Elektron ədəbiyyat və sənət portalı

İBN ƏL-ƏRƏBİ – QÜDRƏTLİ ŞEYX

Bölmə: XİLAS YOLUNUN YOLÇULARI 22.08.2018

 

                “Günahlı, naqis kəslərə acıqlı görünə bilərəm, qəlbi saflar üçünsə, mərhəmətliyəm mən…” 

Mirzə Xan Ənsari

 

Dünya fəlsəfəsinə, müqəddəs sufilik yoluna qədəm qoyduğu andan bu günümüzəcən həyatı və əməlləriylə “Qüdrətli Şeyx” ləqəbini qazanmış böyük sufi İbn Əl-Ərəbi, varlığı və bəşəriyyətə miras qoyub getdiyi əsərləri ilə, istər müsəlman, istərsə də xristian dünyasına ən güclü metafizik təsir göstərənlərdən olub.

İbn Əl-Ərəbi bu günəcən ərəblər arasında ən səxavətli adam hesab edilən Hətim Ət Tayinin nəslindəndir. O, 1164-cü ildə Mürsiyədə doğulan zaman İspaniya artıq 400 ildən artıq idi ki, ərəb sülalələrinin hakimiyyəti altında idi. Bəzi tarixi mənbələrdə Ərəbinin “əndəluz” adlandırılmağının bir səbəbi də, doğulduğu bu yerlərin, o dövrlərdəki coğrafi vəziyyəti ilə əlaqədar idi.

Cəsarətlə demək olar ki, yaşadığı dövrdə İbn Əl-Ərəbi, nəinki İspaniyanın, yaxud Ərəbistanın, ümumiyyətlə, bütün ölkələrin və xalqların tanınmış simaları arasında qüdrətlilər qüdrətlisi kimi tanınıb.

Bir çox ədəbi məxəzlərə əsasən, belə hesab edilir ki, o, dünya poeziyası tarixinə sevgi poetikasının misilsiz nümunələrini bəxş edib.  

Həyatının otuz ilə yaxın dövrünü Sevilyada yaşayıb və bu illər ərzində incə poeziyası və gözəl natiqlik qabiliyyəti ilə nəinki İspaniyada, o dövrlər mədəni həyatın mərkəzi sayılan Mərakeşdə də böyük nüfuz qazanıb.

İbn Əl-Ərəbini bütün sufilər sevir. Tarixin bütün mərhələlərində onun hədsiz ardıcılları olub və bu gün də var.

Ərəbi kifayət qədər ibrətamiz həyat yaşayıb, bununla bərabər, öz varlığı ilə formal cəmiyyətə təhlükə olaraq qalıb.

Bir çox məqamlarda İbn Əl-Ərəbi ilə böyük sufi Əl-Qəzali arasında oxşarlıqlar var. Ərəbi də Əl-Qəzali kimi sufi ailəsində dünyaya göz açıb. O da Qəzali kimi seçdiyi həyat yolu ilə Qərb düşüncəsinə təsir göstərməyə çalışıb. O da müsəlman dininin parlaq bilicisi olub. Lakin Əl-Qəzali sufiliyə, artıq şöhrətinin zirvəsində ikən, ilahiyyat elmlərinə mükəmməl şəkildə yiyələndiyi dövrdə, bu elmlərin daxili ehtiyaclarını ödəmək iqtidarında olmadığı səbəbindən müraciət edibsə, İbn Əl-Ərəbi insanlarla, poeziya ilə münasibətlərini, bilavasitə sufiliyin əsasında qurub.

Əl-Qəzali sufiliklə İslamı barışdıraraq, təsəvvüfün küfr yox, etiqadın iç mənası olduğunu sübuta yetirib. İbn Əl-Ərəbinin missiyası isə, sufi ədəbiyyatını yaratmaq və bu ədəbiyyatın öyrənilməsinə, tədris edilməsinə insanlarda maraq oyatmaq olub. Ərəbiyə görə, bu ədəbiyyat öz sufi baxışlarıyla insanlara, sufi ruhunu duymağa, öz mövcudluqları, davranışları və fəaliyyətlərinin izahına kömək etməli idi.

Əl-Qəzali kimi İbn Əl-Ərəbi də, müasirlərindən çox-çox üstün intellektual qabiliyyətlərə malik idi. Lakin bu qabiliyyətlərindən istifadə edib dini cəmiyyətdə yüksək mövqe qazanmaq əvəzinə, Ərəbi də, o biri sufilər kimi, belə bir bəyanatla çıxış etdi: “Əgər insan güclü intellektə malikdirsə, o, bu intellektin əsas vəzifəsinin, insanı, hansısa ayrı tərəfə keçməsinə ilkin pillə olduğunu dərk etməlidir”.

