Marçello Venturi
(İtaliya)
HEÇ VAXT UNUTMAYACAĞIMIZ YAY
Əsgər şəhadət barmağını irəli uzadıb soruşdu:
– Bu, senin uşak?
– Hə, - kəndli cavab verdi.
– Bu da arvat?
– Hə.
– Men uşakları çok sevar...
…Yay fəsli idi. Günəş zəmilərdə taxılı, meşələrdə küknar ağaclarını yandırıb-yaxır, Pistoyi dağlarının yamaclarına sığınmış kəndli daxmalarının çızdağını çıxardırdı…
– Evda menim çoklu uşak var, – əsgər sözünə davam elədi.
O, əlindəki sumbata kağızıyla öz yük avtomobilinin qara kamerini sürtüb təmizləyir, heç yana tələsənə oxşamırdı. Alnı büsbütün tər içində idi; qırx dördün yayı heç dözüləsi deyildi.
– Men uşakları çok sevar...
Kameri sürtə-sürtə samanlığa tərəf gedib, əncir ağacının kölgəsində oturdu, yerini rahatlayıb su istədi. Kəndli bir vedrə su gətirib onun böyrünə qoydu, sonra çəkilib evin kandarında dayandı. Kəndlinin arvadı, körpə də qucağında, ərinin arxasına qısılıb əsgərin bütün hərəkətlərinə oğrun-oğrun göz qoyurdu.
...Yay fəsli idi. Belə bürkü, belə quraqlıq qabaqlar heç vaxt görünməmişdi. Həmin yay dəhşətli dərəcədə istiydi, üstəlik də, qanla suvarıldığından qırmızıydı, qıpqırmızı! Yay. Heç vaxt unutmayacağımız yay. Qırx dördün yayı. O il zəmilərin torpağı quruyub qaxaca dönmüş, susuz dodaqlar kimi çat-çat olmuşdu...
– Men Almaniya gedar. Kaput, her şey kaput, men da Almaniya gedar.
"Kaput", – kəndli düşündü. Sonra arvadına sarı döndü:
– Keç evə!
...O günlər Modenə gedən şose yolla yük maşınlarının uzun karvanı ötüb- keçirdi və tez-tez bu maşınlardan biri dayanır, sarısaç alman əsgərləri həyət-bacalara doluşub əllərinə keçəni acgözlüklə qamarlayıb aparırdılar. "Heç nəyim yoxdu", – kəndli hər dəfə arvadının qucağındakı uşağı göstərmişdi, almanlarsa çığırışa-çığırışa samanlığın altını üstünə çevirmişdilər; paltarlarına bənd edilən pulemyot lentlərini onlar elə zövqlə hiss etdirirdilər ki, heç bayrama hazırlaşan qadınlar da öz krujevalarıyla bu cür öyünə bilməzdilər...
…Günəş taxıl zəmilərini yandırıb-yaxır, sanki onlara divan tuturdu. Qırx dördüncü ilin taxılı da qırmızıydı, sarı deyildi. Meşələrdə küknar ağacları bürküdən qarsıyır, yamaclara səpələnmiş kəndli daxmaları od tutub yanırdı. Kəndlilər yorğun addımlarla düzəngaha enirdilər. Onlar öz ev-eşiklərini yığıb-yığışdırıb balaca boğçaya düyünləmiş, ağacların ucuna keçirib çiyinlərinə atmışdılar. Evlər. Qara boğçalara yerləşdirilən, çubuqların ucunda yellənən evlər…
– Men Almaniya gedar, – əsgər dedi. – Davada yakşı şey yok.
Kəndli səsini çıxartmadı.
– Men yemak ister.
Əsgər tərli-tərli gülümsünüb kameri otun üstünə tulladı və əllərini vedrəyə soxdu. Sonra maşına tərəf gedib oturacağın altından əski götürdü, əllərini silə-silə kəndliyə yaxınlaşdı. Əsgərin üzü büsbütün tər içindəydi; tər damcıları alnından sürüşüb yanaqları boyunca aşağı süzülür, boynuna tökülürdü. Əlini alnına çəkib yenə gülümsədi.
– Çok isti. Guneş batanda men gedar.
