. O, əlini Həsənin su bardağına salıb oradan diri balıq çıxarır. Onda Həsən əlini yanar ocağa atır və diri balığı oradan çıxarır. Məsələni belə görəndə, müqəddəs Həsənə, birlikdə yanar ocağın içinə atılmağı təklif edir:

– Görək kim salamat çıxacaq, – deyir.

Həsən:

– Möcüzələrlə alver etməzlər, – deyir. – Ondansa, gəl yoxluq dəryasına baş vuraq və oradan əbədi həyat libasında çıxaq.

Müqəddəs başını aşağı salıb susur.

 

***

 

Əbül Həsən sevimli tələbələrindən birinə deyir:

– Bəyazid bu dünya üçün ölüdür, mənim üçün isə o hələ də sağdır və mənim bütün işlərimdən xəbərdardır.

 

 QƏDİM SUFİLƏRİN SÖYLƏDİKLƏRİ

 

Bu dünyanın riyasından və yaltaqlığından az ye.

 Cəlaləddin Rumi

***

 

Axtaranı firavanlıqda tapanda anlayıram ki, ondan heç nə çıxmayacaq.

Hüseyn ər-Razi 

***   

Özünü tamahdan, onun istəklərindən xilas et. Bu dünyanın əksər hissəsini məhv edən odur.

                                     İbn Ərəbi

***

 

Şeytanın məqsədi – səni yorub əldən salmaq, başını cəfəng işlərə qatıb yerə yıxmaqdı.

 İbn Ərəbi

***

 

Vəsiyyətimi unutma. Tamahınla daim savaş, ona qalib gəlməyə çalış.  O səbəbdən ki, ya sən  ona qalib gəlməlisən, ya o sənə. Üçüncü yol yoxdu. 

                                                                                                                                                       Əl-Cilani

 

***

 

Mən duama mane ola bilən heç nəyə vərdiş eləmirəm.                                        

 Əl-Qəzali 

***

 

Allah daim yaxınındadı, səni yanında saxlaya-saxlaya, qulağına daim “Ol” – deyə pıçıldayır…

                                                                                                                                                                                                                                                       Cəlaləddin Rumi

***

 

Hafiz andını pozdu, öz qəlbini ağrıtdı. Amma Dostu onu bağışladı, geriyə dönüb yenə  ona sarı gəldi.

                                                                                                                                                         Hafiz

***

Sufi bu günün övladıdır. Yol boyu bir kəs “sabah” sözünü dilə gətirməz.

                                                                                                                                            Cəlaləddin Rumi

***

 

Bu gün olduğun yer səndən ötrü Allah tərəfindən xəritədə çəkilib.

                                                                                                                                                     Hafiz

***

 

 Əgər O, yeganə həqiqi reallıqdırsa, onda, şübhəsiz ki, bütün dünya təxəyyüldür. Bunu anlayan hər kəs incə dünyanın sirlərindən agahdır.

                                                                                                 Şeyx Nemətullah

                                                                  

***

 

  Şeytan Musa Əleyhissalama dedi: “Bu vacib qaydanı unutma: heç bir zaman “mən” demə ki, mənə  bənzər olmayasan”.                                                                                                   

 

                                                                                            Fərid əd-Din əl-Əttar

***

 

Dualarındakı Günəşi zərrə-zərrə özünə çəkməyə davam et.

                                                                                                                     Hafiz

***

 

Az ye. Bu, qəlbinin yerini genişləndirəcək.  

                                                                                                                    İbn Ərə

***

 

  Xeyirxahlığı alət kimi işlədən kəs hər şeyə qadirdi.

                                                                                                                     Əl-Cilani

***

 

Mövcudluqla bağlı daxilimdə nə isə baş verib. Elə bir şey baş verib ki, o daim qəlbimi heyrət və xeyirxahlıqla doldurur.

 

                                                                                                                       Hafiz

***

 

Allah çoxlu güzgülər yaratdı və onların hər birində Öz Surətini yerləşdirdi.

