Bu gün Azərbaycanın görkəmli şairi Vaqif Bayatlı Odərin 70 yaşı tamam olur.
Vaqif Bayatlı Odər 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb.
Müxtəlif vəzifələrdə çalışan Vaqif Bayatlı Odər "Ulduz" jurnalının şöbə müdiri, "Xəzər" jurnalının ilk baş redaktoru olub.
Azərbaycan Mətbuat Fondunun "Mirzə Cəlil mükafatı"na və Rusiyanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla çap etdiyi müəllifi olduğu "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı"na layiq görülüb. Bir neçə şeir kitabının müəllifidir.
A. MƏSUD
GÖZ YAŞIYLA AXAN ŞAİR
Bir göz yaşında azmışam,
üzlə axıram aşağı,
ancaq üzü tanımıram...
Bu göz yaşı məndən axır?
Mən bu gözü tanımıram...
Qəfil sevgi etirafı, canıyaralı adamın sızıltısı təəssüratını yaradan bu təsirli misraların müəllifi Vaqif Bayatlıdır. Bu dünyaya gəlişi, təqribi hesablamalara görə oktyabr ayının ilk ongünlüyünün hansısa naməlum gününə, ya bəlkə, ondan da bir az əvvələ – sentyabr ayının sonlarına təsadüf edən bu söz sahibi, ilahi eşq təmaslarından yaralı canlarıyla dünya şeir xəzinəsinə dərin hikmət, sirli həqiqətlər dolu, mistik şərq ecazı bəxş etmiş söz dahilərimizin davamçısı – onlardan biridir.
Vaqifin doğum günü, anası Dursun xanımın xatırlamalarına görə, “əncirin qurtaran vaxtı”na təsadüf etsə də, biz (Vaqifin qələm dostları) bu əlamətdar günün tarixini oktyabr ayının 1-nə müəyyənləşdirdik. Niyə məhz oktyabr ayının 1-nə, səbəbini özümüz də bilmədik...
…Əslində bu, belə də olmalıydı. Dünyanın qəbulolunmuş məkan və zaman anlayışlarına heç cür uyuşmayan, qaydalar və çərçivələr aləminə heç bir vəchlə sığışmayan Vaqifin doğum tarixi də, görünür, Yer ölçüləriylə müəyyən edilmiş zaman və məkan kateqoriyası üzrə yox, onun “Vaqif Cəbrayılzadə” kimi bizlərin arasında – zaman və məkan ölçülərinin işləmədiyi, əlahiddə Söz Ərazisində zühur etdiyi məqamla müəyyənləşməliydi. Lap əslinə qalanda, Vaqifin doğulduğu ilin özü də – həmin o naməlum payız gününün təsadüf etdiyi ilin dəqiq tarixi də şübhə doğurur. O səbəbdən ki, gecə-gündüz şəhərin hansı naməlum səmtlərindənsə, hansısa daha naməlum istiqamətlərinə üz tutub yeriyə-yeriyə, yüyürə-yüyürə yaşayan, küçələri Günəş şüalarının saçma bucağı, küləyin səmti, havanın temperaturu üzrə eninə-uzununa ölçə-ölçə, Kainat qanunlarını mövsümlər üzrə dəyişib, öz daxili qanunları və arzularıyla yeniləyən, Yer kürəsini gah ayağının altına ilişən bir parça torpaq, gah Allahın tək bir ibadətdən ötrü yaratdığı “Müqəddəs Ulduz” elan edən bu Duyğular Sultanının özünün də reallıq, ya görüntü olduğu dərin şübhələr oyadır. Sözün, şeiriyyətin ən əlçatmaz qatlarında səyriyən, oraların çəkisiz ənginliklərindən asılı qalan bu adamın, həm də necəsə, aşağılarda – bu dünyanın tutqun, kobud reallığında yaşamaq bacarığı da eyni müəmmanı doğurur. Həmin bu sirli müəmmanı yaradan digər məqam – Vaqifin yaşa dolduqca ağırlaşıb bükülmək əvəzinə, nazilib incələn yeniyetmə qaməti, seyrəlib nazilmək əvəzinə, qalınlaşıb codlaşan gur saçları, “bu, əslində, bığlarımdı, yeri səhv düşüb” – dediyi qalın, qara qaşları, körpə sevincini, bəzən qüssə dolu, səbəbsiz uşaq incikliyini qoruyub saxlayan üzüdür.
