Britaniyanın “ShortList” jurnalı vaxtı ilə kitabxana rəflərindən və mağazalardan müsadirə edilərək mütaliəsinə qadağa qoyulmuş kitabların siyahısını tərtib edib. Həmin siyahını təqdim edirik:
1. Corc Oruell: “Heyvan Ferması” (və ya “Heyvanıstan”)
Corc Oruell bu romanını 1943-cü ildə bitirib. Kitabda II Dünya müharibəsi zamanı Böyük Britaniyanın əsas müttəfiqi olan SSRİ tənqid edildiyi üçün heç bir naşir onu çap etmək istəməyib. Bu kitab 1980-ci ilə kimi SSRİ-də qadağan edilmiş kitablar siyahısına salınmışdı.
Romanın çap olunmasına və satışına Birləşmiş Ərəb Əmirliyində də qadağa qoyulmuşdu. Çünki əsərdə islami dəyərlərin ziddinə olan obrazlar yer alır. Bu əsərə Şimali Koreyada hələ də qadağa qoyulub.
Corc Oruellin digər əsəri də vaxtilə qadağan edilmiş kitablar siyahısına daxil edilib. Bu, “1984” romanıdır. Distopiya janrında olan bu romanın mövzusu şəxsiyyətə pərəstişin gətirdiyi fəsadlardan bəhs edir. Stalin bu əsəri özünün dövləti idarəetmə üsulu barədə “xoşagəlməz rəy” kimi nəzərdən keçirmiş və gücünü nümayiş etdirərək onun çapını Sovet İttifaqında qadağan etmişdi. Qadağa 1990-cı ilə qədər qüvvədə qaldı. Əslində isə, roman İkinci Dünya müharibəsindən sonra yaranmış bütün totalitar rejimləri ifşa edir.
Romanın ilk öncə “Avropanın son adamı” adı altında çap olunması planlaşdırılsa da, yazıçının yayım işləri üzrə müvəkkili onu “1984” adı ilə nəşr etməyi daha münasib hesab etmişdi. “1984” C.Oruellin ən çox oxunan əsərdir.
2. Vladimir Nabokov: “Lolita”
Vladimir Nabokova dünya şöhrəti gətirən ingilis dilində yazdığı “Lolita” romanı 1955-ci ildə Parisin “Olimpiya Press” nəşriyyatında çap olunub. Bir il sonra kitabın satışı Fransada, 1955–1959-cu illər arasında İngiltərədə, 1974-cü ildən 1982-ci ilə qədər isə CAR-da qadağan edildi. İngiltərə Daxili İşlər Nazirliyinin Gömrük İdarəsi kitabın ölkəyə daxil olan bütün nüsxələrinin müsadirə edilməsi haqda əmr vermişdi. Bu qadağa həmin ölkədə 1959-cu ilə qədər davam edib. Daha sonra kitabın təkrar nəşri böyük səs-küyə səbəb olub. “Lolita” Argentina və Yeni Zelandiyada da birmənalı qarşılanmayıb. Amerikada isə kitabın nəşri üçün heç bir qadağa tətbiq edilməyib.
Məlum olduğu kimi roman ortayaşlı bir kişi ilə 12 yaşlı qız arasındakı yasaq sevgi münasibətlərindən bəhs edir. “Time” jurnalının siyahısında 100 ən yaxşı roman arasında “Lolita” 4-cü pilləni tutur. Fransanın “Le Monde” qəzetinin məlumatına görə roman 100 ən oxunaqlı kitablar siyahısındadır. Roman əsasında iki dəfə film çəkilib (1962 və 1997-ci illər).
İlk öncə qalmaqal və təqiblərdən ehtiyatlanan müəllif əsəri anonim imzayla çap etdirməyi planlaşdırıb. Həqiqətən də, roman böyük qalmaqala səbəb olub, ancaq Nabokovun karyerasına və şöhrətinə mənfi təsir göstərməyib. Əksinə, “Lolita” müəllifə böyük qazanc gətirib. Bu əsər sayəsində Nabokov ABŞ-dakı müəllimlik fəaliyyətinə son qoyaraq İsveçrəyə köçüb və özünü sırf yaradıcılığa həsr edib.
