Hindistanın balaca dəniz şəhərində dünyaya gələn Mohandas Qandi çox zəngin ömür yolu keçib. O, 13 yaşında valideynlərinin məsləhətiylə Kasturba adlı qızla evlənib, 18 yaşında İngiltərədə Hüquq məktəbinə daxil olub. Təhsil aldığı müddətdə qərb mühitinin təsiri altına düşüb, hətta skripka çalmağı və rəqs etməyi də öyrənib. 1891-ci ildə Hindistana qayıdan Mohandas iki il Bombey və Rackot şəhərlərində vəkil işləyib, sonra yaxınlarının təklifi ilə Cənubi Afrikada Hindistan icmasına hüquq dərsləri keçməyə gedib və 1893–1914-cü illərdə orada çalışıb.
1919–1948-ci illərdə Hindistan milli-azadlıq hərəkatının lideri olub.
Mahatma Qandinin oxuculara təqdim etdiyimiz duası uzun illərdir onun mənəvi gücünün göstəricisi kimi qəbul olunur:
"İlahi!
Həqiqəti güclülərin üzünə demək üçün mənə güc ver.
Zəiflərin alqışını və sevgisini qazanmaq, yalan söyləməmək üçün mənə dəstək ol.
Əgər mənə var-dövlət verəcəksənsə, xoşbəxtliyimi alma.
Əgər mənə güc verəcəksənsə, mühakimə qabiliyyətimi əskiltmə.
Əgər mənə uğur verəcəksənsə, təvazökarlığı azaltma.
Əgər mənə təvazökarlıq verəcəksənsə, nüfuzumu aşağı salma.
Görünənin o biri üzünü görməyimə də yardım elə.
Düşüncələrimlə razılaşmadığına görə mənə qarşı olanları xainlikdə suçlayıb, onların qarşısında günahkar vəziyyətə düşməyimə imkan vermə.
Mənə özümü sevən kimi digərlərini də sevməyi, digərlərini mühakimə edən kimi özümü də mühakimə etməyi öyrət.
Uğurlarımın başımı gicəlləndirməyinə imkan vermə.
Uğursuzluğa düçar olanda, ümidsizliyə qapılmağıma imkan vermə.
Uğursuzluğun uğurdan əvvəlki sınaq olduğunu xatırlamağımı təmin et.
Mənə xeyirxahlığın güclərin ən üstünü, intiqam arzusunun isə zəiflik əlaməti olduğunu öyrət.
Mənə var-dövlət verməsən belə, ümidimi əlimdən alma.
Əgər uğur qazanmağıma imkan verməsən, uğursuzluğa üstün gəlmək üçün iradəmi əlimdən alma.
Əgər məni sağlamlıqdan məhrum etsən, inancın lütfünü ver.
Əgər insanlara ziyan vursam, mənə üzr istəmək gücü ver.
Əgər insanlar mənə ziyan vursa, mənə əfv etmək və mərhəmətli olmaq gücü ver.
İlahi!
Əgər mən səni unutsam, sən məni unutma!"
Hazırladı: N.Əliyeva