                                                                                                                      Cami 

***

 

Haqq Sahibinin pıçıltısını, yalnız qəlb eşidər.                                                         

                                                           Əl-Cilani

***

 

Şöhrətdən və onu gətirəndən qorun. Adi insanların arasında ol və özünə yüksəliş arzulama.

                                                                                                         Süfi kəlamı

***

 

İşlə, içindəki quyunu qazmağa davam et. İstirahət barədə, əsla düşünmə.

                                                                                                  Cəlaləddin Rumi

***

 

Vaxt azalır, qidalı su axıb qurtarmaq üzrədi. Onu axıb pərən-pərən olmamışdan əvvəl  iç.

***

                                                               Cəlaləddin Rumi

Həqiqi mövcudluq Allahın mövcudluğudu. Bu dünyanın mövcudluğu uydurma mövcudluqdu.

                                                                                                                 Nəsəfi

***

 

İnsan zaman-zaman xislətində olanlara müqavimət göstərə-göstərə, onu içinə sıxıb saxlayırsa da, sonda mütləq ağır qarşıdurmalar baş verir.

 

                                                                                                           Şah Vəliyullah

***

 

Əbu Yazid Uca Allahdan soruşdu: “Sənə yaxın olmaq üçün neyləyim”

Cavab gəldi: “Özünü bir kənara qoy və gəl”.                                                                                                       

            İbn Ərəbi

***

 

Bir dua tənhalıqda bitmir.

                                                                                                                Sufi kəlamı

***

 

Sənin ruhunun Məsihi sənin öz içindədi. Köməyi ondan dilə.

                                                                                                          Cəlaləddin Rumi

***

 

Bilən kəs,  hər an Allaha, o ana qədər yaxın olduğundan daha yaxın olandı.

                                                                                                                  Əl-Cilani

***

 

Əgər insan ölümdən sonranın nə olduğunu bilsəydi, bu dünyada qalmağı arzulamazdı.

                                                                                                                     Əl-Cilani

***

 

Haqqı, onu yaşamadan izah etmək mümkün deyil.

                                                                                                                                                                                                                                    İbn Abbad

***

 

Nə qədər ki, örtüyün o biri üzünə keçməmisən, heç nə eşitməyəcəksən. Maarifsiz kəsin qulaqları mələklərin dediyini eşitməz.

                                                                                                                                Hafiz

 

***

 

İnsanlar bildiklərini düzgün, bilmədiklərini yanlış hesab edirlər.

                                                                                                                     İbn Ərəbi

***

 

Sən içindəki ötəri yuxuyla uyuyan vəhşinin sükutuna arxayın olma. O, bu görüntünü səndən ötrü yaradır ki, fürsət düşən kimi qurbanının üstünə atılsın.

 

                                                                                                                 Əl-Cilani

 ***

Halal qida Allaha xidməti təlqin edər.

                                                                                                        Cəlaləddin Rumi

***

 

Ölüm – sevəni sevgilisinə qovuşduran körpüdü…

                                                                                                         Həzrət Rəbiyyə

***

 

Sən təxəyyülünün sənə dediyini dinlədikcə, daxili işığın güclənəcək.                                                                                                                                                                                                          

 Əd-Dərqavi

***

 

Nəfəsin üzərində işlə. Bu, nəfəsinin boş yerə işləməsinə imkan verməyəcək.

                                                                                                             Şah Nəqşbənd

***

Bilin ki, ağzınıza qoyduğunuz hər tikənin qeydinə qalmalısınız. Onu ağzınıza qoymazdan əvvəl fikrinizi toplayıb üstünə Allahın adlarından birini oxumalısınız. Sonra o biri tikəni əlinizə alıb onunla da həmin şeyi etməlisiniz və bunu yeməyiniz bitib qurtaranacan davam etdirməlisiniz.

 

                                                                                                              İbn Ətaul-lah

***

 

Mən agah oldum və anladım ki, hər şey fanidi. Oyandım və anladım ki, yatmışammış.

