Azərbaycan Tərcümə Mərkəzinin yeni seçilmiş İdarə Heyəti ilə Elmi Şurasının birgə toplantısı keçirilib. Toplantını giriş sözü ilə Mərkəzin İdarə Heyətinin sədri – Afaq Məsud açaraq, qurumun yeni təyin edilmiş İdarə Heyətinin üzvlərini (akademik Nizami Cəfərov, psixologiya elmləri doktoru, professor Səməd Seyidov) və yeni tərkibdə təsdiq olunmuş Elmi Şurasının üzvlərini (filologiya elmləri doktoru, professor Vilayət Quliyev, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor Rüstəm Rəsulov, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri doktoru Paşa Kərimov) salamlayıb.
Toplantıda Mərkəzin 2014-2018-ci illər üzrə fəaliyyəti, “Azərbaycan dilinin orfoqrafiya sözlüyü”nün yeni nəşri ilə bağlı hesabatlar dinlənilib, 2019-cu ilin Tematik planı, dil və tərcümə sahəsinin təkmilləşdirilməsi istiqamətində atılacaq zəruri addımlar müzakirə olunub. Qurumun dörd illik fəaliyyəti, başqa ölkələrdə yaradılan nümayəndəlikləri ilə iş, dövlət qurumlarında həyata keçirilən rəsmi yazışmaların dil və tərcümə keyfiyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, habelə “Azərbaycan dilinin orfoqrafiya sözlüyü”nün yeni nəşrinə dair hesabat Şura üzvləri tərəfindən yüksək qiymətləndirilib:
Vilayət Quliyev: “Mərkəzin fəaliyyəti ilə daim maraqlanmışam. Həyata keçirilən yerli və beynəlxalq nəşr layihələri təqdirəlayiqdir. Təəssüf ki, bu vaxta qədər ölkənin tərcümə sahəsində nizam, bu sahəni tənzimləyəcək vahid sistem yox idi. Sevindirici haldır ki, Tərcümə Mərkəzi bu işləri ardıcıl və sistemli, həmçinin ikitərəfli şəkildə həyata keçirir, dünya ədəbiyyatını Azərbaycanda, Azərbaycan ədəbiyyatını dünyada layiqli və peşəkar səviyyədə təbliğ edir. Bu layihələrin Macarıstanda da müştərək şəkildə davam etdirilməsinə ehtiyac var”.
Cahangir Məmmədli: “Tərcümə Mərkəzinin gördüyü işlər göz önündədir. Qurum hətta ən çətin, maliyyəsiz dövrlərində belə, tərcümə sahəsində böyük uğurlara imza atıb. Elmi Şuranın bu ilk toplantısında iştirak edənlərin hər biri, Mərkəzlə əməkdaşlıq edə biləcək qurumların aparıcı nümayəndələridir. Məsələn bizim – BDU-nun jurnalistika fakültəsinin, əcnəbi dilləri yaxşı mənimsəmiş çox maraqlı, istedadlı tələbələri var. Mərkəzlə əlaqələri gücləndirib media sahəsində birgə layihələr həyata keçirmək olar”.
Rüstəm Kamal: “Mərkəzin tərcümə nəşrlərini həmişə maraqla izləmişəm və bir oxucu kimi bu tərcümələrə inanıram. Mərkəzin rəhbərliyi altında görülən işlər ölkədə bir tərcümə mədəniyyəti yaradıb. Tərcümə işinə nə qədər özfəaliyyət müdaxilələri olsa da, artıq hər kəs bu işləri nəzarətdə saxlayan peşəkar bir qurumun mövcudluğundan xəbərdardır. Və belə bir rahatlıq var ki, Mərkəz, burada cəmləşən, sözün əsl mənasında peşəkar dil və tərcümə mütəxəssisləri bu sahədə yaşanan problemləri, gedən prosesləri nəzarətdə saxlayır, tərcümə əsərlərinin keyfiyyətini gözdən keçirir, saf-çürük edir. Bu, Tərcümə Mərkəzinin etibarlılıq əmsalının yüksək olduğunun göstəricisidir. Düşünürəm, milli ədəbiyyatı o ədəbiyyatın ənənələrindən çox, tərcümələr yetişdirir, dünya çapına çıxarır və tanıdır. Mərkəzin bu istiqamətdə fəaliyyəti Azərbaycan ədəbiyyatının yeni formatda üzə çıxmasına səbəb olur. Yetişən nəsil bu nəşrləri oxuyaraq, romanın nə olduğunu, yaxşı tərcümənin nə olduğunu anlayır, dünya oxucusunun, oxu çevrəsindən və maraq səviyyəsindən xəbərdar olur. Bəlkə də yeni nəsrin üslubunu, dilini də sizin tərcümələr yaradır. Arzularımı da dilə gətirmək istərdim. Bilirsiniz ki, Rusiyada tərcümə məktəbi var. Düşünürəm, Tərcümə Mərkəzi də öz məktəbini – Tərcümə Akademiyasını formalaşdırmalıdır. Buraya nəzəriyyəçilər, dilçilər toplaşaraq, öz nəzəriyyələrini, təcrübələrini, mətbəx sirlərini gənc tərcüməçilərə ötürməli, bu məruzələr Mərkəzin “Xəzər” jurnalında nəşr edilib yayımlanmalı, sonradan kitab formatında nəşr olunmalı və tədris edilməlidir”.
Qulu Məhərrəmli: “Bu gün Azərbaycanda ən ciddi problem – peşəkarlıq problemidir. Dil, mədəniyyət, eynilə digər sahələrdə baş verən hadisələr məhz bunu göstərir. Bu mənada, təqdim etdiyiniz hesabatlar çox parlaqdır. Qısa müddət ərzində bu qədər işlər görmək, kitablar tərcümə etmək, nəşrlər həyata keçirmək böyük işdir. Diqqət çəkən məqamlardan biri budur ki, Mərkəz o müəlliflərin əsərlərinə yer ayırır ki, onlara həmişə maraq olub və bu gün də var, haqqında həmişə danışılır, amma əsərləri oxunmayıb, yaradıcılıqlarından xəbərsiz qalmışıq. Tərcümə özü dil hadisəsidir. Mərkəzin tərcümə etdiyi əsərlər, müəllif seçimi çox unikaldır. Ən çox diqqətimi çəkən isə – birinci sinif üçün dərs vəsaiti oldu. Bizim milli yaddaşımız var və burada maarifçilik işi də mütləq nəzərə alınmalıdır. Mərkəzin dil və tərcümə ilə bağlı apardığı monitorinqləri də yüksək qiymətləndirirəm. Hər bir işlə peşəkar şəkildə məşğul olunanda, nəticəsi mütləq parlaq bəhrələr verir”.
Paşa Kərimov: “Hesabatları yüksək dəyərləndirirəm. Mən Mərkəzin fəaliyyətini, hələ qurumun imkanlarının ən məhdud vaxtlarından izləyirəm. Belə nəticəyə gəlinir ki, bu qurum, imkan düşən kimi, daha geniş və fundamental fəaliyyətə hazır imiş. Mərkəzin işində diqqəti cəlb edən əsas cəhət – fəaliyyətin çoxşaxəliliyidir. Səfirliklər və beynəlxalq qurumlarla əlaqələr qurmaq, xarici ölkələrdə tədbirlər, görüşlər təşkil etmək kifayət qədər çətin və böyük təşkilatçılıq tələb edən işdir. Burada gecə-gündüz yoxdur, əlaqələr durmadan inkişaf edir”.