Elektron ədəbiyyat və sənət portalı

Sinxron tərcümənin dünəni və bu günü

Bölmə: Tərcümə sənəti 20.07.2018

Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. İlk dəfə Nürnberq məhkə­məsini dinləmək üçün yığı­şanlar beynəlxalq səviyyədə sinxron tərcümədən bəhrələnmişdilər. Həmin vaxtdan hər il çoxlu sayda konf­ranslar keçirilir və iştirakçılar öz dil­lərində və ya beynəlxalq dillərdən birində iclasların gedişini təxminən eyni zamanda izləyə bilirlər. Ardıcıl tərcümədə isə hər nitqə ayrılan vaxt ikiqat artır. İşlənmə məkanına uyğun olaraq, sinxron tər­cüməyə bəzən «BMT-stilli tərcümə» və ya «konfrans tərcüməsi» də deyilir.

Azərbaycan müstəqillik qazan­dıqdan sonra paytaxtımız bir çox beynəlxalq konfransların keçirildiyi məkana çevrilib. Lakin bu sahədə mütəxəssis hazırlığı bir sıra ciddi çətinliklərlə üzləşir. Bu, şifahi tərcümədə dinləmə və danışma proseslərinin eyni zamanda baş verməsi və məruzəçinin fikrini tərcüməçinin əvvəlcədən duyması zərurəti ilə əlaqə­dardır. Belə ki, bu mürəkkəb proses­də tərcüməçi vaxt itirmədən natiqi dinləyə-dinləyə təxminən eyni za­manda nitqi tərcümə etməlidir. Dinləmə, anlama, sözü tərcümə dilinə çevirib səsləndirmə mərhələləri ara­sındakı müddət çox anidir. Konfrans Tərcüməçilərinin Beynəlxalq Asso­siasiyasının rəsmi internet saytındakı məlumata görə, 6 saatlıq iş günü ərzində sinxron tərcüməçi təxminən 65 çap səhifəsinə bərabər materialı şifahi tərcümə etmiş olur. Bu, çox böyük məharət və səriştə tələb edir. Belə ki, tər­cüməçi eşitdiyi fikri tərcümə dilində ifadə edə-edə növbəti cümləni də tu­ta bilməlidir.

