Elektron ədəbiyyat və sənət portalı

Patrik Modiano: xatirələri zülmətdən işığa çıxaran yazıçı

Bölmə: Art 17.09.2018

 

Çox vaxt belə olur: ədəbi mühit Nobel mükafatının hansı yazıçıya veriləcəyini intizarla gözləyir, mət­buat şanslıların müzakirəsini təşkil edir, bukmeker kontorları proqnozlar verir, əsas namizədləri göstərir, amma Nobel Komitəsinin “seçki qutusu”ndan tama­milə başqa qələm sahibinin adı çıxır. Son­ra kütləvi informasiya vasitələri həmin xoşbəxt yazıçının həyat və yaradıcılığın­dan gen-bol yazır, ondan müsahibələr alır, tərcüməçilər əsərlərini çevirməyə başlayır, nəşriyyatlar kitablarının çapına girişir, bir müddət sonra da ədəbi mühit növbəti ilin Nobel həyəcanıyla yaşamağa başlayır.

 

2014-cü ildə də belə oldu. Proqnozlarda Haruki Murakamiylə yanaşı bir çox iddiaçı barədə daha böyük ümidlər yer alsa da, "qutu"dan yarıyəhudi mənşəli fransız yazıçı Patrik Modiano çıx­dı. Nobel Komitəsi onu mükafata "ən ağlasığmaz insan talelərini təs­vir edən və işğal altında olan həyatı göstərən sənətinə görə" layiq gördü. Modianonun ro­manlarının əksəriyyəti işğal illərində Fransada baş verən hadisələrdən söhbət açır... Bu barədə dövri mət­buatda kifayət qədər yazıldığından təkcə onu qeyd edək ki, Modiano beynəlxalq ədəbi aləmdə dünyanın bir çox dillərinə çevrilmiş "Ulduz mey­danı", "Gecə gözətçisi", "Ailə xronikası", "Kədərli villa", "Gənclik", "İtirilmiş dünya", "Naməlum qa­dınlar", "İtirilmiş gənclik kafesi","Üfüq", "Gecə otu", "Qaranlıq dükanlar küçəsi" kimi romanlarla tanınır, bir çox ədəbi mükafatlara layiq görülüb.

Nobel Komitəsinin elanından sonra hətta bir balaca detektivə ox­şar vəziyyət də yaranmışdı: komitə və kütləvi informasiya vasitələri aləmə car çəkdilər ki, yeni xoşbəxt laure­atı heç yerdə tapa bilmirlər, mobil telefonuna da zəng çatmır və nəhayət, əlaqə yarananda məlum oldu ki, Modiano şad xəbəri küçədə eşidib, daha dəqiq desək, xəbəri qızı ona telefon­la çatdırıb. Ardınca yeni laureat ilk müsahibəsini də verdi, dedi ki, xəbər onun üçün çox gözlənilməz olub, tə­sirlənib, kövrəlib, mükafatı da isveç­li nəvəsinə həsr eləyir. Onu da dedi ki, yazmağa gənclik illərindən – 20 yaşından başlayıb, az qala əlli ildir yazır, bu müddət ona uzun görünsə də, həyatının bir parçasıdır. Deyir ki, ömrü boyu eyni kitabı yazıb, əsl oxucusunu tapmadığına görə na­rahatdır, itirilmiş gələcəkdən bəhs eləyən "Sən niyə məhəllədə azıb-it­mirsən?" adlı son kitabınısa hamının oxumasını istərdi, çünki həmin kitabı yazandan sonra yazıçı tərki-dünya olacağına əmindir.

Patrik Modianonun əsərlərindəki yaddaş ölçülərinə görə mükafat­landırılması təsadüfi deyil. O, həyatı boyu yaddaşına sadiq qalıb, uşaqlıq illərində görüb duyduqlarını yetkin düşüncəsinin süzgəcindən keçirə-keçirə qələmə alıb. Hələ neçə il əvvəl fransız nəşrlərindən birinin "Əsərlərinizdəki Balaca Möcüzə hardasa özünüzsünüz, elə deyilmi?" sualına belə cavab vermişdi: "Bu, sadəcə öz uşaqlığım, ümumiyyətlə, uşaqlıq çağları barədə yalnız tutqun rənglərlə söhbət açmaq üsuludur...

