Elektron ədəbiyyat və sənət portalı

Henrix Böllün hekayəsi Vilayət Hacıyevin tərcüməsində

Bölmə: Dünya ədəbiyyatı 02.08.2018

Böyük alman yazıçısı, "O illərin çörəyi"(hekayə), "Və heç nə demədi", "Sahibsiz ev", "Haradaydın, Adəm?", "Saat onun yarısında bilyard oyunu", "Bir təlxəyin düşüncələri" və s. kimi məşhur romanların müəllifi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Henrix Böll hekayə janrının da ustasıdır. Böll bu janrı öz müsahibələrinin birində "ən çox sevdiyi cazibədar nəsr forması" adlandırıb və yaradıcılığının son günlərinədək hekayəyə müraciət edib.

 

Ölməz Teodora 

(hekayə)

Həmişə “Benqelman” küçəsindən keçəndə, Akademiyanın bu yaxınlarda “Ölməzlər" siyahısına daxil etdiyi Bodo Benqlemanı xatırlayıram. Hətta “Benqleman” küçəsinə yolum düşməyəndə də tez-tez Bodonu düşünürəm. Həmin küçə birinci nömrədən başlayıb yüz yetmiş səkkizdə qurtarır, mərkəzdəki gecə barlarının reklamları önündən keçərək şəhərin kənarındakı çəmənliyə qədər uzanır. Bu çəmənlikdə otlayan inəklər böyürə-böyürə kiminsə gəlib onları içirməyə aparacağını gözləyir... “Bekerin ucuz mallar mağazası", lombard da Bodonun adını daşıyan küçədə yerləşir və mən də Bodonu xatırlamaq üçün tez-tez “Bekerin ucuz mallar mağazası"na, lombarda gedirəm. Saatımı lombarddakı piştaxtanın arxasında oturmuş məmura tərəf itələyəndə və o da gözünə zərrəbin taxaraq onu yoxlayandan sonra ikrahla “dörd mark" – deyib geri sürüşdürəndə, mənsə əyilərək qəbzə qol çəkib, onu təzədən geri itələyəndə, axırda da yavaş-yavaş kassaya tərəf gedib orda alacağım pulu gözləyəndə, Bodo Benqelman barədə düşünmək üçün kifayət qədər vaxtım olur. Axı bir zaman onunla bu kassanın qabağında dayanıb çox gözləmişik...

Bodonun “Reminqton" markalı makinası vardı, şeirlərini də həmişə dörd nüsxədə çap eləyirdi. Düz beş dəfə əbəs yerə onu lombarda qoyub, əvəzində borc pul götürmək istədik. Ancaq makina həddən artıq köhnə idi, sökülüb-dağılırdı və ona görə də lombardın rəhbərləri yola gəlmədi, dedilər ki, qanunu poza bilmərik. Heç kəsin girov götürmək istəmədiyi – özü də ayda iki faiz sələmlə! – bu makinanı düz üç nəsil – dəmir məmulatı ilə alver eləyən babası, vergi məsələləri üzrə müşavir işləyən atası və nəhayət özü, şair Bodo tıqqıldatmışdı. Məlum məsələdir ki, Benqelmanın xatirə muzeyini yaradıblar. Oradakı şüşənin altında qırmızımtıl rəngli, ucu çeynək-çeynək olmuş bir qələm saxlanılır. Yanında da belə yazılıb: “Bodo Benqelman öz şeirlərini bu qələmlə yazmışdır". Əslində, Bodo özünün beş yüz şeirindən yalnız ikisini bacısının çantasından oğurladığı həmin qələmlə yazmışdı. O, şeirlərinin çoxunu bənövşəyi rəngli karandaşla, bəzilərini makina ilə yazırdı…

Sonralar vəziyyətimiz çox ağırlaşanda, həmin makinanı lap su qiymətinə – altı mark səksən pfenninqə Hayzinq adlı bir kişiyə satdıq. O heç bilmədi ki, həmin makinanın dillərindən nə qədər ölməz şeirlər çıxıb. Hayzinq indi “Humbolt” küçəsində yaşayır və köhnə şeylər alıb-satmaqla dolanır. Bodo özünün “Bayquş kimi tək qalmış çərçinin hücrəsi" adlı şeirində ona əbədi bir heykəl ucaldıb.

