Elektron ədəbiyyat və sənət portalı

Şinel

Bölmə: Dünya ədəbiyyatı 19.07.2018

Nikolay Vasilyeviç Qoqolun "Şinel" hekayəsi Etimad Başkeçidin tərcüməsində... 

 

Departamentdə… hansı departament olduğunu dilə gətirməsək yaxşıdır. Dünyada növbənöv departamentlər, polklar, dəftərxanalardan dəhşətli, cürbəcür vəzifəlilər zümrəsindən qorxunc heç nə yoxdur. İndi istənilən adam, özünün simasında, bütün cəmiyyəti təhqir olunmuş sayır. Deyirlər, lap bu yaxınlarda, hansısa şəhərin kapitan-ispravnikindən bir xahişnamə gəlib, orada açıq bəyan edir ki, dövlətin qanunlarını saya salan yoxdur, yeri gəldi-gəlmədi, onun müqəddəs adını hallandırırlar. Sübut olaraq, xahişnaməyə hansısa romantik, olduqca qalın bir əsər də əlavə edib. Əsərin hər on səhifəsindən bir kapitan-ispravnik təsvir olunur, öz də, tamamilə sərxoş vəziyyətdə. Ona görə də, başqa söz-söhbət yaranmasın deyə, haqqında danışdığımız departamenti bir departament adlandıracağıq.

Beləliklə, bir departamentdə bir məmur işləyirdi. Açığı, o qədər də yaraşıqlı, gözəgəlimli adam deyildi - bəstəboy, çilli, kürəntəhər kişi idi, deyəsən, gözü də yaxşı görmürdü, başı dazlaşmağa başlamışdı, sifətini qırış basmışdı, üzü sarı-boz rəngə çalırdı, elə bil, babasil xəstəsiydi...  Neyləmək olar! Pererburqun havasındandır. Məmurun rütbəsinə gəlincə (bizdə hər şeydən əvvəl adamın rütbəsinə fikir verirlər), o, necə deyərlər, əbədi titulyar müşaviri idi. Fağır adamlara şəbədə qoşmağa adət etmiş qələm əhli, məlum olduğu kimi, onun kimilərə qəmiş olub, yaxalarından əl çəkmir, onlardan yaza-yaza püxtələşir. Məmurun soyadı Başmaçkin idi. Soyadından da göründüyü kimi, bu söz haçansa «başmaq» sözündən əmələ gəlib; amma haçan, hansı şəraitdə, necə əmələ gəlib, məlum deyil. Onun atası, babası, hətta qaynı, bir sözlə, Başmaçkinlərin hamısı çəkmədə gəzir, yalnız üç ildən bir çəkmələrinin altlığını dəyişdirirdilər.

Adı Akaki Akakiyeviç idi. Bu ad oxucuya bir qədər qəribə və qondarma görünə bilər, amma əmin ola bilərsiniz, bu adı qoymaq üçün dağa-daşa düşmək lazım gəlməmişdi. İş elə gətirmişdi ki, ona başqa ad qoymaq mümkün olmamışdı. Əhvalat belə olmuşdu. Akaki Akakiyeviç gecəyarısı, yanılmıramsa, martın 23-nə keçən gecə doğulmuşdu. Məmur arvadı olan rəhmətlik anası – rəhmətlik çox yaxşı qadın idi – uşağa ad qoymağa hazırlaşırdı. Qadın hələ yataqdaydı, qapı ilə üzbəüz çarpayıda uzanmışdı, senatda masa rəisi işləyən kirvəsi, gözəl insan İvan İvanoviç Yeroşkin onun sağ tərəfində, xaç analığı, məhəllə nəzarətçisinin arvadı, böyük mərifət sahibi Arina Semyonovna Belobryuşkova isə sol tərəfində dayanmışdı. Seçim etməsi üçün, zahı qadına üç ad təklif etdilər. Uşağı «Mokkiya» və ya «Sossiya» adlandırmaq, yaxud əzabkeş Xozdazatın adını qoymaq təklif olunurdu. «Yox» - qadın fikirləşdi: «nə qəribə adlardır». Onu razı salmaq üçün, təqviminin varağını çevirib, daha üç ad göstərdilər: Trifiliy, Dula və Varaxasiy. «Belə şey olar?» - qadın donquldandı: «adlara bax; belə adlar eşitdiyim yadıma gəlmir. «Varadat» və ya «Varux» olsaydı, yenə dərd yarıydı, yoxsa, «Trifiliy», nə bilim, «Varaxasiy». Başqa səhifəyə baxdılar – «Pavsikaxiy» və «Vixtisiy» adları çıxdı. «Neyləmək olar – qadın fikirləşdi, - görünür, uşağın qismətindədir. İş ki belə oldu, qoy atasının adını daşısın. Atasının adı «Akaki»dir, qoy oğlu da «Akaki» olsun». Beləcə, Akaki Akakiyeviç dünyaya gəldi. Uşağa ad qoyanda elə ağladı, üz-gözünü elə turşutdu ki, elə bil, titulyar müşavir olacağını əvvəlcədən hiss etmişdi. Bax, əhvalat belə olub. Bütün bunları ona görə danışdıq ki, oxucu özü görsün: bu adı ona məcburən qoyublar, başqa ad qoymaq, sadəcə, mümkün olmayıb. Departamentə nə vaxt gəlib, onu bu işə kim götürüb, bunu heç kəs xatırlamırdı. Neçə direktor gəlib-getmişdi, neçə-neçə müdir dəyişilmişdi, amma o, həmişə eyni yerdə, eyni vəzifədə işləyirdi. Hətta bəzən adama elə gəlirdi ki, yazı-pozu işləri ilə məşğul olan bu məmur anadan vismundirdə, özü də keçəl doğulub. Departamentdə onu adam yerinə qoyan yox idi. O gəlib-keçəndə, gözətçilər nəinki yerindən qalxmır, heç üzünə də baxmırdılar, sanki milçək uçur. Müdirlər onunla soyuq davranır, yuxarıdan aşağı baxırdılar. Hansısa masa müdirinin köməkçisi kağız-kuğazı ona uzadarkən, nəzakət xətrinə də olsa, «üzünü köçürdün» və ya «baxın, maraqlı işdir», yaxud, buna bənzər nəsə xoş söz deməyi belə özünə rəva görmürdü. O da, dinməz-söyləməz götürür, qətiyyən maraqlanmırdı ki, kağızları verən kimdir, bunları ona verməyə həmin adamın ixtiyarı çatırmı? Kağızları götürən kimi işə başlayırdı. Dəftərxananın cavan məmurları hey ona sataşır, lağa qoyur, haqqında məzəli əhvalatlar uydurub danışırdılar. Deyirdilər, qaldığı evin sahibəsi, yetmiş yaşlı qarı onu döyür, soruşurdular ki, toyları nə vaxt olacaq; oturduğu yerdə başına kağız səpir, deyirdilər ki, qar yağır. Akaki Akakiyeviç isə, özünü elə aparırdı ki, elə bil, heç nə baş vermir, sanki qarşısında heç kəs yoxdur; bütün bunlar onun işinə xələl gətirmirdi. Ona nə qədər ilişsələr də, yazıda bir səhv belə buraxmırdı. Bəzən şitini çıxarır, qolundan itələyib, işini görməyə mane olurdular. Bu zaman o, fağır səslə deyirdi: «Əl çəkin, məni niyə incidirsiniz?» Bu sözlərdə, onların məzlumanə ifadəsində nəsə bir qəribəlik vardı. İşə yeni götürülmüş cavanlardan biri, bir dəfə, başqaları kimi, onunla məzələnmək istədi, amma bu sözləri eşidincə, onu elə bil ildırım vurdu, elə mütəəsir oldu ki, matı-qutu qurudu, yerindəcə donub qaldı. Bundan sonra cavan məmurun gözündə hər şey dəyişdi, tamamilə başqa şəkil aldı. Hansısa qeyri-adi, müəmmalı qüvvə abırlı, kübar adamlar bilib, tanış olduğu yoldaşlarından onu uzaqlaşdırdı. Sonralar, ən xoş dəqiqələrində belə, birdən-birə, bu bəstəboy, seyrək saçlı məmur, onun təsirli sözləri yadına düşürdü. «Əl çəkin, məni niyə incidirsiniz?» - adamın ruhunu titrədən bu sözlər, bu zaman «Mən sənin qardaşınam» kimi səslənirdi. Onda binəva cavan oğlan, istər-istəməz, əlləri ilə başını tuturdu. O, bundan sonra da, dəfələrlə insan mərhəmətsizliyini, zərif, kübar davranışlarla pərdələnən azğınlığı və kobudluğu görüb sarsıldı, hətta nəcib, doğru-dürüst adam kimi ad çıxaranların iç üzünə bələd oldu…

Onun kimi öz işi ilə nəfəs alan ikinci adam tapmaq mümkün deyildi. Can-başla qulluq etmək bir yana, o öz işinin vurğunu idi. Kağızların üzünü köçürdərkən, özünü əlahiddə, gözəl bir aləmə düşmüş adam kimi hiss edirdi. Üzündə bəxtəvər bir ifadə yaranırdı; bəzi hərfləri çox sevirdi, onları yazmağa başlayanda sevincindən yerə-göyə sığmırdı: qımışır, altdan-altdan gülür, dodaqlarını büzürdü. Adama elə gəlirdi ki, onun üzünə baxıb, hansı hərfi yazdığını öyrənmək olar. Əgər işə can yandırdığına görə mükafatlandırılsaydı, ola bilsin, mülki müşavir vəzifəsinə qədər yüksələrdi. Amma, dildən pərgar adamların dediyi kimi, titulyar müşaviri nişanından və babasildən başqa heç nə əldə etməmişdi. Əslində, ona heç bir diqqət yetirilmədiyini söyləmək də doğru olmazdı. Direktorlardan biri çox xeyirxah adam idi, bir dəfə o, uzun illər əmək qoymuş məmuru mükafatlandırmaq üçün, ona daha vacib iş tapşırmağı qərara aldı. Məmur hazır məktubu götürüb, başqa idarəyə göndərmək üçün, üzərində işləməli idi. Ondan yalnız başlığı dəyişdirmək və bəzi yerlərdə felləri birinci şəxsin adından üçüncü şəxsin adına keçirmək tələb olunurdu. Bu tapşırıq ona o qədər ağır gəldi ki, qan-tər içində xeyli çalışandan sonra, alnını ovuşdurub dedi: «Yox, yaxşısı budur, nəsə verin, üzünü köçürdüm».  Elə o vaxtdan ona başqa iş təklif edən olmadı. Kağızların üzünü köçürtməkdən savayı onu heç nə maraqlandırmırdı. Əyin-başına da fikir verən adam deyildi: onun vismundiri yaşıl yox, bozumtul-sarı rəngdəydi. Yaxalığı nazik, ensiz idi, belə ki, boynu gödək olsa da, bu yaxalıqda hədsiz dərəcədə uzun görünür, kənardan baxanda gipsdən düzəldilmiş, başını oynadan pişiklərə bənzəyirdi. Əcnəbi alverçilər başının üstündə onlarla belə pişik gəzdirir.  Həmişə vismundirinə nəsə yapışmış olurdu: bu, ot da ola bilərdi, hər hansı sap da. Bundan başqa, onun xüsusi bir qabiliyyəti də vardı: küçəylə gedərkən, həmişə pəncərələrdən atılan zir-zibilə tuş gəlirdi. Odur ki, şlyapasında daim qarpız və yemiş qabığı, yaxud buna bənzər qır-qırıntı gəzdirirdi. O, öz cavan həmkarlarından fərqli olaraq, ömründə bir dəfə də olsun, başını qaldırıb, ətrafda baş verənlərə diqqət yetirməmişdi. Aydın məsələdir, cavanların gözündə heç nə yayınmır, hətta səkinin o üzündə şalvarının bağı qaçmış adamı da görür, bic-bic gülümsəyirlər.