Əl-Ərəbinin bir sıra bəyanatları var ki, onların gizli mənasının izahı insana sarsıdıcı təsir edir. Məsələn, “Müdriklik sədləri” əsərində o yazır ki, Allahı hər hansı qeyri-maddi, bədənsiz sima quruluşunda görmək üçün əziyyət çəkmək lazım deyil: “Allahın qadında təcəllası, görümün ən kamil həddidir”.

Ərəbi, həmçinin dinə aidiyyəti olan hər bir şeyi hərfi səviyyədə təhlil etməyə öyrəşmiş ilahiyyatçılara müraciət edərək, mələklərin insan xislətində, insanın bədən üzvlərində olan qüvvələr olduğu, təsəvvüfün məqsədinin həmin bu qüvvələrin insanda fəallaşdırılmasından ibarət olduğu qənaətindədir.

İspaniyalı sufi qadın Fatimə Bin Valiyənin rəhbərliyi altında təhsil alan Əl-Ərəbi, şübhəsiz ki, sufilər tərəfindən uzun illər işlənib müəkəmməlləşdirilmiş xüsusi vəcd halına çatmaq qabiliyyətinə malik idi. Bunu o, dəfələrlə öz əsərlərində də qeyd edir. Bəzi əsərlərinin mənası onların məhz vəcd halında yazıldığından, İbn Əl-Ərəbinin özünə, yalnız əsər üzərində iş başa çatdıqdan bir xeyli sonra açılırdı.

Ərəbinin ilham qaynağı – xəyallar idi, lakin şüuru bu təsəvvürlər aləmində öz sayıqlığını bircə anlığa belə itirmirdi. Nadir sufi qabiliyyətləri ilə ali şüurun ən gizli dərinliklərini, aşkar dünyanın görüntülərinin mahiyyətini müəyyənləşdirən sirli həqiqətlərlə ali reallıqlar arasında əlaqə yarada bilirdi. Əsərləri – insanların əksər hissəsinə məlum olmayan və çoxları tərəfindən “fövqəltəbii” kimi qəbul olunan həmin o qabiliyyətlərin reallaşdırılmasının insan üçün vacibliyini vurğulayır.

Ərəbi yazır: İnsan öz fikirlərini yuxuda da nəzarətdə saxlamalıdı. Bu sayıqlığın inkişaf etdirilməsi insana, aralıq dünyalarla fövqəldünyalarla tanış olmaq imkanı yaradacaq və ona misilsiz faydalar gətirəcək. Bu fövqəladə qabiliyyəti qazanmaqdan ötrü, hər bir kəsin öz üzərində səylə çalışması gərəkdi.

Bütün sufilər kimi, İbn Əl-Ərəbi də Məhəmməd peyğəmbəri kamil insan idealı hesab edirdi. “Muhamməd” sözünün mənasının dəqiqləşdirilməsi ilə bağlı onun öz qənaəti var.

Məhəmməd barədə iki rəvayət mövcuddur. Rəvayətlərdən biri, Məkkədə və Mədinədə yaşamış insanla bağlıdır, digəri, əbədi Məhəmmədlə. Ərəbi məhz ikinci Məhəmməd barədə danışır, onu digər peyğəmbərlərlə, eləcə də İsa peyğəmbərlə eyniləşdirir. Digər sufilərə görə də, iç dünyada müəyyən vəzifələri həyata keçirən Məhəmməd peyğəmbər də, digər peyğəmbərlər də, hansısa mənada, eyni bir adam olmuşlar. Onlar bu eyniliyi ərəb dilində: “Həqiqət əl-Muhammədiyə” (“Məhəmməd reallığı”) adlandırır və bu adı, müxtəlif dövrlərə və zümrələrə aid insanlara da şamil edirlər.

Ərəbinin yaşadığı dövrdə də, indiki kimi, çox az qisim adam anlayırdı ki, eyni bir hadisə, yaxud fakt, eyni zamanda müxtəlif əhəmiyyətlər kəsb edə bilər. Məsələn, ən azı, adi insan “gözəl qadının İlahinin sənət əsəri” olduğunu anlaya bilər. Lakin o, qadın gözəlliyi ilə ilahiyyatın, əslində bir şey olduğunu qəbul etmək iqtidarında deyil. Sufi baxışları ilə reallığa əsaslananlar arasında yaranan anlaşılmazlığın mahiyyəti də, məhz burdan yaranır. Məhz bunun nəticəsində İbn Əl-Ərəbinin məşhur “Arzuların təsnifatı” əsəri zahirən erotik poeziya təsiri bağışlasa da, sufilər bu əsərin o biri üzünü və tərəflərini görürlər.

