Türkiyənin siyasət aləmində hələ Osmanlı imperiyası dövründən sultanların şeir yazmaq ənənəsi olub. Hətta onlardan bəzilərinin şairliyi oxucular tərəfindən yüksək dəyərləndirilərək ədəbiyyat tarixində iz qoyub. Fateh Sultan Mehmet “Avni” təxəllüsü ilə şeirlər yazıb və hakimiyyətə gələn vərəsələrinin demək olar hamısı bədii yaradıcılıqla məşğul olub. Məsələn, Sultan Süleyman Qanuni “Muhibbi”, “Acizi”, “Məftuni” kimi imzalarla şeirlər yazıb. Sultan Süleymanın oğlanları – şahzadə Mustafa, Bəyazid və Cahangir də şeirlər yazıb. Osmanlı imperiyası dağılana qədər bu ənənə davam edib, hətta II Mahmudun qızı Adilə sultan da yazdığı şeirlər ilə tanınıb.
1926-cı ildə Türkiyədə Respublika qurulduqdan sonra da dövlət başçıları ədəbiyyata, mədəniyyətə böyük önəm veriblər. Tədqiqatçılar Mustafa Kamal Atatürkün Qurtuluş savaşı dövründə çadırda səhərə qədər Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanını oxuduğunu qeyd edirlər.
Türkiyə ədəbiyyatı tarixində özünəməxsus yeri olan Bülənt Ecevit də təkcə görkəmli siyasi xadim deyil, həm də şair kimi məşhurdur.
Bülənd Ecevit ziyalı ailədə doğulub. Rəssam ananın və hüquq sahəsi üzrə professor, eyni zamanda millət vəkili olan atanın övladıdır. Ecevit kolleci bitirdikdən sonra Nəşriyyat və Yayım İdarəsində tərcüməçilik edib. Ankara Universiteti İngilis filologiyası şöbəsinə qəbul olunsa da təhsilini davam etdirməyib. Ardınca bir müddət Londonda çalışıb, London Universitetində İngilis dili fakültəsində oxuyub, ancaq təhsilini yenə tamamlaya bilməyib. Daha sonra “Ulus” qəzetində işləməyə başlayıb. Ecevit 1955-ci ildə ABŞ-ın Karolina ştatında nüfuzlu bir qəzetdə jurnalist kimi fəaliyyət göstərib.1957-ci ildə Rokfeller Fondunun təqaüdü ilə Harvard Universitetində sosial psixologiya və Şərq tarixi ilə bağlı tədqiqatlar aparıb. Bir neçə dəfə Türkiyə Respublikasının Baş naziri vəzifəsini daşısa da, ali təhsilinin olmamasına görə prezident seçkilərində namizəd göstərilə bilməyib. Koalisiya partiyalarının Konstitusiyanın dəyişdirilərək prezidentliyə namizədlik prosedurunda ali təhsil tələbləri bəndinin götürülməsi təklifini isə qəbul etməyib. Dörd dəfə sui-qəsdə məruz qalan Ecevit peşəkar tərcüməçi olub. Bülənd Ecevitin tərcüməsində R.Taqor, E.Paund, T.Eliot və B.Levis kimi müəlliflərin ədəbi nümunələri türk dilində nəşr olunub. Şeirləri ilk dəfə 1942-ci ildə nəşr olunub. Siyasi əsərləriylə yanaşı “Şeirlər” (1976), “İşığı daşdan oydum” (1978), “Əl-ələ böyütdük sevgini” (1997), “Sabah nəsə olacaq” (2005) adlı şeirlər kitabı işıq üzü görüb, sözlərinə mahnılar bəstələnib.
Ecevit təsəvvüf şairlərini, Qaracaoğlanı, Yunis İmrəni dərindən oxuyub, öz poeziyasında da milliliyi qoruyub saxlamağa çalışıb. Yaşadığı sadə həyatı şeirlərində də əks etdirən Ecevit, yaddaşlarda təkcə siyasətçi deyil, həm də böyük şair kimi qalıb.
Bülənd Ecevitin tanınmış şair Dilsuzun tərcümə etdiyi şeirlərindən birini “Aydın yol”un oxucularına təqdim edirik.
İnsan
Əlbəttə,
səndən gözəl olacaq
çəkdiyin rəsm,
səndən ucaboy,
səndən yaraşıqlı olacaq
yonduğun heykəl.
Əlbəttə,
nə desə, səndən doğru deyəcək
yazdığın şeir.
Və
səndən daha tez
yol tapacaq ürəklərə
oxuduğun nəğmə,
sehr-sehr,
əfsun-əfsun...
Sən olduğundan böyüksən,
Sən olduğundan yaxşısan,
Sən olduğundan gözəlsən.
Əl-ələ böyütdük sevgini
Birlikdə öyrəndik səninlə
ovcumuzda
ürəyi gup-gup döyünən
quşu sevməyi.
Əl-ələ, qumluqda duyduq
dənizin milyon ildə
yonduğu
sərt qayalara olan sevgisini.
Tırtılları tanıdıq
səninlə baharda,
hələ tırtıl ikən sevdik
sevgidən törəyən kəpənəyi.
Torpağı
evimiz kimi sevdik səninlə,
sevdik, birlikdə sevdik
quru torpağı kürüyə-kürüyə
ev quran köstəbəyi.
Köstəbəyindən torpağına, daşına,
tırtılından kəpənəyinə, quşuna
əl-ələ sevdik bu dünyanı.
Kədəriylə, sevinciylə sevdik
yazıyla, qışıyla sevdik,
ölkə-ölkə,
şəhər-şəhər,
kənd-kənd,
ev-ev sevdik.
Əl-ələ bəsləyib, əl-ələ dərdik,
əl-ələ dərib, insanlara verdik
verdikcə artan sevgimizi.
Sebestian Baxın sonatası
Nə mən soruşum səni,
nə sən məni sor.
Bədəndən çıxmış ruhumuz
fəzada bir eşq məbədi hörür.
Səs olmuş duyğularımız
gəlir
vaxt-bivaxt, dalğa-dalğa,
qırıq-qırıq,
Qovuşsa da səslərimiz bir-birinə,
biz qovuşmuruq.
Nə qollarımız var,
bir-birimizi saracaq.
Nə dodaqlarımız var,
bir-birimizi öpəcək.
Nə görən gözümüz var,
Nə görünən üzümüz var...
Biz eşq məbədi hörürük fəzada –
ən mücərrəd rəsmdən daha mücərrəd,
ən saf zərrədən daha saf...
Hazırladı: Qəmər Alxanova