Elektron ədəbiyyat və sənət portalı

Uçurumdan qorunan Selincer

Bölmə: Art 27.08.2018

"...Təqribən iki günə uzaq Qərbə çata bilərəm. Oralar həm gözəldir, həm də günəşi boldur. Orada məni tanıyan-zad da olmayacaq. Özümə bir iş də tapsam, hər şey yoluna düşəcək. Yanacaqdoldur­ma məntəqələrinin birində asanca işə düzəlib, onun-bunun maşınına benzin, yağ dolduraram. Nə iş olur-olsun, mənim üçün elə bir fərqi yoxdur, təki nə məni tanısın­lar, nə də mən onları tanıyım. Özümü lal-karlığa da vura bilərəm. Bununla da hər cür sarsaq, mənasız söz-söhbətdən canım qur­tarar. Qazandığım pula da özümə daxma tikdirib, ömrümün axırına kimi o dax­mada yaşayaram".

1951-ci ildə "Çovdarlıqda uçurum­dan qoruyan" romanında bu sözləri yazan Selincer 14 il sonra eynilə qəhrəmanı Holden Kolfild kimi Qərbə çatır, Korniş şəhərciyindəki dağlara sığınır, özünü lal-karlığa vurur, nə mü­sahibə verir, nə şəkil çək­dirir, nə də əsər çap etdirir. Yaratdığı qəhrəmanları Tanrıdan da çox sevən Selincer özü də əslində Holden Kolfild qədər təzadlı, bir o qədər də sadə qəhrəman idi.

Cerom Devid Selincer 1919-cu il yanvarın 1-də Nyu-Yorkda anadan olub. Litva yəhudisi olan atası Solomon Selincer yağ-pendir istehsalı ilə məşğul idi. Yazıçının katolik təriqətli anası Meri Cil­lik ailə üzvlüyünə qəbul olunmaq üçün adını dəyişərək, Məryəm adıyla yəhudiliyi qəbul eləyib.
Təhsil aldığı nüfuzlu kollec və məktəblərin çoxundan qovulan Selincer axır ki, hərbi məktəbə daxil olur. Burada həm nizam-intizam öyrənir, həm də yazmağa başlayır. Gecələr yorğanın altında fənər işı­ğında fasiləsiz işləyir.
Selincer normal ali təhsil ala bilmə­yib. 1930-cu illərdə pendir və kolbasa istehsalını öyrənmək üçün getdiyi Pol­şadan, Avstriyadan da əliboş qayıdıb. Atası fərasətsiz oğlunun yazmaq, bö­yük yazıçı olmaq arzusunu səfehlik sayırmış. O, övladının öz davamçısı olmasını istəsə də, pendir gənc Selinceri qətiyyən maraqlandırmaz, buna görə də ailədə narazılıq yaranarmış. Yeganə romanını həsr elədiyi anası isə Selinceri sona qədər dəstəkləyib.
40-cı illərdə Cerom Uil Bernetin ədəbi kurslarına yazılır. Ame­rikanın ən tanınmış yazıçılarının ilk dəfə dərc olunduğu "Stori maqazin" jurnalının redaktoru olan Bernet Selincerə əməlli-başlı atalıq eləyir. O, Bernetin xeyir-duası ilə ilk hekayəsini qələmə alır. Redaktor "Yeniyetmələr" hekayəsinə görə Ceroma 25 dollar qo­norar da ödəyir.
Ancaq Selincerin ən böyük arzu­su "Nyu Yorker"in səhifələrində görünmək idi. Dəfələrlə rədd cavabı alsa da, təslim olmurdu. Nəhayət, 1941-ci ilin sonunda arzusuna çatdı. Amma Holden Kolfild haqda yaz­dığı "Medison Avenyudakı yüngül etiraz" hekayəsi müharibə başla­nandan sonra arxivə atıldı.


Çaplinə məğlubiyyət

1941-ci ildə 22 yaşlı Cerom füsun­kar Uno O'Nilə aşiq olur. 16 yaşlı Uno Nobel mükafatı qazanan yega­nə amerikalı dramaturq Yucin O' Nilin qızı idi. 17 yaşından aktrisalıq eləməyə başlayan Uno isə həmişə özündən yaşca böyük kişilərlə eşq macərası yaşayırdı, onu adətən intel­lektual qocalar cəlb edirdi...
1941-ci ilin sonunda Cerom cəb­həyə getmək üçün siyahıya yazılır. Tibbi komissiya onu orduya yararsız sayıb sağlamlıq kağızı verməsə də, inadkar Selincer fikrindən dönmür, 1942-ci ilin yazında nəhayət arzusu­na çatıb müharibəyə yollanır. Bun­dan sonra cəbhədən Unoya yazdığı məktublar onun yeganə əyləncəsinə çevrilir. Ancaq xanım O'Nil Kalifor­niyaya köçəndən sonra Selincerin məktublarına cavab gəlmir.
Həmin illərdə Çarli Çaplin yeni filmi üçün aktrisa axtarışına çıxır. Ziyafətlərin birində soba qarşısında oturan Uno onun diqqətini çəkir.
1943-cü ildə Uno O'Nil özündən 36 yaş böyük Çarli Çaplinlə ailə qurur. Bu xəbər Selinceri sarsıdır. Avropanı fəth etməyə hazırlaşan gənc sevdiyi qızdan məktublarına cavab gözlədiyi bir vaxtda qəzetlər­dən onun Çaplinə ərə getdiyini öy­rənir və ömrü boyu bu nakam sev­ginin kabusu altında əzilir.



