Qabriele LİBİQ
(Almaniya)
...Tarixin elə dönəminə gəlib çıxmışıq ki, bu gün milli mədəniyyətlər ümumi dil kimi pozuq ingilis dilindən istifadə edə-edə özlərinə böyük ziyan vururlar. Son onillikdə bu «lingua franca» nəinki məişət ünsiyyətində, həm də işgüzar danışıqlarda, diplomatik münasibətlərdə, təəssüf ki, üstəlik elmi tədqiqatlarda da əsas dilə çevrilib. Ünsiyyətin kompüter formaları bu məsələdə mühüm rol oynayıb.
Tərcüməçilərin tarixdə rolu
Başqa dil daşıyıcıları ilə məzmunlu dialoq aparmaq üçün biz ya öz dilimizi və həmsöhbətimizin dilini mükəmməl bilməli, ya da başqa dildə təkcə sözləri yox, eyni zamanda ideya və mənaları ifadə etməyi bacaran səriştəli tərcüməçinin xidmətindən istifadə etməliyik.
Ümumi dil problemini həll etmək və pozuq ingilis dilinin indi hökmranlıq edən qatışığını nə iləsə əvəz etmək üçün məhz səriştəli tərcümələrin zəruri olduğu hamıya məlumdur. Bəziləri hesab edirlər ki, elmi əsərlərin müəllifləri məqalələrini daha yaxşı bildikləri dildə yazmalıdırlar.
Amma tərcüməçilərin rolu mətnin məzmununu başqa dildə dəqiq çatdırmaqla yekunlaşmır. Tərcüməçilər – qarşılıqlı anlaşmanın canlı körpüsüdürlər, onlarsız nə mədəni mübadilə, nə də mədəni inkişaf mümkündür. Millətin mədəni cəhətdən təkmilləşməsinin adətən "İntibah dövrü" adlandırılan bütün əhəmiyyətli mərhələləri fəlsəfə, elm və incəsənət sahəsində müəyyən fundamental əsərlərin başqa dillərə tərcüməsi olmadan baş verə bilməzdi. İslam İntibahı – həm Bağdadda, həm də Əndəlüsdə – qədim sanskrit mənbələrin əvvəlcə qədim yunan, sonra isə ərəb dilinə tərcüməsi əsasında təşəkkül tapıb. Əksər yunan mətnləri sonralar ərəb və latın dillərinə tərcümə edilib. XIV-XV əsrlərin İtaliya İntibahı ilkin mətnlərin qədim yunan dilindən italyan dilinə tərcüməsinin birbaşa nəticəsində baş verdi. İtaliya İntibahı dövrünün əsərləri də öz növbəsində həmin zamanın ingilis dilinə çevrilərək Tüdor İntibahının yaranmasına səbəb oldu. Öz növbəsində Uilyam Şekspirin Kristof Martin Viland tərəfindən alman dilinə tərcümə olunmuş əsərləri İohann Volfqanq Höte və Fridrix Şillerə böyük təsir göstərdi.
Hətta hardasa İntibahın tezisini müəyyən etmək olar: hər hansı bir mədəniyyətin keçmişində və indisində ən mükəmməl, ən ədalətli, ən qiymətli əsərləri axtarıb tapın, onları tərcümə eləyin, öz fikirlərinizlə təkmilləşdirin, beləliklə də onları öz malınıza çevirin. Bu, insanların əqli cəhətdən böhran keçirdiyi dönəmlərdə daha vacibdir. Həmin dövrlərdə keçmişin dahiləri və onların nailiyyətləri ilə təmasda olmaq xüsusilə əhəmiyyətlidir.
İdeyaların ötürülməsi
Fridrix Şillerin "Zəmanət" poeması eramızdan əvvəl IV əsrdə (Kiçik Diomsinin dövrü) mövcud olmuş Sirakuzdan bəhs edir. Həmin dövrdə Platon gənc dostu Dionu həbsxanadan azad etməyə çalışırdı. Poema iki sadiq dost haqqındadır. Müstəbid Dionisi ölümə məhkum edəndə o, ailə vəziyyətinə görə təcili getməli olur və o biri dostu edam yerinə qayıdana qədər girov qalmağa razılıq verir. Şiller həmin poemanın ideyasını Hötedən götürüb...
