Elektron ədəbiyyat və sənət portalı

Səməd Vurğun Qobustanı necə xilas etdi?

Bölmə: Azad ərazi 18.07.2018

Qobustan qaya­ları kompleksi Bakıdan 50-60 cənub-qərb­də yerləşir. Dünyanın ən qədim yaşayış məskən­lərindən və nadir mədəniyyət ocaq­larından biri olan Qobustandakı on min il, on beş min il tarixə malik qa­yaüstü rəsmlər ölkəmizin ərazisində yaşayan insanların hələ on min il əvvəl rəsm çəkdiyini, rəqs etdiyini sübuta yetirir.

Azərbaycanın ilk arxeoloq-etnoqraf alimlərindən olan əməkdar elm xadimi İshaq Cəfər­zadə 1939-40-cı illərdə apardığı ardıcıl tədqiqatlar sayəsində Qo­bustanı elm aləminə tanıtdırıb. Ümumilikdə 70-dən çox maddi mədəniyyət abidəsini aşkara çıxaran İshaq Cəfərzadə bütün hə­yatını Qobustana həsr edən, bu bənzərsiz məkanı Azərbaycana və bəşəriyyətə qazandıran fədakar insan olub.

Görkəmli arxeoloq Qobustan­da 5000-ə yaxın qayaüstü rəsm aşkarlayıb. Həmin tarixi-mədəni abidələrin hamısı qeydə alınmaq­la yanaşı, alimin həyat yoldaşı, Azərbaycanın ilk qadın rəssamla­rından olan Səfiyyə xanım tərəfin­dən dəqiqliklə kağıza köçürülüb.

Amma çoxları akademik İshaq Cəfərzadə və xalq şairi Səməd Vurğunun Qobustanı məhv ol­maqdan necə xilas etdiklərini bilmir.

1950-ci illərdə Qobustanda daş karxanası yaradılıbmış. Bura­dakı qayalardan müharibədən qayıdan əsgərlərə ev tikilirmiş.  İshaq Cəfərzadə bu karxananın fəaliyyəti­nin dayandırılmasıyla bağlı respub­likanın ovaxtkı rəhbəri Mircəfər Bağırova məktublar yazıb şikayətini çatdırsa da, bir faydası olmur. Nəhayət Bağırov İshaq Cəfərzadəni yanına çağırtdırıb qəzəblə deyir: "Sən o qayalarda üç-beş cızıq tapmısan deyə mən sovet əsgərlərinə ev tikməməliyəm?!"

Əlacsız qalan İshaq Cəfərzadə o vaxtlar Elmlər Akademiyasının vitse-prezidenti olan Səməd Vur­ğuna müraciət edir. Vəziyyətdən narahatlıq keçirən Səməd Vurğun başqa mübarizə üsulu se­çir. Vaqif Səmədoğlu xatırlayırdı ki, İshaq Cəfərzadənin zəngindən sonra atası ovaxtkı Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimovla telefon əlaqəsi yaradıb. Təcili Qobustana get­məli olduğunu bildirən şair ondan yardım istəyib ki, sənin maşının hökumət maşınıdı, Qobustan ərazisinə girəndə saxlamazlar.

Həmin vaxt atasıyla Qobustana gedən mərhum Vaqif Səmədoğlu baş verənləri belə xatırlayır­dı: "Ən az 50-60 qaya kəsilmişdi. Üzərindəki rəsmləri gözlərimlə görmüşəm. Bu, dəhşət idi..."

Deməli, Səməd Vurğun, Respublika Pro­kurorluğundan gələn bir nümayəndə və yeniyetmə Vaqif Mirzə İbrahimo­vun boz rəngli "ZİL" maşınında Qobustana yollanır. Buldozer və daşkəsən maşınların qayaları kəsdi­yini görüb dəhşətə gələn şair prokurorluq işçisinindən tapançasını istəyir. Onun əsl məqsədinin nə olduğunu bilməyən yol yoldaşı ta­pançanı qoburundan çıxararaq ona uzadır. Səməd Vurğun maşından düşən kimi buldozerçini nişan alıb tətiyi çəkəndə prokurorluq işçisi cəld şairin əlini yuxarı qaldırır və xoşbəxtlikdən güllə hədəfə dəymir.

Bəli, məhz həmin hədəfdən yayınan atəş nəticəsində Qobustan xilas olur və yarım əsr sonra UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilir.

 

LEYLA