Əsərlərində ənənəvi terminologiyanı tətbiq etsə də, İbn Əl-Ərəbi həm də onu sübuta yetirirdi ki, görünən nə varsa, həqiqi ola bilər və insan sevgisinin fiziki qüvvəyə malik olduğu üzə çıxar. Lakin əslində, həmin bu görünənlərin əsl reallığın yalnız örtüyü, yaxud əlavəsi olmaqdan savayı, ayrı bir qüvvəsi yoxdur.

Ərəbiyə görə əsl reallıq, məhz həmin o gizli reallıqdır ki, görünən, rəsmi reallıqlardan kənarda, onların fövqündədir.

Romantik insanlar böyük Şeyxin “məhəbbət” dediyini məlum məhəbbət kimi – insanın insana olan məhəbbəti kimi qəbul edəcək.

Sufilər üçün isə Ərəbinin dediyi bu məhəbbət o məhəbbətdir ki, insan onun sədlərini aşıb, hansısa ayrı bir tərəfə keçə bilmir…

 

 

ALLAHI AXTARANLARA MƏSLƏHƏT

MƏKKƏ AÇIQLAMALARI

 

(ƏL-FUTUHAT ƏL-MƏKKİYYƏ)

 

Öz biliyini istifadə etməyən arif kəsi görsən, o kəslə mərifətlə dolan, (1) onun biliyindən özün istifadə et ki, əldə etdə etdiyinin müqabilində, o kəsə borcunu qaytara biləsən. O səbəbdən ki, bilən odu və qoy o kəsin (bilənin) halı səni yolundan yayındırmasın. Axı öz əməlinə görə onun da Allahın yanında öz pilləsi (dərəcəsi) var?!

Bil ki, Qiyamət Günündə hər kəs öz sevdiyi ilə birgə çağırılacaq. (2) Hər kim ki, bu yer dünyasında İlahinin keyfiyyətlərindən mənimsəyəcək, (3) o kəs, Qiyamət günündə də, Onun (Allah) tərəfindən həmin o mənimsədiyi ilə çağırılacaq və Orada Onda (Allahda) (4) doğulacaq.

Hər hansı bir işi görmək istədikdə, onu düşündüyün kimi ki, Allaha nə cür xoş gedər, Allah nəyi sevər, o cür gör və ona (işə) ürəklə giriş. Bu işinlə sən özünü Allahın sevgisinə susamış halınla bəzəsən, Allah səni sevər və sevərək, sənə Özünü Tanıtmaq (5) Səadətini bəxş edər. Onda O, səni Öz Səxavəti ilə – Özünü sənə Büruzə Verməklə Mükafatlandırar və sınaqlarla Ovundurar. Allahınsa, sevdikləri kifayət qədərdi və indi mən öz imkanlarım və anladığım müqabilində, onlardan bəzilərini sənə öyüd və məsləhət qismində izah edəcəyəm.

 

Beləliklə, ilk əvvəl çalış Allahın qarşısında gözəl ol. Allahın qarşında gözəl olmaq (təcəmmül) özü-özlüyündə müstəsna, müstəqil bir ibadətdir. Ələlxüsus, dualar zamanı. Bu, Hamıdan Ucanın Öz Hökmüdür:

“Ey Adəm övladı! Mənim [Allahın] Qarşımda diz çökərkən, gözəl ol” (6).

Ayrı bir yerdə O (Allah), bəndəsini ittiham edərək deyir:

“De ki, Allahın Öz bəndələri üçün Yaratdığı gözəl [nemətlərə], həyatı üçün Müəyyən Etdiyi təmiz, halal qaydalara kim qadağa qoydu? De: “burda, (Yer dünyasında) bu imkanlar yalnız möminlərə verildi və Qiyamət Günü də yalnız onlara veriləcək. Bilən kəslərə əlamətləri Biz belə İzah Etdik” (7).

Bu və digər bu kimi izahları sən özün Quranda tapacaqsan.

Allahın gözəlliyi ilə (zinət əl-lah) bu dünyanın gözəlliyi (zinət əl-həyat əd-dünya) arasında bir fərq var: məqsəd (qəsd) və niyyət (niyyə) fərqi. Gözəlliyin özü isə, həmindir (əyn əz-zina), ayrı birisi deyil.