                                                                                                                     Bədəxşan

***

 

Bu dünyanın fövqünə öz alçaq xislətinə qalib gələnlər ucalacaq.

                                                                                                 Fəridi əd-Din əl-Əttar

***

 

Mənim xəstəliyim qəlbimdədi. Dünyanın bütün loğmanları bir yerə yığılsa belə, ona əlac edə bilməz. Bu xəstəliyin şəfası – Allaha qovuşmadı…

 

                                                                                                            Həzrət Rəbiyyə

***

 

Özünü qorumaq – qəlbini qorumaqdı ki, ora kənar fikir daxil ola bilməsin.

                                                                                                                  Şah Nəqşbənd

***

 

Etinasızlıq yuxusundan oyan və üzünü sayıqlıq suyuyla yu.

                                                                                                                  Əl-Cilani

***

 

Alçaq xislət kimin kimdənsə faydalanmasını istəmir. O, kimin kimdənsə faydalandığını biləndə, onu məhv etməyə çalışır.

 

                                                                                                         Cəlaləddin Rumi

***

 

Kim ki sevgidən saflaşıb, kim ki hər bir şeydən imtina edib Allahda əriyir – sufidi.

                                                                                                                      Hücviri

***

 

Bütün insanlıq yuxudadı. Orta insanın yuxudan oyanmasının bir kimsəyə faydası

yoxdu.

                                                                                                                  Nəsrəddin

***

 

Hər kəsin içində, öz doğuluşunu gözləyən İsa Məsih var.

                                                                                                      Cəlaləddin Rumi  

***

 

Bir təxəyyül o biri təxəyyülü dəf edir, bir fikir o birinə qida verir…

                                                                                                         Cəlaləddin Rumi

***

 

Fikir quşunun, uçub Allahın hüzuruna çatmaq qüdrəti yoxdu.

                                                                                                                             Sədi 

 ***

 

Allahdan savayı, hər şey bizi yolumuzdan azdırır.                                                                                               

          Cəlaləddin Rumi

 ***

 

Bax, yerin tərkindən göylərə ucalan bu ecazkar rəqsə tamaşa et...

                                                                                                         Cəlaləddin Rumi

***

 

Hər müəllim həqiqəti öz üsulu ilə açır və özü yoxa çıxır.

                                                                                                  Fərid əd-Din əl-Əttar

***

 

Davamlı səylər və çalışmalar, axtarana mələk halını qazandırar.

                                                                                                  Fərid əd-Din əl-Əttar

***

 

Dünya – üstü mələk hücrələri ilə dolu altı qatda yaradılıb. Yer üzü bu qatların birincisidi. 

                                                                                                                                                                 Bəhaəddin

***

 

Özünü, üz tutduğun yolun son mənzilinə – özünə yönəlt.

                                                                                                  Əfzələddin əl-Kəşani

***

 

Ruhən ucalıb kamilləşənlər daim iç dünyalarında işləyənlərdi.

                                                                                                               İbn Abbad

***

 

İztirabı durulma, saflaşma bil.

                                                                                                                     Hafiz

***

 

Bal – arının iynəsi dəyərindədir.

                                                                                                        Cəlaləddin Rumi

 ***

 

Sən ki gələn dərd-bəlanı sidq-ürəklə qəbul etdin, Göylər qapısı üzünə açılacaq.

                                                                                                          Cəlaləddin Rumi

***

 

Qəbul Allahdandı.

                                                                                                      Cəlaləddin Rumi

***

 

Sevgilimin (Allahın) istəkləri bütün qəm-qüssəmi, kədərimi yoxa çıxardı...

                                                                                                                                                                                                 Cəlaləddin Rumi

***

 

Axtaran qəzəblidirsə, demək, daxili işıqdan məhrumdu.

                                                                                                                 Əl-İsfahan

***

Alçaq xislət – fırtınasını gizlidə saxlayan yalançı təmkin dəryasıdır.

