Elektron ədəbiyyat və sənət portalı

Bütün dillərin tərcümanı və ya tərcümənin tarixi

Bölmə: Tərcümə sənəti 13.08.2018

Araşdırıcıların əlində kifayət qədər dəlil ol­madığından tərcümə­nin yarandığı tarixi və məkanı dəqiq müəyyənləş­dirmək çox çətindir. Amma bir fakt mübahisəsizdir ki, tərcümə lap qədim zamanlarda, xalqlar, ay­rı-ayrı dillərdə danışan qəbilə­lər, yaxud etnik qruplar arasında ünsiyyətə ehtiyac yarananda meydana gəlib. Tərcü­mənin yaranması bila­vasitə dünya xalqları dillərinin meydana gəlməsi ilə bağlıdır.

Tərcümə təcrübələri və miflər

Babil qədim zamanlardan çoxdilliliyin məskəni kimi qəbul olunduğundan tərcüməçilərin sonrakı fəaliyyətinə təsir göstərməyə bilməzdi. Müasir tərcüməçilər üçün Babil onların peşələrinin simvoludur. Beynəl­xalq Tərcüməçilər Federasiyasının jurnalı "BABEL" adlanır ki, bu da qədim yəhudi dilində Babil deməkdir. Bir çox tərcümə kitablarının üz qabığında Babil qülləsinin surəti var.

Babil haqqında əfsanə həm də linqvistik nöqteyi-nəzərdən ma­raqlıdır. Ona görə ki, Bibliyada mifik şəkildə hallanan "Babil" sözünün, çox güman ki, dillərin qarışığı ilə heç bir əlaqəsi yoxdur.

Tərcümə ilə əlaqədar ilk tari­xi şəhadətlərə gələndə isə, hə­min şəhadətlər eramızdan əvvəl III minilliyə aiddir. Tərcümədən söhbət gedən və günümüzəcən gəlib çatan qədim abidələrdən olan Asuan kitabələrində göstərilir ki, misirlilərin Nil çayı adasın­dakı Elefantina knyazları həm də tərcüməçilər idilər. Nubiyalılar və misirlilərin yana­şı yaşadıqları həmin sərhədyanı ərazidə tərcüməçilik fəaliyyəti­nin əsasını təşkil edən ikidillilik inkişaf edirdi. Misirlilərin və se­mitlərin yaşadıqları Sinayın mis mədənləri əhalisinin tərcüməçiləri vardı. Tərcüməçi­lər hərbi yürüşlərdə iştirak edir, ticarət karvanları ilə birgə səfər­lərə çıxırdılar.

İddialara görə, eramızdan əv­vəl baş vermiş və qədim papi­rus üzərində yazılmış əfsanədə Qədim Misirdəki yazılı tərcümə fəaliyyəti haqqında məlumat ve­rilib. Belə ki, katiblərdən birinə təbabət allahı sayılan İmxotepin yaratdı­ğı möcüzələrdən bəhs edən Mi­sir kitabını yunan dilinə tərcümə etmək göstərişi verilir. Tərcü­məçi tənbəl olduğundan iş də çox ləng gedirmiş. İmxotep ka­tibi xəstələndirir və əlində kitab onun yuxusuna girir. Tərcüməçi bu əlaməti düzgün başa düşür. O, işini qısa müddətdə bitirir və sağalır. Düzdür, bu ibrətamiz əhvalat tarixi faktları bir qədər təhrif edir. Belə bir təəssürat ya­ranır ki, biz tarixi materiyanın

dərinliklərinə getdikcə vəziyyət daha da mürəkkəbləşir. Ötən mürəkkəb tarixdə yüzillik, hətta minillik dövrümüzdəki illər və aylar kimi qəbul olunur. Doğ­rudan da, bəzi mənbələrə görə, İmxotep real tarixi şəxsiyyət, fi­ron Ciserin (e.ə. 2780–2760) me­marı və baş naziridir. Həqiqətən də, ona müdrikliyin, təbabətin və sehrbazlığın yarımallahı kimi si­tayiş edirdilər. Qədim yunan di­linə gələndə isə, həmin dilin for­malaşması yalnız e.ə. XIV əsrə aid edilir. Bu dilin yazılı forması isə daha da gec, yalnız e.ə. IX–VIII əsrlərdə meydana çıxıb. Ola bilsin ki, burada söhbət yunan dilindən yox, e.ə. II minilliyin or­talarında mövcud olmuş finikiya dilindən gedir.

Artıq e.ə. III əsrdə tərcümə­çilik fəaliyyətinin mövcudluğunu As­suriyanın paytaxtı Nineviyada tapılmış gil lövhələr də aşkara çıxarır. Assuriya çarı Aşşurbanipal (e.ə. 669–663-cü illər) yazılı nitqdə çox yüksək nailiyyətlər əldə etmiş hökmdarlardan idi. O, bütün Babil və şumer mətnlərini saraylarının birində toplamağı əmr etmişdi. Dünya­nın bu ilk kitabxanasındakı kol­leksiyanın böyük bir hissəsi babillilərin və şumerlərin tərcümə üçün istifadə etdikləri çoxdilli sözlüklərdən ibarət idi. Həmin sözlüklərin ən qədimi Akkadlı Sarqonun hökmdarlıq etdiyi (e.ə. 2872–2817-ci illər, bizim xro­nologiyaya görə XXIV əsr) dövrə məxsus idi. O, öz qəhrəmanlıqla­rının müxtəlif dillərdə vəsf olun­masını çox sevirdi.