Və deməli, niyyət hər bir şeyin canıdı. Odu ki, hər kəsə öz niyyətinə görə verilər.

Deyək ki, (son) axır kimi baxılan (hicr), özü-özlüyündə olduğu kimi dəyişməz qalır (vahid ət əl-əyn). Lakin kim ki Allaha və Onun rəsuluna can atar, o kəsin yolu məhz Ona aparar. O kəs ki, öz (yer) həyatını abadlaşdırmağa meyillənər, istədiyi qadını özünə arvad eləməyə çalışar, o da ayrı bir səmtə yox, məhz həmin yola yönələr. (8) Əs-Səhihdə [hədisdə] də, bu barədə deyilir. İmama and içdiyinə görə, Qiyamət günü Allahın dindirməyəcəyi, günahları bağışlanmayacaq, ağır iztirablara düçar olacaq üç kişi haqqında deyilir. Belə ki, bu üç kişidən biri, öz fani arzularına görə imama and içir və yer dünyasına aid tamahları onu qane edənə qədər, andına sadiq qalır. Qane olmayanda, andını pozur. (9)

Beləliklə, əməllər niyyətlərə görə qiymətləndirilər. Və bu, müsəlman etiqadının əsas dayaqlarından biridir. Əs-Səhihdə deyilir ki, bir kəs Allahın rəsuluna (Allah onu şad eləsin!) deyir:

“Ey Allahın rəsulu! Mən möhkəm, yaraşıqlı ayaqqabını və gözəl libası çox sevirəm.”

Onun bu sözünə Allahın rəsulu (Allah onu şad eləsin) belə cavab verir:

“Allah Özü gözəldir, gözəlliyi də sevər” (11).

Bu sözlərin mənası budur: Allah – Onun qarşısında gözəl olana yaxındır.

Məhz bu səbəbdən, Uca Yaradan, Cəbrayılı onun (Məhəmmədin) yanına Dihyanın simasında göndərdi. Dihya öz dövrünün insanları arasında ən gözəli idi. Deyilənə görə, Dihyanın gözəlliyi o qüdrətdə idi ki, hansı şəhərə girsəydi, onu görən boylu qadınlar uşaq salardılar. Onun gözəlliyi məxluqat aləminə belə təsir edərdi.

Cəbrayılı Öz rəsulunun (Allah onu şad eləsin) yanına onu, Onda Olandan Agah Etməkdən ötrü göndərən Uca Yaradan bununla sanki:

“Məhəmməd, Mənimlə sənin aranda yalnız gözəl sima dayana bilər” – dedi.

Allah qarşısında gözəl olmayanın isə, (bu barədə biz artıq demişik), Onun (Allahın) müstəsna sevgisini qazanması mümkün deyil. Allahın xüsusi sevgisini qazanmayan – Onun (Allahın) ona Verdiklərinə sahib ola bilməz: o kəs bilik (ilahi bilik) almaz, üzə çıxmaz, bərəkət və nemət sahibi olmaz, səadət məkanına yetməz (13), bu dünyada, öz davranışı və şahidliyi ilə (14) Ruhun şahidliyinə və mənalar üzrə biliklərə layiq olanlar sırasına qalxmaz (15). Bütün bunlara o halda sahiblənmək mümkündü ki, bəndənin niyyəti, deyilən kimi, Allahın qarşısında gözəl olmaq olsun. Daha yer dünyasının fanilik köpüyü – lovğalıq, şan-şöhrət, o birilərin qarşısında öyünmək yox.

Sonra hər hansı sınağa çəkilərsənsə, (17) Allaha tapın. Çünki O, Onun rəsulu (Allah onu şad eləsin) demişkən, Ona ürəkdən tapınanları sevər. Allah Özü bu barədə belə Buyurur:

“Ölümlə həyatı Yaratdım ki, kimin kim olduğunu Müəyyən Edim”. (18)

Ayrı sözlə, Allah insanı sınaqlara saldıqca, onun mahiyyətini Müəyyənləşdirər, Görsün ki, həqiqətənmi o kəs, sözündə görünməyə çalışdığı kimidi?

“Bu, Sənin sınağından savayı, ayrı bir şey deyil: həmin o sınaqla Sən kimi istəyirsən, azdırırsan”, yəni çaşdırırsan, “kimi istəyirsən, doğru yola yönəldirsən” (19), yəni ona, həmin o sınaqdan çıxış yolunu göstərirsən.

Bil ki, sınaqların ən çətini, tamahların ən şövqlüsü – qadınlar, var-dövlət, uşaqlar və hakimiyyətdi.