3. Fransua Volter: “Kandid”
Volter 1759-cu ildə yazdığı “Kandid” romanında müxtəlif dini və fəlsəfi dünyagörüşlərini tənqid etmişdi. Kitab nəşr edildikdən az sonra Cenevrənin Böyük Şurası və Paris şəhər rəhbərliyi tərəfindən qadağaya məruz qaldı. 1772-ci ildə kitab Roma Katolik kilsəsinin tərtib etdiyi qadağan edilmiş kitablar siyahısına (Index Librorum Prohibitorum) daxil edildi. Bəlkə, həm də elə bu səbəbdən, ən çox oxunan kitaba çevrildi. Kitaba qadağa XX əsrə qədər davam edib.
4. Salman Rüşdi: “Şeytan ayələri”
Hind əsilli İngiltərə yazıçısı Salman Rüşdinin 1988-ci ildə yazdığı “Şeytan ayələri” romanı müasir İngiltərədə yaşayan hindli mühacirin həyatını təsvir edir. Əsər magik realizm üslubunda yazılıb. Dünya müsəlmanları bu romanı İslama qarşı təhqir kimi qəbul etdi. İngiltərədə nəşr edildikdən bir həftə sonra kitaba qadağa qoyulması tələbi ilə dünyanın bir çox ölkələrini etiraz dalğası bürüdü. Nəticədə Venesuelada bu kitabı oxuyana 15 ay həbs cəzası elan edildi. Hətta Amerikada bir çox mağazalar naməlum şəxslər tərəfindən edilən təhdidlərdən ehtiyatlanaraq, bu kitabın satışından imtina etdilər.
1989-cu ildə İranın ali dini rəhbəri Ayətullah Xomeyni kitabı İslama qarşı küfr adlandıraraq müəllifə və kitabın nəşrində iştirakı olan bütün şəxslərə qarşı fətva elan etdi.
Xomeyninin fətvasının qüvvədə olduğu 10 il ərzində Rüşdi qapalı həyat yaşamağa məcbur oldu. Onun mühafizəsinə Britaniya xüsusi xidmət orqanları il ərzində milyon yarım ABŞ dolları həcmində vəsait xərcləyirdi. Müəllifin səfər etdiyi ölkələrdə ən yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir, qaldığı otellərdə pəncərə gülləkeçirməz şüşələrlə əvəz olunur, keçdiyi küçələrdə hərəkət məhdudlaşdırılırdı.
2007-ci ildə Böyük Britaniya kraliçası II Yelizavet Rüşdiyə “Ser” titulu verəndə islam aləmini yenidən etiraz dalğası bürüdü. Ayətullah Xamneyi məlum fətvanın qüvvədən düşmədiyini, fətva verən ölsə də hökmün Salman Rüşdi ölənədək qüvvədə qalacağını bəyan etdi.
Tərcüməçilər və bu əsəri çap edən nəşriyyatlara gəlincə, 1991-ci ildə “Şeytan ayələri”ni yaponcaya çevirən ərəb və fars dilləri üzrə mütəxəssis, professor Xitosi İqarasi öz iş otağında bıçaqla qətlə yetirildi, əsəri italyan dilinə tərcümə edən Ettoro Kapriolo və norveçli tərcüməçi Uilyam Niqarda yaralandı.
“Şeytan ayələri”nin qurbanlarının sayı bununla yekunlaşmır. 1989-cu ildə İslamabadda təşkil olunmuş etiraz mitinqində 6 nəfər həyatını itirdi, 100-dən çox adam yaralandı.
