Elektron ədəbiyyat və sənət portalı

Luis Bunyuelin kino kimi həyatı

Bölmə: Art, Saytlar üçün 12.10.2023

 

Məşhur ispan rejissoru Luis Bunyuel müəllif kinosunun ən böyük simalarından biridir. Bunyuel sürrealizmi ilk dəfə kinematoqrafiyaya gətirən və sevdirən rejissordur. "Şükür ki, hələ də ateistəm" deyən Bunyuelin filmləri qədər müsahibələri, qısa açıqlamaları da sensasiyaya çevrilə bilib. Dali və Lorka haqqında xatirələri isə tirajlanmaqda və oxunmaqda davam edir.

Katolik kilsəsinə nifrət

Luis Bunyuel Portoles 1900-cü ilin 22 fevralında  İspaniyanın Aşağı Araqon vilayətində anadan olub. Yeddiuşaqlı ailənin böyük oğlu olan Luisin atası Leonardo İspani­ya-Amerika müharibəsində iştirak edib və sonradan Kubaya köçüb. Bu­rada özünə xırda biznes quran ata Bunyuel 1899-cu ildə İspaniyaya qa­yıdıb və özündən 25 yaş kiçik bir xanımla ailə həyatı qurub. Luis dörd aylıq olanda ailə Saraqosaya köçüb.

Kifayət qədər dindar ailədə böyü­yən rejissor yezuit məktəbində təhsil alıb. Məktəbdəki sərt qayda-qanunlar və dini təhsil onun dünyagörüşünü əsaslı şəkildə dəyişib. Bunyuel ömrünün sonuna qədər katolik kilsəsinə düşmən kə­silib. Belə ki, Bunyuelin hələ yeniyetməlik dövründə dinə qarşı ilk şüb­hələri yaranıb. Bu şübhələr sonralar Madrid Universitetində oxuyanda onu ateistə çevirib.

Əvvəlcə kənd təsərrüfatı, daha sonra tarix fakültələrində təhsil alıb. Federiko Qarsia Lorka, Salvador Dali, Alberti və Gilyenlə tanışlığı da Bunuyelə təsirsiz ötüşməyib. Tələbəlik illərində Bunyuel fəal şəkildə idmanla məşğul olub.

Ah, Paris, Paris

Bunyuelin rejissorluq peşəsini seçmə­sində 1920-ci illərdə Parisdə yaşadığı dövr böyük rol oynayıb. Özünə saxta jurnalist vəsiqəsi düzəltdirən rejissor hər gün üç dəfə kinoteatra gedirmiş. 1926-cı ildə o, məşhur fransız rejissoru Jan Epşteynin kino məktəbinə qəbul olunub. Bunyuel Epşteynin iki filmində rejissor assistenti kimi işləyib. Müəlli­mi ona digər rejissor Abel Qansla işlə­məyi təklif edəndə Bunyuel razılaşmayıb və müəllimi onu "səfeh" adlandırıb. Elə həmin illərdə Luis Bunyuel Madri­din "Literaria" və Parisin "Kaye d'Ar" qəzetlərində resenziya yazıları və kino haqqında məqalələri ilə çıxış edib.

Rejissor Bunyuelin ilk ekran əsə­ri 16 dəqiqəlik "Əndəlüs köpəyi" filmi olub. Bunyuel filmin çəkilişləri üçün lazım olan vəsaiti anasından alıb. Maraqlıdır ki, baş rolun ifaçı­sı Pyer Batçeffdən başqa filmdə rol alan bütün aktyorlar qeyri-peşəkarlardır. Bunyuelin Dali ilə birgə çəkdiyi ilk sürrealist film böyük rezonans doğurub və 8 ay fasiləsiz prokat­da qalıb. Filmdə orta yaşlı kişi ül­gücü itiləyərək gənc qızın gözünü kəsir. Filmin əsasında Dalinin və Bunyuelin yuxuları dayanıb. Film haqda səslənən müxtəlif interpreta­siyaları rədd edən Bunyuel öz xatirə­lərində qeyd edib ki, filmin yeganə məqsədi rasional izahı olan bütün ideyalara və obrazlara etirazdır: "Əndəlüs köpəyi" filmi iki yu­xunun "görüşməsi" nəticəsinə meydana gəlib. Bir neçə günlük Fiqerasa – Dalinin evinə qonaq getmişdim. Ona gördüyüm yuxu­nu danışdım: buludlar ayı yarıya bölüb, ülgüc gözü kəsir. Dali isə yuxuda qarışqa daraşmış əl gör­düyünü deyib, “bəlkə film çəkək?” – təklif etdi.

