Dünya ədəbiyyatında həbsxana şəraitində yazılmış əsərlərin sayı az deyil. Amma elə ədəbi nümunələr də var ki, yazıldıqları ölkələrin sərhədlərini çoxdan aşıb. Ədəbiyyatşünasların fikrincə, həmin əsərlərin ilk "onluğu" belədir:
- Erix von Dayneken. "Ulduzlara qayıdış"
Özünü sivilizasiyadan kənar varlıqlara və astronomiyaya həsr etmiş, Tanrı adlandırdıqlarımızın, əslində, Ay adamları olduğu iddiası ilə tədqiqatlar aparmış Dayneken bu kitabını məhkəmənin hökmüylə dələduzluqda təqsirləndirilərək həbsxanada yatanda qələmə alıb.
- Jan Gene. "Çiçəklərin Məryəm anası"
Jan Genenin öz məhbəs yoldaşlarından kağız-qələm ala-ala yazdığı bu roman bütöv bir nəslə təsir göstərmiş əsərlərdən sayılır. Cəmiyyət tərəfindən qəbul olunmayan fahişələrin və digər əxlaqsız adamların həyatından bəhs edən roman indi də maraqla oxunur.
- Martin Lüter Kinq. "Birmingem həbsxanasından məktub"
Zorakılıqdan uzaq, dinc etiraz aksiyasına görə həbsxanaya salınan Martin Lüter Kinqin birlik, bərabərlik və kömək üçün din adamlarına müraciət formasında yazdığı bu məktub və ya manifest çox məşhurdur.
Sonralar aforizmə çevrilmiş "Bir yerdə olan ədalətsizlik dünyanın hər yerinə mənfi təsir göstərir" sözləri həmin məktubdandır.
- Oskar Uayld. "Dərindən gələn sözlər"
Oskar Uayld 1895-ci ildə yeniyetmə lord Alfred Duqlasla sevgi münasibətinə görə "Ridinq" həbsxanasına salınmışdı. Onun həmin həbsxanadan Alfredə yazdığı məktub sahibinə çatmasa da, sonradan kitab şəklində çap olunmuşdu. Bu məktub, əslində, bədii əsərdir.
- Səbahəddin Əli. "Aldırma, könül"
Görkəmli türk yazıçısı Səbahəddin Əli bu şeirini Sinop həbsxanasında yatanda qələmə alıb. Sonralar şeir dildən-dilə gəzib, yayılıb və nəğməyə çevrilib.
- Adolf Hitler. "Mənim mübarizəm"
Alman faşizminin banisi Adolf Hitler türmədə yazdığı bu avtobioqrafik kitabında özünün ideoloji görüşlərini, həyat amalını, fəaliyyət planını qələmə alıb. İkinci Dünya müharibəsindən sonra kitab qadağan olunsa da, zaman ötdükcə dünyanın bir çox dillərinə tərcümə edilib və bestsellerə çevrilib.
- Boetius. "Fəlsəfənin təsəllisi"
Məşhur romalı filosof Boetius müxalif fikirlərinə görə mühakimə olunub və məhbəsə salınıb. Məhkəmədə hətta özünü müdafiə etməsinə də imkan verməyiblər. Filosof düşüncələrini həbsxana divarları arasında qələmə almağa məcbur olub. Yazdığı qeydlərin mükəmməl fəlsəfi əsər olduğu türmədə işgəncələrə məruz qalaraq öləndən sonra aydınlaşıb.
- Mahatma Qandi. "Mənim həyatım"
Hindistanın azadlığı uğrunda mübarizə aparmış Mahatma Qandinin dəmir barmaqlıqlar arasında qələmə aldığı "Mənim həyatım" əsəri təkcə avtobioqrafik səciyyə daşımır. Qandi kitabda insan azadlığı, müstəqillik, dinc mübarizə yolları ilə bağlı düşüncələrini də bölüşür.
- Nazim Hikmət. "Yatar Bursa qalasında"
Kommunist əqidəsinə görə vətənində mühakimə olunan böyük türk şairi Nazim Nikmət bu şeirini ona acıyan Cahit Sıtkı kimi şairlərə cavab olaraq qələmə alıb. Sonralar həmin şeir şairin poetik toplularından birinin adına çevrilib.
- Migel de Servantes. "Don Kixot"
İspan ədəbiyyatının klassiki Migel de Servantesin həbsxanada yazdığı "Don Kixot" əsəri ədəbiyyat tarixinin ilk realist romanı hesab olunur.
Əsər dünyanın əksər dillərinə tərcümə olunub. Don Kixot obrazı isə insan xarakterinin tipik nümunəsi kimi götürülür və psixoloji kateqoriya kimi qəbul olunur.
Tərcümə edən: Sevinc Həsənova