Çəkisiz bədəninin pərvazından, yoxsa pərvazlı ruhunun çəkisizliyindən, az qala, havayla yeriyən, əynindəki geyimləri ən küləksiz havalarda belə necəsə, öz-özünə dalğalanan, düz getdiyi yerdə səmtini qəfil küləyin, ya buludların istiqamətiylə dəyişən bu əbədi səyyahı şəhərin küçələrində, dənizkənarı parkda görənlər bir qədər aramlı olub, diqqətlərini toplasalar, onun yeriyib yüyürə-yüyürə üz tutduğunun heç hara yox, göylər – sonu, sərhəddi bilinməyən səmavi ənginliklər olduğundan duyuq düşərlər...
Göy üzündə qaça-qaça
hara gedir bu uşaq?!..
Bu uşaq hamıdan qoca,
xəbəri yox, qaçdıqca
sınır göyü, sınır yolu,
xəbəri yox,
ürəyi sınıq sevgiylə,
ovcu sınıq göylə dolu.
Toxunuram sınıqlara,
sınıqlar quşlara dönür,
ürəyim bir ovuc dənə,
quşlar ürəyimə qonur
ürəyimi dənləməyə…
Dənizkənarı parkda Vaqifin öz iş otağı var. Bu, üst budaqları onu güclü yağışlardan, alt qolları – xəzri küləklərindən qoruyan, nəhəng palıd ağacının altıdır. Vaqif dəniz və palıd qoxulu bu sehrli “otağa”, nə palıd yarpaqlarının “xəfif pıçıltısını” dinləyib ilhamlanmaqdan, nə sahilboyu dalğalanan “qəmli Xəzərin mirvari köpüklü suları”nı seyr edib vəcdə gəlməkdən ötrü gəlir. O, bu “otağa” tüksüz, lələksiz quş balası, məhrəm, isti yuvasına sığınantək sığınmaqdan, orada öz-özünə bürünüb, öz içində səssiz-səmirsiz əriməkdən ötrü gəlir…
Ölsəm, bir də min il sonra dirilsəm,
Bu dünyada hər şeyin sonunu bilsəm?!.
…Bir çölün düzündə bir qara kolla
qəflətən tapışıb qalsam baş-başa,
baş-başa qaldığım o qara kol da
kolluğundan çıxıb dönsə qardaşa,
nə desəm, nə sorsam, cavab yerinə
tikanlı üzünü sürtsə üzümə,
hər tikan ucundan, tikan canından
bir damla göz yaşı baxsa gözümə,
bir dəniz də gəlsə, üzündə gəmi,
hey sürtsəm üzümü divarlarına,
uzanıb qollarım, bitib qollarım
dönsə o gəminin avarlarına,
sular qollarımı yuduqca yusa,
saçlarım yosuntək axdıqca axsa…
Sonu, qurtaracağı olmayan bu misralar – olanların, ya hələ min ildən sonra ölüb, bir də diriləcək Şairin qəlbində baş verməkdən ötrü yol gələnlərin sonsuzluğa qədər elə beləcə müəmmalı şəkildə havadan asılı qala-qala dəyişən sirli əvəzlənmələr olduğu kimi, insan ruhunun bu dünyadan əxz etdiyinin də beləcə – ilk baxışda, hər hansı real məntiqi səbəbə dayaqlanmayan, lakin hansısa taleyüklü, əlamətdar hallar yaratmağa qabil, ələgəlməz, izaholunmaz “duyğu hadisələrindən” ibarət olduğunu anladır.