Əvvəlcə bu fikir məni cəlb eləmədi. Amma tezliklə biz Fiqerasda işə başladıq. Ssenari bir həftədən də az müddətə yazıldı. Bir dəfə də olsun aramızda mübahisə yaranmadı. Ssenarini bitirəndə anla­dım ki, bu, tamamilə qeyri-adi, heyrətamiz bir film olacaq. Heç bir şirkət belə filmin çəkilişinə pul ayırmaq istəmədi. Bu zaman borc üçün anama müraciət elə­dim ki, prodüser özüm olum. Ta­nış notarius anamı inandıra bildi. Parisə qayıtdım, film iki həftəyə "Biyankur" studiyasında çəkildi. Dali filmin bitməsinə 3-4 gün qalmış gəldi.

Studiyada o, eşşək müqəvvası­nın gözlərini qətranla doldurur­du. Səhnələrdən birində ona rahib obrazını verdim. Amma kadr fil­mə daxil olmadı. Özüm də bilmi­rəm, niyə..."

Qalmaqallı Bunyuel

Rejissorun növbəti filmi olan "Qızıl əsr" daha böyük səs-küy ya­ratdı. 1930-cu ildə çəkilən filmin nümayişinə düz 50 il qadağa qo­yuldu. "Qızıl əsr"i pornoqrafik film hesab edən "Le Figaro" qəzeti onu “bolşevizm hərəkatı üçün məşq” adlandırdı. Filmdəki açıq-saçıq səhnələr qızğın mübahisələr doğurmuşdu. "Qızıl əsr"i mənəviyyatsızlıqda ittiham edən mühafizəkar təşkilat­lar Dalini və Bunyueli təhqir edərək ölümlə hədələyiblər. Rejissorun "Las Urdes. Bərəkətsiz torpaq" sə­nədli filmi də eyni aqibətlə üzlə­şdi.

1932-ci ildə kommunist əqidəsi sürrealistlər arasında fi­kir ayrılığına səbəb oldu. Fransa Kommunist Partiyasının üzvü olan şair Lui Araqon qrupdan ayrıldığını bəyan etdi. Yazıçılar Jorj Sadul və Pyer Unik də analoji addım atdı­lar. Bunyuelin İspaniya Kommunist Partiyasına üzv olub-olmaması hələ də mübahisə mövzusudur. Rejissor özü üzvlük məsələsini in­kar etsə də, kommunizm ideyala­rını həmişə açıq şəkildə dəstəkləyib.

Vətəndaş müharibəsi illərində İspaniyanın mədəniyyət üzrə at­taşesi işləyən rejissor antifaşist və antifrankoçu mövzularda olan sənədli filmlərin çə­kilişlərində iştirak edib. Bir müddət sonra ölkədə Franko diktaturası bərqərar olanda isə rejissor İspani­yadan qovulub. İkinci Dünya mü­haribəsi ərəfəsində o, Amerikaya mühacirət edib və Hollivudda montajçı kimi işləyib.

Kinoya qayıdış

Bunyuel rejissorluğa bir də 47 ya­şında, Meksikaya köçəndən sonra qayıdıb; 1949-cu ildə Meksika və­təndaşlığını qəbul edib. Burada o, "Böyük kazino" və "Unu­dulmuşlar" filmlərini ekranlaşdırıb.

