Tarixdə ilk məşhur poliqlot Ponti çarı Mitridat VI Evpator olub. O, özünün çoxmillətli ordusuyla uzun müddət Roma imperiyasına qarşı döyüşüb. Deyirlər, Mitridat 22 dil bilib və öz əyanları ilə müxtəlif dillərdə danışıb. Ona görə də paralel mətnlərin bir çox dillərdə nəşri (xüsusilə Bibliyada) "mitridat" adlanır.
Ən məşhur qadın poliqlot Misir hökmdarı Kleopatradır (bizim eradan əvvəl 69–30-cu illər). Salnaməçilər yazırlar ki, onun səsi insanın ruhunu oxşayır, dili isə istənilən ahəngə, istənilən ləhcəyə yatırdı. O, bir çox barbarlarla tərcüməçiylə danışsa da, efiopiyalılar, troqloditlər, yəhudilər, ərəblər, suriyalılar, midiyalılar və parfiyalılarla dilmancsız danışırdı. Deyilənə görə, Kleopatraya qədər çarlar heç Misir dilini də bilmirmiş. Yunan və latın dilləri də daxil olmaqla Kleopatra 10-a qədər dil bilib.
Sonralar kardinala qədər yüksələn kasıb dülgər oğlu Cüzeppe Qasparo Metsofanti (1774–1849) də məşhur poliqlotlar sırasındadır. Müxtəlif mənbələrin məlumatına əsasən, o, təxminən yüzə qədər dil bilib. Bunlardan otuzunu mükəmməl bildiyi haqqında məlumatlar var. O, əsas Avropa dillərindən başqa macar, alban, qədim yəhudi, ərəb, türk, fars, Çin və başqa dilləri mükəmməl bilirdi və asanlıqla bir dildən başqa dilə keçirdi. Məsələn, A.V.Suvorov və N.V.Qoqolla görüşəndə o, rusca danışıb. Metsofanti hətta müxtəlif dillərdə şeir də yazıb.
Macar tərcüməçisi və yazıçısı İştavan Dabi 103 dildən birbaşa tərcümələr edib.
XX əsrin vunderkindi Uilyam Ceyms Sidis artıq səkkiz yaşında səkkiz, 30 yaşında isə 30 dil bilirdi.
Rus şairi-tərcüməçisi Osip Borisoviç Rumer 26 dil bilib.
İtalyan, Covanni Piko della Mirandola 22 dil bilib.
Müğənni, aktyor Pol Robson 20-dən çox dildə danışıb.
Fransız şərqşünası, misirşünaslığın banisi, Rozetta daş kitabələrini oxumuş Jan-Fransua Şampolyon 20 yaşında artıq 13 dil bilirdi.
XIX əsr çeçen mühəndis-memarı, hüquqşünası və ilahiyyatçısı Yusif Hacı Səfərov 12 dildə danışıb.
Sovet şərqşünası Yulian Konstantinoviç Şutski fərqli dil qruplarına aid 18 dil bilib.
Publisist və diplomat Aleksandra Mixaylovna Kollontay ingilis, alman, fransız, isveç, norveç, fin və başqa dilləri dərindən mənimsəmişdi.
Ukrayna şairi, tərcüməçisi, ədəbiyyat tarixçisi və nəzəriyyəçisi Qriqori Koçur iyirmi səkkiz dildən (bəzi məlumatlara görə qırx dildən) birbaşa tərcümələr edib.
Başqa bir Ukrayna tərcüməçisi, ədəbiyyat tarixçisi, lüğətçi Nikolay Lukaş iyirmidən artıq dil bilib. O, Ukrayna dilinə 14 müxtəlif dillərdən bədii tərcümələr edib.
Rus linqvisti Sergey Anatolyeviç 40 dil bilib.
Tərcüməçi Boris Braynin 15 dildə sərbəst danışa və yaza, 26 dildən isə şeiri orijinaldan çevirə bilib.
Alim və yazıçılar arasında da poliqlotlar az deyil.
Lev Tolstoy 15-ə yaxın, o cümlədən ingilis, fransız və alman dillərini mükəmməl bilir, polyak, çex, italyan dillərində isə sərbəst oxuyurdu. Bundan başqa, Tolstoy yunan, latın, tatar, Ukrayna və kilsə dilini, holland, türk, qədim yəhudi, bolqar və başqa dilləri də müəyyən səviyyədə bilib.
Dramaturq, diplomat Aleksandr Qriboyedov 9 dil bilib. Gənc yaşlarından alman, fransız, italyan və ingilis dillərinə yiyələnən Qriboyedov sonralar yunan, latın, fars, ərəb və türk dillərini də öyrənib.
Təmsilçi İvan Krılov fransız, italyan və alman dillərini bilib; sonralar qədim yunan və ingilis dillərini də mənimsəyib.
Nikolay Çernışevski artıq 16 yaşında 9 dili – latın, qədim yunan, fars, ərəb, tatar, qədim yəhudi, fransız, alman və ingiliscəni mükəmməl bilib.
Alman alimi İohann Martin Şlayer 41 dil bilib. Görünür elə bu səbəbdən o, esperantonun sələfi olan volapyuk dilini yarada bilmişdi.
Dövrümüzdə də poliqlotlar az deyil.
Məsələn, Belçikadan olan 43 yaşlı mühəndis – memar İohann Vandevalle 31 dil bilir.
İtaliyalı linqvist Alberto Talnavani isə bütün Avropa ölkələrinin dilində sərbəst danışa bilir.
Hazırladı: Narıngül ƏLİYEVA