Zahirən aydın, axıcı ədəbi dildə yazılsa da, dərki, anlamı fövqəlduyum və intellekt tələb edən bu şeiriyyətin müstəsna özəlliyi – alt qatı ruhun hallarıyla bağlı, yalnız onun özünün (ruhun) dərk edə biləcəyi sirli, ilahi hikmətlər gizləməsidir...
Bayatlı poeziyasına yaxından bələd olanlar bu yaradıcılığın, ənənəvi baxış bucağından dərk edilməsinin mümkünsüz olduğunu yaxşı bilirlər. O səbəbdən ki, Şair insan nəfəsi toxunmayan, hansısa ayrı, səmavi ərazilərdən – sıravi gözlə görülməyənlərin görkəmindən, duyulmayanların ağrısından, izaha gəlməyənlərin izahından yazır... Şeirlərində tez-tez rast gəlinən “min illər”, “milyon illər” ifadəsi kiməsə uydurmaçılıq, ya yaradıcı şövqün məhsulu kimi görünə bilərsə də, misraların alt qatından sızan şirin və yandırıcı iztirablar dolu isti nəfəs, bunun əksini – yazılanın, qədimdən-qədim, min illərlə yaşanmış uzaq xatırlamalar olduğunu hiss etdirir.
Min ildi, milyon ildi
Sənə sarı qaçıram,
ayaqlarım sevinir,
yolum sevinir, Allah.
hər gün Sənin Göyünə
mismarlanır qollarım
mismarlanır, dincəlir,
qolum sevinir, Allah.
Sevgin, yalnız sevgin var,
qollarımın gözündə.
Bəs nədən əzab gəzir,
qolumu dəlib yaran
mismarların üzündə?..
İllər ötür, bütün vücudu, varlığı və ruhuyla İlahiyə can atmaqdan yorulmayan Vaqifi, yolundan heç nə döndərə bilmədi. Nə bu dünyanın mal-dövləti, nə “var” adlandırdığımız oğul-uşaq, nə şan-şöhrət azarı. Vaqifi, şəhidi olduğu Sözün əlindən almağa heç nəyin və heç kimin gücü çatmadı. Vaqif Sözün xəstəsi, Onun qulu olaraq qaldı. O, indi də belə yaşayır. Sözlərin, misraların arasıyla, əlçatmaz göy pillələrində pay-piyada dolaşa-dolaşa… Yenə misralarla, sözlərlə sevişir, əhd bağlayır, küsüb-inciyir, onlarla, halına, xasiyyətinə bələd olduğu doğmalarıtək, xüsusi ehtiram və ehtiyatla davranır, gizli sövdələşmələr aparır, bir sözün o biriylə yanaşı duranda hansı hala düşməsindən, hansı sözün hansı sözə işıq, hansına kölgə salmasından günlərlə, aylarla zövq alır, əzab çəkir… Bu halıyla Vaqif, bəzən mənə kimsəsizlər evinin əzabkeş dayəsini xatırladır.
Vaqif Bayatlı imzası kifayət qədər tanınır, şeirləri Azərbaycanın hüdudlarından kənarda – Türkiyədə, İranda, İngiltərədə, ABŞ-da, hətta uzaq Avstraliyada da oxunur və sevilir. İl-ildən cücərən, yaşıllaşıb qol-budaq atan bu kütləvi oxucu sevgisi də bizim Vaqifi ovutmur. Onu qışın çovğununda, yayın istisində sərgərdan gəzdiyi küçələrdən, yollardan yığışdıra bilmir. Vaqifin əbədi oyaq qəlbini, ac ruhunu nə geniş xalq kütlələrinin sevgisi, nə əcnəbi millətlərin marağı, nə şan, nə şöhrət doyura bilmir. Onu yalnız bir Sevgi – bir vaxtlar ona “Ol!..” demiş, sonradan gözlərinin dərinliyinə baxıb: “Şair Ol!” demiş Uca Yaradanın qənirsiz şüanı, səbəbsiz nisgili andıran Sevgisi doyurur bircə...
Min ildi, milyon ildi,
bağlayıb yollarımı bir-birinin ucuna
gəlib çatdım axırı Sənin dar ağacına.