Onda ki, Allah Öz bəndələrindən hansı birinəsə bu nemətlərdən birini, yaxud hamısını birdən verər, o bəndə, Allahın onu bu nemətlərlə sınadığının səbəbini anlayıb, bunun Allahın Özü tərəfindən ona Göndərildiyini dərk edərsə, onlara uymayıb, yalnız Ona (Allaha) üz tutarsa, o halda, bu sınaqlar bəndəni Hamıdan Ucaya yaxınlaşdırar. Ucaldıqca o, bu nemətlərin, həqiqətən, ona, Hamıdan Uca Yaradan tərəfindən Göndərildiyini anlayar, anladıqca minnətdarlıq hissləriylə dolub daşar.

Bu barədə İbn Məcca, öz “Əs-Sünnə”sində (20) danışır. O, Allahın rəsulunun  (Allah onu şad eləsin) sözlərini misal gətirərək, deyir:

“Günlərin bir günü, Uca Yaradan Musaya (ruhu şah olsun) Buyurur:

“Ey Musa! Mənə qarşı həqiqi minnətdarlıqla dol!”

Musa üzünü Yaradana tutub soruşur:

– İlahi! Həqiqi minnətdarlıq nədi?

Onun bu sualına Allah belə Cavab Verir: “Görsən ki, Mən sənə yalnız nemət Göndərirəm, bil ki, həqiqi minnətdarlıq budu”.

Allah Öz rəsulu Məhəmmədin (Allah onu şad eləsin) bütün keçmiş və gələcək günahlarını Bağışlayıb, ona:

“... ondan ötrü ki, Allahın, sənin keçmiş və gələcək günahlarını bağışlasın” (21) Deyəndə, peyğəmbər yorğunluq, istirahət bilmədən, ayaqları şişənəcən, ayaq üstə qalaraq, Hamıdan Ucaya şükranlıq duaları oxuyur. Onun bu halını görüb, acıyanların: “Özünə yazığın gəlmir?” sualına isə, Allahın rəsulu (Allah onu şad eləsin) belə cavab verir:

“O qədirbilən mən deyiləmmi?” (22) Axı o, Hamıdan Ucanın: “Allahına itaət et ki, qədirbilənlər sırasında olasan” (23) buyruğunu bilirdi.

Və əgər bəndə öz Himayədarına qarşı minnətdarlıq hissi ilə dolmazsa, o yalnız qədirbilənlərə agah olunan, həmin o müstəsna İlahi sevgidən kənarda qalar. Bu barədə Uca Yaradan belə Buyurur:

“Bəndələrimin az qismi qədirbiləndi” (24).

İlahi sevgini qazanmayan bəndə, Onun (Allah) barəsində biliyə də sahib ola bilməz. Allah ona Görünməz, ona Öz Nemətlərindən Bəxş Etməz və o kəsə, Böyük Sınaq Günündə müstəsna görüm və mərhəmət əta edilməz.

Axı Allah sevgisinin hər hansı təzahürü, insana xüsusi növ bilik, ruhi dirçəliş, maddi və mənəvi rifah gətirər. Həmin bu səbəbdən də, bu nemətləri qazanan kəs, o birilərdən fərqlənər.

Əgər sınaq qadınlarla göndərilərsə, bu halda o, Allahına, həmin o ehtirasıyla tapınmalıdı. Qadınları sevərək o, anlamalıdı ki, əslində, Bütöv Olan, öz hissəsini sevir... o hissəyə qarşı incə meyil duyur. Beləliklə, qadınları sevərək, əslində o, özü özünü sevir. O səbəbdən ki, qadın, öz yaranışı ilə, ta əzəldən kişidən – onun qabırğasından yaradılıb. Odu ki, qoy o (qadın) həmin o kəs üçün, Allahın yaratdığı Kamil İnsan təcəssümü olsun. Əslində, bu (qadın), Allahın, Özünü ona güzgüdə əksi kimi təqdim etdiyidi. Və o halda ki, güzgüyə baxan, orda özündən olan nə isəni görər, o, həmin bu görüntüdə, ilk növbədə, ayrı bir nə isə yox, özü özünü görər. Kim ki, bütün varlığıyla ehtirasla sevdiyi qadına can atarkən, onda (qadında) özünü, öz quruluşunu görər, o bilsin ki, qadında görüb sevdiyi bu quruluş, onun özüdü.

Sən isə, artıq bilirsən ki, bu quruluş Uca Yaradanın Öz Quruluşudu ki, onu O, Özünə uyğun yaradıb.

