Doğma dildə dolğun olan şeir sətri tərcümədə sanki ölür. Əvvəlki dolğunluqdan, ahəngdarlıqdan məhrum misralar lal və cansız görünür. Bu da şeirin taleyində ən təhlükəli, ən xatalı məqamdır. Tərcüməçi şeirə necə yanaşmalıdır? O, şeiri yenidən dirçəldə, yazılana təzə nəfəs verib, onu əvvəlki zəngin və ahəngdar həyatına qaytara biləcək, yoxsa eləcə cansız qoyub qırağa çəkiləcək?
Həmişə mənə elə gəlib ki, sətri tərcümə nəsə çılpaq, köməksiz bir varlıqdır. O, doğular-doğulmaz valideyn himayəsindən məhrum körpəyə oxşayır. İndi həmin uşağı övladlığa götürmək, nazını çəkmək, qayğı göstərmək, həyat vermək, ya da körpəni yad dildə miskin yetim gününə salmaq tərcüməçidən asılıdır.
Yad sevginin sürgünündə qocalıb,
Ah, nə qədər şeirləri çevirdim.
Ona görə də düşünürəm ki, tərcümə – iki şairin bir-birinə böyük inamıdır, həmin inamla onlardan biri digərini özünün ən məhrəm sirrinə şərik edir. Şairlərin ikisi də o qədər incə, zərif, üstəlik, bəsirət və fantaziya sahibi olmalıdır ki, antropoloq kəllə cizgilərinə görə gözəl qədim simanı bərpa elədiyi kimi, şeirin həqiqi məzmunu da sətri tərcümənin cizgiləri əsasında bərpa ola bilsin.
Yəqin ki, tərcümənin mənası ancaq budur – tərcümə edilmiş şeir öz ilkinliyinə sadiq qalmalı, çevrildiyi dildə isə poeziya aləminin tamhüquqlu nümayəndəsi olmalı, özgə dilə bayram kimi gəlməlidir.
Bütün bunlar aydındır, mübahisə isə yalnız dəqiqliyin indiyə qədər müəyyən olunmamış hüdudları ətrafında yaranır.
İstərdim gürcü şairlərindən elədiyim tərcümələrdən misal gətirim. Ona görə yox ki, həmin tərcümələri nümunə sayıram, ona görə ki, istənilən başqa, bəlkə də qat-qat uğurlu tərcümələrlə müqayisədə həmin işlərə daha çox bələdəm.
Boynuma alım ki, mən şeirin xarici əlamətlərinə – ölçüyə, qafiyələnməyə riayət etməyə heç vaxt can atmamışam. Bu həqiqətə söykənmişəm ki, səslənmə qanunu hər dildə bir cürdür. Mənə etibar edilmiş şeirlərə bir şey arzulamışam – o, müasir rus oxucusunun ruhuna yaxın olsun, çağdaş rus şeirinə çevrilsin.
Anna Kalandadzenin incə, dolaşıq, həyəcanlı üslubunu, ifadələrinin gözəl qəribəliklərini qorumağa çalışdıqca tez-tez daha sərbəst, yüngül ölçülərə meyillənirdim. Mən orijinala misra-misra əsaslanırdım, çünki onun bütövlüyünü pozmağa haqqım yox idi: "Ah, bizi sonsuz xəyallara qərq edən bir qüvvə var...", yaxud, "Yasəmən, uçub sənin göy budaqlarına qonaram..." Sonra bütövlükdə şeiri həmin misralara uyğunlaşdırırdım.
Bundan başqa, həmin ləng ritmlərlə şairənin dalğınlığını, qəlbindəki pərişanlığı, ruhunun sonsuz çırpıntılarını çatdırmaq istəyirdim. Əksinə, kəskin duyğuların, vətənpərvərlik, sevgi hisslərinin gərginliyini daha qısa, təsirli misralarla, aydın qafiyələrlə verməyə çalışırdım.
Kalandadzenin ardınca bütün coğrafi adları dəqiq təkrarlayırdım – bu da onun poetik xarakterinin bir cəhətidir, Gürcüstana könüldən bağlılığıdır.
Şeirin üzərində işlədikcə yalnız başqa dilə tərcümədə qaçılmaz olan itkilərin yerini doldurmaq üçün bəzən özümə bir az da artıq azadlıq verirdim.
