Elektron ədəbiyyat və sənət portalı

Topçubaşov niyə “Nobel” ala bilmədi?

Bölmə: Azad ərazi 30.08.2018

Məclislərin birində yaxın dostu Üzeyir Hacıbəyov Topçubaşov haqqında “Əgər təbabəti musiqi kimi səsləndirmək mümkün olsaydı, bizim Mustafa bəy təbabət musiqisinin görkəmli bəstəkarlarından biri olardı” deyib. Akademik Heydər Hüseynov isə ona etiraz edib: “Mustafa bəyə təbabətin filosofu adı daha çox yaraşır”. Üzeyir bəy söhbəti incə yumorla davam etdirib və deyib ki, qoy onda Topçubaşov təbabətin həm filosofu, həm də bəstəkarı olub ikiqat əziyyət çəksin...

Azərbaycan cərrahiyyə məktəbinin banilərindən biri, xeyli sayda mükafatlar laureatı akademik Mustafa Topçubaşovun həyatı, Üzeyir bəyin dediyi kimi, zəngin və eyni zamanda kifayət qədər keşməkeşli olub.

 

Tələbə, müəllim və professor

Mustafa Topçubaşov 1895-ci il avqustun 5-də Qərbi Azərbaycanda doğulub. Həkim olmaq arzusu onda hələ gimnaziyada oxuyanda yaranıb. Gimnaziya kitabxanasında üçcildlik nəfis tərtibatlı fizioterapiya kitabı onu sehrləyib.

Cərrah olması isə daha maraqlı bir təsadüflə bağlıdır. Bir gün tikiş iynəsi onun dabanının dərininə işləyib, həkim cərrahi müdaxiləni vacib sayıb. Əməliyyatdan sonra ağrı dərhal keçib. Bu müdaxilə, iş prosesi onun çox xoşuna gəlib və oradaca qərarını verib.

Ailəsinin etirazına baxmayaraq o, tibb təhsili almaq üçün Kiyevə gedib. Olduqca çətin günlər yaşayıb, çevrilişlərin şahidi olub, bir tikə çörək üçün növbələrdə dayanıb. Mükəmməl təhsil aldıqdan sonra min bir əziyyətlə Azərbaycana qayıdıb. Vətənə qayıtmaq üçün pul axtardığı vaxt Bakı Dövlət Universitetinin açıldığını öyrənən Mustafa Topçubaşov tibb fakültəsinin ilk müəllimlərindən olub.

1930-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. Bu işin əhəmiyyətinə görə Topçubaşova professor adı verilib və o, Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri seçilərək ömrünün sonuna qədər bu vəzifədə çalışıb.

1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilib. Stalin mükafatı laureatı olan Topçubaşov 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına da layiq görülüb.

 

Yeni kəşflər

Müharibə illərində Bakı cəbhəyə yalnız neftlə kömək etmirdi, paytaxt məktəblərini, bağçaları, hətta konservatoriyanı yaralı əsgərlərin ixtiyarına verən Topçubaşov SSRİ-də ilk dəfə təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub.

O, müharibədən sonra depressiyaya düşən yaralı əsgərlər üçün xüsusi terapiya fikirləşib – hər bir xəstə əsgərə bir ağac əkməyi tapşırıb. Bu gün həmin əsgərlərin əksəriyyəti sağ olmasa da, bakılılar hər gün bu ağacların yanından keçir, onların kölgəsində dincəlirlər.

Müharibə illərində akademik güllə, qəlpə və digər yad cisimlərin çıxarılması üçün xüsusi stereoskopik aparat hazırlayıb. Bu cihazın modeli onun ağlına qatarda gəlib. Sonradan cərrahiyyə klinikaları “Sehrli iynə” adlanan bu aparatdan istifadə etməyə başlayıb.

Ötən əsrdə cərrahiyyənin əsas problemlərindən olan narkozdan ölüm halları həkimlər üçün ciddi problem idi, normal keyitmə effekti verən mükəmməl bir sistem yox idi. 1938-ci ildə anelgezin efir-yağ maddəsini kəşf edən Topçubaşov normal keyitmə effektinə nail oldu. Müharibə illərində məhz analgezinin sayəsində minlərlə əsgər ölümdən xilas olaraq döyüş meydanlarına qayıdıb.

1954-cü ildə italyan Artuzio analgezinin cərrahiyyədə istifadəsinə dair silsilə kitablar nəşr etdirəndə SSRİ Tibb Elmləri Akademiyası bu kəşfin azərbaycanlı alim Mustafa Topçubaşova məxsus olduğunu bəyan etmişdi.

 

Nobel düyünü

Hər bir böyük kəşf kimi analgezinin də taleyi çox keşməkeşli olub. Neyrofiziologiya laboratoriyasının rəhbəri olmuş Qəhrəman Qəhrəmanov bu barədə belə deyib:

“Nobel Mükafatı Komitəsi akademik Topçubaşova və mənə anket suallarına cavab verməyi təklif etdi. Anketdən əlavə biz Stokholma “Uzunmüddətli analgeziya – səhiyyə və fiziologiyanın problemi” kitabımızı göndərdik. Bir müddət sonra xoş xəbər gəldi: materiallar baxılmaq üçün qəbul olunub, nəticə barədə məlumat veriləcək”.

Lakin 1978-ci ildə Nobel Mükafatı Komitəsi qərar qəbul edən vaxt “Bakinski raboçi” qəzetində Alfred Nobelin Azərbaycan xalqının düşməni olduğu barədə məqalə çıxır. Silsilə yazılarda Nobel qardaşları Azərbaycanın bütün bəlalarının səbəbkarı kimi göstərilir. Bədniyyət yazı öz nəticəsini verir: həmin il fiziologiya və tibb üzrə Nobel mükafatı heç kimə təqdim olunmur.

Mustafa Topçubaşov çıxışlarının birində dedi: “Görünür, azərbaycanlı alimlərə Nobel Mükafatının verilməsi kimlərəsə sərf eləmirmiş...”

Nobel almasa da, Topçubaşovun adı tibb tarixinə əbədi həkk olunub. Topşubaşova qədər dünyada elə bir alim olmayıb ki, onun kəşfi nəticəsində xəstə ayıq olduğu halda bütün bədəni ağrısızlaşdırılsın, həkim də bıçağı götürüb onu əməliyyat eləsin. Bu, dünya miqyaslı bir kəşfdir.

 

Leyla ƏLİYEVA