Mark Tven
Mark Tven uşaqlar üçün şeirlər və nağıllar da qələmə alıb. O, eyni zamanda oxucu məktublarına yumorla cavab verməyi də xoşlayırdı. Yazıçının oxucu məktublarına şərhi hətta ayrıca kitab şəklində nəşr olunub. Tvenin hikmətli sözlərini də sevimli işlərindən biri kimi qəbul etmək olar. Bəs yazıçı necə işləyirdi?
Bioqrafının yazdığına görə o, doyunca yediyi səhər yeməyindən sonra kabinetinə keçir, şam yeməyinəcən oradan çıxmırdı. Tven fasilə vermədən bir neçə saat işləyə bilirdi. Şam yeməyindən sonra yazdıqlarını ailə üzvlərinə oxuyurdu.
Mark Tvenin ən çox sevdiyi məşğuliyyət isə siqar çəkmək idi. Harada olursa-olsun, siqarı daim tüstülənirdi.
Simona de Bovuar
Simona de Bovuar 1965-ci ildə verdiyi müsahibədə onun haqqında formalaşmış "əzabkeş dahi" obrazını dağıtdı. Həmin müsahibəsində o, adi iş rejimi, pis xətti, qəhrəmanlarının adlarını telefon kitabçalarından götürməsi, öz personajlarını ətrafındakı adamlardan “köçürməsi” haqqında danışmışdı.
“Həmişə işə başlamağa tələsirəm. Səhərlər əvvəlcə çay içirəm, təxminən saat 10-da yazı masası arxasında əyləşib günorta saat 1-ə qədər işləyirəm. Sonra dostlarımla görüşür, axşamüstü 5-də evə qayıdıb saat doqquzacan yazıram. Başladığım əsəri davam etdirmək məsələsində heç bir problemim olmur. Fasilədə qəzet oxuya, dükanlara gedə bilərəm. İşimdən böyük zövq alıram. İşim irəli getməyəndə təxminən yarım saatımı əvvəlki gün yazdığım mətnin redaktəsinə sərf edirəm. Sonra isə qaldığım yerdən davam edirəm”.
Vladimir Nabokov
Vladimir Nabokov həm də xüsusi yazıçılıq vərdişləri ilə şöhrət qazanmışdı. İş zamanı sistemli elmi yanaşmadan istifadə edirdi. Üstəlik onun kəpənəklərin təkamülü barədə nəzəriyyəsi alimlər tərəfindən müsbət qiymətləndirilmişdi.
Nabokov məşhur "Lolita" romanını Amerika boyu səyahət zamanı, gecələr dayanacaqda saxladığı maşınının arxa oturacağında yazmışdı. Yalnız bir neçə aydan sonra həmin qeydləri yazı makinasına köçürmək üçün xanımı Veraya vermişdi.
Hazırladı: Nəriman