Gürcü oxucusuna sirr deyil ki, Simona Çikovaninin "Svanetiyaya gedən yolda" adlı gözəl şeirinin tərcüməsində orijinalda rast gəlinməyən sətirlər var: "İndi özüm də fikirləşirəm, mənim kimi sərgərdan və məzəli adam necə oldu, keçə bildi o yolu...”
Ancaq seçdiyim "sərgərdan" və “məzəli adam” təyinləri ilə rus oxucusunu aldatdığımı düşünmürəm. Mən rus oxucusuna şairin daxilən nə qədər qəribə, şıltaq olduğunu bir daha çatdırmaq istəyirəm.
Onun "Doqquz palıd" şeirini bir qədər qısaltdım ki, sehrli doqquz rəqəminə sitayiş etməyən, divlərin vərdişi haqqında məlumatı olmayan rus oxucusunun təsəvvürünə uyğun gəlsin.
Oxucu şeirin əfsanəvi obrazlarına çox da ciddi yanaşmasın deyə sonda şeirə məlum sehirli Şərq nağıllarına işarə vuran sətirlər əlavə etdim: "İşıqla dolu o möcüzələrə ömrüm boyu baxmaqdan yorulmadım".
Düşünürəm ki, bəzən nəinki dil müxtəlifliyi, həm də müxtəlif xalqlara xas fərqli poetik psixologiyalar, fərqli təsəvvürlər səbəbindən tərcüməçinin bu və ya başqa təfərrüatın üstündən keçmək ixtiyarı var.
Çikovaninin "Fikrimi buludlara çatdır" şeirində belə bir misra var: "Sən öz gözəlliyinlə qəlbimin kisəsini doldurursan..." Mənə çox əziz olan şairə tam inanmaqla yanaşı qətiyyən şübhə etmədim ki, gürcü dilində bu obraz poetik və qanunauyğun çıxsa da, rus dilinə sətri tərcümədə çox kobud, demək olar, bayağı səslənir. Odur ki, onu ixtisara saldım. Çünki qadının gözəlliyi, şairin duyğuları bunsuz da yetərincə ifadə olunmuşdu.
Beləliklə, müəllifi tərcüməçi tərəfdən iki təhlükə gözləyir: hədsiz şişirtmə və həddən artıq kiçiltmə. Mənə elə gəlir, poeziya naminə hər ikisi müəyyən qədər yolveriləndir. Çətin ki, bunun hansı ölçüdə olmalı olduğunu dəqiq təyin edəcək riyazi hesablama aparıla bilsin. Fikrimcə, hansı halda nəyi necə etməyi yalnız şairin özü müəyyənləşdirə bilər.
Mənim inandığım bir həqiqət var: tərcüməçi yalnız müəllifin azadlığının sərhədlərinə qədər sərbəst ola bilər. Tərcümə zamanı bütövlükdə şairin daxili dünyası, onun düşüncə tərzi və poetik materialın mühüm detalları əsasən toxunulmaz qalmalıdır. Məsələn, Çikovaninin "Sonra da şal ocağın yanından asılmışdı...", "Dizlərimi yeriməklə möhkəmlətdim...", "İki çay arasında qıvrılanda səni görmək istədim birdən..." misralarını dəyişmək həm günah olardı, həm də elə şeylər var ki, onları əvəzləmək lazım deyil. Misralarda poetik fikir də, rus dilində səslənmə də o qədər mükəmməldir ki, onları dəyişməyə ehtiyac yoxdur. Hətta bu zaman gürcü dilinin qrammatikası rus dilində olan mətni zənginləşdirir.
Ümid edirəm ki, "Xırmanda marallar" şeiri artıq rus dilində danışa bilir, ancaq hər halda bu, təpədən-dırnağa gürcü şeiridir. Özü də təkcə gürcü coğrafiyasını əks etdirdiyinə görə yox, həm də ilk baxışdan qəribə görünən obrazlı deyim tərzinə görə: "Birdən turac quşu kimi gəlin çıxdı artırmaya..."
Tərcüməçi milli özünəməxsusluğun bu kimi təzahürlərinə çox ehtiyatla yanaşmalıdır.
Tərcümə edən: N.Əliyeva