Beləliklə bəndə, sevdiyi qadında, ayrı nə isəni yox, Allahı tapar.  Onu (Allahı), bu qadınla təmasda, sevgi ehtiraslarında tapar. Belə olan halda, o, öz həqiqi məhvini (25) də, qadında tapar və o qadında, iki bənzərlik bir-birində əriyəntək əriyər. (26) Məhz bu səbəbdən o, öz məhvini qadında tapar ki, o, hər toxuması ilə qadına hopar, bu sevgi cərəyanına bütün varlığı ilə qoşular. Və bütün varlığı ilə öz oxşarında məhv olar, bu hüdudsuz sevgi qaynağında əriyib yoxa çıxar, “ehtirasdan közərən bu kəs, Mən Özüməm. Şevgi atəşindən külə dönən Mən Özüməm” deyər.

Bu mərhələyə çatan bir qisim isə: “Həqq mənəm!” (27) deyər.

Beləliklə, əgər sən, kimisə belə bir sevgiylə sevərsənsə və əgər Allah sənə biz deyəni o kəsdə tapmağa İmkan Verərsə, bil ki, O (Allah), səni sevir və bu sınaq səni Haqqa aparacaq.

Qadınları bir də belə sevmək olar ki, onlar səbir və doğum oyuğu olduqları səbəbindən (28), hər nəsildə yeni-yeni məxluqlar və canlılar yaranar. Və şübhə yoxdu ki, dünyanı mövcudsuzluq halında götürəndə, Allah bu dünyanın məxluqatını tək bir ona görə sevdi ki, onlar səbrin və dözümün oyuğuna çevrildilər. Və onda O (Allah), Öz Hökmünü Verib, olanlara: “Ol!” dedi və onlar oldular (29).

Beləliklə, onlardan Onun mülk Şahlığı aşkar oldu. Yaradılan məxluqat Allahın ilahiliyinin qiymətini verdi və budur, Allahın varlığı anlandı. (30) Bu məxluqat (31) Hamıdan Uca Allaha öz anlayışları, Ona uyğun gələn bütün adları ilə, bu adların mahiyyəti onlara məlum olsa da, olmasa da, sitayiş etdilər.

Mahiyyəti isə bu idi ki, Allahın elə bir adı yox idi ki, bəndə o adda, öz zahirinə və daxilinə uyğun olan nə isə tapmasın. (32) Adlar barədə duada da, Allahın rəsulu (Allah onu şad eləsin) bunu nəzərdə tutur.

“... o adlar barədə biliyi gizli saxlayıb, mənasını tək bir Özün bildin, ya da olsun ki, bunu Öz məxluqatından kimlərəsə anlatdın” (33).

Və həmin bu biliklə də, o bəndələr, qalan insanlardan fərqləndilər. İnsanda,  onun həm zahiri quruluşunda, həm də halında o qədər sirlər var ki, onlar barədə o heç nə bilmir. Allaha isə, onda (insanda) olan bütün sirlər məlumdu.

Odu ki, əgər sən qadını, biz dediyimiz şəkildə sevsən, ona olan sevgin səni Allaha çatdırar və sən, bu sınaqda şəfqət taparsan. Allaha, qadına olan sevginlə tapınsan, Onun Sevgisinə toxunmuş olarsan.

Əgər biz görsək ki, kimsə öz sevgisiylə yalnız bir qadına bağlanıb (hərçənd ki, deyiləni istənilən qadında tapmaq olar), bil ki, bu hal həmin bu iki insanın müstəsna ruhi vəziyyəti ilə əlaqədardır. Deməli, onlar belə yaradılıb. Onların hər ikisinin təbiəti və ruhu belədi. Bu cür  bağlılıqlar (34) müəyyən müddətə olur, bəzənsə, əbədi olur. Daha doğrusu, belə bağlılığa yalnız Ölüm son qoyur, bağlılığın özü isə pozulmur. Peyğəmbərin (Allah onu şad eləsin) Ayişəyə sevgisi də bu qəbil bağlılıqdan idi.

Məsələ bundadı ki, insan ruhunda kifayət qədər Allahın gizlin saxladığı sirlər var:

“... yoxsa göylərdə və yerdə gizlin olanı Aşkar Edən, gizlədiklərimizi Görən, tapdıqlarımızdan Agah Olan Allaha itaət etməzdilər” (38).

Yəni, sizlərdə görünən olanlardan da, sizlərdən xəbərsiz qəlblərinizin dərinliklərində gizlədilənlərdən də.