Sinxronçular hər şeydən əvvəl, həm dinləmə, həm də səlis nitq söyləmək qabiliyyətinə ma­lik olmalıdırlar. Bir türk xalq məsə­lində deyilir ki, «Ana, cocuğuna təkcə söyləməyi deyil, dinləməyi də öyrət ki, balan əsl danışığı öyrənmiş olsun». Sinxron tərcümə­çinin dinləmə qabiliyyətini, eləcə də yaddaşını inkişaf etdirmək üçün başlanğıc mərhələdə ona ana dilində eşitdikləri informasiyanı öz sözləri ilə təkrarla­mağı tələb edən çalışmalar verilməlidir. Sinxron tərcümənin tədrisi ilə bağlı xarici ölkələrin təcrübəsində sözlərin, cümlələrin və paraqrafların təqlid yolu ilə izlənməsi, si­nonimlərin verilməsi və bu zaman tələbələrin danışa-danışa başqa bir mövzuda nə isə yazması da effektli hazırlıq çalışmaları sayılır. Burada məqsəd tələbənin fikrini eyni vaxtda iki «kanalda» çalış­mağa alışdırmaqdan ibarətdir. Biz dinləmək dedikdə xarici dildə ifadə edilən fikri tutmaq bacarığını da bu­ra daxil edirik. Bu isə öz növbəsində xarici dilə mükəmməl yiyə­lənməyi tələb edir. Təbii ki, beynəlxalq səviyyədə keçirilən görüşlər ciddi mövzulara həsr olunduğun­dan, müvafiq ixtisas sahəsindən xəbərdar olmaq zərurəti ortaya çıxır. Hazırda respublikamızda konk­ret sahələr üzrə sinxron tərcümə­çilərin hazırlanmadığını nəzərə alaraq, məsləhət görülür ki, tərcü­məçilər iştirak etdikləri görüşlərin materialları ilə xeyli əvvəl tanış ol­sunlar, mövzu üzrə mövcud ədə­biyyatı diqqətlə nəzərdən keçir­sinlər. Məhz burada da çətinliklərdən biri ilə üzləşirik. Belə ki, tərcüməçi­ni tərcümə etdiyi şəxsdən qat-qat ideal görmək istəyirlər. Əslində isə məsələ bir qədər fərqli qo­yulmalıdır: yəni tərcüməçi öz məsuliyyətini dərk edərək ideal mütəxəssis olmağa can atma­lı, ətrafdakılar onun avtomat mexanizm deyil, məhz canlı insan olduğunu nəzərə almalıdırlar. Sinxron tərcümə ilə bağlı digər bir çətinlik də Azərbaycan və ingilis dillərinin müxtəlif qramma­tik quruluşa, fərqli söz sırasına malik olmasındadır. Məsələn, Azərbaycan dilindən ingilis dilinə tərcümə zamanı xəbəri eşitmək üçün tərcüməçi əksər hallarda cümlənin sonunu gözləməli olur. Amma əgər tərcüməçi öz intuisiyasından, biliyindən və ya kontekstdən istifa­də etmirsə, həmin xəbərin cümlədəki fikri təsdiq və ya inkar etdiyini bilmə­dən ingilis dilində mübtədadan sonra ikinci gələn xəbəri qrammatik cəhətdən formalaşdırmaq mümkün deyil. Tərcüməçini öz intuisiyası aldada, biliyi ona kömək etməyə bilər və ya kontekstin əksinə olaraq, məruzəçinin fikri reallıqdan fərqli də ola bilər. Eləcə də ingilis dilində tamamlıq xəbərdən sonra gəldiyi üçün Azərbaycan dilinin söz sırasını (mübtəda+tamamlıq+xəbər) pozmamaq üçün tərcümə zama­nı yenə də cümləni axıradək dinləmək lazım gəlir. Deməli, burada sinxron tərcümə daha mürəkkəb xarakter alır və təbii ki, ləngimə prosesi də artır.

Sinxron tərcümədə, məruzəçinin de­diyi cümlə ilə onun tərcüməsi heç də həmişə eyni zamanda başlayıb, ey­ni zamanda qurtarmır. Adətən sinxron tərcüməçinin 2 və ya 3 söz civarında ləngiməsi məqbul sayılır. Lakin əsas – cümlədəki hər bir sözün deyil, ifadə olunan fikrin tərcümə dilində düzgün ve­rilməsidir. Bu da sinxron tərcüməçiyə qeyri-vacib informasiyanı ixtisar etmə­yə, ən qısa söz və ifadələr işlətməyə, ümumiləşdirmə üsulundan istifadə etməklə uzun cümlələri bölərək sadə cümlələr şəklində tərcümə etməyə ixti­yar verir. Elmi ədəbiyyatda göstərildiyi kimi, əslində «hesablamalara görə vax­tın yalnız 42%-ni natiqlə tərcüməçi eyni zamanda danışır, 12%-ni onların hər ikisi susur, 18%-ni yalnız natiq, 28%-ni isə yalnız tərcüməçi danışır». Sinxron tərcüməyə başlamazdan əvvəl tərcüməçi tələbələr artıq bu sahəni bacarma­lıdır. Dərslərdə elə ilk vaxtlardan tələbələrə ümumi (yəni tərkibində cüzi naməlum sözlər olan, yaxud infor­masiya cəhətdən çox da ağır olmayan) mətnləri sinxron tərcümə etmək tapşırıla bilər. Növbəti mərhələdə isə kabi­nələrdə işləmək yaxşı nəticələr verir.

Gələcək sinxronçularla iş bir neçə istiqamət­də aparılmalıdır: onlar öz ana dilləri­ni yaxşı bilməklə yanaşı, xarici dilə də mükəmməl yiyələnməli, bu dildə mükəmməl nitq vərdişləri əldə etməli, ayrı-ayrı ixtisas sahələri üzrə öz söz ehtiyatlarını artırmalı və bilik topla­malı və imkan daxilində müntə­zəm məşq etməlidirlər.

 

Sevinc Ağayeva