1993-cü ildə Türkiyənin Sivas şəhərində baş verən faciə isə “Şeytan ayələri”nin yaratdığı təsirin pik nöqtəsi idi. Belə ki, Sivas şəhərində təşkil olunmuş tədbirdə iştirak edən yazıçı Əziz Nesin jurnalistlərə “Şeytan ayələri”ni türkcəyə çevirəcəyini deyir. Günorta namazından sonra Əziz Nesinin Sivasda olmasına etiraz edən bir qrupun başladığı etiraz dalğası get-gedə böyüyür və idarəolunmaz vəziyyət alır. Axşam saatlarında “Madımak” hoteli yandırılır. Faciə nəticəsində 33-ü şair, yazıçı, ozan olmaqla 37 nəfər yanaraq və tüstüdən boğularaq həlak olur.
5. Con Steynbek: “Qəzəb Salxımı”
C.Steynbek “Qəzəb salxımı” romanını 1939-cu ildə yazıb və əsər ABŞ-da böyük rezonans doğurub. Bu romana görə C.Steynbek Pulitzer mükafatına layiq görülüb. Əsərdə ABŞ-da yaşanmış Böyük böhranın (1929–1933) kənd əhalisinin taleyinə vurduğu təsirdən söz açılır.
Romanın tarixçəsinə gəlincə, Steynbek yazacağı oçerkləri üçün material toplamaq məqsədilə 1936-cı ilin yayını mövsümi fəhlələrin arasında keçirir. Gördükləri onu o qədər sarsıdır ki, burada müşahidə etdikləri yeni əsərinin süjet xətinə çevrilir. Romanda ölkə vətəndaşlarının acınacaqlı həyatı təsvir olunurdu. Ədəbi tənqidçilər kitabı maraqla qarşıladıqları halda, hakimiyyət orqanları onun satışına ABŞ-ın bir sıra ştatlarında qadağa qoydu. “Qəzəb salxımı” romanı 1952-ci ildə İrlandiyada, 1982-ci ildə isə Kanadanın Morris şəhərində qadağan edildi. Romanda bəzi vulqar ifadələrdən istifadə edildiyi üçün hətta ötən əsrin 70–80-ci illərində də kitabın mütaliəsinə ABŞ-ın bir çox məktəblərində qadağa qoyulmuşdu.
6. Henri Miller: "Xərçəng tropiki"
Henri Millerin “Xərçəng tropiki” romanı 1930-cu illərdə Fransada baş verən hadisələrdən bəhs edir. Bu, avtobioqrafik əsərdir. H.Miller burada əxlaq, ənənə, inanc kimi dəyərləri aşağılayan fikirlər irəli sürərək şəhvani hissləri tam açıqlığıyla təsvir edir. Bu səbəbdən də əsər təqiblərə məruz qalmış, nəşri, satışı qadağan olunmuşdu.
1934-cu ildə Fransada nəşr olunan roman bu ölkədə böyük maraqla qarşılansa da, mövzu əxlaqi çərçivələrdən kənara çıxdığı üçün ilk öncə ABŞ-da, ardınca isə Avstraliya, İngiltərə və Türkiyədə çapına qadağa qoyulmuşdu.
ABŞ-da bu qadağa 1960-cı illərin əvvəllərinə qədər qüvvədə qalmışdı.
7. Boris Pasternak: "Doktor Jivaqo"
B.Pasternak bu romanı 1945–55-ci illərdə yazıb. Əsərin baş qəhrəmanı Yuri Andreyeviç Jivaqo həm şair, həm də həkimdir. Roman qəhrəmanın dərin məzmunlu şeirləri ilə müşayiət olunur. Əsər özündə müxtəlif problemləri əks etdirir. SSRİ-nin qurulduğu ilk illərin əzabı, bu dövrdə müxtəlif dini inanclara münasibət, ziyalılara edilən basqılar romanda ustalıqla qələmə alınıb. Əsərin ziyalı qəhrəmanının fonunda ölkənin bu zümrəyə münasibəti, İkinci Dünya müharibəsinə qədərki repressiya dövrünün məşəqqətləri təsvir olunub. Keçmiş SSRİ-nin əsl simasını açan bu roman təbii ki, o zamankı sovet rəhbərliyi tərəfindən müsbət qarşılana bilməzdi. Əsər 1988-ci ilə qədər yasaq kitablar siyahısında olub. SSRİ vətəndaşlığından məhrum edilməklə hədələnən Pasternak 1958-ci ildə bu romana görə layiq görüldüyü Nobel mükafatından imtina etməyə məcbur olub. Sovet dövründə vətəndə nəşri qadağan edilən roman, müxtəlif yollarla 1956-cı ildə Milanda rus və italyan dillərində çap olunub.