Beləliklə, indi Bodonun xatirə-muzeyində onun öz şeirlərini yazdığı makina deyil, dəstəyində bacısı Lotte Benqlamın dişlərinin yeri qalmış bu qələm nümayiş etdirilir! Həmin qələmin vaxtilə kimə məxsus olduğunu Lotte də çoxdan unudub və tez-tez gəlib onun qarşısında dayanır, ağlayır, olmayan bir iş üçün göz yaşları axıdır. Lap dəqiq yadımdadır ki, Bodo iki kotleti, xeyli salatı, bir dənə iri, vanilinli pudinqi və iki dilim də pendiri aşırandan sonra bacısının öz mənasız-məzmunsuz inşalarını cızmaqara elədiyi həmin qələmlə "Payız dumanı çökmüş ürək", "Ağla, ağla" adlı şeirlərini birnəfəsə yazdı. Bodo ən yaxşı şeirlərini, toxqarına yaradardı və ümumiyyətlə, o da bütün dərdli adamlar kimi qarınqulu idi. Poetik yaradıcılığı səkkiz ildən çox dövrü əhatə etsə də, bacısının qələmindən on səkkizcə dəqiqə istifadə eləmişdi.

Lotte indi qardaşının poetik şöhrəti ilə öyünür. Düzdür, Hose adlı bir kişi ilə ailə qurub, ancaq yenə də özünü hər yerdə “Bodo Benqelmanın bacısı" kimi təqdim edir. Ancaq yaman əclaf qız idi. Bodo şeir yazanda, gedib onu şeytanlayırdı. Çünki Benqelmanlar ailəsində şeir yazmaq “lazımsız iş", “vaxt itirmək" hesab olunurdu. Bodonun dərdi çəkiləsi dərd deyildi. Poeziya onun ən zəif yeri idi və yazmaya bilmirdi. Yazmağa başlayanda da Lotte onu görür və görən kimi də haray-qışqırığı dəhlizi, mətbəxi başına götürürdü. Sonra da sevinə-sevinə özünü cənab Benqelmanın kabinetinə salırdı:

- Bodo yenə şeir yazır!

Dəhşətli dərəcədə ciddi adam olan cənab Benqelman çığırırdı:

- O donuz haradadır? – Benqelmanlar ailəsinin lüğət tərkibində bir az qabalıq vardı! Sonra da “əzişdirmə" mərasimi başlayırdı. Bütün lirik şairlər kimi kövrək olan Bodonun əl-ayağını bağladıb pilləkənlə aşağı sürüyür və cənab Benqelmanın istifadə etdiyi dəmir xətkeşlə döyürdülər. Axırda Bodo gəlib öz şeirlərini bizdə yazmağa başladı. İndi yetmişə yaxın çap olunmamış şeiri məndədir. Hamısını da ondan yadigar saxlayıram. Həmin şeirlərdən biri belə başlayır: "Ay satqın, sözgəzdirən Lotte…" Bodo şeirdə alliterasiya formasına yenilik gətirən şair hesab olunur.

Bodo bu əzablar içində boğula-boğula, döyülə-döyülə on səkkiz yaşına çatdı və orta yetkinlik dövrünün ən gözəl çağlarına qədəm qoydu. Onu divar kağızı satan bir tacirə şəyird verdilər. Burdakı şərait Bodonun poetik məhsuldarlığının inkişafı üçün böyük zəmin yaratdı. Sərxoş tacir çox vaxt piştaxtanın altına girib yatır, Bodo da nümunə üçün qoyulmuş divar kağızlarının arxasına şeir yazırdı...

Beləliklə, Bodo on doqquz yaşına çatdı və dekabr ayının birində bütün şəyirdlik dövrü üçün yığılıb qalmış əlli mark məvacibini aldı. Şeirlərindən üç yüzünü seçib, üç yüz müxtəlif redaksiyaya göndərdi və heç birinə də cavab məktubunun haqqını əlavə eləmədi. Bu, ədəbiyyat aləmində hələ indiyəcən görünməmiş bir cəsarət idi! Dörd ay keçəndən sonra iyirmi yaşın içində olan Bodo birdən-birə məşhurlaşdı. Şeirlərindən yüz əlli ikisi çap olundu və qan-tərə batan poçtalyon da hər səhər Benqelmanların evinin qarşısında öz velosipedindən düşəsi oldu. Bodonun sonrakı gəlirini hesablamaq üçün şeirlərinin sayını qəzetlərin sayına vurmaq, alınan rəqəmi də qırx dəfə artırmaq lazımdır.