Amma Akaki Akakiyeviç haraya, nəyə baxsa da, yalnız öz səliqəli, gözəl xəttini görürdü. Yalnız hardansa peyda olan at başı, burun pərələrini geniş açıb, çiyni üzərindən üzünə fınxıranda ayılırdı ki, deyəsən, yazı masasının arxasında yox, küçənin ortasındadır. Evə gələn kimi süfrə arxasına keçir, tələm-tələsik kələm şorbasını qaşıqlayır, üstündən bir tikə mal ətiylə soğan yeyirdi. Yediklərinin dadını-tamını hiss etmirdi. Yeməyi içinə düşən milçəklərlə və o anda Allahın göndərdiyi başqa şeylərlə birgə içəri ötürürdü. Artıq qarnının köpdüyünü görüb, süfrə arxasından qalxır, mürəkkəbqabını çıxarıb, evə gətirdiyi kağızların üzünü köçürtməyə başlayırdı. Evə iş götürmədiyi vaxtlarda isə, gözəl təhkiyəsinə və məzmununa görə olmasa da, hansısa yeni və ya vacib şəxsə ünvanlandığına görə diqqət çəkən kağızlardan birinin sürətini özü üçün çıxarır, bundan böyük həzz alırdı.

Axşamlar Peterburqun boz səması tamamilə qaralandan sonra məmur tayfası, kim necə bacarırsa, aldığı məvacibə və zövqünə uyğun olaraq, yeyib-içir; idarələrdə qurtarmaq bilməyən yazı-pozu, vurnuxmalar, sakitlik bilməyən insanların könüllü və ya məcburən yerinə yetirdiyi işlər, qayğılar arxada qalır; məmurlar günün qalan hissəsini kefi istədiyi kimi keçirməyə tələsir. Nisbətən zirək, diribiş məmurlardan bəziləri teatra üz tutur, digərləri şlyapalara baxmaq üçün küçəyə çıxır; kimi hansısa kiçik məmur çevrəsində fırlanan gözəlçəyə kompliment deməkdən ötrü ziyafətə yollanır, kimi də, sadəcə üçüncü və ya dördüncü mərtəbədə yaşayan qardaşıgilə gedir. Bu mənzillər, adətən, dəhlizi və mətbəxi hesaba almasaq, iki kiçik otaqdan ibarət olur. Hiss olunur ki, mənzildəki lampa və ya buna bənzər, dəbə iddialı bəzi əşyaları əldə etmək üçün, ev sahibi çox naharlardan, gəzintilərdən özünü məhrum etməli olub. Bir sözlə, bütün məmurlar dost-tanışların kiçik mənzillərinə dağılışıb kart oynayır, ucuz suxarıyla çay içir, çubuq çəkir, kart paylayarkən kübar cəmiyyətdə dolaşan şaiyələri bir-birinə danışmaqla gün keçirir. Məlum olduğu kimi, rus insanı mövzu tapmayanda, I Pyotrun atının quyruğunun kəsilməsi xəbərini alan komendant haqqında köhnə lətifəni danışmağa başlayır. Müxtəsər, hətta hamının şənləndiyi, deyib-güldüyü vaxtlarda belə Akaki Akakiyeviç əylənməyi ağlının ucundan belə keçirmirdi. Onu hansısa məclisdə, ziyafətdə görən olmamışdı. O, yazıb-yazıb yorulandan sonra yatağa uzanır, sabahkı günü göz önünə gətirib gülümsəyirdi: görəsən, sabah üzünü köçürtmək üçün Allah daha nə göndərəcək? Dörd yüz rubl məvaciblə xoşbəxt olmağı bacaran bu adam, beləcə, sakit ömür sürürdü. Həm titulyar, həm gizli, həm də saray müşavirlərinin və eləcə də, heç kəsə məsləhət verməyən, heç kəsdən məsləhət almayan digər məşvərətçilərin başına gələn müsibətlər olmasaydı, beləcə qocalıb gedəcəkdi.

Peterburqda ildə dörd yüz manat məvacib alan insanların bir güclü düşməni var. Bizim şimal soyuqlarını nəzərdə tuturam, nə olsun ki, bu şaxtalar çoxunun xoşuna gəlir. Səhər saat doqquz radələrində, küçələr departamentə yollanan adamlarla dolanda, ağına-bozuna baxmadan hamının sifətini dalayan, burnunu çırtmalayan şaxtanın əlindən zavallı məmurlar bilmir neyləsin. Yüksək mənsəb sahiblərinin belə sifətinin göynədiyi, gözündən yaş gəldiyi bu vaxtlarda, bədbəxt titulyar müşavirləri görün nələr çəkir. Odur ki, onlar ayaqlarına güc verir, nazik şineldə qaça-qaça beş-altı küçə keçəndən sonra, idarə gözətçisinin otağında hoppanıb-düşür, ayaqlarını bərk-bərk yerə vururlar ki, yolda buz bağlamış qabiliyyətlərinin və istedadlarının donu açılsın, işə rahat başlaya bilsinlər. Akaki Akakiyeviç son vaxtlar hiss edirdi ki, evdən işə qədər olan məsafəni nə qədər tez qaçmağa çalışsa da, yolda onu nə isə bərk narahat edir - kürəyi və çiyni göynəyir, sızıldayır. Nəhayət, fikirləşdi ki, görəsən, şinelinə heç nə olmayıb ki? Evdə üst geyimini yaxşı-yaxşı gözdən keçirən Akaki Akakiyeviç nə görsə yaxşıdır: şinel bir neçə yerindən, daha doğrusu, kürəyindən və çiyinlərindən süzülüb, sərpingəyə dönüb. Mahud o qədər sürtülmüşdü ki, bu üzündən o üzü görünürdü, astarı qaçmışdı. Orasını da deyək ki, Akaki Akakiyeviçin şineli məmurların gülüş yerinə çevrilmişdi; hətta onun kübar mənşəyinə məhəl qoymayıb, adına «kapot» deyirdilər. Doğrudan da, bu çox qəribə şinel idi: yaxalığı ildən-ilə kiçilirdi. Çünki hər dəfə dərzi yaxalıqdan kəsib, şinelin süzülən, yırtılan yerlərinə yamaq salmalı olurdu. Dərzilik isə yamaq salmaq sənəti deyil, odur ki, yamaq yerləri torba kimi sallanır, kənardan çox pis görünürdü. Akaki Akakiyeviç işin nə yerdə olduğunu başa düşüncə, şineli Petroviçin, hardasa dördüncü mərtəbədə yaşayan dərzinin yanına aparmaq qərarına gəldi. Petroviçin sifətini çopur basmışdı, bir gözü də çaş idi, buna baxmayaraq, sərxoş olmadığı, başqa işlərə baş qoşmadığı vaxtlarda məmurların və digər peşə sahiblərinin şalvarını və frakını məharətlə təmir edirdi. Əlbəttə, bu dərzi haqqında bir-iki kəlmə deyib, üstündən keçmək də olardı, amma hekayətimizdə bütün şəxslərin xarakteri sonacan açılmalıdır, ona görə də, Petroviçdən bir az əhatəli danışacağıq. Əvvəlllər onu sadəcə «Qriqori» çağırırdılar, o, hansısa ağanın təhkimçi kəndlisi idi. Təhkimçilikdən azad edilib, bütün bayramlarda möhkəm içməyə başlayandan sonra «Petroviç» oldu. Əvvəlcə böyük bayramlarda içirdi, sonra bütün bayramlarda içib-dəmlənməyə başladı. Son vaxtlar isə, təqvimdə işarələnmiş bütün kilsə bayramlarını da qeyd edirdi. Bu mənada o, ata-baba yolu ilə gedirdi, arvadı ilə sözləri çəpləşəndə isə, onu dünyəvi qadın, alman adlandırırdı. Arvadından söz düşmüşkən, bir-iki kəlmə də onun barəsində deyək; heyf, onun haqqında çox az şeylər məlum idi. Bilirdik ki, Petroviçin arvadı var, başına yaylıq yox, ləçək bağlayır, vəssalam; elə bir gözəlliyi yox idi, hər halda, yolda-izdə rastlaşanda, ona yalnız qvardiya əsgərləri göz yetirir, bu zaman bir-birinə gizli işarələr verərək, qəribə səslər çıxarırdılar.

Petroviçin mənzilinə aparan arxa pilləkanda spirt iyindən, çirkab sularının qoxusundan nəfəs almaq olmurdu. Orasını da deyək ki, Peterburq evlərinin hamısında arxa pilləkanlar bu gündədir. Pilləkanla qalxarkən, Akaki Akakiyeviç fikirləşirdi ki, görəsən, Petroviç nə qədər əlhaqqı istəyəcək? Düşünüb-daşınıb bu qərara gəldi ki, ustaya iki rubldan artıq pul ödəməyəcək. Mənzilin qapısı açıq idi – Petroviçin arvadı mətbəxdə balıq qızardırdı, evə o qədər tüstü dolmuşdu ki, tarakanları da görmək olmurdu.  Akaki Akakiyeviç mətbəxdən keçib-gedəndə qadın heç onu sezmədi. O, içəri girəndə gördü ki, Petroviç türk paşası sayağı bardaş qurub, böyük, boyasız taxtın üstündə oturub. Həmişəki kimi, dərzinin ayaqları yalın idi. Akaki Akakiyeviçin gözü onun baş barmağına sataşdı – dərzinin dırnağı çox qalın, bağa çanağı kimi möhkəm, olduqca eybəcər idi. Petroviçin boynundan ipək ip yumağı və kələf asılmışdı, dizinin üstündə isə, əski-üskü vardı. O, ciddi-cəhdlə iynəni saplamağa çalışır, amma heç cür sapı iynənin gözündən keçirə bilmirdi. Ona görə də, qaranlığı və sapı söyüb-yamanlayır, öz-özünə donquldanırdı: «girmir, lənətə gəlmiş, səni zəhrimara qalasan!» Akaki Akakiyeviç, Petroviçin hirsli vaxtında gəlib-çıxdığına görə, özünü danlayırdı. O, Petroviçin dəm vaxtlarında sifariş verməyi xoşlayırdı. Arvadının diliylə desək, «təkgöz şeytan, sivuxadan içib, havalandığı» dəqiqələrdə. Petoroviç içib-keflənəndən sonra tamamilə yumşalır, nə versələr razılaşır, hətta sifarişçiyə baş endirib, razılığını bildirirdi. Düzdür, sonra arvadı gəlib çığır-bağır salır, deyirdi ki, əri sərxoş olub, ona görə işi ucuz danışıb. Bu zaman uzağı bir qrivennik əlavə edirdin, vəssalam, şüttamam. Amma indi Petroviç, deyəsən, ayıq idi, ona görə də, yolagəlməz, tərs, inadkar təsir bağışlayırdı. Bu vəziyyətdə onunla münasib qiymət danışmağın mümkün olmayacağını hiss edən Akaki Akakiyeviç, necə deyərlər, əkilib aradan çıxmaq istədi, amma artıq gec idi, iş-işdən keçmişdi. Petroviç tək gözünü qıyıb, onun üzünə zilləndi və Akaki Akakiyeviç qeyri-iradi dilə gəldi: «Salam, Petroviç!». «Əleyküm salam, ağa», - Petroviç gözünün ucuyla Akaki Akakiyeviçin əlinə baxdı ki, görsün nəylə gəlib.

