Andre Morua
(Fransa)
İlk məhəbbət
(esse)
“Yad qadına məktublar” silsiləsindən
İlk məhəbbət öz izlərini kişinin qəlbində bütün ömrü boyu yaşadır. Əgər bu xoşbəxt çağ olubsa, əgər yeniyetmədə ilk dəfə hissiyyat oyatmış qadın, yaxud qız onu qarşılıqlı surətdə cavablandırıbsa və öz hisslərinin həqiqi olmasından şübhələnməyə ona bir dəfə də əsas verməyibsə, onda etimad ab-havası və qəlb rahatlığı həmişə kişinin yolyoldaşı olacaq.
Yox, əgər bütün istəyi ilə etimad göstərdiyi həmin o «ilk dəfə» rədd olunub və ona dönük çıxıblarsa, onda yara heç vaxt tam qaysaq bağlamayacaq, sarsılmış mənəvi sağlamlıq isə uzun müddət bərpa olunmayacaq.
Demək olmaz ki, belə sarsıntıların nəticələri həmişə eyni cür alınır. Məhəbbət – simptomları hər dəfə müxtəlif şəkildə üzə çıxan bir xəstəlikdir. Şikəstliyi ucbatından Meri Eni Çavortun ikrahla qarşıladığı Bayron donjuana çevrilmişdi və bütün digər qadınları bu birinci qadından gördüyü qəddarlığın əvəzini ödəməyə məcbur eləmişdi. Kasıblığı ucbatından Mariya Bidnellin rədd etdiyi Dikkens sonradan zəhmli, deyingən, tündməzac bir ərə çevrildi. Öz səadətini tapmaqda Bayrona da, Dikkensə də məhz ilk uğursuzluq mane olmuşdu.
Çox olur ki, ilk məhəbbətinin oxu daşa dəyən, birinci sevgisində uğursuzluqla üzləşən kişi, bütün ömrü boyu şairanə və incə, poetik və zərif, qızcığaz kimi pak və ana kimi nəvazişli, səmimi və hissiyyatlı, hər şeyi anlayan, sözəbaxan bir qadının həsrətini çəkir, məhz beləsini arzulayır. Daim xəyalındakı o nazənin pərinin dalınca qaçan belə kişi bir əyləncədən o birinə keçir. Dünyəvi qadınla iş görmək əvəzinə – qoy lap mükəmməl və sadə qadın olmasın, amma canlı olsun – bu kişi romantik şairlərin ifadə etdiyi kimi, mələk axtarışına çıxır, özü isə vəhşiləşir.
Olur ki, öz yaşıdının peşman elədiyi gənc kişi qırx yaşlı qadınla yaxınlıq etməyə başlayır. Qadın duyğularının bəzəyi olan incə ana nəvazişi kişiyə inam aşılayır. Üstəlik, qadın özünün yaşlandığını, qocalığın çox da uzaqda olmadığını anlayaraq gənc sevgilisini yanında saxlamaq üçün bütün qüvvəsini sərf eləyir, dəridən-qabıqdan çıxır.
Cavanlıqda özündən xeyli yaşlı qadınla sevgi əlaqəsinə girən Balzak ömrü boyu özünə inamını və bir qədər sadəlövh lovğalığını – çətin həyat döyüşlərində ona təpər vermiş keyfiyyəti qoruyub saxlamışdı. Bunun üstünə onu da gəlin ki, otuz beş, yaxud qırx yaşlı qadın ömür yollarında ortaya çıxan çətinliklər barədə heç nə bilməyən gənc qızla müqayisədə həyatda daha etibarlı bələdçi olacaq. Amma bir məsələ də var ki, belə ittifaqlarda vaxt ötdükcə tarazlığı qoruyub-saxlamaq çətinləşir.
Xoşbəxtlik üçün ən münasib ittifaq isə bir-birinə şəksiz sadiq olan, öz məhəbbətinə son dərəcə namusla yanaşan, nəyin bahasına olursa-olsun qarşılıqlı anlaşmanı qoruyub-saxlamağa can atan təxminən eyni yaşlı kişiylə qadının (kişi bir az böyük də ola bilər) birliyidir.
İlk məhəbbəti ömür boyu yaşatmaq – ondan gözəl nə ola bilər! Bundan ötrü qızlar başqa kişilərə qaş-göz süzdürmək zövqündən imtina etməlidirlər. Əlbəttə, bu, çox da asan iş deyil. Amma bəlkə də, Bayronun bədxahlıqları barədə hekayət ilk baxışda zərərsiz kimi görünən işvəkarlığın, yüngülməzaclığın arxasında hansı təhlükələrin gizləndiyini onlara anladar.
İstedadlı adamın, əslində, elə hamının ilk məhəbbəti olmaq bilsəniz, necə ağır məsuliyyətdir…
Çevirən: Mahir N. QARAYEV