Ancaq heyif ki, öz şöhrətindən ikicə il ləzzət ala bildi. Axırda da gülməkdən qıc olub öldü. Bir gün mənə etiraf elədi ki, “şöhrəti adicə poçt xərci ilə də qazanmaq olar". Sonra da pıçıltı ilə sözünə davam etdi:

- Axı mən o şeirləri elə-belə, maraq üçün göndərmişdim.

Bu sözləri deyib şaqqanaq çəkdi, güldü, güldü... və birdən də keçindi! Bu sözlər onun nəsrlə dediyi yeganə sözlər idi və mən də hamısını olduğu kimi gələcək nəslə çatdırıram. Bodoya ən çox şöhrət qazandıran “Teodora haqqında nəğmələr" kitabı oldu. Kitaba hələ də tayı-bərabəri olmayan iki yüz odlu-alovlu məhəbbət şeiri salınıb. Onun mövzusu barədə müxtəlif tənqidçilər müxtəlif ədəbi esselər yaratmış və Teodoranın kim olduğunu müəyyənləşdirməyə çalışmışlar. Hətta biri utanmaz-utanmaz onu hələ də yaşayan çağdaş bir şairə ilə eyniləşdirmiş və elə inandırıcı dəlillər gətirmişdi ki, Bodonun üzünü belə görməyən yazıq şairə çox pərt olmuş, məcburiyyət qarşısında qalaraq özünün Teodora olduğunu etiraf etmişdi. Lakin həmin qız o deyil. Dəqiq bilirəm ki, o deyil, çünki Teodoranı yaxşı tanıyıram. Onun adı Kete Barutiskidir və özü də “Bekerin ucuz mallar mağazası"ndakı altıncı piştaxtanın arxasında dayanıb, yazı ləvazimatı satır. Bodonun bütün şeirləri “Bekerin ucuz mallar mağazası"ndan alınmış kağızlara yazılıb. Onunla bu piştaxtanın önündə çox dayanmışıq. Yeri gəlmişkən, Kete Barutski cazibədar qızdır. Sarışındır, azacıq da fısıldayır. Böyük ədəbiyyatdan xəbəri yoxdur və axşamlar tramvayda həmin mağazada işləyənlər üçün güzəştli qiymətə satılan “Bekerin ucuz kitabları"nı oxuyur.

Bodonun özü də qızın hansı kitabları oxuduğunu bilirdi. Ancaq bu, onun məhəbbətinə zərrə qədər də xələl gətirmirdi. Tez-tez mağazanın qarşısında durub Keteni güdür, gah yay axşamlarında, gah da payızın çiskinli günlərində onun arxasınca sürünür, yaşadığı qəsəbəyə qədər gedib çıxırdıq. Qız indi də orda qalır. Heyif ki, Bodo çox utancaq olduğu üçün ürəyini qıza aça bilmədi. Qəlbi od tutub yansa da, məhəbbətini dilinə gətirə bilmədi. Hətta məşhurlaşandan sonra pul sel kimi axanda da ilahələr kimi gülümsəyən, ilahələr kimi fısıldayan o qəşəng qızı – balaca Kete Buritskini görmək xatirinə alverini yenə də “Bekerin ucuz mallar mağazası"nda eləyirdi. Elə buna görədir ki, “Teodora haqqında nəğmələr kitabı”nda, “sehrli cəh-cəhi," “həlim ifadəsi" tez-tez işlənir…

Bodo ona tez-tez şeirlə yazılmış imzasız məktublar göndərirdi. Ancaq mən – epik janrda yazan sadə adam kimi çox sadə bir təşbehlə deyə bilərəm ki, həmin məhəbbət məktublarının son mənzili Buritskinin sobası olurdu... Hətta indinin özündə də “Bekerin ucuz mallar mağazası"na tez-tez gedirəm. Axır vaxtlar Keteni cavan bir oğlanla görürəm. Aydın məsələdir ki, o, Bodo qədər utancaq deyil. Özü də geyimindən çilingərə oxşayır... Əlbəttə, mən də bu ədəbi mübahisələrə qoşularaq Bodonun yaratdığı “Teodora"nın Kete Barutski olduğunu sübut eləyə bilərəm. Ancaq eləmək istəmirəm, çünki Kete ilə çilingərin səadətinə qıymıram. Yalnız hərdən həmin mağazaya gedib rəngbərəng kağızların, “Bekerin ucuz kitabları"nın arasında eşələnir, pozan axtarır, Keteyə baxır və... tarixin nəfəsini duyuram…