«Şeyə gəlmişəm, Petroviç, budur…» Demək lazımdır ki, Akaki Akakiyeviç daha çox önlüklər, zərfliklər və heç bir məna ifadə etməyən ədatlarda danışırdı. Çətinə düşəndə isə, ümumiyyətlə, fikri axıra çatdırmır, cümlələri yarıda buraxırdı. «Düzü, bu, belə deyək…» ifadəsi ilə sözə başlayır, arxasını gətirməyi unudurdu. Yəqin, artıq hər şeyi deyib qurtardığını zənn edirdi.

«Nə olub ki?» - Petroviç soruşdu və tək gözü ilə onun vismundirini süzməyə başladı. O, vismundirin yaxalığından tutmuş, qollarına, kürəyinə, dal ətəyinə və ilgəklərinə qədər, bütün hissələrinə göz gəzdirdi. Bunların hamısı ona tanış idi, çünki özünün əl işi idi. Dərzilərdə adətdir: öncə görüşdüyü adamların əyin-başına diqqət yetirir.

«Mən… belə deyək, Petroviç… bu şinel, mahud… görürsən, bax, hər yeri yaxşıdır, lap möhkəmdir, sadəcə bir az tozludur, həm də, deyəsən, bir az köhnəlib, təzə olmağına təzədir, amma bir yeri azacıq… arxası, bir az da çiyninin bir yeri süzülən kimi olub, bax bu çiynini deyirəm, görürsən, vəssalam, başqa heç nə. İşi də azdır…»

Petroviç kapotu götürüb, stolun üstünə sərdi, onu uzun-uzadı gözdən keçirəndən sonra, başını bulaya-bulaya, əlini uzadıb, pəncərə önündəki girdə burunotu qabını götürdü. Burunotu qabının üstündə hansısa generalın şəkli təsvir olunmuşdu, amma bilinmirdi hansı generalın. Çünki şəklin sifəti olan yer barmaqla deşilmiş, yerinə dördkünc kağız yapışdırılmışdı. Petroviç burnuna tənbəki çəkdi, kapotu əlinə götürüb, işığa tutdu və yenə başını yellədi. Sonra onu astar üzünə çevirib baxdı və yenə başını yellədi, sonra üstündə general təsviri olan burunotu qabından bir çimdik tənbəki götürüb, yenə burnuna çəkdi, burunotu qabının ağzını bağlayıb yerinə qoydu və nəhayət dilləndi: «Yox, əmələ gəlməz: lap köhnəlib!»  

Bu sözləri eşidəndə, Akaki Akakiyeviçin ürəyi ayağının altına düşdü. «Niyə olmur, Petroviç?» - o, yalvarışlı uşaq səsilə dedi: «bir azca çiyinləri sürtülüb də, səndə yamaq üçün parça olmalıdır axı…»

«Parçanı tapmaq olar, parça tapılan şeydir» - Petroviç dedi: «amma yamaq vurmaq mümkün olmayacaq: çürüyüb-gedib, iynə vursan dağılacaq».

«Qoy dağılsın, dağılan yerlərə də yamaq vurarsan»

«Elə-belə yamaq vurmaq olmaz axı, yamaq tutmayacaq, çox köhnəlib. Belə görünməyinə baxma, külək əsən kimi dağılıb-gedəcək».

«Sən birtəhər bənd elə. Belə deyək, doğrusu, yəni!..»

«Yox» - Petroviç daş atıb, başını tutdu: «heç nə eləyə bilmərəm. Ələ gələn deyil. Yaxşısı budur, soyuqlar düşəndə ondan çəkmə dolağı düzəldəsiniz, çünki corab isitmir. Corab almanların icadıdır, hamısı pul tələsidir (Petroviç hər fürsətdə almanlara tənə vurmağı sevirdi); şinelə gəlincə, görünür, təzəsini tikdirməli olacaqsınız».

«Təzə» sözü Akaki Akakiyeviçə çox pis təsir etdi, gözlərinə qaranlıq çökdü, otaqdakı bütün əşyalar dumana büründü. O, yalnız Petroviçin burunotu qabının üstündəki general təsvirini aydın görürdü. «Necə yəni təzəsini?» - o, özünü yuxudaymış kimi hiss edirdi: «o qədər pul məndə hardandır?»

«Hə, təzəsini», - Petroviç tövrünü pozmadan, sakit səslə dedi.

«Bəs, təzəsini almalı olsam, belə deyək, o necə, nə təhər…»

«Yəni, neçəyə başa gələcək?»

«Hə».

«Hardasa, üç dənə əllilik, bir az da ondan çox eləyir», - Petroviç dodaqlarını mənalı-mənalı büzdü. O, nəsə təsirli söz deyib, adamları haldan çıxarmağı, bundan sonra, altdan-altdan karıxmış adamın üzünün ifadəsinə baxmağı sevirdi.

«Şinel üçün yüz əlli rubl!» - zavallı Akaki Akakiyeviç, özünü saxlaya bilməyib, qışqırdı. Həmişə sakit səslə danışan Akaki Akakiyeviç dünyaya gələndən, bəlkə də, ilk dəfəydi ki, qışqırırdı.

«Hə», - Petroviç sözünə davam etdi: «özü də necə şinel. Astar üzü ipəkdən olan başlığı, dələ dərisindən yaxalığı da olsa, iki yüz rubla başa gələr».

«Petroviç, insafın olsun», - Akaki Akakiyeviç zarımağa başladı, o, Petroviçin dediyi sözləri eşitmək istəmir, bu sözlərin təsirinə düşmək istəmirdi: «bunu birtəhər düzəlt, heç olmasa, bir müddət geyinmək mümkün olsun».

«Yox, alınmayacaq: zəhmətimiz hədər gedəcək, həm də pulunuza  heyfdir», - Petroviç iki ayağını bir başmağa dirədi. Bu sözlərdən sonra Akaki Akakiyeviç tamamilə ruhdan düşdü. O, çıxıb gedəndən sonra Petroviç dodaqlarını bir-birinə sıxıb, xeyli hərəkətsiz qaldı. Bir müddət əlini ağdan-qaraya vurmadı – özünü hörmətdən salmadığına, dərzi sənətini uca tutduğuna görə çox məmnun idi. 

Akaki Akakiyeviç küçəyə çıxanda yuxulu kimiydi. «Başıma gələnə bax, əcəb işə düşdük», - o, donquldandı: «doğrusu, ağlıma da gəlməzdi ki, belə olsun…», - bir az susandan sonra əlavə etdi: «Belə-belə işlər! Gör, nələr baş verir, dünyanın işlərindən baş açmaq olmur, heç gözləmədiyin halda… nə biləsən… kimin ağlına gələrdi ki…». O qədər karıxmışdı ki, öz-özünə danışa-danışa, evə getmək əvəzinə, tamamilə əks tərəfə yollandı. Yolda üst-başı hisə batmış bacatəmizləyənlə toqquşdu, şinelinin çiyni qapqara oldu; yeni tikilən evin yuxarısından üstünə bir qab əhəng tökdülər. Ancaq o, sanki bütün bunların fərqində deyildi, heç nə görmür, heç nə hiss etmirdi. Yalnız hansısa qarovulçu ilə burun-buruna gələndən sonra bir qədər toxdadı, özünə gəldi. O da ona görə ki, təbərzinini divara söykəyib, tütün qabından qabarlı əlinə tənbəki tökən qarovulçu ona hirsləndi: «Gözün ayağının altını görmür? Hara soxulursan, bəs səki nə üçündür? Akaki Akakiyeviç birdən-birə ayıldı və dönüb evə doğru addımladı. Evdə fikirlərini cəmləməyə çalıraq, düşdüyü vəziyyəti bütün çılpaqlığı ilə göz önünə gətirdi. Artıq donquldanmır, qırıq-qırıq danışmırdı. Özü-özüylə ağıllı, tədbirli, dərdbilən bir dost kimi, açıq, səmimi söhbət edirdi. «Neyləmək olar», - Akaki Akakiyeviç dedi: «Petroviçlə dil tampaq mümkün deyil. O indi, necə deyərlər… görünür, arvadı gözünü qırıb, qorxudub onu. Yaxşısı budur, bazar günü, səhər tezdən gedim yanına. O, şənbə günləri o qədər vurur ki, bazar günləri səhər tezdən halı özündə olmur. Yenə içmək istəyəcək, amma arvadı pul verməyəcək. Elə bu vaxt, necə deyərlər, ovcüna bir qrivennik qoysam, tez yola gələr. Onda şinel də, necə deyərlər…». Akaki Akakiyeviç bu fikirlərlə özünü ürəkləndirdi və bazar gününü gözləməyə qərar verdi. Bazar günü səhər tezdən, Petroviçin arvadı evdən çıxan kimi, özünü dərzinin yanına saldı. Petroviç, doğrudan da, pis gündəydi, halı pərişan idi, oturduğu yerdə başını aşağı dikib yırğalanırdı. Amma buna baxmayaraq, məsələdən hali olan kimi tərs damarı tutdu: «Olmaz» - dedi: «yenisini tikdirmək lazımdır». Akaki Akakiyeviç vaxt itirmədən bir qrivenniki dərzinin ovcuna basdı. «Minnətdaram, ağa, sizin sağlığınıza başımı düzəldərəm», – Petroviç dedi: «şinel barədə isə, fikirləşməyə dəyməz. Bu şineli atın getsin. Sizə yaraşan təzə şinel tikərəm, gəlin, bu söhbəti qurtaraq».

Akaki Akakiyeviç yenə şineli təmir etmək barədə danışmaq istədi, amma Petroviç onun sözünü ağzında qoydu: «Sizə tayı-bərabəri olmayan bir şinel tikəcəyəm, mənə bel bağlaya bilərsiniz, çalışacağam yaxşı şinel olsun. İstəsəniz, dəbə uyğun tikərik: şinelin yaxalığın gümüş suyuna çəkilmiş düymələrlə bənd edərik».

