QODERZİ ÇOXELİ
(Gürcüstan)
ÇARIN ÇAĞIRIŞI
(hekayə)
– Salağaili Tantianın ad xəstəliyi var.
– Necə yəni “ad xəstəliyi”?
– İgidlik göstərib ad qazanmaq istəyir.
– Qəhrəman olmaq fikrindədi?
– Özün bilirsən, onların kəndində, demək olar, hamı başdanxarabdı, aralarında ağıllısı təkcə David kişiydi, onu da öldürdülər, qaldı bir ağılda olanlar. Çoxelilərin Beri adında bir igid kəndçiləri var, bütün kef məclislərində onun adını çəkirlər. İndi Tantia da onun kimi ad qazanmaq istəyir.
– Beri nə igidlik göstərib ki?
– Çoxlu düşmən öldürüb. Öləndən sonra şəninə şeir qoşdular, mahnı oxudular. Mahnı indi də dillərdə gəzir. Bildir Tantia mahnını eşitdi, ürəyi durmadı, yaraqlanıb-yasaqlanıb, Kistetiyə ad qazanmağa getdi. Dağın birinə qalxıb pusquda durdu, kistləri gözləməyə başladı. Heç demə, elə bir qayaya çıxıbmış ki, hər tərəfi uçurum... Nə o tərəfə gedə bilib, nə də qayıda bilib. Gücü tükənənəcən dözüb, sonra da başlayıb qışqırmağa: “Ay kistlər, kömək eləyin, adamlığınız olsun. Ölürəm!” Kistlər Tantiaya kömək eləyiblər, evlərinə aparıblar, yedirib-içirib yola salıblar. İndi yenə işi-gücü qurtarıb, Qudamağaridə adam yığır. Antoxili Şaliko aldadıb, deyib ki, çardan məktub gəlib. Cğuna, sən məndən yaxşı bilirsən bu əhvalatı, danış görək necə olub.
– Bizim dəyirmanın yanında rastlaşdılar Şalikoyla, – Cğuna başladı. – Şaliko qoltuq cibindən məktubu çıxardı, Tantiaya göstərib: “Sənə çardan məktub gəlib”, – dedi. “Hansı çardan?” – Tantia soruşdu. – “Çar İraklidən”. “Oxuya bilmirəm axı...” “Mən oxuyaram”, – deyib Şaliko başladı: “Tantia, Gürcüstan dardadı, eşitmişəm adlı-sanlı, ürəkli oğlansan, vətənimizi sevirsənsə, özün kimi bir-iki yüz igid qudamağarili oğlan seç, köməyə gəl. Krtsanisi çölündə gözləyəcəyəm. Çar İrakli”. Tantia məktubu alıb qoynuna qoydu, başladı adam yığmağa.
– Yaxşı, çar İraklinin sağ olmadığını o bilmirmi?
– Hardan bilir, ağzımda deyirəm ki, dəlidi.
Tantia Salağonun qumlu təpəsini enib, kənd mağazasının qabağına yığışanlara dedi:
– Mənim əzizlərim!
– Nə istəyirsən? – satıcı soruşdu.
–Gürcüstanı sevirsinizmi?
– Sevirik!
– Onda mənimlə getməlisiniz. Salağoda yüzəcən adam yığmışam, bütün kənd gedir.
–Hara gedirsiniz?
– Gürcüstan dardadı, çar İrakli kömək gözləyir. Gəlirsiniz?
– Mən mağazanı buraxıb gedə bilmərəm axı.
– Bəs o?
– Mən şeir yazanam.
– Nə barədə?
– Gürcüstan haqqında, vətən haqqında.
– Hə, Gürcüstan barədə yazırsansa...
Tantia su içib, o biri kəndlərə adam yığmağa getdi.
Bir həftənin içində bütün Qudamağarini gəzib, kəndlərin hamısından bir-bir adam yığıb, hamısı da özü kimi dəli, ağıllılardan gələn olmayıb. Pirimze çəmənliyinə toplaşmış yüz otuz yaraqlı-yasaqlı dəli şam yandırıb, Araqvi çayının cələsinə düşüb, şəhərə yollanıblar. O vaxtdan qayıtmayıblar.
– Başlarına nə gəlib ki?
– Şəhərə gedib çar İraklini soruşublar, orda da hamısını tutub Surami dəlixanasına göndəriblər. İndi kəndlər təmiz boşalıb. Təkcə Arsen yaşayır, o da nə yaşamaqdı, gecə-gündüz qaçır – Araqvidən kəndə, kənddən Araqviyə.
– Niyə qaçır?
– Onun da bu cür xəstəliyi var, gündə yüz dəfə o yana gedib bəri qayıdır. Odey, özü gəlir, istəyirsən soruşaq.
– Soruşaq.
– Arsen!
– Nə istəyirsən? – Arsen mağazanın qabağındakıların yanında dayandı.
– Sənin kəndçilərin hara getdilər?
– Gürcüstan dardadı, köməyə getdilər.
– Sən niyə getmədin?
– Aparmadılar, dedilər çox yüyürürsən.
– Tez qayıdacaqlar?
– Yox, onlar qayıtmayacaqlar.
– Niyə?
– And içdilər ki, vətən uğrunda öləcəyik, geri qayıtmayacağıq.
– Onlara kim dedi ki, Gürcüstan dardadı?
– Çarın çağırışıdı, çarın!
– Görünür, Gürcüstanı sevmirsən, yoxsa sən də gedərdin, – Arsenlə məzələnməyə başladılar.
– Mən yox, siz sevmirsiniz Gürcüstanı! – Arsen cavab verdi.
– Bir bu dəliyə bax ey, kim dedi ki, sevmirik?
– Əgər sevsəydiniz, belə oturub kef eləməzdiniz, mənim kimi ora-bura qaçardınız, – Arsen üzüyuxarı yüyürdü.
Sonra bütün günü aşağı-yuxarı qaçdı.
Tərcümə edib: Nəriman ƏBDÜLRƏHMANLI