…Dostlar, qırx dördüncü ilin o qızmar yayı bizim ölüncə yadımızdan çıxmaz. Elə o boğçalar da. O boğçalarda ev vardı, qəbiristandakı məzar vardı. Od tutub yanan küknarlar da bizimkiydi. Taxıl da bizim taxılımızdı. Ağacların yoğun budaqlarından sallanan uzun boğazlı cavanlar da öz qardaşlarımız idi...
Əsgər kəndli ilə üzbəüz durub soruşdu:
– Senin yumurta var? Senin sut var?
Kəndli başını aşağı salıb öz yalın ayaqlarına, yamaqlı şalvarına baxdı.
– Mənim heç nəyim yoxdu.
– Yokdu?
Əsgərin sifəti tutuldu və daş kimi sərtləşdi.
– İtalyanlar yok deyar. İtalyanlar her zaman yox deyar.
Kəndli əllərini də köməyə çağırıb qandırmağa çalışdı:
– Sənin dostların inəyimi apardılar. Mən onlara dedim ki, evdə körpə uşaq var. Dedim ki, inəyi aparsanız, bu günahsız tifil acından öləcək. Onlarsa dedilər: “Biz heç nə başa düşməz”. Dedilər biz döyüşürük, biz sizin torpaqları qoruyuruq, buna görə də siz bizi yemləməlisiz! Bax sənin dostların mənə belə dedilər.
– Men başa duşmez.
– Sən başa düşmürsən, mənsə nə dediyimi yaxşı bilirəm.
– Men başa duşmez, – əsgər təkrar elədi.
– Çörək, – kəndli sanki indicə yadına düşübmüş kimi qəfildən dilləndi, – sənə təkcə çörək verə bilərəm.
– Çurek?
– Hə, çörək. Olanım təkcə çörəkdir.
– Men ev ister. Bura çok isti.
– Evdənsə əncir ağacının kölgəsi sərin olar.
– Yok, – əsgər razılaşmadı və kəndlini kənara itələyib yenə öz dediyini dedi: – Men ev ister.
…Qırx dördüncü ilin yayında bizim evlərimizə soxulan əhlikef alman əsgərləri nə qədər olub?! Kəndli, əsgərin arxasınca düşdü. Biz hamımız bu cür candərdi addımlarla onların arxasınca düşmüşük və baxmışıq ki, görək bu əhlikeflər bizim evlərimizdə necə ağalıq edəcəklər...
– Sən yuxarı qalx! – kəndli arvadına bozardı.
Qadın qucağındakı uşağın arxasından qəribə tərzdə gülümsündü. Bu təbəssüm adi təbəssüm deyildi, yox, qırx dördüncü ilin təbəssümü idi. Əsgərsə qadının nərdivanla yuxarı qalxmağa hazırlaşdığını görüb təəccübləndi:
– Niye? Qorkursan?
Və kəndliyə sarı dönüb onu qandırdı ki, qoy arvadını qalmağa məcbur eləsin.
– Menim Almaniyada çoklu uşak var. Arvat da. Qorkma.
Qadın neyləmək lazım gəldiyini bilmədiyindən eləcə ürkək nəzərlərlə ərinin gözlərini aradı və elə nərdivanın yanındaca quruyub qaldı. Otaqda bir masa, bir neçə stul vardı. Əsgər stullardan birini altına çəkdi, cibindən dəsmalını çıxarıb yanağı boyunca sel kimi axan təri silməyə başladı.
– Men çurek ister.
Bu sözləri sanki nərdivanın yanında quruyub qalan qadını sakitləşdirmək xatirinə söylədi. Sonra uşağı göstərib:
– Yaş neça? – soruşdu.
– Üç, – qadın cavab verdi.
– Balaca, çok balaca. Bes senin?
Qadın təzədən ərinin üzünə baxdı.
– Senin yaş neça?
– İyirmi beş, – qadın cavab verdi və yalvarıcı nəzərlə ərinin üzünə baxdı. Neyləmək lazım gəldiyini yazıq heç cürə kəsdirə bilmirdi; bilmirdi ərinin dediyinə əməl eləyib yuxarı qalxsın, yoxsa əsgərin buyurduğu kimi elə bu otaqdaca qalsın. Ona görə də qəhərdən gözləri yaşarmışdı və göz yaşını qucağındakı uşağın arxasında gizlətməyə çalışırdı.