Güllə altında altı fəsil

Vətəndaş müharibəsi Amerikaya Mark Tvenlə Uolt Uitmen kimi yazıçılar bəxş etdi, İkinci Dünya müharibəsi də Selinceri qazandırdı. O, cəbhədə ağır döyüşlərlə, insan itkiləriylə üzləşməsəydi, çətin belə istedadlı yazıçı ola bilərdi.

Müharibə illərində əks-kəşfiyyatçı olan yazıçı xidməti vəzifəsini yerinə yetirəndə bəzən maşını yolda sax­ladıb nəsə yazır, qeydlər aparırdı. "Çovdarlıqda uçurumdan qoruyan" romanının ilk altı fəsli beləcə yollar­da, güllə səsi altında yazılıb.

Müttəfiq qoşunlar Parisə girəndə Selincer çoxdan pərəstiş etdiyi Heminqueylə görüşür. Hekayələrinin əlyazmalarını Heminqueyə oxu­dan yazıçı onun rəğbətini qazanır.

 

Yəhudi ilə nasistin sevgisi

Selincerin əvvəldən də mürəkkəb olan xasiyyət və davranışları 40-cı illərdə daha da qəlizləşir. Müha­ribə illərində əsirlərlə işləyən, bir neçə düşərgənin boşaldılmasın­da iştirak edən yazıçı ağır psixoloji zədə alıb aylarla hərbi hospitalda müalicə olunur.
Hitler hakimiyyətinə nifrət bəs­ləyən Selincer bir dəfə Nasist Par­tiyasının üzvü olan gənc qızı həbs edir və ona aşiq olur. 1945–1946-cı illərdə Amerika əsgərlərinə alman qızlarıyla ailə qurmaq qada­ğan olunduğundan Selincer hərbi tribunal qarşısına çıxarıla bilərdi.
Ancaq yazıçı Silviya adlı həmin alman qızını özüylə Amerikaya gətirir. Gənc ailə bir müddət Solomon atanın evində yaşayır. Bu qə­ribə evlilik cəmi bir ay çəkir. "Atamın nasistlərə nifrət etdiyi qədər də Silviya yəhudilərə nifrət edirdi", Selincerin qızı memuarlarında belə yazır.
Bu, Selincerin son uğursuz sevgi macərası deyildi. İkinci həyat yol­daşı Kler Duqlasla yazıçı 1950-ci ildə tanış olur. Onda Selincerin 31, Klerin isə 16 yaşı vardı. Kler orta məktəbi bitirməmiş Ceromla ailə qurur. Bu ərəfədə yaradıcılı­ğının çiçəklənmə dövrünü yaşayan Selincer saatlarla iş otağından çıxmır, Klerin ikinci dəfə hamilə olduğunu eşidən­də əməlli-başlı qəzəb­lənir. Bu cür həyata dözə bilməyən Kler iki uşağıyla birlikdə evi tərk edir.


