Ən oxunan yazıçılardan biri kimi tanınan Stiven Kinqin "Kitabı necə yazmalı?" əsəri müəyyən qədər proqram, memuar və həyat haqqında düşüncələrindən ibarətdir. Yazıçı həmin kitabı avtomobil qəzasına düşəndən sonra qələmə alıb. Bu sarsıntıdan sonra onun həyata və sənətə münasibətini dəyişib. Kitabdan bəzi fikirləri təqdim edirik:
Təsvir yazıçı təxəyyülündən başlayıb, oxucu təxəyyülündə başa çatır.
Sizdən xahiş elədiyim yeganə şey budur: yaxşı yazmağa çalışın.
Hər dəfə yazmağa başlayanda masanı küncə qoyun və masanın niyə otağın ortasında olmadığını düşünün.
Açıq deyirəm, əgər sizin oxumaq üçün vaxtınız yoxdursa, yazmağa da vaxtınız olmayacaq.
***
Rey Bredberi "Yazıçılıq sənətinin nüvəsi" kitabında təkcə yazıçılıq təcrübəsini bölüşmür, həm də peşəsindən zövq alması ilə yadda qalır. Müdriklik və entuziazmla zəngin olan kitab Bredberinin yazıçılıq manifesti hesab olunur:
Sizin rəng, forma və dünya qavrayışınızı aydınlaşdıran kitabları oxuyun.
Həqiqətin ağrı-acısından ölməmək üçün insana sənət lazımdır.
Mədəniyyət bəzən xəzinə, bəzən zibil kimi hər yerə səpələnir.
***
Larri Fillips "Ernest Heminquey yazıçılıq haqqında" kitabında yazır ki, Heminquey israrla yazıçılığın əbəs vaxt itkisi olduğunu iddia edirdi. Bununla belə, o, hekayələrində, məktublarında, müsahibələrində və məqalələrində bu peşəylə bağlı düşüncələrini bölüşürdü. Fillips onun yazıçı şəxsiyyəti və peşəsinin ən vacib cəhətlərini özündə əks etdirən fikirlərini toplayıb:
Bütün yaxşı kitabların bir oxşar cəhəti onların gerçəkliyə uyğun gəlməsidir. Həmin kitabları oxuyanda hiss eləyirsən ki, elə bil bütün bu hadisələr sənin başına gəlib. Sonra elə hiss eləyirsən ki, hər şey – xeyir-şər, riqqət, tövbə, kədər, insanlar, yerlər, hətta hava da sənə məxsusdur. Əgər bunları oxucuya verə bilmisənsə, deməli, yazıçısan.
Simvolizm-filan yoxdur. Dəniz dənizdir, qoca qocadır, oğlan oğlandır, balıq da balıqdır. Köpəkbalığının hamısı eynidir – yaxşısı ya pisi yoxdur. Adamların ətrafında mülahizə yürütdükləri simvolizm mənasızlıqdan başqa bir şey deyil.
Ömrüm boyu sözə elə baxmışam ki, sanki onu ilk dəfədir, görürəm.
İlk əvvəl istedad, özü də böyük istedad lazımdır. Kiplinqin istedadı kimi. Sonra şəxsi intizam: Floberin şəxsi intizamı kimi. Sonra saxtalıqdan qorunmaq üçün mütləq vicdan lazımdır. Ardınca yazıçıdan intellekt və təmənnasızlıq, ən başlıcası isə salamat qalmaq bacarığı tələb olunur. Bəli, ən vacib şərt salamat qalmaqdır! Axı vaxtı azdır, işini axıra çatdırmalısan.
***
Görkəmli rus yazıçısı və publisisti Konstantin Paustovski daha çox portret yazılar müəllifi kimi qəbul olunsa da, yaradıcılıq prosesinin təhlilinə də xeyli vaxt ayırırdı. O, yazıçı sənətkarlığı barədə fikirlərini ədəbiyyatçılar üçün dəyərli vəsait olan "Qızıl qızılgül" kitabında toplayıb. Paustovskinin fikrincə, yazıçı rəngləri rəssam qədər duymalıdır. Onun kitabında faydalı məsləhətlərlə yanaşı, dilə heyranlıq nəzərə çarpır.
Fikir duyğular və yaddaş qeydləri ilə dolu olan insan beynində ildırım kimi çaxır. Bütün bunlar sezilmədən, asta-asta qaçılmaz partlayış yaranan səviyyəyədək yığılır.
Heç vaxt düşünmə ki, bu moruq kolu, yaxud orkestrdəki o ağsaçlı çalğıçı nə vaxtsa yazacağın hekayə üçün sənə lazım olacaq, ona xüsusi diqqətlə, hətta xüsusi sənətkarlıqla baxmalı, müşahidə eləməlisən. Müşahidə eləmək, sadəcə sənin peşə borcundur. Hətta ən uğurlu müşahidələri belə zorla nəsrə daxil etmək olmaz. Onsuz da vaxtı yetişəndə onlar özləri gəlib yerlərini tuturlar.
Hazırladı: Nəriman