Elektron ədəbiyyat və sənət portalı

Tomas Vulfun  qeyd dəftərindən seçmələr

Bölmə: Azad ərazi 05.09.2018

Tomas Vulf

(ABŞ)

Əyalətçiliyin müxtəlif növləri var. Yeni İngiltərə əyalət­dir, amma bunu dərk eləmir, Orta Qərb əyalətidir, bunu dərk eləyir və bərk utanır, Cənubsa, ilahi, o da əyalətdir, bunu bilir, amma vecinə almır.

***

Ədəbiyyat, istəsək də, istəməsək də, hə­yata münasibətdə tənqidi mövqe tutur. Bu, birbaşa, ya da dolayısıyladır və daha çox dramlara aiddir. Əgər doğ­rudan da əsl ədəbiyyat istəyiriksə, bu zaman sənətkarın istedadı heç bir məhdudiyyət tanımamalıdır. Onu, "qıcıqlandırıcı məsələ" oldu­ğuna görə irqi mövzuda pyeslər yazmaqdan çəkindirmək olmaz. Əgər bu­nunla hesablaşmaq istəmiriksə, onda hələ sənət səviyyəsinə qalxmamışıq, həqiqi ədə­biyyata da layiq deyilik.

Amma məgər sən sənətkar deyilsən? On­da, buyur, sənətkar həyatı yaşa.

***

"Uliss" özünün zahiri formasızlığıyla forma qazandı" – kağız üzərin­dəki bu mürəkkəb ləkəsi mənə "Çar Edip"in sərlövhəsindən artıq bir şey demir. Həmin formanın ustad qələmindən çıxmış əsərlərin nəcibliyini alıb-almaması daha mühüm məsələdir: "Uliss" həmin nəcibliyə malik deyil­, bu mənada da əhəmiyyətli, mükəmməl əsə­r kimi diqqəti çəkmir. Əgər kitab həm də mənalıdırsa, bu fakt yox, əlamətdir.

***

Köhnə formalardan, köhnə dildən yorul­dum. Son üç gündə yetərincə sadə bir şey üzərində düşünürəm – biz daha dərinə getməliyik, dili özünün ilkin, çılpaq şəklində axtarma­lıyıq – Konrad da, Coys da buna bəzən nail olur. Bu dil nisbətən sadədir, amma heyrətamiz təəs­sürat oyadır. Nəsrin bi­nasını daş-daş ucaltmaq lazımdır.

***

Hər birimizə bu dünyada xüsusi yerin ayrılıb-ayrılmamasından asılı olmayaraq, o yeri tutmalıyıq və təslim olmamalıyıq. Özümüzü anlamalıyıq, gücümüzü mənasız mübahisələrə, rəqabətə, dava-dalaşa sərf etməməliyik. Mən öz yerimdə get-gedə daha dərin kök atıram – aqibətimin necə olacağını bilmirəm, amma hər halda, hisslərin qarmaqarışıqlığın­dan nizamlı həyat yaratmalıyam.

***

Get-gedə daha artıq inanıram ki, böyük ya­zıçı olmaq üçün sadəlövh olmalısan. Tolstoy barədə oxudum ki, əlinə qəzet almırmış, evdən gedib yed­di il kəndlilərin arasında yaşayıb, altı il də Aleksandr Dümanın romanlarından başqa bir şey oxumayıb. Məhz belə bir adam bö­yük əsər yaratmağa qadirdir.

Zəmanəmizin böyük yazıçılarından biri Bernard Şounu çoxları əməlli-başlı ilahiləşdirirlər ki, guya o, hər şeyi, yaxud de­mək olar, hər şeyi bilir. Şounun kitabından sezə bildim ki, o, çox güman, Şekspiri oxuyub, amma o qədər də dərindən oxumayıb, əvəzində İbseni çox diqqətlə oxuyub, Karl Marksın ona təsir göstərən əsərləri­ni, fabianlıların traktatlarını da yaxşı oxuyub.

***

Yəqin ki, ən yaxşı novellaçılar fransızlar­, sonra ingilislərdir. Fransız dilinin özü hekayəyə meyillidir. O dil şəffaf, dəqiq, sürətlidir. Dilin sadəliyi fransızların xüsusi diqqət yetir­dikləri cəhətlərdəndir.

***

Sənətin az bir qismə, yaxud hamıya ünvanlandığı barədə deyilənlər mənə mənasız görünür. Sə­nətkara az adamın sevdiyi və oxu­duğu və ya hamının sevdiyi və oxuduğuna görə qiymət vermək yanlış düşüncədir. Dikkens və Dostoyevski hamı üçün, Verlen və Stendal isə azlıq üçündür.

***

Doğulmaq, yaşamaq, ölmək – bizsə özümü­zü elə hey mənasız işlərə sərf eləyi­rik. İndi o ovqatdayam ki, başqa adamların sevincləri məni yaralayır, öz sevinclərimsə mənə rahatlıq gətirmir.

***

İnsan dünyadakı hər şeyin yox, hər şeydən əvvəl özü-özünün hakimidir. O, çox şey ar­zulaya, cəhdlərinin, biliyinin genişliyi, dərinliyi çox ola bilər. Amma o, hər şeyi nə dərk eləmək, nə də görmək iqtida­rındadır. İnsanda rahatlıq, dinclik bilməyən yeganə şey – ağlı və həyat yanğısıdır. Onlar əbədi, dəyişməzdir, bununla bərabər, həm də insanı cəhənnəm əzablarına məhkum eləməyə qadirdir. İnsa­nın böyüklüyü də elə bundadır: mübtəlalıq onu həm ucalda, həm də alçalda bilər.

Sevgi həyat və ölüm, aclıq və ehtiras üzə­rində zəfər çalır. Sevgi ağlın itməyindən başlayaraq insanı mənəvi aydınlı­ğa, gözəlliyə aparıb çıxarır.

Tərcümə edən: N.ƏBDÜLRƏHMANLI