Özü və qardaşı

Müharibədən qayıdandan sonra Selincer cəmiyyətlə savaşa çıxan ye­niyetmə oğlandan yazmağa başlayır. Atasının qəzəbindən anasının mər­həmətinə sığınan Holden elə yazıçı­nın özü idi. Deməli, bu roman 10 ilə yox, 32 ilə yazılıb. Çün­ki Selincer dünyanı anladığı gündən o roman barədə düşünüb...
Holden uçurumdan düşməkdə olan minlərlə uşağı görür, o uşaq­ları qurtarmağa çalışır. Uçurumun adı isə "böyümək"dir.
Yüksək tirajla çap olunan əsərin ikinci kütləvi nəşri zamanı Selincer kitabın üz qabığında şəklinin görünməsini istəmir, təqdimat ke­çirmir, imza günlərinə qatılmır. Düşünür ki, oxucu yazıçını görüb tanımasa da olar, onun işi əsəri oxu­yub zövq almaqdır.
Pis oxuduğu üçün məktəbdən qovulan Holden haqda roman ya­zıçının tərcümeyi-halıdır. Selincer kimi qılıncoynatma komanda­sının kapitanı olan Holden atasına münasibətdə də eynilə yazıçının özü kimi dözümsüzdür.
Holden Kolfildin böyük qardaşı D.B. haqda yazdıqlarının Selincerə aidiyyəti yoxdur. D.B. yazıçıdır, qısa hekayələr yazır, Hollivuda köçənə qədər Kolumbiya Univer­sitetində təhsil alır. D.B.-nin İkinci Dünya müharibəsində iştirakı, hər­bi şücaətləri barədə romanda geniş yazılıb. Bəlkə də bu yolla Selincer oxucuları çaşdırmağa, şübhələri Kolfilddən yayındırmağa çalışıb.
Şərq fəlsəfəsinin pərəstişkarı olan yazıçının bu əsərində tənhalı­ğa, inzivaya çəkilmək fikri bütün roman boyu Holdeni tərk etmir. Yanacaqdoldurma məntəqəsində işləmək üçün Qərbə yollanan Kolfild kimi Selincer də insanlardan uzaqlaşıb, meşədə çoxdan arzula­dığı daxmasına sığınır.
Bundan sonra yazıçı onun ar­dınca minlərlə kilometr yol qət edən oxucularla da görüşməkdən imtina edir...



Selinceri oxuyan qatillər

Selincer Holden Kolfildi öz depressiyası ilə yükləmişdi. Bu, bir növ qara magiya idi. Hisslər keçicidir, əsər isə qalır və bir gün kimsə bu depressiyaya yoluxur. Kitabda "öldürmək" sözü tez-tez işlədilir, dəli sözünə isə düz 30 dəfə rast gəlinir.
"Esquire" jurnalına müsahibə­sində özünü "dəli" adlandırmış Con Lennonu 1980-ci il dekabrın 8-də Manhettendəki evinin qarşısında güllələyən Mark Çepman hadisə yerindən qaçaraq, əlindəki fənərin işığında "Çovdarlıqda uçurumdan qoruyan"ı oxumağa başlamışdı. Bu romanla yaşadığını deyən Marka məhkəmə ömürlük həbs cəzası verdi və hətta hökm oxunanda belə o, kita­bı əlindən yerə qoymadı.
Amerikanın 40-cı prezidenti Ronald Reyqanı öldürmək istəyən gənc vunderkind Con Hinkli polisə ifadəsində, “Əgər sizə motiv lazımdırsa, mo­tivim “Çovdarlıqda uçurumdan qoruyan” romanıdır” demişdi.
1980-ci illərdə 21 yaşlı aktrisa Rebekka Şefer üç il onu izləyən fanatı Robert Bardonun qurbanı oldu. Akt­risadan müsbət cavab ala bilməyən Bardo Rebekkanı evinin qarşısında güllələmişdi. Qatilin evində axtarış aparılan zaman "Çovdarlıqda uçu­rumdan qoruyan" romanının bir ne­çə nüsxəsi tapılmışdı.

 

 Gənc qızların qoca aşiqi

...18 yaşlı Coys Meynard həya­tını dəyişən bir yazı yazır. Məqalə "Nyu-York Tayms"da çap olunur, gənc qızın fotosu jurnalın üz qabı­ğını bəzəyir. Vur-tut üç gün sonra Coysun yataqxanadakı otağının qapısında məktub əlindən tərpən­mək olmurdu. Məktublardan biri onu, doğrudan da, heyrətləndirir: "Əziz xanım Meynard, əminəm ki, indi məktubla dolu otağınızda oturub nə edəcəyinizi düşünür­sünüz. Mən erkən populyarlığın, tanınmağın nə qədər təhlükəli ol­duğunu yaxşı bilirəm. İnsanlar siz­dən istifadə etməyə çalışacaqlar, ehtiyatlı olun... İmza: Cerom Devid Selincer".

Selincer gənc qıza silsilə məktub­lar yazır və görüş qaçılmaz olur. Yazıçının Nyu-Hempşirdəki evinə gələndə Coys Selincerin sakit hə­yatında yeganə qadın olduğunu düşünürdü. İllər sonra öz həyatını quran və üçüncü dəfə uşağa qalan Meynard Nyu-Yorkdakı ziyafətlə­rin birində Selincerin sevgi mək­tubları yazdığı başqa bir qızla tanış olur. Yazıçının yeniyetmə xanımla­ra marağını öyrənən Coys ondan aldığı on dörd məktubu satışa çı­xarır, onunla yaşadığı illər haqda "Dünyadakı ev" adlı qalmaqallı kitab qələmə alır.
Həmişə gənc xanımlara aşiq olan Selincerin sonuncu həyat yoldaşı isə özündən düz 50 yaş kiçik idi...


Leyla ƏLİYEVA