Oxu daşa dəyən Akaki Akakiyeviç çox məyus oldu, halı pisləşdi. Təzə şineli necə, hansı pulla tikdirsin? Qarşıdan gələn bayram münasibətilə alacağı pul mükafatına ümid etmək olardı, amma bu pulu fikrində çoxdan xərcləyib qurtarmışdı. Özünə təzə şalvar almalı, köhnə çəkmə boğazını təmir etmiş çəkməçiyə borcunu ödəməli, dərziyə üç köynək və burada demək ədəbdən olmasa da, iki alt paltarı sifariş etməliydi. Bir sözlə, pulların hamısı əvvəlcədən yerbəyer edilmişdi. Hətta direktor rəhmə gəlib, qırx rubl  mükafatı əvəzinə qırx beş və ya əlli rubl versəydi belə, bu pullar xərclənəndən sonra geriyə qəpik-quruş qalacaqdı. Bu da şinel almaq üçün lazım olan pulun yanında dəryada damla idi. Doğrudur, Akaki Akakiyeviç bilirdi ki, Petroviçin tərsliyi tutanda, bəzən müştəriyə elə qiymət deyir, adamın dəymişi dura-dura, kalı tökülür. Hətta bu zaman arvadı dözməyib, işə qarışır: «Ağılını itirmisən-nədir, axmaq! Başqa vaxtlarda, az qala, müftə işləyir, amma indi öz qiymətini də üstünə qoyur, heç özünün varlığı bu qədər pula dəyməz». Akaki Akakiyeviç əmin idi ki, Petroviç şineli səksən rubla da tikər; amma səksən rublu hardan tapsın? Özünü oda-közə vursa, bəlkə də, bu pulun yarısını, hətta bir az ondan artığını da tapmaq olardı; amma bəs yerdə qalan yarısı?..  Əvvəlcə gəlin görək Akaki Akakiyeviç bu məbləğin yarısını necə əldə etməyi düşünürdü? Akaki Akakiyeviç xərclədiyi hər manatın bir qəpiyini ayırıb, kiçik qutuya atırdı. Qapağında pul atmaq üçün deşik açdığı bu qutunu açarla bağlayırdı. Hər yarım ildən bir qutunun içindəki mis pulları gözdən keçirir, onları xırda gümüş pullarla əvəzləyirdi. Beləliklə, bir neçə il ərzində qırx rubldan çox pul toplamışdı. Deməli, pulun yarısı hazır idi; amma bəs ikinci yarısını haradan alsın? Axı qırx rubl az məbləğ deyil. Akaki Akakiyeviç çox fikirləşdi, çox düşünüb-daşındı, axırda bu qərara gəldi ki, heç olmasa bir il müddətində gündəlik xərclərini azaltsın.  Bundan sonra axşamlar çay içməyəcək, şam yandırmayacaqdı, lazım gəlsə, sahibənin otağına gedib, onun şamının işığında işləmək olardı; yolla yeriyəndə ayağını yerə asta basmalı, çəkməsinin altı sürtülüb-yeyilməsin deyə, daşların və tava daşların üzəri ilə, barmaqlarının ucunda yeriməli olacaqdı; paltarını mümkün qədər gec-gec yudurdacaqdı; evə gələn kimi paltarını çıxarıb, üzü üzlər görmüş köhnə demikoton xələtini geyəcəkdi ki, paltarı tez yırtılmasın. Sözün düzü, əvvəlcə bu cür məhdudiyyətlərə dözmək çətin idi, amma sonra, yavaş-yavaş buna öyrəşdi, hər şey qaydasına düşdü. Hətta axşamlar ac qalmağa da öyrəşdi. Əvəzində gələcək şinelin fikri ilə yatıb-qalxır, bundan mənəvi zövq alırdı. Ona elə gəlirdi ki, neçə vaxtdır, daha dolğun, daha mənalı ömür sürür. Sanki evlənmişdi, yanında başqa adam da vardı, elə bil, hansısa gözəl, yaraşıqlı bir xanım həyat yolunda onunla birgə addımlamağa razı olmuşdu. Əslində isə, bu xanım bir başqası yox, məhz astarı aşınmayan, qalın mahuddan tikilmiş şinel idi. Akaki Akakiyeviç əməlli-başlı canlanmışdı, qarşısına məqsəd qoymuş adamlar kimi daha iradəli və əzmli görünürdü. Əvvəlki kimi tez-tez şübhələrə düşmürdü, üzünün ifadəsində, davranışında qətiyyət hiss olunurdu. Bir sözlə, əvvəlki tərəddüdlərdən və qeyri-müəyyənlikdən əsər-əlamət qalmamışdı. Bəzən gözləri alışıb-yanır, çox cəsarətli fikirlərə düşürdü. Hərdən fikirləşirdi ki, bəlkə doğrudan da, şinelin yaxalığını dələ xəzindən düzəltdirsin? Belə-belə fikirlər onda huşsuzluq yaratmışdı, diqqətini əvvəlki kimi cəmləyə bilmirdi. Bir dəfə kağızın üzünü köçürdərkən, az qala, səhvə yol verəcəkdi, amma tez duyuq düşüb, «of!» deyə qışqırdı və dərhal xaç çevirdi. Hər ayın sonunda o, heç olmasa bir dəfə, Petroviçi ziyarət edir, onunla şinel barədə danışırdı. Mahudu hardan, neçəyə alsa yaxşıdır, parça hansı rəngdə olsun – Petroviçə həmişə eyni suallar verirdi. Həmişə də onun yanından bir qədər qayğılı, amma məmnun qayıdırdı. Fikirləşirdi ki, nəhayət, günlərin bir günü şinel tikilib, hazır olacaq, bütün dərd-sər arxada qalacaq. Hər şey onun gözlədiyindən də yaxşı oldu. Direktor Akaki Akakiyeviçə qırx, qırx beş rubl yox, düz altmış rubl mükafat təyin etdi. Ola bilsin, direktor Akaki Akakiyeviçin şinelə ehtiyacı olduğunu bilirdi, bəlkə də, təsadüfən belə alınmışdı. İstənilən halda, düz iyirmi rubl əlavə pul yaranmışdı ki, bu da işləri tezləşdirdi. İki-üç ay da yüngülvari aclıq çəkəndən sonra, Akaki Akakiyeviç səksən rubla yaxın pul toplaya bildi. Onun sakit ürəyi şiddətlə vurmağa başladı, qəlbində təlatüm yarandı. Elə ilk gündəcə, Petroviçlə birgə dükana gedib, əla mahud aldılar – bu çətin olmadı, çünki hələ yarım il əvvəldən əl-ayağa düşmüşdülər, elə ay olmurdu ki, dükan-bazara gedib, qiymətlərlə maraqlanmasınlar. Petroviçin özü dedi ki, bundan yaxşı mahud olmur. Altlıq üçün olduqca davamlı və keyfiyyətli kolenkor seçdilər, Petroviçin dediyinə görə, bu parça ipəkdən də gözəl və pardaxlı görünürdü. Dələ xəzi almadılar, çünki zəhrimar çox baha idi. Onun yerinə dükandakı ən yaxşı pişik xəzini aldılar – kənardan baxanda, adama elə gəlirdi ki, dələ dərisidir.

Petroviç şineli ərsəyə gətirənə kimi düz iki həftə keçdi, çünki çox sırıq salmalı oldu, yoxsa daha tez qurtarardı. Akaki Akakiyeviçdən on iki rubl əlhaqqı aldı – bundan azına razılaşa bilməzdi: şineli büsbütün ipək sapla tikmişdi, lazım olan yerlərə ikiqat xırda tikiş salmış, onları dişləri ilə sıxıb möhkəmləndirmişdi. Belə ki, tikiş uzunu dişlərinin yeri bilinirdi.

Bilmirəm, həftənin hansı günü idi… İsənilən halda, Petroviç təzə şineli gətirib-gəldiyi gün Akaki Akakiyeviçin həyatında ən xoş, ən təntənəli gün oldu. Dərzi şineli səhər tezdən gətirdi, Akaki Akakiyeviç artıq departamentə getməyə hazırlaşırdı. Petroviçin gəlişi lap yerinə düşdü, çünki artıq soyuqlar düşmüşdü, şaxtalar get-gedə şiddətlənirdi.  Dərzinin üzündə Akaki Akakiyeviçin heç vaxt görmədiyi təntənəli bir ifadə vardı. Deyəsən, ona elə gəlirdi ki, böyük bir iş görüb, eyni zamanda, yalnız altlıq salan, astar tikən dəzilərlə əsl sənətkarların fərqini sübuta yetirib. Petroviç şinelicib dəsmalına bükmüşdü. O, dəsmalı açıb, şineli çıxardı. Sonra yenicə yuyulmuş dəsmalı qatlayıb, cibinə qoydu və şineli iki əli ilə götürüb, qıvraq hərəkətlə Akaki Akakiyeviçin çiyninə saldı; bir addım dala çəkilib, fəxrlə öz əl işinə tamaşa elədi; sonra məmura yaxınlaşdı, şinelin ətyindən aşağı çəkib, qırışlarını düzəltdi. Akaki Akakiyeviç, bütün yaşlılar kimi, şinelin qollarını da geymək istədi. Petroviç ona kömək elədi – şinelin qolları da yaxşı çıxmışdı. Bir sözlə, şinelə söz ola bilməzdi, doğrudan da, Akaki Akakiyeviçin boyuna biçilmişdi. Petroviç füsrsətdən istifadə edib, dedi ki, şineli ucuz tikib – çünki, kiçik küçədə yaşayır, qapısının üstünə lövhə vurulmayıb, həm də Akaki Akakiyeviçi çoxdan tanıyır; Nevski prospektində, bu işə görə, Akaki Akakiyeviçdən yüz əlli rubl qoparardılar. Akaki Akakiyeviç Petroviçlə bu mövzuda danışmaq istəmədi – dərzinin səsləndirdiyi məbləğləri eşidəndə, onun canına vicvicə düşürdü. O, Petroviçlə hesablaşdı və təzə şinelini geyib, departamentə yollandı. Petroviç onun arxasınca çölə çıxdı, küçədə dayanıb, uzaqdan şinelə tamaşa elədi. Sonra şinelə başqa tərəfdən, yəni qarşıdan baxmaq üçün cəld döngəyə burulub, irəlidə həmin küçəyə çıxdı. Akaki Akakiyeviçin kefi ala buluddaydı, sevincindən yerə-göyə sığmırdı. Əynindəki şinelin təzə olduğunu hər dəqiqə, hər an hiss edir, fərəhlənirdi. Hətta bir neçə dəfə məmnunluqla gülümsədi də.  Doğrudan da, sevinməyə dəyərdi. Təzə şinel ikiqat sərfəli idi – həm canını isidirdi, həm də, bu şineldə özünü bəxtəvər hiss edirdi. Yolu necə getdiyindən xəbəri olmadı, bir də gözünü açıb gördü ki, departamentdədir. Qapıçının otağında şinelini soyundu; ora-burasına göz gəzdirib, qapıçıya bərk-bərk tapşırdı ki, şineldən muğayat olsun.

