Nobel mükafatı laureatı İosif Brodskinin 1988-ci ildə Miçiqan Universitetinin məzunları qarşısındakı məşhur çıxışının üstündən uzun illər keçsə də, hələ də ədəbi aləmin yaddaşından silinməyib. Həmin çıxışdan bəzi müddəaları oxucuların diqqətinə çatdırırıq:
1. Fikrinizi nitqinizin dəqiqliyi üzərində cəmləşdirin. Öz lüğətinizi genişləndirməyə çalışın, onunla elə rəftar edin ki, elə bil bank hesabınızdır. Ona çoxlu vaxt ayırın, bununla öz yatırınızı artırmış olarsınız.
Məqsəd özünüzü mümkün qədər tam və dəqiq ifadə etmək imkanı qazanmaqdan ibarətdir. Bir sözlə, məqsəd – sizin müvazinətinizdir. Çünki deyilməmiş, ifadə olunmamış sözlərin fikrinizdə yığılıb qalması mütləq sizin əsəb böhranı keçirməyinizə səbəb olacaq.
Sadəcə lüğət almaq, həmin lüğəti hər gün oxumaq lazımdır. Bəzən şeir kitabları da mütaliə etmək olar. Belə kitablar kifayət qədər ucuzdur – ən bahasının qiyməti bir dəfə psixiatrın qəbulunda olmaqdan ucuz başa gəlir.
2. Valideynlərinizə qarşı mərhəmətli olun. Əgər bu, "ata-ananıza səcdə edin" kimi səslənirsə, üzr istəyirəm. Mən sadəcə demək istəyirəm ki, onlara qarşı qiyam qaldırmayın. Hər halda, onlar sizdən əvvəl dünyalarını dəyişəcəklər, bu mənada özünüzü ən azı bir günahdan təmizləmiş olarsınız.
3. Siyasətçilərə o qədər də arxalanmayın. Onların başı çox qarışıq olur. Siyasətçilər sosial problemləri həddən artıq azalda bilərlər, amma onu aradan qaldıra bilməzlər. İnkişaf nə qədər sürətli olursa-olsun; ən azı bir neçə adam həmin inkişafdan pay ala bilməyəcək.
Dünya mükəmməl deyil. Qızıl əsr heç vaxt olmayıb və olmayacaq. Buna görə də yalnız özünüzə güvənməli, öz dünyanızı özünüz sərbəst idarə etməlisiniz.
4. Sadə olmağa çalışın. Dünyada insan həddən artıq çoxdur, tezliklə bundan da artıq olacaq. Günəşin altında yer qazanmaq mütləq başqalarının hesabına baş verəcək. Məcbur qalıb digərlərinin ayağını basmalı olmağınız o demək deyil ki, həm də onların çiyninə dırmaşmalısınız. Ona görə də varlı, ya məşhur, yaxud da həm varlı, həm də məşhur olmaq istəyirsinizsə, işiniz avand olsun, amma bütün ömrünüzü bunlara həsr etməyin.
5. Özünüzü qurban saymaqdan hər vəchlə qaçın. Vəziyyətiniz nə qədər xoşagəlməz olsa da, bu işdə kənar qüvvələri – dövrü, dövləti, irqi, rəhbərliyi, valideynlərinizi, mühiti... günahlandırmayın.
Günahı nəyinsə üzərinə yıxmaq özünüzün nəyisə dəyişmək qətiyyətinizi sarsıdır və məsuliyyətsizlik baş alıb gedir. Həmin boşluğu isə iblislər və boşboğazlar doldurmağı çox sevirlər, çünki mələklər iflic olmuş iradəni xoşlamır.
Ümumiyyətlə, həyata təkcə gözəlliklərinə yox, həm də çətinliklərinə görə hörmət etməyə çalışın.
6. Bağışlamağı bacarın. Qədəm qoyduğunuz dünya haqsızlıqlardan xali deyil. Tezliklə əmin olacaqsınız ki, bura xoşagələn yer deyil. Ona görə də həyatınıza bədbəxtlik gətirməyə çalışan adamlara fikir verməməyə çalışın.
Beləcə, beyninizin hüceyrələrini artıq gərginlikdən xilas edin.
Tərcümə: Nəriman