Tərcümə tanrısı

Böyük yunan sivilizasiyası cə­miyyətin tərcüməçilərə münasi­bəti haqqında əsaslı bir şəhadət qoymayıb. Tərcüməçilik fəaliy­yətinin incəliklərinin yunanları maraqlandırması barədə məlumat verən mətnlər və hətta ayrı-ay­rı fikirlər günümüzəcən gəlib çatmayıb. Qədim yunan xalqı­nın dilinin mükəmməlliyini, dil mədəniyyətini və ədəbiyyatını nəzərə alsaq, bu ziddiyyətə inan­maq çətindir. Amma tarixçilərin güman etdikləri kimi, məhz dil və ədəbiyyatlarının inkişafı qə­dim yunanlarda milli təşəxxüs hissinin, yunan mədəniyyətinin müstəsnalığı təsəvvürünün yaranmasına səbəb olub, onlar digər xalqların dilinə, ədəbiy­yatına və mədəniyyətinə etina­sız münasibət bəsləyiblər. Onlar başqa dilləri barbar dilləri adlan­dırırdılar. Varvaros yunan sözü isə məhz yad dillərə onların nifrətamiz münasibətini ifadə edir.

Yunanlar milli təşəxxüs və öz dil mədəniyyətlərinin müstəsnalı­ğı ilə bağlı təsəvvürləri üzündən bar­bar xalqların ədəbiyyatını tərcü­mə etməyə can atmırdılar. Əksinə, yunan dili və yunan mədəniyyəti yamsılamaq üçün nümunə, digər xalqların tərcümə etmələri üçün mənbə rolu oynamalı idi.

Buna görə də, ola bilsin ki, qə­dim ellinlərdə tərcümə münasib məşğuliyyət hesab olunmurdu. Bu gün qədim yunanların tərcümə işi­nə münasibəti haqqında dəqiq fikir söyləmək çətindir, çün­ki bununla bağlı heç bir şəhadət yoxdur. Amma bizə gəlib çatan natiqlik sənəti, fəlsəfə, riyaziyyat və başqa elmlərə dair əsərlər yu­nanların elmi maraqları barədə fikir yürütməyə imkan verir.

Bununla belə, yunanların Hermes adlı tanrısı vardı. Qədim Yunanıstanın Orfey haqqında miflərinin birində Hermes "bütün dillərin tərcümanı", tərcüməçilərin əcdadı hesab olunur.

Məlum olduğu kimi, Hermesin atributları qanadlı şlyapa və qanadlı səndəllər olub. Bu da müvafiq olaraq, fikir çevikliyini və tapşırıqların cəld yerinə yeti­rilməsini simvolizə edirdi. Hermes müqəddəs Olimplə insan arasında­ vasitəçi idi, o, adamlarla daim təmasda olur, onlara öz fikirləri­ni sözə çevirməyi öyrədirdi.

Hermes haqqında mifdə diqqə­ti hər şeydən əvvəl onun vasitəçi funksiyası və fikirləri "tər­cümə etməsi", sözə çevirməsi cəlb edir. Hermesə səyyahlar da, natiq­lər də, oğrular da sitayiş edirdilər. Hermes Olimpdən təlxək, araqa­rışdıran və oğru kimi qovulmuşdu. O, həm də hamının sevimlisi idi. Olimp Hermessiz boş və cansıxı­cı görünürdü. Zevs onu özünün vasitəçisinə, xəbərçisinə, çaparına çevirdi. "Çevik tanrı bütün əmrlə­ri bir göz qırpımında yerinə yetirir, ən çətin vəziyyətdə belə özünü itir­mir, lazım gələndə gözəgörünməz də olurdu". Qədim heykəlciklərdə Hermes çiyninə etinasızlıqla ör­tük atmış yaraşıqlı gənc kimi təsvir olunur. Şərh etməyi, öz sözləriylə söyləməyi, izah verməyi, çox vaxt da müasir tərcümə nəzəriyyəsin­də dərketmə mərhələsini, ilkin nitq məlumatının mənasının açılmasını ifadə edən hermenevtika termini Hermesin adından yaranıb.

Hermes əbədi gənc­dir, yoxsa öz qüvvəsini tükədər, əldən düşüb ölərdi. Axı o, gündüz müxtəlif tanrılara xidmət, gecələr yolunu azan­lara səmt göstərməli, ölənlərin ruhunu yerin altına, Aida səltə­nətinə göndərməlidir.

Doğrudan da, müasir tərcüməçinin key­fiyyətləri Hermesin sima­sında özünü büruzə verir.

Amma Hermesdən fərqli ola­raq tərcüməçilər öləridirlər və əbədi gənc qala bilməzlər. Buna görə də belə hesab olunur ki, şi­fahi tərcüməçinin fəaliyyət müd­dəti o qədər də uzun deyil, bu işlə gənclər məşğul olmalıdırlar.

Hermes – bəlağət allahıdır. O, təkcə çevik və hiyləgər de­yil, həm də ağıllı və bacarıqlıdır. Ölçüləri, rəqəmləri və əlifbanı məhz Hermes kəşf edib. Amma başlıcası budur ki, o, bunu in­sanlara da öyrədib. Burada IX əs­rin slavyan maarifçiləri Kiril və Mefodi yada düşür: onlar əlifba­nı yaradandan dərhal sonra yu­nan dilindəki bir neçə dini kitabı slavyan dilinə tərcümə etdilər.

 

Hazırladı: N.Əbdülrəhmanlı