Demək olar ki, bütün məşhur bədii əsərlərin özünəməxsus sirr pərdəsi var. Belə əsərlərdən bir neçəsini təqdim edirik:
İngilis yazıçısı Aqata Kristinin "Ağ at mülkü" povestində təsvir etdiyi talli adlı nadir zəhər bir nəfərin həyatını xilas edib. Belə ki, 1977-ci ildə London xəstəxanalarından birinə naməlum xəstəliyə tutulmuş bir qız gətirilir. Povesti yenicə oxumuş tibb bacılarından biri qızın talli ilə zəhərləndiyini başa düşür. Beləliklə, xəstəni xilas etmək mümkün olur.
Rey Bredberinin "Frangeyt üzrə 451 dərəcə" romanının adı təsadüfi seçilməyib. Bredberi kağızın məhz bu hərarətdə öz-özünə alışıb yandığını zənn edirmiş. Bu səhv informasiyanı ona yanğın xidmətində işləyən dostları vermişdi. Əslində isə kağızın alovlanması üçün temperatur Selsi üzrə 450 dərəcədən bir qədər artıq olmalıdır.
Corc Oruellin "1984" roman-antiutopiyasında dəfələrlə vurğuladığı məşhur "İki dəfə iki bərabərdir beş" düsturu müəllifin ağlına Sovet İttifaqında bir vaxtlar məşhur olan "Beşillik planı dörd ilə yerinə yetirək!" şüarını eşidəndə gəlib.
Lev Tolstoy "Hərb və sülh" romanına inamsız münasibət bəsləyib. O, 1871-ci ilin yanvarında Afanasi Fetə belə bir məktub göndərib: "Çox xoşbəxtəm. Bir də heç vaxt "Hərb və sülh" kimi sicilləmə yazmayacam".
Coan Roulinq "Harri Potter və fəlsəfi daş" romanını 1995-ci ildə bitirəndən sonra ədəbi agent əlyazmanı 12 nəşriyyata göndərib, amma hamı kitabın çapından imtina edib. Yalnız bir ildən sonra Londonun kiçik "Bloomsbury" nəşriyyatı təkliflə razılaşıb. Amma nəşriyyatın baş redaktoru əmin idi ki, Roulinq uşaq kitabları ilə uğur qazana bilməyəcək, hətta ona dolanışıq üçün yaradıcılıqdan savayı nəsə bir işlə məşğul olmağı da məsləhət görmüşdü.
Yan Fleminq Yamaykada quşları müşahidə edən vaxt Ceyms Bond adlı bir ornitoloqun kitabı ilə tanış olub. Bu ad qısalığı, qeyri-romantikliyi və çox adiliyi ilə onun gələcək “Royal kazinosu” romanının qəhrəmanı üçün münasib ada çevrilib. Bu fakt "Öl, ancaq indi yox" filmində də öz əksini tapıb. Belə ki, filmdə xəfiyyə Ceyms Bond Kubaya məhz ornitoloq Ceyms Bond adı ilə gedir.
Mark Tven iddia edirdi ki, onun "Tom Soyyerin macəraları" romanı yazı makinasında yazılan ilk ədəbi əsərdir. Amma tədqiqatçılar iddia edirlər ki, makinada ilk yazı Tvenin özünün "Missisipidə həyat" əsəri olub.
“Min bir gecə nağılları”nda Ələddin ilk əvvəl milliyyətcə çinli olub.
Edqar Allan Ponun 1938-ci ildə qələmə aldığı "Artur Qordon Pimin macəraları haqqında povest" hekayəsində gəminin qasırğaya düşdüyü və cəmi dörd dənizçinin sağ qaldığı epizod var. Dənizin ortasında sal üzərində qalan dənizçilər ərzaqları olmadığından püşk atmaqla bir nəfəri yemək qərarına gəlirlər. Həmin qurban isə Riçard Parker olur. 1984-cü ildə isə gerçəkdən gəmi batır və dörd nəfər qayıqda xilas olur. Həmin dənizçilərin Ponun hekayəsini oxuyub-oxumadıqları məlum deyil, amma nəticədə acından ölməmək üçün onlar da adı məhz Riçard Parker olan matrosu yeyiblər.
Ceyn Osten 1811-ci ildə "Vüqar və qərəz" romanı üzərində işləməyə başlayanda hələ 21 yaşı tamam olmamışdı. Odur ki, naşirlər bu müəllifə ciddi yanaşmayaraq, əlyazmasını geri qaytardılar. Yazıçı yalnız 15 ildən – "Ağıl və hiss" romanı uğur qazanandan sonra nəhayət, həmin o ilk əsərini də nəşr etdirə bildi.