Allah, daim bəndəsinin ruhunda, onun özünün xəbərsiz olduğu sirləri Üzə Çıxarar. Həkim, xəstəliyindən bixəbər olan xəstəyə baxıb, onun xəstəliyini görən kimi, Allah da öz məxluqatının qəlbinin dərinliklərində gizlədilənlərdən məlumatlıdır. Peyğəmbər (Allah onu şad eləsin!): “Özünü tanıyan Allahını tanıyar” (39) deyəndə, bunu nəzərdə tutub.

Lakin hər insan öz qəlbini tanımaz. Hərçənd ki, bu qəlb, əslində, onun özüdü ki, var.

Beləliklə, Allah, zaman-zaman insan qəlblərində gizlədilənləri üzə çıxarar. Bunu gördükcə, insan öz qəlbi barədə əvvəllər bilmədiklərini anlamağa başlayar. Odu ki, bir çoxları: “Möminlərin qəlbindən, ən axırda Ağasına (Allaha) olan sevgisi çıxar”, deyir.

Həmin bu sevgi qəlbdən çıxan məqam aşkar olar və o kəslər İlahiyyatı sevməyə başlayar. Lakin bu sevgi, adi insan sevgisinə bənzəməz. Onlar Onu (Allahı) o səbəbdən sevər ki, Onu (Allahı), Allahın dili ilə desək, öz gözləri və qulaqlarıyla (həmçinin digər qüvvələri və bədən üzvləri ilə) hiss edərlər. (40)

Bu halı keçirdikləri səbəbindən, onlar ibadəti də Allaha görə sevərlər. Axı onlar, Allahın dünyadan əvvəl olduğundan, bütün yaradılanlarsa Onun qulu olduğundan agah olanlardır?! Və nə aşkarda, nə də qalan bütün mənalarda qulsuz ağa yoxdur (41).

Ağa Öz qulunu ali sevgi ilə sevər. Axı onun ağalığının subutu – onun quludur?!

Şah üçün şahlıqdan qiymətli olanı yoxdu. O səbəbdən ki, onun şahlığının sübutu – şahlıqdı.

“Ən axırda möminlərin qəlbindən Ağasına olan sevgisi çıxar” ifadəsini, onlar məhz bu cür anlayarlar. Bu, o deməkdi ki, onlar bu sevgini yalnız duyduqdan sonra (42) dərk edərlər. Əks halda, bu sevgi onları tərk edər və onlar daha İlahiyyatı sevməzlər. Axı İlahiyyatı sevmədən, onu nə anlamaq, nə də duymaq mümkündü. Allahın yaratdıqlarının məzmunu və mahiyyəti budu. Peyğəmbər (Allah onu şad eləsin) demişkən:

“Allah Adəmi Öz Simasında yaratdı”. (Hərçənd ki, bunu müxtəlif cür izah edirlər) (43).

Beləliklə, bunu bil və yadında saxla. Hakimiyyət özünü, buyruğunun icrasıyla təsdiq edər. Onun (Allahın) Buyruğu qədər tez və deyildiyi kimi icra olunanı yoxdu.

“O nə İstəyərsə, tək bir: “Ol!” Deməyi kifayət edər və o olar” (44).

Odu ki, bil: canı və qanıyla Allahın olan bəndənin səlahiyyəti çox böyükdü. (45) O bəndə dəyişmədən, özü olaraq qaldıqca bunu özü də hiss edər (görər) ki, o, həqiqətən, Allahın Yer üzündə təcəssümüdü və anlayar ki, bu, misilsiz bənzəyişdi (46). O bəndə ağadı. Hamıdan Qüdrətli, Böyük Allah isə, müstəsna Ağadı. Həm də Həqiqi Yeganədi. (47)

Üçüncü, var-dövlət barədə deyək. Bu ad ona (vara) ona görə verilib ki, insanlarda ona təbii meyil var. (48) Allah, o səbəbdən bəndələrini var-dövlətlə sınaqdan keçirməkdə qərarlıdı ki, hər şey, məhz onun (varın) vasitəsi ilə aşkarlanar, varlılara qarşı (onlar tamahkar olsalar belə) insanların sevgisini də, bu səbəbdən artırar.

İnsanlar varlıya hörmət və ehtiramla yanaşar, onun bu qədər mal-dövləti varsa, heç kəsə ehtiyaclı olmadığını düşünərlər. Əslinə qalanda isə, o varlı, olsun ki, qəlbinin dərinliyində, sahib olduğu mal-dövlətindən məmnun deyil, insanla ünsiyyətə, bəlkə, o birilərdən daha çox ehtiyaclıdı. Və o səbəbdən ki, insanların qəlbi bu var-dövlət sahibinə, onun varına görə meyillənər, onlar onun yox, onun mal-dövlətinin aşiqinə çevrilərlər.