Az keçmiş, nə yollasa, departamentdə hamı xəbər tutdu ki, Akaki Akakiyeviç köhnə kapotu çıxarb atıb, özünə təzə şinel alıb. O dəqiqə hamı tökülüşüb gəldi – şinelə tamaşa edən kim, Akaki Akakiyeviçi təbrik edən kim… Akaki Akakiyeviç əvvəlcə yalnız gülümsünürdü, sonra utanıb-sıxılmağa başladı. Sonra həmkarları başladılar ki, şineli «yumaq» lazımdır, Akaki Akakiyeviç onların hamısını qonaqlıq verməlidir. Bu israrlı tələblərin qarşısında Akaki Akakiyeviç tamamilə özünü itirdi – bilmirdi onlara nə cavab versin, necə başından eləsin. Qızarbı-pörtmüş, tamamilə karıxmış Akaki Akakiyeviç and-aman eləməyə başladı ki, bu, təzə şinel deyil, «elə-belə, köhnədən qalıb». Nəhayət, məmurlardan biri, deyəsən, masa rəisinin köməkçisi, yəqin ki, təkəbbürlü insan olmadığını, hətta aşağı təbəqənin adamları ilə də yoldaşlıq etdiyini göstərmək üçün dedi: «Deməli, belə – Akaki Akakiyeviçin əvəzinə mən qonaqlıq verəcəyəm, bu gün hamını evimə dəvət edirəm: yeri gəlmişkən, axı bu gün mənim ad günümdür». Hər tərəfdən təbrik nidaları eşidildi, məmurlar masa rəisi köməkçisinin dəvətini həvəslə qəbul etdilər. Akaki Akakiyeviç isə, müxtəlif bəhanələr gətirib, təklifdən boyun qaçırmaq istəsə də, olmadı, hərə bir tərəfdən başladı ki, ayıbdır, kişinin sözünü yerə salmaq yaxşı deyil. Bu qədər xahiş-minnətdən sonra imtina etmək, doğrudan da, yaxşı çıxmazdı. Həm də, Akaki Akakiyeviçin birdən yadına düşdü ki, qonaqlığa təzə şinellə getmək imkanı olacaq, bundan çox xoşhal oldu. Bu, Akaki Akakiyeviçin həyatında ən uzun bayram günü idi. Evə kefikök qayıtdı, şinelini çıxarıb, ehmallıca divardan asdı, mahud üzlüyünə və astarına bir daha fərəhlə göz gəzdirdi, sonra müqayisə üçün köhnə kapotu çıxardı. Sökülüb dağılmış yırtıq-yamaq kapota baxanda, onu gülmək tutdu: təzə şinellə onun arasında yerlə göy qədər fərq vardı! Nahar süfrəsi arxasında da, hər dəfə kapot yadına düşəndə, altdan-altdan qımışmaqdan özünü saxlaya bilmirdi. Yeməyini iştahla yedi, nahardan sonra heç nə yazmadı, ümumiyyətlə əlini kağıza vurmadı. Nahar etdikdən sonra yatağına uzanıb, şər qarışana kimi dincəldi. Sonra çox uzatmadan qalxıb geyindi, şinelini çiyninə salıb, küçəyə çıxdı.  Dəvət edən məmurun harada yaşadığını, təəssüf ki, deyə bilməyəcəyik: yaddaşım əməlli-başlı korşalıb, beynimdə Peterburqun bütün küçələri, evləri bir-birinə qarışıb, onları doğru-düzgün xatırlamaq müşkülə dönüb. Səhv etmədən, yalnız onu deyə bilərəm ki, məmur şəhərin ən yaxşı yerində, deməli, Akaki Akakiyeviçdən xeyli uzaqda yaşayırdı. Akaki Akakiyeviç əvvəlcə boş, adamsız, yarımqaranlıq küçələrdən keçib getməli oldu. Amma məmurun mənzilinə yaxınlaşdıqca, küçələr canlanmağa başladı, bu tərəflərdə adamlar daha çox idi, küçələr daha yaxşı işıqlandırılmışdı. Piyada dolaşanların içərisində geyinib-gecinmiş yaraşıqlı xanımlar, qunduz xəzindən yaxalığı olan kişilər də gözə dəyirdi. Taxta qəfəsi xatırladan, qızılı mismarlarla süslənmiş vankalar* çox az idi, əksinə, yollarda qırmızı papaqlı şux faytonçuların idarə etdiyi pardaxlı, bəzək vurulmuş kirşələr şütüyürdü. Akaki Akakiyeviç sanki başqa bir aləmə düşmüşdü. O, artıq bir neçə il idi ki, axşamlar küçəyə çıxmırdı. Gözü hansısa dükanın işıqlı pəncərəsindəki tabloya sataşdı: əyilib başmağını çıxaran yaraşıqlı qadının baldırı açılmışdı; böyük bakenbardı, sivriuclu qəşəng qısa saqqalı olan bir kişi arxadakı otağın qapısından başını çıxarıb, ona baxırdı. Akaki Akakiyeviç başını yelləyib, qımışdı və yoluna davam etdi. Görəsən, niyə qımışdırdı? Əslində hər kəsin xəyal etdiyi, təsəvvürünə gətirdiyi, amma onun üçün yad olan mənzərəylə qarşılaşdığı üçünmü? Bəlkə də, bir çox məmurlar kimi fikirləşirdi ki: «Fransızlar belədir də! Ağıllarına gələni edirlər…» Ola bilsin, tamam başqa şeylər düşünürdü – axı insanın ürəyini oxumaq mümkün deyil, onun nə fikirləşdiyini necə bilmək olar…

Nəhayət, masa rəisi köməkçisi qaldığı binaya gəlib çatdı. Masa rəisinin köməkçisi pis yaşamırdı: pilləkən fənərlə işıqlandırılmışdı, onun mənzili isə, ikinci mərtəbədə yerləşirdi. Akaki Akakiyeviç dəhlizdə səliqəylə düzülmüş xeyli qaloş gördü. Dəhlizin ortasına qoyulmuş samovar poqquldayaraq qaynayır, ətrafa buğ püskürürdü. Divarlardan şinellər, plaşlar asılmışdı. Onların içərisində qunduz xəzindən yaxalığı və məxmər manjeti olan üst geyimləri də gözə dəyirdi. Divarın o üzündən hay-küy və danışıq səsləri eşidilirdi. Birdən qapı açıldı, səslər lap ucadan, dah aydın eşidilməyə başladı. Gələn lakey idi, əlində sini tutmuşdu. Sininin üstündə boşalmış çay stəkanları, qaymaq qabı və suxarı səbətciyi vardı. Görünür, məmurlar çoxdan toplaşmışdılar, artıq birinci çay stəkanları boşalmışdı. Akaki Akakiyeviçin özü şinelini divardan asıb, otağa girdi. Yanan şamlar, məmurlar, tənbəki çubuqları, qumar stollarını görüb karıxdı, otağı başına götürmüş hay-küy, sürüşdürülən stulların səsi qulağını cırmaqladı. Sıxıla-sıxıla otağın ortasında dayanıb, bir müddət bilmədi neyləsin, hara üz tutsun. Nəhayət məmurlar onu görüb, səs-küy saldılar, dərhal hamı dəhlizə keçib, onun təzə şinelinə tamaşa etməyə başladılar. Akaki Akakiyeviç bir qədər sıxılıb-utansa da, sadədil, səmimi adam kimi, şinelin hamının xoşuna gəldiyini görüncə, sevinməyə bilməzdi. Sonra, təbii ki, onu da, şineli də unudub, qumar stolunun arxasına qayıtdılar. Bütün bu gördükləri: gurultu-partıltı, bir yerə toplaşmış insanlar, söz-söhbət – Akaki Akakiyeviçə qəribə gəlirdi. Çaşıb qalmışdı, nə edəcəyini bilmirdi, bilmirdi əlini-ayağını, bədənini hara qoysun. Nəhayət, kart oynayanların yanında əyləşdi; gözünü kartlara zillədi; sonra stol arxasında əyləşənlərin üzünə baxa-baxa əsnəməyə başladı. Hiss edirdi ki, darıxır, həm də, artıq onun yatağa girdiyi vaxt yetişmişdi. Ev sahibi ilə vidalaşıb getmək istədi, amma onu buraxmadılar, dedilər ki, təzə şineli mütləq bir qədəh şampan şərabı ilə qeyd etmək lazımdır. Bir saat sonra vineqret, soyutma dana əti, paştet, qənnadı mağazasından alınmış piroqlar və şampan şərabından ibarət şam yeməyi verdilər. Akaki Akakiyeviçi iki qədəh şərab içməyə məcbur etdilər, bundan sonra o, hiss etdi ki, otaqda daha şən ab-hava yaranıb. Buna baxmayaraq, yadından çıxarmırdı ki, artıq saat iyirmidir və o, bu saatlarda çoxdan evdə olmalıdır. Odur ki, ev sahibinin gözündən yayınıb, sakitcə otaqdan çıxdı. Dəhlizə çıxanda, şinelinin yerə düşdüyünü görüb, çox məyus oldu. Şineli götürüb silkdi, üstünə yapışmış tükləri bir-bir təmizlədi və nəhayət, çiyninə atıb, pilləkənlə aşağı endi. Hələ qaranlıq çökməmişdi. Bəzi kiçik dükanlar, təhkimlilərin və kasıb-kusubun dəyişilməz, daimi görüş yerləri hələ açıq idi.  Bağlanmış dükanların qapısı arasından da işıq zolağı görünürdü. Bu o demək idi ki, hələ içəridə adamlar var, yəqin ki, təhkimli ev qulluqçuları və nökərlər, ağaların gözündən oğurlanıb, dedi-qodu ilə məşğuldur. Akaki Akakiyeviç kefi kök, damağı çağ addımlayırdı, hətta birdən-birə, özündən xəbərsiz, yanından ildırım sürətilə ötüb-keçən cazibəli, zərif bir xanımın ardınca qaçmağa başladı. Amma dərhal ayaq saxladı, addımlarını yavaşıtdı. Onu birdən-birə yorğalamağa sövq edən nə idi, bunu özü də bilmirdi.Tezliklə həmin adamsız küçələrə gəlib çatdı. Günün günorta çağında belə bu küçələrdən qaramat yağır, axşamlar isə adamı lap vahimə basır. İndi bu gözdən uzaq küçələr daha xəlvət görünürdü: fənərlər lap az-az gözə dəyirdi – görünür, lazımi miqdarda yağ ayırmırdılar; taxta evlərin, hasarların arasında ins-cins yox idi. Küçədə ağaran qardan və pəncərə taxtaları bərk-bərk bağlanmış hüznlü, yastı daxmalardan savayı heç nə görmək olmurdu. O, küçənin böyük, nəhayətsiz meydanla qovuşduğu yerə yaxınlaşdı. Qaranlıqda meydanın o tərəfindəki evlər, onların arxasındakı dəhşətsaçan çöllü-biyaban güclə sezilirdi.

Uzaqlarda, sanki dünyanın o başında hansısa daxmada zəif işıq yanırdı. Birdən-birə Akaki Akakiyeviçin kefi pozuldu, qanı qaraldı. Meydana daxil olanda, yüngül qorxu hissi bütün vücudunu sardı, elə bil, ürəyinə dammışdı ki, başına nəsə pis iş gələcək. O, dönüb arxaya və ətrafa boylandı: heç kəs gözə dəymirdi, elə bil, dənizin ortasındaydı. «Yox, baxmasam yaxşıdır», - o, qərara aldı və gözünü yumub, əlhavasına addımlamağa başladı. Meydanın sonuna çatıb-çatmadığını yoxlamaq üçün gözünü açanda isə, gördü ki, qarşısında bir neçə bığburma kişi dayanıb. Amma onların kim olduğunu ayırd edə bilmədi, gözləri qaraldı, ürəyi bərk-bərk dyünməyə başladı. «Bu mənim şinelimdir!» - onlardan biri məmurun yaxasından yapışıb, göy gurultusunu xatırladan səslə dedi. Akaki Akakiyeviç «kömək edin!» - deyə qışqırmaq istədi, amma o biri adam məmurun başı boyda olan yumruğunu onun sifətinə yaxınlaşdırıb, əlavə etdi: «Səsin çıxmasın!». Akaki Akakiyeviç şineli onun əynindən necə çıxardıqlarını, odun parçası ilə vurulduğunu hiss etdi, üzqoylu qarın üstünə yıxıldı və huşunu itirdi. Bir neçə dəqiqədən sonra özünə gəlib, birtəhər ayağa qalxdı, qarşısını kəsənlərin artıq izi də soyumuşdu. Hiss etdi ki, soyuq iliyinə işləyir, şinel də yox, qışqırmağa başladı. Amma, ona elə gəldi ki, səsi heç meydanın o başına gedib çatmır. Əli hər yerdən üzülən Akaki Akakiyeviç bağıra-bağıra geriyə, bayaq gördüyü qarovulçu köşkünə tərəf götürüldü. Qarovulçu öz təbərzininə söykənib, maraqla ona baxırdı ki, görəsən, uzaqdan ona tərəf qaçan adam niyə çığır-bağır salıb? Nəfəsi qaralmış Akaki Akakiyeviç köşkə çatan kimi, qarovulçunu alıb-yatdı – bağıra-bağıra dedi ki, o heç nəyə nəzarət etmir, gözünün önündə adam soyurlar, onun isə tükü də tərpənmir. Qarovulçu isə, and-aman elədi ki, o, məmurun qarət edildiyinin fərqində olmayıb, düzdür, meydanın ortasında iki adamın onu saxladığını görüb, amma fikirləşib ki, yəqin onun dostlarıdır; qoy o, burada boş-boşuna haray-həşir salmaqdansa,  sabah məhəllə nəzarətçisinin yanına getsin, şineli tapsa, nəzarətçi tapacaq. 