Kəndirin dartıldıqca, boynum dincəlir, Allah.
Boynum dincələn görüb tez vururlar başımı…
çiynim dincəlir, Allah…
Şükür, şükür, çox şükür, Sən yenə Göy üzündən
mənə sarı enirsən…
dünya sönüb itdikcə,
tək bir Sən görünürsən…
2008
Vaqif Bayatlı Odərin şeirləri
Qardaşımın üzü köməyim olsun
Dilərəm Tanrıdan qəlbə dəyməyən
Uduzub yorulan, udub doymayan
Ağlaya-ağlaya top-top oynayan
Qardaşımın üzü köməyim olsun
Vurduğu topları dəyər dirəyə
Kimə bir söz desə dəyər ürəyə
Belə bəxti olan çətin kiriyə
O da ağlamasın bəs kim ağlasın
Dərd gəldi - könlünü bağlamaz kişi
Yaş gəldi - gözündə saxlamaz kişi
Çox nahaq deyirlər ağlamaz kişi
Kişi də insandı gözü-könlü var
Ağla demirəm ki, hər kəlməbaşı
Dərd olur, söz olur ağrıdır daşı
Üzündə xəbərsiz qovur yaş-yaşı
Dörd yanın kişiysə utanma qardaş
Dilərəm tanrıdan qəlbə dəyməyən
Uduzub yorulan, udub doymayan
Ağlaya-ağlaya top-top oynayan
Qardaşımın üzü köməyim olsun
Unutdular məni, unutdular...
könül bağladığım adamlar,
sirr verib sirrini saxladığım adamlar,
yanlarında ağladığım adamlar, dünya gələ, gedə
çıxmaz yadımdan.
əlim əllərindən çəkilməmiş,
yıxıq könüllər tikilməmiş
qonur gözlərimə
qara torpaqlar tökülməmiş
unutdular, məni unutdular...
görünmədim gözlərinə,
görünmədim gözlərinə
göz görmədi
könül unutdu...
görünmərəm gözüm dörddü,
bu dünyada yaman dərddi
görünməzsən, unudarlar.
düşünürəm öz dalımca,
gözüm dolur.
hamı səni unudanda
bu yalanlı dünyada
ölümlər gerçək olur...
Onda, onda
Bir gözəl şairin
qəfil yorulduğu, qəfil durduğu.
səsinin içində burulduğu
üzündə görükəndə,
bir acı, tağ atar
mənim qəlbimdə,
onda, onda
bir söyüd ağacı bitə salonda,
hər acı yanında
bir tut ağacı
atlaz-atlaz yarpaq tökə.
onda, onda
ay işığı sularda gəzəntək –
bir gözəl əl gəzə əllərim üstə,
yarpaqtək bir ovuc alnıma qona.
onda, onda –
səsim ürəyimlə düz gəlməyəndə,
qəlbim istədiyi söz gülməyəndə–
bir gilas çiçəyi aça könlümdə,
aça, başlaya sonra –
saralmağa, solmağa,
mən də birdən,
birdən baş alam qaçam –
bir tənha dənizə yoldaş olmağa.
Bir uşaq əllərinə
Dünya səndən bezəndə
sən də dünyadan bezib
endirəsən başını.
yorğun-arğın dizinə.
bir uşaq əlləri
toxunacaq üzünə.
söykəyərsən başını,
qırış-qırış üzünü
qıyma-qıyma gözünü
itdən-qurddan,
qəmdən-dərddən,
dostan-tanışdan
dastan-dastan alın yazını
bir uşaq əllərinə.
nə göz yaşı bilinər,
nə alın yazısı silinər.
endirərsən başını
böyük dualar üçün
bu balaca əllərə.
böyük andlar içməyə.
günahlardan keçməyə
endirərsən başını
haqq qapısın açmağa,
qanadlanar mələyin,
bəlkə də
bağışlandı günahın
qəbul oldu diləyin.
ancaq hələ...
dünya səndən bezəndə
sən də dünyadan bezib
fit çala-çala gəzib
endirərsən başını
yorğun-arğın dizinə.
bir uşaq əlləri
toxunacaq üzünə.
söykəyərsən başını
bir uşaq əllərinə
saxlarsan göz yaşını
bir uşaq əllərindən.