“Doktor Jivaqo”nun SSRİ-də çapı yalnız 1988-ci ildə mümkün oldu.
8. Kurt Vonnequt: “5 №li sallaqxana və ya uşaqların səlib yürüşü”
Əsərin süjet xəttini amerikalı əsgər Billi Piliqrimin (müəllifin ikinci məni – alter ego) İkinci Dünya müharibəsi zamanı Arden yaxınlığındakı döyüşlərdə almanlara əsir düşməsi və Drezden şəhərindəki köhnə 5 nömrəli sallaqxanada əsir saxlanılması təşkil edir. Müttəfiq ölkələrin ordusu tərəfindən şəhərin mərmilənməsi zamanı Billi, yoldaşları və faşist rejiminə qarşı mübarizə aparan digərləri binanın dərin zirzəmisində gizlənirlər. Zirzəmidə olduğu müddətdə Billi keçmiş və gələcək, habelə öz ölümü ilə əlaqəli qarabasmalar görür.
Romanda təsvir olunan səhnələr uşaqların psixikasına mənfi təsir etdiyinə görə ABŞ-da kitaba qadağa qoyulmuşdu. Bu əsər indinin özündə də Amerika Kitabxanaçılar Assosiasiyası tərəfindən geniş yayımına məhdudiyyət qoyulmuş 100 kitab siyahısına daxildir. Onu da qeyd etmək lazımdır ki, həmin siyahıda dünya ədəbiyyatı klassiklərindən Mark Tven, Teodor Drayzer, Uilyam Folkner və digər yazıçıların əsərləri də var.
9. Bret İston Ellis: “Amerika psixopatı”
Patrik Beytman adlı amerikalının həyatından bəhs edən əsər 1991-ci ildə nəşr olunub. Nyu-Yorkun mədəniyyət və ticarət mərkəzi olan Manhettenin varlı sakini bir müddətdən sonra manyak-qatilə çevrilir. Müəllif gənc qadınların, həmkarların, sərxoşların, təsadüfi küçə adamlarının, hətta heyvanların öldürülməsi səhnələrini xırdalıqlarına qədər təsvir edir.
Ancaq manyak bu hərəkətləri planlı şəkildə həyata keçirmir, onu tamah, paxıllıq və nifrət kimi hisslər idarə edir. 1991-ci ildə qalmaqal yaratmış kitabın yayımı Almaniyada məhdudlaşdırıldı, əsərin yeniyetmələrin psixikası üçün zərərli olduğu iddia edildi. Bu yaxınlarda kitabın geniş satışına Kanada və Avstraliyanın Kvinslənd əyalətində də qadağa qoyulub.
10. Frans Kafka: “Çevrilmə”
Valideynlərinin və bacısının qayğısına qalan qəhrəman bir gün yuxudan oyananda həşərata çevrildiyini görür. Bir vaxtlar ailənin ən sevimli üzvü olan Qreqor cəmiyyətdən uzaqlaşmağa başlayır… Tədricən doğmaları da vaxtı ilə ailənin sevimlisi olmuş Qreqoru unudur.
Kafkanın əsərlərinə nasist Almaniyası və SSRİ-də qadağa qoyulmuşdu. Yazıçı milliyyətcə çex olsa da, bu dildə yazmaqdan imtina etmiş, əsərlərini alman dilində yazmış və bu səbəbdən kitabları ovaxtkı Çexoslovakiyada da qadağan olunmuşdu.
Tərcümə edən: Nəzakət Ağayeva