Poetik ideyalar tarixinin öyrənilməsi Hind-Avropa dillərindəki paralellərin öyrənilməsi qədər maraqlıdır. G.Lessinqin "Müdrik Natan" poemasındakı üzük haqqında təmsili xatırlayaq... Lessinq həmin süjeti C.Bokkaççonun "Dekameron" əsərindən götürüb. "Dekameron"da müdrikin adı Melxisedekdir. Lakin Lessinqin versiyası klassik yambla (şeir bölgüsü – tərc.) qələmə alınıb, xeyli dərəcədə mükəmməldir, buna görə də poemanın konsepsiyasına xüsusi rəng verir...
Beləcə, məlum olur ki, müəllif İtaliya İntibahından ilhamlanaraq həmin irsi ana dilində qələmə almaqla german mədəniyyətini zənginləşdirib.
Görkəmli alman tərcüməçisi Fridrix Rükkert 40 dil öyrənmişdi: fars, türk, rus, ərəb və Çin dillərindəki sanskritləri alman dilinə tərcümə edir, bununla da "Şərq düşüncəsi"nin sirrini alman mədəniyyəti üçün açırdı. Rükkert təkcə ideyaların qəlibini yox, həm də poetik formalarını, ölçü və qafiyələrini alman dilinə çevirməyə nail olmuşdu. Həmin əsərlər orijinal alman əsərləri kimi səslənirdi. O, müxtəlif mədəniyyətlərə mənsub olan insanların qarşılıqlı anlaşmalarına töhfə verməyi özünün mənəvi borcu sayırdı...
Hötenin Mixail Lermontovun tərcüməsində təqdim edilən şeirləri də eynilə bu şəkildə rus ədəbiyyatının bir hissəsinə çevrildi. Tərcüməçi Hötenin "Dağ zirvələri" adlı kiçik bir şeirində duyğuları və səsləri rus qavrayışı ilə daha ahəngdar səslənən sözlərlə ifadə edə bilmişdi.
Aleksandr Puşkin isə bu sənətin ən yüksək zirvəsinə qalxdı. Şairin bioqrafı və poeziyasının tərcüməçisi olan alman professor Ralf-Ditrix Keyl Puşkinin anadan olmasının 200 illiyi münasibətilə nəşr edilmiş “Seçilmiş əsərləri”nə yazdığı son sözdə (1999) qeyd edirdi ki, tez-tez Avropa süjetlərindən istifadə etməsinə baxmayaraq, Puşkin öz əsərləri üçün sırf rus forma və obrazları tapmağı ustalıqla bacarırdı...
Professor Keyl yazır ki, Puşkinin "1001 gecə" nağıllarından, Qrimm qardaşlarının əsərlərindən və Vaşinqton İrvinqin "Əl-Həmra"sından götürdüyü süjetlər rus dilində o qədər mükəmməl ifadə edilib ki, balaca uşaqlar da, onların nənələri də həmin əsərləri orijinal kimi qəbul edirlər. Eyni zamanda çoxlu məzmun uyğunluqları ilə yanaşı, Avropa klassik ədəbiyyatı süjetləri Puşkinin qələmi ilə məxsusi rus çalarları qazanıb...
Puşkinin qələmi alman nağıllarına faciənin, hadisənin və gözəlliyin çoxlu yeni cizgilərini daxil edir, rus mədəniyyətini tədqiq edənlər üçün kəşfə çevrilir, həmin adamlarda rus dilinə maraq yaradır, onları rus dilini daha dərindən öyrənməyə təhrik edir.
Bəli, tərcümənin dünən də, bu gün də mədəniyyətlər arasında ən dayanıqlı körpü olduğu danılmaz həqiqətdir. Həmin körpünü salanlar isə peşəkar və fədakar tərcüməçilərdir.
Tərcümə edən: N.ƏBDÜLRƏHMANLI