– Sen yakşı xanım. Sen qorkma. Mən burda oturar, çunki maşın çok isti. Men geca gedar.
…O ilin yayında istidən nəfəs almaq olmurdu. Biz bürküdən və alman əsgərlərinin odsaçan silahlarından boğulurduq. Arvadlı-kişili hamı qoyun kimi bir-birinə qarışıb sərsəm-sərsəm düzəngaha enirdi. Amma qoyun deyildilər, onların hamısı insan idi, xalis insan; hərəsinin də çiyninə balaca bir boğça – bütün ev-eşikləri yüklənmişdi…
Əsgər papiros alışdırdı.
– Menim Almaniyada arvat var. Menim arvat qozel. Amma sen çok qozel.
Qadın gözlərinin yaşını silmək üçün uşağa lap bərk qısıldı. Onun boğazı qurumuşdu, ürəyi isə qorxudan bərk-bərk çırpınırdı.
– Bes çurek? – əsgər kəndliyə sarı dönüb soruşdu.
Kəndli elə bil min ilin yuxusundan ayıldı və ağır addımlarla şkafa yaxınlaşdı. Şkafdan bütöv bir çörək götürüb bıçaqla birgə masanın üstünə, əsgərin qabağına qoydu. Sonra yenə bayaqkı yerinə keçib divara söykəndi, əllərini cibinə soxub küt nəzərlərlə düz qənşərinə baxmağa başladı. Göz yaşını qucağındakı uşağın arxasında gizlətməyə çalışan cavan arvadı isə hələ də nərdivanın yanında durmuşdu. Əsgər çörəkdən bir dilim kəsib:
– Men encir ister, – dedi.
Kəndli əlini həyətə tərəf uzatdı:
– Əncir ordadı.
– Get getir.
Ancaq kəndli yerindən tərpənmədi.
– Mən gedərəm, – qadın nərdivanın böyründən bir-iki addım aralanıb qapıya yönəlmək istədi, ancaq əsgər cəld yerindən qalxıb onun qarşısını kəsdi və şəhadət barmağını hökmlə kəndliyə sarı uzadıb amiranə tərzdə dedi:
– O!
Kəndli qapıya tərəf yönəlib kandarda ayaq saxladı və bayırda tüğyan eləyən bürküyə, əncir ağacının altına atılmış kamerə baxdı. Sonra dönüb arvadına sərt bir nəzər saldı. Qadın uşağın arxasından ərinin gözlərinə baxdı, sonra da onun günəş şüalarından qarsayıb ağarmış samanlığa doğru hansı hikkəylə getdiyini gördü. Qadının ürəyi az qala ağzından çıxacaqdı.
– Çok isti, - əsgər qadını diqqətlə gözdən keçirib tələsmədən qapıya yaxınlaşdı, cəftəni keçirib qadınla üzbəüz dayandı və düz gözlərinin içinə baxıb soruşdu:
– Ad neca?
Qadın bir şey anlamadı. O yalnız qucağındakı uşaqla döşləri arasına hansı bir əlinsə soxulduğunu hiss elədi.
– Aç! - kəndli qapının o üzündən bağırdı. – Aç, alman, səni əcəl girləyir, aç!
Qadın əsgərin tapançanı qoburdan necə çıxartdığını, alnının tərini silib hazır tapança ilə qapıya tərəf nə təhər getdiyini gördü və... gözləri yumuldu...
…Qırx dördüncü ilin yayı idi. Bu, həmin yay idi. O kəndli də mən idim, sən idin, biz idik. Və bizim əlimizdə silah vardı. Biz o silahı quru otların altında gizlətmişdik. Biz o silahı samanlıqdan götürmüşdük. Yay idi. Qırx dördüncü ilin yayı. O yay ki, heç vaxt heç birimizin yadından çıxan deyil. O yay ki biz onu heç zaman unuda bilməyəcəyik. Və məhz o zaman, həmin o yay fəslində biz də atmağı, öldürməyi öyrəndik...
Tərcümə edən: Mahir N.Qarayev