Gah müharibə başlanır, gah da çevriliş olur
2014-cü ilin əvvəllərində Rusiya Ukrayna torpaqlarını işğal edəndə ədəbiyyat adamları da təəccübləndilər. Amma bu, “şübhələr düz çıxdı, Putin SSRİ-ni bərpa etmək planını işə saldı” deyənlərin təəccübündən fərqli idi. Bəzi mistikameyilli ədəbiyyatşünaslar qələmə sarılıb Lermontovun “lənətlənmiş” yubileyindən bəhs etməyə başladılar.
Məsələ burasındadır ki, 2014-cü il həm də böyük rus şairi Mixail Lermontovun (1814-1841) anadan olmasının 200 illiyi ilə əlamətdar idi. Ədibin anadan olmasının 100 illiyi ərəfəsində Birinci Dünya müharibəsi başlanmış, 150 illiyində SSRİ-də çevriliş baş vermiş və Nikita Xruşşov rəhbərlikdən uzaqlaşdırılmışdı. Ölümünün 100 illiyində Böyük Vətən müharibəsi başlanmış, 150 illiyində SSRİ kimi qüdrətli bir dövlət süqut etmişdi.
Bu, artıq beşinci belə fakt olduğu üçün 2014-cü ildə “lənətlənmiş yubiley” mövzusu yenə ortaya gəldi. Hətta rus astroloqu Pavel Qloba bu il Rusiyanın dəhşətli müharibəyə sürüklənəcəyi proqnozunu verdi – məhz Lermontovun “yubiley taleyinə” əsaslanaraq...
Doğrudan da, Lermontovun həyatında mistik məqamlar çoxdur. Ədəbiyyatşünas Vladislav Xodaseviç Lermontovun ömür yolunu “uğursuzluq zolağı” adlandırmışdı.
Onun tərcümeyi-halında anasını 3 yaşında itirməsi faktı ilk cümlələrdə yer alır, taleyindəki sonrakı keşməkeşlər isə bu itkini kölgədə qoyur.
Lermontovun yaşadığı dünyaya həmişə yad kimi baxması, onun qoynundan hər vəchlə dartınıb qaçmaq istəyi anasını itirmiş 3 yaşlı körpənin özgə qucağa alışa bilməməsini xatırladır.
23 yaşında böyük rus şairi Aleksandr Puşkinin ölümündən təsirlənib yazdığı “Şairin ölümü” poemasına sonradan əlavə edilən, birbaşa çar I Nikolayı hədəfə alan, ardınca da sürgünə səbəb olan hissə...
25 yaşında Fransa səfirinin oğlu ilə duelə çıxması və bu hərəkətin nəticəsi olan ikinci sürgün...
Cəmi bir il sonra növbəti duel və son...
Dueldə havaya atəş açmaqla rəqibinə lap yaxından güllə atmaq imkanı vermək...
Əslində, bütün bunlar gizli intihar cəhdi idi. Vaxtilə baba Mixail Lermontov da intihar eləmişdi. Nənəsi körpə nəvəsinə – gələcəyin böyük şairinə onun adını verəndə isə hamı təəccüblənmişdi.
Bəzi rus yazarları Lermontovu mistik şair kimi təqdim edir, onun ata tərəfdən şotlandlara gedib çıxan nəsil şəcərəsində “Qafiyəpərdaz” ləqəbli Tomas Lermont adlı məşhur bir görücünün olduğunu xatırladırlar.
Doğrusu, Lermontovun bir sıra yazılarını, əsasən də “Öncəgörmə” və “Yuxu” şeirlərini oxuyanda onlara haqq qazandırmamaq olmur:
Haqdır, Rusiyanın bəd günü haqdır,
Çarların tacları yıxılacaqdır;
Əvvəlki sevgilər çıxacaq yaddan,
Camaat keçəcək ölümdən, oddan;
Günahsız qadınlar, böyüyən uşaq
Çökən qaranlıqla qorunmayacaq.
Meyit qoxusundan sızan vəba da
Dolanıb gəzəcək eldə-obada;
Səsləyib elləri əlində yaylıq
Bu kasıb diyarı üzəcək aclıq;
Çaylar boyananda al rəngə əbəs,
O gün zühr edəcək qüdrətli bir kəs;
Sən onda tanıyıb bilərsən ancaq
Neyçündür əlində o polad bıçaq.
Onda vay halına həmin ağanın,
Gülməli gələcək ahın-fəğanın;
Onun əynindəki plaştək o vaxt
Hər şey qapalı bir dəhşət olacaq.
Bu şeirin Oktyabr inqilabı haqda öncəgörmə olduğu və hətta burada Leninin obrazının yaradıldığı fərziyyəsi irəli sürülür. Lermontovun 1841-ci ildə yazdığı “Yuxu” şeirində isə birbaşa öz aqibətini bəyan etdiyinın sübutuna ehtiyac yoxdur:
Günorta qızmarı, Dağıstan düzü,
Sərilib qalmışam sinəmdə yara;
Buğlanır hələ də güllənin közü,
Qanım damcı-damcı axır qumlara.
Kimsəsiz qoynunda bu qərib çölün
Ətrafım ünyetməz şiş qayalardır.
Onları qarsıdıb qovurduqca gün
Özüm də qovruldum, yuxu apardı.
Yuxuda gördüm ki, o doğma diyar
Axşam məclisində yanıb-alışır.
Başı gül-çiçəkli cavan qadınlar
Şirin söhbət açıb məndən danışır.
Biri də çəkilib bir qıraqda tək
Nəyisə düşünür fikrə gedərək.
Bir Allah bilir ki, o dalğın çağı
Nədir xəyalının dərdli qonağı...
Bəlkə Dağıstanı görür xəyalda,
O tanış meyit də qalıbdır elə;
Buğlanan yarası qaysaqlı halda,
Yenə soyuq-soyuq qan sızır hələ...
...Əlbəttə ki, qısa ömründə 200-dən artıq şeir və poema yazmış şairlə bağlı ciddi tədqiqatlar gələcəkdə də ortaya çıxacaq, daha maraqlı faktlar tapılacaq, onun həyatında yeni mistik məqam axtaranlar da 27 illik şair ömrünə “səfərdən” əliboş qayıtmayacaqlar.
Q.ABDİNOVA