                                                                                                         Cəlaləddin Rumi

 

***

 

Sən, düşündüyündən də çox köməyə ehtiyaclısan.

                                                                                                         Cəlaləddin Rumi

***

 

Allahı yeganə istəyinə çevir. O səbəbdən ki, ölməz və əbədi olan yeganə Odur.

                                                                                                                                                                   Fərid əd-Din əl-Əttar

***

 

Siz təxəyyülü bütün reallığı ilə gördünüz və ondan reallığa döndünüz.

                                                                                                           Mənsur Həllac

***

 

 

Alçaq xislət o qədər mütəşəkkildir ki, ondan Allahın köməyi olmadan qurtulmaq mümkün deyil.

                                                                                                      Qədim sufi kəlamı

 

***

 

Əgər siz xilas barədə bu gün düşünmürsünüzsə, bu barədə nə vaxt düşünəcəksiz? Bu zəncirləri bu gün qırmayacaqsınızsa, bunu nə vaxt edəcəksiz?

                                                                                                                      Əl-Qəzali

 

***

 

Allah sənə, öz alçaq xislətinin qidasından imtina etməyə yardımçı olsun.

                                                                                                             İbn Hüseyn

 

***

 

Cilovunu möhkəm saxla ki, eşşəyin yolundan azmasın.

                                                                                                         Cəlaləddin Rumi

***

 

İnsanlardan mənimsədiyini yadından çıxart. Allahdan mənimsədiyindən ol.

                                                                                                          Cəlaləddin Rumi

                                                                                                                                                             ***

 

Oxuduğu vərəqdə yazılanın mənasını hər kəs bilmir.

                                                                                                                      Hafiz

***

 

Mənim şeirlərimə mənanı Allah verir.

                                                                                                   Cəlaləddin Rumi

***

 

Bu dünya – zəhərdir. Bu zəhərin şəfası –  Allahdır.

                                                                                                   Cəlaləddin Rumi

***

 

Çox-çox nadir adamlar alovun ortasında otura bilir.

                                                                                                       Cəlaləddin Rumi

***

 

  Hafiz daim öz yanar çırağını Kainat ənginliklərində saxlayacaq və sənin ruhunu İlahi işığın Nuruna qərq edəcək.

 

                                                                                                                                                    Hafiz

***

 

Müəyyənlik, yalnız bizim görünməz aləmdə gördüyümüz işlərdən yaranır.

Bəhaəddin

***

 

Mühakimə etmək Şeytanın vərdişidi, insana o biriləri anlamağa imkan verməz.

                                                                                                          Cəlaləddin Rumi

***

 

Tərk-insanlıq zahirlə əlaqəsi olmayan ruhi haldır.                                                                                                                    

Hücviri

***

 

Sən tək deyilsən. Allah səninlədi. Sənin uğrunda döyüşənlər var.

                                                                                                      Cəlaləddin Rumi

***

 

Bir də qayıt və özünü yadına sal.

                                                                                                 Cəlaləddin Rumi

 

***

 

Allahın “Ol” hökmündən sonra bu Sözün özündən də yaxşı ol.

                                                                                                 Cəlaləddin Rumi

***

 

Alçaq xislətinin istəklərini dönə-dönə yerinə yetirmə.

                                                                                                  Cəlaləddin Rumi

 

***

 

Peyğəmbərlərin üçüncü gözü şüurdan yayınanları görməkdən ötrü daim açıqdır.

                                                                                                            Əl-Qəzali

***

 

 

Xırda işlərdə davamlılıq böyük işləri mükəmməl edir.

                                                                                                  Cəlaləddin Rumi

***

 

Siz hər biriniz çobansız və hər biriniz öz sürünüzə cavabdehsiz.

                                                                                                            İbn Ərəbi

  ***

 

Ey Allaha inananlar, Allaha inanırsınızmı?

                                                                                                               Əl-Qəzali

 

 

                                                                                               Tərcümə:  A.Məsud