Akaki Akakiyeviç evə gələndə halı özündə deyildi, olduqca pərt və pərişan görünürdü: gicgahlarında və başının arxasındakı olan-qalan saçları dağılmış, bir-birinə qarışmışdı; əyin-başı tamamilə qara batmışdı. Mənzilin sahibəsi, yatmağa hazırlaşan yaşlı qadın qapının bərk-bərk döyüldüyünü eşidib, yerindən dik atıldı, tələm-tələsik başmaqlarını yalın ayaqlarına keçirtdi, köynəyini əliylə sinəsinə sıxıb, qapını açmağa qaçdı. Qarı Akaki Akakiyeviçi bu vəziyyətdə görəndə, heyrətdən içinə çəkib, dal-dalı getdi. Akaki Akakiyeviç başına gələnləri danışandan sonra, qarı əllərini bir-birnə vurub dedi ki, birbaşa xüsusi müvəkkilin yanına getmək lazımdır. Çünki məhəllə nəzarətçisi fırıldaq gələcək, söz verib yerinə yetirməyəcək; yaxşısı müvəkkilə müraciət etməkdir; əvvəllər ev sahibəsinin yanında aşbaz işləyən çuxon* qadın indi müvəkkilin evində dayədir, onun yaxşı adam olduğunu söyləyir; müvəkil onların evinin yanından tez-tez keçir, hər bazar günü kilsəyə gedib, ibadət eləyir; hamıyla xoş davranır, hiss olunur ki, ürəyiyumşaq, rəhmdil adamdır.

Akaki Akakiyeviç qarının sözlərini dinlədikdən sonra, ayağını sürüyə-sürüyə öz otağına keçdi. Sabahı dirigözlü açdı – onun nə çəkdiyini, nələr hiss etdiyini sözlə ifadə etmək çətindir. Bunu yalnız başqalarının düşdüyü vəziyyəti təsəvvürünə gətirənlər bilər.  O, səhər tezdən müvəkkilin yanına yollandı: dedilər ki, hələ yatır. Gedib, saat onda gəldi: «yatır» - dedilər; saat on birdə gələndə isə, müvəkkil harasa çıxıb-getmişdi. Akaki Akakiyeviç nahar vaxtı gəldi, amma onu kandardan içəri buraxmaq istəmədilər – soruşdular ki, nə baş verib, onu buraya gətirən nədir, niyə gəlib? Akaki Akakiyeviç ömründə ilk dəfə  iki ayağını bir başmağa dirəyib, inad etdi. Dedi ki, müvəkkillə şəxsən görüşməlidir, heç kəsin ixtiyarı yoxdur ona mane olsun, çünki departamentdən tapşırıqla gəlib, onu içəri buraxmasalar, şikayət edəcək, onda qoy öz bəxtlərindən küssünlər. Mirzələr bu sözlərin müqabilində heç nə deməyə cəsarət etmədilər, onlardan biri müvəkkili çağırmağa getdi. Müvəkkil şinelin qarət edilməsi haqqında əhvalatı qəribə qarşıladı. O, əsas məqama diqqət yetirmək əvəzinə, Akaki Akakiyeviçi sorğu-suala tutdu: evə niyə gec qayıtdığını, hansısa əxlaqsızlıq yuvasına baş çəkib-çəkmədiyini soruşdu. Belə ki, şinelin məsələsinə baxılıb-baxılmayacağını kəsdirə bilməyən Akaki Akakiyeviç müvəkkilin yanından tamamilə pərt olmuş halda çıxdı.  O gün, həyatında ilk dəfə, işə getmədi.  Ertəsi gün idarəyə gələndə rəngi ağappaq idi, əynindəki köhnə kapot əvvəlkindən pis gündəydi. Doğrudur, məsələdən hali olandan sonra, Akaki Akakiyeviçin müsibətinə gülənlər də tapıldı, amma çoxu mütəəssir olmuşdu. Dərhal onun üçün pul toplamaq qərarına gəldilər, amma çox cüzi məbləğ toplandı. Çünki son günlərdə məmurlar əməlli-başlı xərcə düşmüşdülər - direktorun portretini və şöbə müdirinin təklifi ilə, hansısa kitabı (müdirin dostunun əsərini) almaq üçün xeyli pulun başından keçməli olmuşdular. Beləliklə, çox az pul toplandı. Akaki Akakiyeviçə ürəyi yanan məmurlardan biri, heç olmasa, faydalı məsləhətlə kömək etmək üçün dedi ki, yaxşısı budur, o, kvartal nəzarətçisinə müraciət etməsin. Çünki, rəhbərliyin gözünə girməyə çalışan nəzarətçi, bəlkə də, hansı yollasa şineli tapacaq, amma bu halda Akaki Akakiyeviç şinelin ona məxsus olduğunu bildirən dəlil-sübut təqdim etməlidir. Əks halda polis şineli ona qaytarmaycaq. Ən yaxşısı bir böyük adama ağız açmaqdır: bu böyük adam lazımi şəxslərlə əlaqə saxlayar, onlarla danışar, işi tezləşdirər. Əlacsız qalan Akaki Akakiyeviç böyük adama minnətçi düşməyi qərara aldı. Bu böyük adam kim idi, hansı işin yiyəsi idi – bunu hələ də bilən yoxdur. Yalnız bir şey məlumdur ki, böyük adam lap təzəlikcə böyük adam olmuşdu, ona qədər kiçik adam idi. Doğrudur, başqalarının vəzifəsinə, mövqeyinə baxanda, onu elə indi də «böyük adam» saymaq olmazdı. Amma başqalarının xırda, əhəmiyyətsiz saydığı şeyləri öz gözündə böyüdən adamlar həmişə tapılır. Düzdür, haqqında danışdığımız şəxsin özü də, vacib adam olduğunu göstərmək və öz əhəmiyyətini şişirtmək üçün əlindən gələni edirdi: məsələn, o, işə gələndə, aşağı vəzifəli məmurlar onu pilləkəndə qarşılamalı idilər; birbaşa onun qəbuluna düşə bilməzdin, bunun üçün ciddi qaydalar qoyulmuşdu: kollej reqistratoru quberniya katibinə, quberniya katibi titulyar müşavirə və ya başqasına məruzə etməli idi ki, axırda iş ona çatsın. Bizim müqəddəs Rusiyada hamı bir-birini yamsılayır, özünü müdirə oxşatmağa çalışır. Deyirlər, bu yaxınlarda hansısa kiçik dəftərxanaya müdir təyin olunmuş titulyar müşavirlərdən birinin ilk işi özünə xüsusi, «xidməti otaq» ayırmaq olub; otağın qapısı önünə qırmızı yaxalıqlı, rəsmi paltar geymiş kapeldinerlər qoyub. Kapeldinerlərin işi gəlib-gedənlərin qapını açıb-örtmək imiş, baxmayaraq ki, «xidməti otaq»a adi yazı stolu güclə yerləşirmiş.

Böyük adamın qoyduğu qaydalar çox ciddi və ehtişamlı təsir bağışlasa da, çox mürəkkəb deyildi. Onun tətbiq etdiyi sistemin əsasını ciddiyyət təşkil edirdi. «Ciddiyyət, ciddiyyət, yenə də ciddiyyət» - o, bu sözləri təkrarlamağı xoşlayır, bu zaman mənalı-mənalı müsahibinin gözünün içinə baxırdı. Əslində, buna ehtiyac yox idi, çünki dəftərxananın idarəçilik mexanizmini təşkil edən ona yaxın məmur, onsuz da, səksəkə içindəydi; onu uzaqdan görən kimi, əllərindəki işi yarımçıq qoyub, dik atılır, «farağat» vəziyyətində müdirin otaqdan keçib-getməsini gözləyirdilər. O, tabeçiliyindəki adamlarla həmişə sərt danışır, «Buna necə cürət edirsiniz? Kimlə danışdığınızı fərqindəsiniz? Qarşınızdakı adamın kim olduğunu bilirsinizmi? – kimi ifadələrdən istifadə edirdi.  Əslində ürəyi təmiz, dostcanlı, iltifatlı adam idi, amma general olandan sonra tamamilə dəyişilmişdi, onu tanımaq olmurdu, deyəsən, bilmirdi neyləsin, özünü necə aparsın. Onunla eyni zümrədən olan adamların içində çox abırlı, müəyyən mənada ağıllı-kamallı adam təsiri bağışlayırd. Amma elə ki, özündən vur-tut bir pillə aşağı olan adamların içinə düşdü, özünü apara bilmirdi: burada daha çox susurdu, halı pisləşirdi. Belə vaxtlarda adamın ona yazığı gəlirdi.  Onun özü də hiss edirdi ki, vaxtını daha yaxşı keçirə bilərdi. Bəzən üzünün ifadəsindən bilinirdi ki, hansısa maraqlı söhbətə qoşulmaq, kimlərləsə danışmaq istəyir. Amma həmişə bu istəyini boğurdu, fikirləşirdi ki, birdən bunu ədəbsizlik kimi qiymətləndirərlər, hörmətdən düşər. Nəticədə həmişə tək qalır, elə hey susur, yalnız hərdənbir qısa, təkhecalı sözlər deyirdi. Odur ki, son dərəcə darıxdırıcı adam kimi ad çıxarmışdı.

Bax, Akaki Akakiyeviç belə bir böyük adamın qəbuluna gəldi. Özü də, həm özü, həm də böyük adam üçün əlverişsiz, münasib olmayan vaxtda gəlmişdi. Böyük adam öz kabinetindəydi, çoxdandır görüşmədiyi köhnə tanışı və uşaqlıq dostu ilə şirin-şirin söhbət eləyirdi. Elə bu vaxt ona məruzə etdilər ki, hansısa Başmaçkin qəbula gəlib. O, qırıq-qırıq səslə soruşdu: «Kimdir?». «Deyəsən məmurdur» - cavab verdilər.  – «Hə! Qoy gözləsin, məşğulam, vaxtım yoxdur» - böyük adam dedi. Burada deməliyik ki, böyük adam gözünün içinə kimi yalan danışırdı: məşğul deyildi, dostu ilə hər şeydən danışıb yorulmuşdular və indi daha çox susur, arabir əllərini bir-birinin dizinə vurub: «Belə-belə işlər, İvan Abramoviç!» - «Hə, belə-belə işlər, Stepan Varlamoviç!"» - deyə-deyə, boş-bekar oturmuşdular. Bununla belə, o, dövlət qulluğundan çoxdan ayrılıb, kənddə yaşayan dostunun yanında qürrələnmək üçün məmuru gözlətməyə qərar verdi. Bununla dostuna göstərmək istəyirdi ki, onun qəbuluna düşmək üçün məmurlar xeyli gözləməli, əmək sərf etməli olur. Nəhayət, ürək dolusu danışıb, doyunca susandan və rahat kreslosunda yırğalana-yırğalana bir siqar tüstüləndəndən sonra, yadına düşdü ki, qəbul otağında onu gözləyən var. O, əlində kağız, məruzə etmək üçün qapının önündə dayanmış katibə dedi: «Deyəsən, orada məmur gözləyir, deyin, gəlsin». Müdir Akaki Akakiyeviçin fağır görkəminə, nimdaş vismundirinə baxıb-baxıb: «Nə lazımdır?» - deyə sərt, amiranə səslə soruşdu. Bu cür danışmağı əvvəlcədən, general rütbəsi almağına və vəzifəyə təyin olunmasına bir həftə qalmış, öz otağında, güzgünün qarşısında məşq edərək öyrənmişdi. Akaki Akakiyeviçin canına vicvicə düşdü,  pərt oldu, buna baxmayaraq, «necə deyərlər» ifadəsindən gen-bol  istifadə edə-edə, güc-bəla, düşdüyü vəziyyəti izah etməyə başladı. Dedi ki, şinel təptəzəydi, amma onu insafsızcasına qarət etdilər; generaldan təmənna etməyə gəlib, necə deyərlər, mümkünsə, qoy o, ober-polismeysterlə və ya başqalarıyla yazışsın, məsələni onlara başa salsın, bir sözlə şineli tapmağa kömək eləsin.