Uşaqlıq illərində yaşanmış ağır məqamlar sonralar – on, iyirmi il sonra bumeranq kimi, gec partlayan mina kimi mütləq geri qayıdır... Elə bil lap başlanğıcdan özülün düzgün qoyulmadığı axırda üzə çıxır. Balaca Möcüzə mənəvi böhran keçirir, bu da onun intiharına gətirib çıxarır, amma xoşbəxtlikdən intihar baş tut­mur... Bununla belə, axırda ümid yaranır ki, o, bəlkə də, artıq qurtulub, keçmişdən azad olub".

Patrik Modianonun iddiasına görə heç vaxt işləməyib, özünü yazıçı vəzifəsində hiss eləməyib, axtarışlar aparmağa, öz üslubunu müəyyən­ləşdirməyə çalışmayıb. Yazmaq ondan ötrü yalnız yaşantılarını ifadə eləmək, düşüncələrini kağıza köçürmək­dir: "Ədəbiyyat xətrinə ədəbiyyatla məşğul olmaq, yazı sahəsində ax­tarışlar aparmaq – bunlar elmi di­skussiyalara və kollokviumlara xas şeylərdir. Mən kim olduğumu bilmək, öz mahiyyətimi dərk eləmək üçün yazıram".

“Naməlum qadınlar” romanını nəşr etmiş məşhur "Qallimar" bülleteninə verdiyi müsahibədə Patrik Modianonun ədəbi yaradıcılığa münasibəti maraqlıdır:

"Qallimar bülleteni" (Q.B.): "Naməlum qadınlar" romanı triptix yaradan üç qadının monoloqundan ibarətdir. Niyə bu dəfə sözü qadın­lara vermək qərarına gəldiniz?

Patrik Modiano (P.M.): Mən yeni baxış nöqtəsi tapmağa çalışırdım, yeni hekayətçi axtarırdım, çünki bu vaxtacan yazdığım əksər romanların "mən"i ro­lunda özüm çıxış eləmişəm. Ona görə də bu dəfə hekayətçi yox, müəyyən mənada dinləyici vəzifəsini yerinə ye­tirmək istədim.

Oxucuda belə bir təsəvvür yaratmaq istədim ki, guya hər eşitdiyi yeni səsi radiodan dinləyir – kimsə öz həyatın­da baş vermiş bir əhvalatı danışır, qə­fildən veriliş yarımçıq kəsilir, ya da səs-küyün içində boğulur. Dinləyicinin radionun düymələrini ora-bura fırla­tmağının bir xeyri yoxdur – o, yenidən həmin dalğanı tutub, əhvalatın ardını eşidə bilməyəcək.

Q.B.: Bir vaxtlar "Yaddaşın ən dərin qatlarında" adlı ro­manınızla bağlı demişdiniz: "Dərk elədim ki, keçmişi "diriltməkdə" gücsüzəm. Ondan yalnız fraqmentlər və dağınıq epizodlar qa­lır". "Naməlum qadınlar" romanını xatirələrin "yayğınlığı" mövzusuna variasiya saymaq olarmı?

P.M.: "Naməlum qadınlar"da da qarşımızda məhz fraqmentlər, dağınıq epizodlar var. Aydındır ki, qadınların hər biri öz keçmişindən söhbət açır. Amma əhvalatı danışdıqları vaxt harada olduqları, həyatda başlarına nələr gəldiyi məlum deyil. Ümumiyyətlə, həm yaxın, həm də uzaq olan həmin səslərin haradan gəldiyi anlaşılmır. O əhva­latlardan heç birini qəhrəmanların sonrakı taleyilə əlaqələndirmək mümkün olmadığından adama elə gəlir ki, hər hekayət dalğalar üzərində tək-tənha üzməyə əbədi məhkum olunmuş buz parçasıdır...