Ötən əsrin ortalarında Fransaya qayıdan rejissor prodüser Serj Libermanla əməkdaşlığa başlayıb; "Gündüz gözəli", "Tristana", "Bur­juaziyanın təmkinli cazibəsi" kimi filmlər çəkib. Onun Kann festivalının baş mükafatını alan "Viridiana" filmi Franko İspaniyasında qapalı mövzulara – intihara, zorakılığa toxunduğuna gö­rə 16 il – diktatura rejimi süqut edənə qədər ölkəsində qadağan olunub.

Rejissor son filmi olan "Arzunun mübhəm obyekti" (1977) adlı ek­ran əsərində orta yaşlı kişiylə gənc qızın münasibəti fonunda ictimai-siyasi, sosial problemlərə toxunub. Filmdə eyni rolu iki aktrisa­nın oynaması mübahisələrə səbəb olub.

"Burjuaziyanın təmkinli cazi­bəsi" filminə görə "Oskar"a layiq görülən rejissor bu mükafatı həyatı­nın ən xoşagəlməz hadisəsi adlan­dırıb. Mükafatı ələ salan Bunyuel məşhur heykəlciklə yarıçılpaq fotolar da çəkdirib.

1977-ci ildə yeni filmin ssenarisi üzərində işləyən zaman Bunyuelin səhhətində problemlər yaranıb və o, kinodan uzaqlaş­maq qərarına gəlib. Ömrünün son illərini Meksikada keçirən Bunyuel eşitmə və görmə qabiliy­yətini tamamilə itirib. 1982-ci ildə rejissorun "Mənim son nəfəsim" adlı memuar kitabı işıq üzü görüb. Qaraciyər serrozundan əziyyət çəkən Bunyuel bir il sonra Meksikada gözlərini əbədi yumub. Rejissor heç bir dini ayin olmadan dəfn olunub, nəşi yandırılıb, külü xa­nım Bunyuelə verilib.

Qısqanc ər

Yezuit məktəbində aldığı tərbiyə Bunyuelin həyatına təsirsiz ötüş­məyib. Rejissor azad həyat tər­zi sürən sürrealist dostlarından fərqli olaraq qadınlarla münasibət qurmaqda həmişə çətinlik çəkib. 1934-cü ildə o, bədii gimnastika üzrə olimpiya çempionu Janne Ryukkarla ailə həyatı qurub. Cütlük səkkiz il sevgili qaldıqdan sonra münasibətlə­rini rəsmiləşdirmək qərarına gəliblər. Elə həmin il Paris­də rejissorun oğlu Xuan Luis dünyaya gəlib. Xuan atasının yolunu davam etdirərək rejissor, ssenarist, prodüser və aktyor ki­mi çalışıb. 1940-cı ildə cütlüyün ikinci oğlu – Rafael do­ğulub. Memar və rejissor Rafael ha­zırda Parisdə yaşayır. Ərinin ölümündən sonra Janna Rukar rejissorla yaşadıqları  ailə həyatı haqda ki­tab yazıb. Jannanın sözlərinə görə, dəhşətli dərəcədə qısqanc olan Bunuyel hətta ona piano dərsləri verməyi belə qadağan edib. Rejissor xanımının yad kişilərlə tək­likdə qalmağından ehtiyat edib. Qıs­qanc və hökmlü ər obrazı Bunyuelin filmlərində tez-tez peyda olur.

Burjuaziyanın qatı əleyhdarı olan Bunyuel sadə həyat tərzinə üstünlük verib. Səhər saat 5-də yuxudan du­ran və hər axşam10-da yatan rejissor yatağını taxta lövhələr üzərində sa­lıb. "Gündüz gözəli" filminin uğu­rundan sonra varlansa da, o, həyat tərzini heç vaxt dəyişməyib.

  

Leyla Əliyeva

 

 

 Luis Bunyuel, Federiko Qarsia Lorka və Salvador Dali

"Əndəlüs köpəyi" filmindən kadr

"Bərəkətsiz torpaq" filmindən kadr

"Qızıl əsr" filmindən kadr

"Viridiana" filmindən kadr