***
Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!
Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?
Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!
Yupyumru eşq ilə
Sevir kimsə kimsəni,
Bir kimsənin üstünə
gəl, mən də sevim səni
yupyumuru,yepyeni bir eşq ilə
yenə sənin üstünə.
Gör, sevgi üstünə sevgimi
eşq eşqi daşıran kimi,
Allah da aşıran kimi
Hər ləçək ləçəyin,
gülü gülün üstünə,
göyü göyün, ayı ayın,
günü günün üstünə.
Gör, quş uçar şığıyantək,
gül gülə sığınantək,
son nəğmə oxunantək
ilk nəğmənin üstünə.
Gör, ikiqat sevgidən,
ikiqat eşqdən bu naşı da dəm,
gözünün yaşı da dəm,
ha içər yenə də kəm
qəmi dəmin üstünə,
dəmi qəmin üstünə.
Hamıdan çox
Dünyanın ən güclü adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
İstəmirəm bir kimsə
mənimlə qorxuda bir kimsəni.
Dünyanın ən varlı adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
Mənə ən böyük dünya varı
qapı,pəncərəsi açıq
üzü-gözü gülən bir alaçıq!
Mən səni, mən səni
Dünyada hamıdan çox
sevə də bilmərəm,
sevmək də istəmirəm,
çünki ancaq yalandan sevənlər
hamıdan çox sevirlər.
Mən səni sakitcə, yavaşca
sevmək istəyirəm.
Sevmək istəyirəm Tanrıdan yazılantək,
Bir balaca quş
Öz balaca yuvasının
küncünə qısılantək
* * *
Xan ceyranın qaçışında,
Ən şahanə uçuşunda,
Ya alnında,ya döşündə,
Bir ox yeri var,yeri var.
Düşməzsən şahlıq atından,
Göyün yeddinci qatından,
Hər bəyaz telin altında,
Bir ah yeri var,yeri var.
Ən kimsəsiz küçə sənin,
Küçə sənin,gecə mənim,
Sən bağlayan pəncərənin ,
Bir dön bəri bax yeri var.
Bir də kimsəni sevməyəcəyəm
Bu gecə nədəndir hamıdan qabaq
ağrıyan, qəlbimə yanıram dostlar,
Bir də sevda nədi, bilməyəcəyəm,
Bir də bir kimsəni sevməyəcəyəm.
Bir də bu dünyada eşqdən yazmağa,
Gecələr azmağa daha halım yox.
Bu xan oğlanlara, xanım qızlara
Qara sevda nədi, bir sualım yox.
Getdi gözlərimdən bir dəvə kini,
Getdi qollarımdan küçə davası.
Bahar ağaclardan çəkilən kimi.
Çəkildi başımdan gənclik havası.
Könlüm dəliliyi unutdu çoxdan,
Axır ki, ağlımın səsinə uydum.
Qonur gözlərimdə yorğunluq – haqdan,
doydum küçələrdən, yollardan doydum.
Bir də sevda nədi, bilməyəcəyəm,
Bir də kimsəni sevməyəcəyəm.
Mən zalım adamam, kamança
Qardaşım ağaclar, bacım çiçəklər,
bir də söz tutdu sizi,
söz tutdu, sevda qurutdu,
üz tutub yüyürməyin mənə sarı,
bağlanıb gözümün
yaş qapaqları.
Dünyanın bəla qapıları
qala qapıları, daş qapıları,
yetim qapıları, boş qapıları
bağlanıb könlümə, bağlanıb
bağlanıb gözümün yaş qapaqları
Mən söz bəlasıyam,
zalım tifili.
Sürüşüb alnımdan Tanrının əli
daha sən də
sən də ağladammazsan məni
mən zalım adamam, kamança.