Q.B.: Arabir yuxulu arzu­ların örtüyü qalxır, acı gerçəkliklər – gözlənilməz həbslər, qətllər aş­kara çıxır. Bu nədir – gerçəkliyin dəhşətə çevirdiyi arzu, yoxsa özünü xəyalpərəst adama kobud tərzdə göstərən gerçəklik?

P.M.: Məncə, bu, xəyalpərəstlə üz-üzə gələn gerçəklikdir. Amma hər üç epizod keçmişə aid olduğun­dan "acı həqiqət" də gah yuxuya, gah da fantaziyaya çevrilir.

***

Patrik Modiano əsərlərinin sü­jetini zamandan götürdüyünü, keçmişlə bağlı olduğunu deyir, "keçmişsə utanc gətirən dumanlı işğal dövrü"dür. Yazıçı iddia edir ki, "mənim romanlarımdakı işğal 40-cı illərdəki gerçək işğala az oxşayır. Mən işğalı xatırladan mühit yaradıram, amma son məqamda bu, əsl işğala o qədər də oxşamır... İlk üç romanımda tarixi hadisələri yox, öz duyğularımın gerçəkliyə çox da uyğun olmayan rənglərini təsvir eləmişəm..."

Elə buna görə də tənqidçi J.Brenner onun romanlarını yazıçının bənzərsiz yaddaşının, əslində isə təxəyyülünün məhsulu olduğunu vurğulayır.

Qəhrəmanların öz keçmişinə üz tut­ması, yaşadığı həyatın acı həqiqətləri­ni xatırlaması, ömür gizlinlərini aş­kara çıxarması Patrik Modianonun son romanlarında da aydın görünür. "...Qırıq-qırıq xatirələr bizim tez-tez yolayrıcında qaldığımız, yollarımızın şaxələndiyi, hələ seçim imkanımızın olduğu dövrümüzə aiddir, – yazıçı "Üfüq" romanında yaşantılarını belə qələmə alır. – Onun cib dəftərindəki qeydlər artıb-çoxalır, fikirlərini as­tronomik jurnal üçün qara materiya barədə yazdığı məqalənin üzərinə gətirirdi. O, gerçək hadisələr, tanış simalar arxasında qara materiyanın qatılaşmasını aydınca görürdü: qısamüddətli görüşlər, yerinə yetirə bilmədiyi vədlər, itirilmiş məktublar, didik-didik olmuş gündəlikdəki un­udulmuş adlar və telefon nömrələri, hətta görmədən yanından keçdiyi yad kişilər, qadınlar həmin materi­yaya çevrilirdilər.

Kosmosda olduğu kimi həyatda da qara materiya görünən bərk ma­teriyadan çoxdur. Qara materiya sonsuzdur. Onun cib dəftərçəsində yalnız qatı zülmətin ortasındakı zəif parıltılı məqamlar əks olunub. Həmin parıltı o qədər zəifdir ki, fərqləndiri­ci cizgiləri aydın seçmək üçün, onun köməyilə bütövü, heç bütövü də yox, yalnız hissəcikləri, hissəcikləri də yox, eləcə ulduz tozunu axtarıb tap­maq üçün gözlərini qıymalı olurdu. O, qara materiyanın içinə dalmaq, bütün qopmuş bağları bir qədər də çözələmək, həm də keçmişə qayıt­maq, sürüşüb aradan çıxan kölgələri tutub saxlamaq, hər biri barədə daha çox şey öyrənmək istəyirdi".

Bu fikirləri Patrik Modianonun yaradıcılıq kredosu da saymaq olar. O, xatirələrini məhz zülmətin – qara materiyanın dərinliklərindən işığa çıxararaq romanları vasitəsilə ox­ucularına çatdırır.

 

Nəriman ƏBDÜLRƏHMANLI