Elektron ədəbiyyat və sənət portalı

Faust – tarixi şəxsiyyət və bədii obraz kimi

Bölmə: Art 17.07.2018

Tarixi məlumatlara əsasən onun əsl adı Yohan Qeorq Faustdur. O, 1478-ci ilin 23 aprelində (bəzi mənbələrdə: 1480-ci il) Almaniyanın Baden-Vüttemberq əyalətinin Knittlinqen şəhərində anadan olub. Münəccimlik, təbiblik, cadügərlik və kimyagərliklə yanaşı, öncəgörücülüklə də məşğul olub. Ehtimal olunur ki, Faust təhsil almasa da, şəxsi təşəbbüsüylə yüksək biliklərə yiyələnə bilib. Faustun real tarixi şəxsiyyət olduğunu sübut edən çoxlu sayda dəlillər var. Buna misal olaraq, qeyd edək ki, o, Martin Lüterin və Paraselsin müasiri olsa da hər ikisi onu şarlatan kimi qələmə verib. Abtes Tritemiusun Haydelberqli riyaziyyatçı və saray astroloqu Yohann Virdunqa yazdığı 20 avqust 1507-ci il tarixli məktubunda Faustu yalançı və cadugər kimi qələmə versə də o, nə inkvizisiya, nə də məhkəmə tərəfindən təqib olunub.Bədii ədəbiyyatda şeytan obrazından danışarkən, dahi alman şairi Yohan Volfqanq Hötenin „Faust“ əsərini qeyd etməmək mümkün deyil. Əsərin baş qəhramanı Faust dünyəvi nemətlərə nail olmaq üçün şeytanla – Mefistofellə saziş bağlayır. Bu sazişə əsasən Faust öz ruhunu Mefistofelə təslim etməlidir. Bu yazı isə “Faust” əsərinin qəhrəmanı yox, onun prototipi, həyatda yaşamış Faust haqqındadır.

Martin Lüter onu iblislə iş birliyində günahlandırırdı. Həm katolik kilsəsi, həm də protestant ruhaniləri Faustun qismində dinə qarşı çıxan insanı görürdülər. O, həmçinin, alimlər, universitet müəllimləri və hətta təhsilli həkimlər üçün də rəqib idi. Belə ki, pasientlərini əllərindən alır, bununla da onlara maddi ziyan vururdu. Amma bütün bunlara baxmayaraq, Faust xalq arasında məhşur idi və sevilirdi. O, hətta xalq qəhrəmanına belə çevrilə bilmişdi. Ölümündən sonra onun haqqındakı məlumatlar toplanmağa başlandı. Faust  bir kimyagər kimi qızıl əldə etmək üçün eksperimentlər aparırdı. Onun Ştuafen şəhərində 1538-ci ildə apardığı belə eksperimentlərdən birində partlayış zamanı faciəli şəkildə öldüyü qeyd olunur. Bunun bədbəxt hadisə, yaxud sui-qəsd olduğu məlum deyil. Hər halda, məhz bu hadisədən sonra Faust haqqında xalq arasında əfsanələr dolaşmağa başlayır. Faustun həyatıyla bağlı ilk mətnlər 1570-1575-ci illərdə “Cadügər Faust” başlığı altında yaranan hekayətlərdir. Bu hekayətlərdə Faustun ölümü onun şər əməllərinin cavabı kimi təqdim olunur.

Alman maarifçisi Lessinqin yazdığı “Faust” dramından isə yalnız bir fraqment günümüzə qədər gəlib çatıb. Burada Faust əvvəlki əsərlərdən fərqli olaraq elmə, biliyə can atan mütərəqqi  insan kimi təsvir edilir. Bu mövzuya belə bir yanaşma ədəbiyyatda ilk dəfə idi və Lessinqin bu yanaşması özündən sonra Faust haqqında yazılan əsərlərə  təsirini göstərdi.Ardınca ədəbiyyatda bu mövzuda müxtəlif səpkili əsərlər yaranmağa başladı. Bu sıradan Haynrix Hayne (Balet), Klaus Mann (Mefisto), Tomas Mann (Doktor Faust) və başqalarının əsərlərini qeyd edə bilərik. Amma bunların arasında ən məşhuru Hötenin təxminən 60 il üzərində çalışdığı “Faust” faciəsidir.

Sonrakı illərdə də Faust mövzusunda xeyli bədii, sonralar isə musiqi əsərləri yazılır və filmlər çəkilir.

Bethoven, Şubert, Ştraus, Vaqner və List kimi dahi bəstəkarlar Faust mövzusu ilə bağlı musiqi əsərləri yazıblar. Fransız bəstəkarı Şarles Quno Hötenin “Faust” dram-poemasının birinci hissəsinin süjeti əsasında opera yazıb.

1926-cı ildə Fridrix Vilhelm Murnau tərəfindən “Faust-alman xalq əfsanəsi” filmi çəkilib, 1947-ci ildə isə Tomas Mannın “Doktor Faust” əsəri nəşr olunubki, burada Faust bəstəkar kimi təqdim edilib.

Sonrakı dövrlərdə də Faust mövzusuna daim müraciətlər olunub və bu yanaşma indiyədək davam edir.

 

 Hazırladı: Murad Muradov