Nədənsə, onun nəzakətli, qılıqlı davranışı generalın xoşuna gəlmədi. «Bu nə deməkdir, hörmətli cənab?» - o, hökmlü səslə soruşdu: «məgər qaydanı bilmirsiniz? Siz hara gəlmisiniz? Bilmirsiniz, işlər necə görülür? Siz öncə ərizəylə dəftərxanaya müraciət etməlisiniz; dəftərxana ərizəni masa rəisinə, masa rəisi şöbə müdirinə ötürməli, şöbə müdiri isə, öz növbəsində, katibə verməlidir. Lap axırda katib ərizəni mənə çatdırmalıdır…»

«Amma, əlahəzrət…», - bütün bədənini tər basmış, təpərini itirmiş Akaki Akakiyeviç olan-qalan gücünü toplayıb, dilləndi: «zati-aliləri, sizə ona görə əziyyət verdim ki, katiblər, necə deyərlər… etibarlı adamlar deyil…»

«Necə, necə, necə?» - böyük adam təəccübləndi: «buna necə cəsarət edirsiniz? Bu fikri kim sizin ağlınıza salıb? Gənclər arasında müdirlərə və vəzifəli şəxslərə qarşı bu saymazlıq, qudurğanlıq hardandır!?» Deyəsən, böyük adam heç fərqində də deyildi ki, Akaki Akakiyeviçin yaşı atrıq əllini keçib. Deməli, onu yalnız nisbi olaraq cavan aldandırmaq olardı, yəni yetmiş yaşlılara nəzərən. «Siz kiminlə danışırsınız, bilirsiniz? Bilirsiniz, qarşınızdakı kimdir? Bunu bilirsinizmi, onu bilirsinizmi? Sizdən soruşuram». Böyük adam bunları deyib, ayağına yerə elə vurdu, elə ucadan bağırdı ki, Akaki Akakiyeviç qorxudan sarısını uddu, bu anlarda onun yerinə kim olsaydı, vahiməyə düşərdi. Bütün bədəni əsib-titrəyən Akaki Akakiyeviçin başı hərləndi, səntirlədi: gözətçilər özlərini yetirib tutmasaydılar, tappıltıyla döşəməyə dəyəcəkdi; onu otaqdan çıxaranda, zorla hərəkət edirdi. Böyük adam onun bu dərəcədə təsirlənəcəyini gözləmirdi. Fikirləşəndə ki, onun bir sözüylə qarşısındakı adam hətta huşunu itirə, özündən gedə bilər, çox xoşhal oldu. O, altdan-altdan dostuna göz qoydu ki, görsün, bu məsələyə o necə baxır; dostunun da gözünə birtəhər dəydiyini, hətta onun da qorxuya düşdüyünü görüb, böyük məmnunluq hiss etdi.

Akaki Akakiyeviç özü də bilmədi pillələri necə endi, küçəyə necə çıxdı. Əllərini, ayaqlarını hiss etmirdi. İndiyəcən onu bu yad general kimi bərk məzəmmət edən, abrını ətyinə bükən olmamışdı. Çovğünün vıyıltılı səsi küçələri başına götürmüşdü. Akaki Akakiyeviç tamamilə pərişan, dağlın və diqqətsiz idi – yolu düz getmir, tez-tez səkidən kənara çıxırdı; Peterburq küləyi, adəti üzrə, hər tərəfdən, bütün tinlərdən əsirdi. Akaki Akakiyeviç necə soyuqladısa, evə gələndə dili söz tutmurdu; boğazı əməlli-başlı şişmişdi. O, dərhal yatağa uzandı – üzü danlanan adamın müsibəti bəzən çox ağır olur! Ertəsi gün bərk qızdırması qalxdı. Peterburqun mübarək havasının sayəsində xəstəliyi tezliklə şiddətləndi, belə ki, həkim gəlib nəbzini ölçəndən sonra, miəlum oldu ki, artıq gecdir, iş işdən keçib. Həkim yalnız təpitmə qoymaqla kifayətləndi, o da ona görə ki, xəstə, heç olmasa, ölüm ayağında təbabətin şəfaverici köməyindən məhrum olmasın; ardınca bəyan etdi ki, xəstənin uzağı sutka yarım ömrü qalıb. Bundan sonra üzünü ev sahibəsinə tutub, dedi: «Anacan, boş yerə vaxt itirməyin, ona şam ağacından tabut hazırlatdırın, çünki palıd ağacından tabut onun üçün baha olar». Akaki Akakiyeviç bu məşum sözləri eşitdimi, eşitdisə, bu sözlər ona necə təsir elədi, özünün mənhus taleyini lənətlədimi, yaşadığı uğursuz həyata görə təəssüfləndimi? – bunlar məlum deyil, çünki bu dəqiqələrdə onun bütün bədəni od tutub yanır, özü isə sayıqlayırdı. Akaki Akakiyeviç bir-birindən qəribə qarabasmalar görürdü: gah Petroviçə təzə şinel sifariş verir, bu zaman ona tapşırırdı ki, oğrulardan qorunmaq üçün nəsə bir şey fikirləşib-tapsın; ona elə gəlirdi ki, çarpayının altına oğrular girib, dəqiqəbaşı sahibəni səsləyirdi ki, gəlib onları oradan çıxarsın; hətta öz yatağında da oğru gizləndiyini zənn edirdi; gah sahibədən soruşurdu ki, köhnə kapot nə üçün divardan asılıb, axı onun təzə şineli var; gah da özünü generalın hüzurunda görürdü: general onu bərk danlayır, o isə, başını aşağı salıb mızıldanırdı: “Keçin günahımdan, zati-aliləri!»;  nəhayət, hərdən yava-yava danışır, elə pis söyüşlər söyürdü ki,  sahibə istər-istəməz xaç çevirməli olurdu. Qarı bu yaşınacan belə ağır söyüşlər eşitməmişdi. Akaki Akakiyeviç «zati-aliləri» xitabından dərhal sonra söyməyə başladığı üçün qarı lap karıxmışdı, bilmirdi nə fikirləşsin. Bundan sonra Akaki Akakiyeviç tamamilə rabitəsiz sözlər söyləməyə başladı, artıq onun danışdıqlarından heç nə başa düşmək olmurdu; qarının güc-bəla ayırdı etdiyi sözlərdən belə çıxırdı ki, o, hələ də şineldən danışır. Nəhayət, zavallı Akaki Akakiyeviç canını tapşırdı. Onun nə otağını, nə də əşyalarını möhürləmədilər, çünki, əvvəla, varisləri yox idi, ikincisi də, ondan çox az şeylər qalmışdı: bir dəst qaz lələyi, bir dəst kağız, üç cüt corab, şalvarından qopmuş iki-üç düymə və oxucuya məlum olan kapot. Bunlar kimə qaldı, Allah bilir: sözün açığı, bu məsələylə maraqlanan olmadı. Akaki Akakiyeviçin nəşini aparıb, dəfn elədilər. Peterburq Akaki Akakiyeviçsiz qaldı, elə bil, şəhərdə bu adda adam olmamışdı. Müdafiəsiz, kimsəsiz, heç kəs üçün maraqlı olmayan bu varlıq birdən-birə yox oldu, gözdən itdi. O, adi milçəyi sancağa taxıb, mikroskop altında müşahidə etmək fürsətini qaçırmayan təbiətşünasın belə marağında deyildi; həyatı boyu həmkarlarının lağ etdiyi, ələ saldığı bu fağır adam, demək olar, heç nədən dünyasını dəyişdi. Ömrünün sonunda şinel, bir ümid qığılcımı kimi, bütün həyatını rövnəqləndirsə də, bu çox sürmədi, dünyaya hökm edən şahların, hökmdarların başına gəlməyən müsibətlər bu yazığın başına gəldi… 

Öldükdən bir neçə gün sonra departamentin gözətçisi gəldi ki, bəs, müdir onun işə çıxmasını tələb edir. Amma bəlli səbəbdən əliboş qayıdıb, məlumat verdi ki, o, daha gəlməyəcək. «Niyə? » - sualına isə belə cavab verdi: «Belə də, o ölüb, artıq dörd gündür ki, dəfn ediblər». Beləliklə, departamentdə Akaki Akakiyeviçin ölümündən xəbər tutdular. Ertəsi gün onun yerində artıq başqa məmur otururdu. Bu məmur ondan xeyli hündür idi, özü də Akaki Akkiyeviç sayağı hərfləri muncuq kimi düzmürdü, onun xətti əyri və tərəfə yatıq idi.