Arif olan kəslər də, Allahı eynilə bu sayaq sevərlər. Sınaq və nəfs də, bu məqam aşkar olar, düzgün yolun və həqiqi hakimiyyətin nə olduğu, məhz burda üzə çıxar.

Ariflərin diqqəti, Allahın imkanlı adamlara müraciətlə:

“... və Allahın yolunda varından keç” – buyruğuna işləyən ilahi məqamlara cəmlənər.

Onlar (artf olan kəslər), öz varını da bu səbəbdən sevərlər. Sevərlər ki, deyilən bu İlahi Buyruq onlara da şamil olunsun ki, hər zaman, hər yerdə, bu Kəlamın icrasından həzz ala bilsinlər. Məhz arif olan kəslər öz varından o səbəbdən keçərlər ki, dilənən əlin, Allahın Əli olduğunu anlayarlar. Allah Öz Verdiyi varı belə qəbul edər və onu (varı) verənlərlə Şərik olar. Bu, böyük şəriklikdi (vüslət əl-münəvəla).

Allah Adəmi o biri yaratdıqlarından üstün tutaraq onun barəsində Buyurur:

“O kəsi ki, Mən Öz Əllərimlə Yaratdım” (51).

Lakin Onun (Allahın) İstəyinə əməl edib, Onu (Allahı) özünə (borclu çıxaran), Onun (Allahın) Nəzərində, Onun, Öz Əlləri ilə Yaratdığından (Adəmdən) üstündü.

Lakin var-dövlət sahibi olmadan da, Allahın bu Buyruğuna əməl edib, həmin o ilahi şərikliyi (əttənavü ər-rübbaniyyə) qazanmaq mümkündü.

Beləliklə, Allah ilk əvvəl, həmin o kəsləri var-dövlətlə, sonra borcla (sədəqə) Sınağa Çəkər. O Özünü varlı, imkanlı adamlar üçün dilənən ehtiyaclı bəndənin halına Salar:

“Ey Mənim bəndəm! Mən səndən yemək İstədim, sən Məni yedirtmədin. Mən səndən su İstədim, sən məni içirtmədin” (52).

Vara, dövlətə olan məhəbbətin mahiyyəti bu məqam anlanar. Və O (Uca Yaradan) arifləri tamahdan keçirib Haqq yoluna Çıxarar.

Övladlar da, öz-özlüyündə bir sınaqdı. O səbəbdən ki, oğul atanın sirridi, (53) onun ətindən və qanından olandı. Övlad valideynə ən yaxın olanıdı və bu səbəbdən, onu, özünü sevdiyi qədər sevər.

Hər şeydən çox isə, hər kəs özünü sevər. Bu səbəbdən, Allah Öz bəndəsini, onun özü ilə – zahirən ona bənzəri ilə Sınağa Çəkər, görsün, özü özü ilə doyurulan bəndə, Allahın ona Buyurduğu borcları və vəzifələri unutmayacaq?!

Bax: Allahın rəsulu (Allah onu şad eləsin), qəlbində əbədi yeri olan qızı Fatimə barədə deyir:

“Əgər Fatimə, Məhəmmədin qızı oğurluq edərsə, mən onun əlini kəsərəm” (54).

Ömər bin Əl-Həttab isə (55) öz oğlunu eyş-işrətlə məşğul olduğuna görə qamçıladır, ürəyi yalnız oğlu öləndən sonra rahatlanır. Maiz və həmin qadın da, özlərinə cəza tələb edib, özlərini məhv edirlər. Allahın rəsulu isə (Allah onu şad eləsin), onlar barədə deyir:

“Onları xalqın arasında bölüşdürsəydilər, tikələri hamıya çatardı” (56).

Bir də, elə bir tövbə varmı ki, insanın, öz canını könüllü şəkildə qurban verməsi ilə müqayisəyə gəlsin?

Daha böyük olan isə o kəsdi ki, bütün bu sınaqlara davam gətirib, özünə ən ağır, lakin layiqli cəza kəssin.

 

Allah övladını itirən valideyn barədə belə deyir:

“Mömin bəndəmin yaxınlarından Götürərəmsə, bunun əvəzində, ona Cənnət verilər” (52).

İnsan nəslində hamıdan böyük o kəs olacaq ki, bütün bu keçilməz sınaqlardan və şiddətli tamahlardan keçib, Allaha onlardan tapınacaq. Onu heç zaman unutma.

 

 

 Tərcümə: A.Məsud