Kimin ağlına gələrdi ki, Akaki Akakiyeviçin hekayəti burada tamamlanmayacaq, sanki, yaşadığı məzmunsuz həyatın əvəzinə, ölümündən sonra bir neçə gün əlavə, hay-küylü ömür sürəcək. İş belə gətirdi ki, gözlənilmədən, bizim sadə hekayətimiz fantastik sonluqla tamamlandı. Birdən-birə Peterburqu şaiyələr başına götürdü: danışırdılar ki, gecələr Kalinkin körpüsü tərəflərdə məmur görkəmində bir ölü dolaşır; oğurlanmış hansısa şineli axtarır və rütbəsinə, vəzifəsinə məhəl qoymadan, qarşısına çıxan hər kəsin şinelini əlindən alır. Özü də, istər pişik və qunduz dərisindən, pambıqdan tikilmiş şinel olsun, istərsə də, yenot, tülkü, ayı xəzindən şuba, bir sözlə, öz dərisini örtmək üçün insanların istifadə etdiyi hər cür dəri və xəzləri özünün oğurlanmış şineli sayır və ağına-bozuna baxmadan, adamlardan çəkib alır. Departamentdə işləyən məmurlardan biri ölünü öz gözləri ilə görüb, sən demə, bu Akaki Akakiyeviç imiş. Məmur onu tanısa da, bərk qorxuya düşüb, dabanına tüpürüb qaçmağa başlayıb, ona görə də, ona yaxşı-yaxşı baxa bilməyib. Yalnız uzaqdan ölünün ona barmaq silkələdiyini görüb. Şikayətlər, giley-güzar baş alıb gedirdi. Gecələr şineli əlindən alınan titulyar müşavirlər, hətta gizli müşavirlər belə, soyuqdan donur, azarlayırdılar. Polisə göstəriş verilmişdi ki, nəyin bahasına olursa-olsun, ölü ələ keçirilməli, başqalarına dərs olsun deyə, ciddi şəkildə cəzalandırılmalıdır. Bir dəfə az qala onu tutacaqdılar: Kiryuşkin döngəsindəki hansısa məhəllənin çörəkçisi ölünü cinayət yerindəcə yaxalamışdı. O, istefada olan hansısa fleytaçının friz şinelini çıxartmaq istəyirmiş.  Çörəkçi onun yaxasından yapışıb, iki yoldaşını çağırır və onlara tapşırır ki, ölünü tutsunlar, özü isə, bircə dəqiqəliyə, çəkməsinin boğazından tütün kisəsini çıxarmaq üçün aşağı əyilir – soyuqda donmuş burnuna tütün çəkib, bir az hallanmaq istəyirmiş. Amma, görünür, tənbəkinin bərbad iyinə heç ölü də dözə bilməyib. Belə ki, çörəkçi burnunun sağ deşiyini tutub, sol deşiklə bir çimdik tütünü içinə çəkmək istəyəndə, ölü bərkdən elə asqırıb ki, üçünün də gözünə tənbəki düşüb. Onlar gözlərini silənə qədər, ölü aradan çıxıb, izi-tozu da qalmayıb. Çörəkçi ilə yoldaşları mat-məəttəl qalıblar – hətta özlərindən şübhələnməyə başlayıblar, fikirləşiblər ki, bəlkə, bunların hamısı qarabasmadır. O vaxtdan bu yana gözətçilərin və qarovulçuların gözü elə qorxub ki, diriləri belə tutmaqdan ehtiyat edir, yalnız uzaqdan qışqır-bağır salmaqla kifayətlənirlər: «Ey, öz yolunla get». Odur ki, ölü məmur artıq Kalinkin körpüsündən o tərəflərə də ayaq açıb, qorxaq, ağciyər adamlar tamamilə rahatlığını itirib.

Bu olmuş hadisənin, az qala, fantastik şəklə düşməsinin səbəbkarı – böyük adamı yaddan çıxarmaq doğru olmaz. Hər şeydən əvvəl, həqiqət naminə deməliyik ki, üzü danlanmış fağır Akaki Akakiyeviç çıxıb gedəndən sonra, böyük adam, peşimançılığa bənzər, yüngül təəssüf hissi keçirməyə başladı. Əslində o, heç də daşürəkli adam deyildi, insanların halına yanmağı, dərdini bölüşməyi bacarırdı, di gəl, çox zaman vəzifə, mənsəb bu hisslərin üzə çıxmasına şərait yaratmıprdı. Çoxdan görmədiyi dostu kabinetdən çıxandan sonra, o, hətta Akaki Akakiyeviç haqqında fikirləşməyə başladı. Sonrakı günlərdə də, tez-tez, məzəmmətə, danlağa dözməyən Akaki Akakiyeviçin həyəcandan ağarmış sifətini xatırlayırdı. Axırda bu fikirlər onu o qədər narahat etməyə başladı ki, bir həftə sonra Akaki Akakiyeviçin yanına adam göndərmək qərarına gəldi: öyrənmək istəyirdi, görsün neyləyir, vəziyyəti necədir, ona necə kömək etmək olar. Akaki Akakiyeviçin qızdırma içində, vaxtsız vəfat etdiyini eşidib təəccübləndi, hətta vicdanı sızladı və bütün günü fikirli gəzdi. Bir qədər əylənmək, fikrini dağıtmaq üçün, axşam tərəfi dostlarından birinə qonaq getdi – burada hörmətli adamlar toplaşmışdı, onun vəzifəsinə, rütbəsinə uyğun məclis idi, odur ki, özünü tamamilə sərbəst hiss edirdi. Nəhayət, generalın kefi kökəldi, qırışığı açıldı, iltifatlı, mehriban adama çevrildi. Şam yeməyi zamanı iki qədəh şampan şərabı içdi – məlum olduğu kimi, şampan şərabı əhval-ruhiyyəni qaldırmaq üçün ən yaxşı vasitədir. Şərab onun qanını coşdurdu, o, gecəni uzatmaq fikrinə düşdü: evə yox, yaxın münasibətlərdə olduğu, deyəsən, alman mənşəli, Karolina İvanovna adlı tanış xanımın görüşünə getməyə qərara aldı. Orasını da deyək ki, böyük adam artıq cavan deyildi, yaxşı həyat yoldaşı, gözəl ailə başçısı idi. İki oğlu, bir qızı vardı, oğullarından biri artıq dəftərxanada işləyirdi. On altı yaşlı, suyuşirin, yaraşıqlı qızı hər gün gəlib, əlini öpür, «bonjour, papa»* – deyə onunla salamlaşırdı. Arvadı da canı sulu, gözəl qadın idi, əri onun əlini öpəndə, qayıdıb, o da ərinin əlini öpürdü. Öz ailəsindən yerdən-göyə razı olan böyük adam, evdə nə qədər diqqət və qayğı görsə də, bu, şəhərin o başında özünə başqa bir qadın tapıb, onunla yaxınlıq eləməyə mane olmurdu. Bu qadın öz arvadından gözəl və ya ondan cavan deyildi; amma həyatda çox şeylər olur, buna görə insanları mühakimə etmək bizim işimiz deyil. Beləliklə, böyük adam pillələrlə aşağı enib, kirşəyə oturdu və ləzzətlə isti şinelinə bürünüb, arabaçıya səsləndi: «Karolina İvanovnagilə sür». Kefi ala buluddaydı, özünü göyün yeddinci qatında hiss edirdi. Rus insanı üçün bundan yaxşı nə ola bilər – özünü dağa-daşa salmaq, zəhmət çəkib, nə isə fikirləşmək lazım deyil, bir-birindən gözəl, nəşəli fikirlərin özü gəlib, beyninə dürtülür. O, məmnunluqla ziyafəti xatırladı, kiçik çevrəsini qəhqəhə çəkib gülməyə sövq edən zarafatları, əyləncəli atmacaları yaldına saldı.  Onların bəzilərini yavaş səslə təkrarladı: doğrudan da, gülməli zarafatlar idi - çoxdandır ki, belə ürəkdən gülməmişdi. Hər şey yaxşı idi, amma arabir şiddətlənən külək sifətini dalayır, qarı üzünə sovurur, şinelinin yaxalığını yelkən kimi şişirdib, başına keçirdir, ona rahatlıq vermirdi. Qəfildən böyük adam boynunun ardından kiminsə bərk-bərk yapışdığını hiss etdi. Çevrilib baxanda, köhnə, yırtıq-yamaq vismundir geymiş bəstəboy bir adamla burun-buruna gəldi. Diqqətlə baxıb, Akaki Akakiyeviçi tanıyanda isə, dəhşət bütün vücüdünü sardı. Məmurun sifəti qar kimi ağappaq idi, doğrudan da, ölüyə oxşayırdı. Birdən-birə ölü dəhşətli qəbir iyi verən verən ağzını açdı: «Aha, yaxşı əlimə keçdin! Axır ki, yaxan əlimə keçdi! Mənə sənin şinelin lazımdır! Mənimkini tapmağa kömək eləmədin, üstəlik, üzümü də danladın!». Yazıq böyük adam onun əyilmiş ağzını görəndə, az qaldı, yerindəcə canını tapşırsın. Dəftərxanada, ümumiyyətlə, özündən aşağı vəzifədə işləyənlərin qarşısında o, çox iradəli, cəsur adam təsiri bağışlayırdı, ona kənardan baxanlar heyranlığını gizlətmirdi: «Gör, nə möhkəm adamdır!». Amma burada, pəhləvana oxşayan bir çoxları kimi, onun da ürəyi ayağının altına düşdü, o qədər vahimələndi, elə qorxdu ki, az qala, yerindəcə canını tapşıracaqdı. Ona elə gəldi ki, bu anlarda hansısa sağalmaz xəstəliyə düçar orla bilər. Elə təlaşlanmışdı ki, şinelini özü çıxardı və yad səslə arabaçıya bağırdı: «Tez evə sür, tərpən!». Arabaçı bilirdi ki, o, yalnız çox gərgin anlarda bu səslə danışır, üstəlik, sözlərini dürtmə-dümsüklə möhkəmləndirməyə çalışır. Odur ki, hər ehtimala qarşı, boynunu içinə çəkib, qamçını yellədi və kirşə yerindən ox kimi götürüldü. Beş-altı dəqiqədən sonra böyük adam artıq öz evinin qarşısındaydı. Qorxmuş, rəngi ağarmış general, Karolina İvanovnanı ziyarət etmək əvəzinə, öz evinə gəldi və ayaqlarını sürüyə-sürüyə yataq otağına keçdi. Amma nə illah elədi, gözünə yuxu getmədi, gecəni o qədər narahat keçirdi ki, səhər çay süfrəsi arxasında qızı üzünə dedi: «Ata, bu gün çox solğun görünürsən». Ata isə susdu və dünən başına gələnlər barədə heç nə demədi. Bu hadisə ona olduqca güclü təsir etmişdi, artıq tabeçiliyindəki adamlara: «Buna necə cəsarət edirsiniz? Bilirsiniz, qarşınızdakı kimdir?» kimi suallar verməkdən çəkinirdi; əvvəlcə adamları dinləməyə, məsələdən hali olmağa çalışırdı. Ən maraqlısı isə odur ki, həmin vaxtdan etibarən olü məmuru görən olmadı: görünür, generalın şineli əyninə yaxşı oturub. Hər halda, artıq kiminsə şinelinin əlindən alınması barədə xəbərlər çıxmırdı. Lakin, hələ də sakitləşmək bilməyən, qayğıkeş adamlar tapılırdı: danışırdılar ki, şəhər ətrafında arabir ölü məmur görünür. Kolomna gözətçilərindən biri binanın arxasından çıxan ruhu öz gözləri ilə görmüşdü. Amma zəif, gücsüz adam olduğuna görə (bir dəfə fərdi evlərdən birinin arxasından qaçaraq çıxan adi donuz onu vurub yıxıbmış. Bunu görən arabaçılar və faytonçular qəhqəhə çəkib gülməyə, onu lağa qoymağa başlayıblar, o isə, əvəzində, özünə tütün almaq üçün, onların hərəsindən yarım qəpik pul qoparıb) onu tutub-saxlamağa ürək eləməyib, eləcə, qaranlıqda onun arxasınca düşmüşdü. Nəhayət, ruh bezib, birdən-birə dönüb arxaya boylanıb: «sənə nə lazımdır?». Bunu deyəndən sonra, onu yumruqla hədələyib; gözətçinin dediyinə görə, heç dirilərin bu böyüklükdə yumruğu olmur. «Heç nə», – gözətçi cavab verib və dərhal geri dönüb. Həmin ruh əvvəlkindən xeyli hündür imiş, böyük bığı varmış. O, Obuxov körpüsünə doğru addımlamağa başlayıb və tezliklə qaranlıqda gözdən itib.                   

 

* çuxon – Peterburq ətrafında yaşayan karel-fin və eston mənşəli sakinləri  əvvəllər belə adlandırırdılar

* vanka – nisbətən yoxsul təbəqənin istifadə etdiyi minik, fayton

* «bonjour, papa» – salam, ata