Mahir N.Qarayev
Polkovnik ölüm yatağında idi.
Daz başı qaz yumurtasıtək hamar olan qoca Professorun hər cür ehtirasdan uzaq son sözlərindən sonra onun sağalacağına daha heç kimin ümidi yoxdu. Heç kimin – nə solğun bənizli Darya Samoylovnanın, nə hər dəqiqə dərindən köks ötürüb, hər dəfə də gözləri təkrar yaşaran Katerina Vasilyevnanın, nə də Nuh əyyamından qalma köhnə cib saatının qapağını qaldırıb, əqrəblərə uzun-uzadı tamaşa eləyən Semyon Mixayloviçin. Professor getməzdən qabaq belə demişdi:
- Uzağı üçcə gün çəkər!
Qazdan ayıq Professor bu ağırlıqda cümləni çarpayının baş tərəfində duran və yaş dəsmalla Polkovnikin dodaqlarını isladan Darya Samoylovnanın üzünəcə söyləmişdi; öz yastı burnunun qeyri-adi fısıltısıyla qadını yan otağa çağırmamışdı. Bu isə xəstəliklə ölüm arasındakı ümidsiz gerçəkliyin gödəlib cəmisi bircə qarış qaldığına, bu bircə qarışlıq məsafənin də son dərəcə etibarsız olduğuna köntöy bir işarə idi – demək Darya Samoylovnanın qayış dözümlü Polkovniki öz huşundan arxayınlaşmışdı.
Bu cümləni dilə gətirərkən, Professorun qındakı qılınc kimi soyuq səsi, heç şübhəsiz, eyni ağırlıqda olan başqa bir cümləni də xırdalamamış deyildi:
- Daha mənlik bir iş yoxdur!
Beləcə, Professor otaqdan çıxmışdı. Ancaq dəmir cəftəli nataraz qapı qəfil çökən ölüm sükutunun üzünə örtülən kimi, Darya Samoylovna sərsəm-sərsəm hönkürüb yaş dəsmalı gözlərinə sıxdı, Semyon Mixayloviç cib saatının qapağını qaldırıb gözünü əqrəblərə zillədi, Katerina Vasilyevna lap dərindən köks ötürüb, bu dəfə əməlli-başlı ağlamağa girişdi.
Lakin öz işini beş kərə beşin iyirmi beş olduğu qədər dəqiq tutan Professor bu dəfə qaz yumurtasıtək çopurları sezilməyən bir-iki səhvə yol vermişdi, özü də işə bax ki, bunu təkcə Polkovnik duya bildi: Polkovnikin bir ovuc dumana bənzər qərib huşu öz qaranlıq üfüqlərində hələ son zərrəsinəcən əriyib itməmişdi və nə qədər zulum da olsa, bəzi mətləbləri dərin bir quyu dibindən hələ ki, kəsdirə bilirdi. O biri üzdən isə, üzülməkdə olan yuxa ömrü üç gün çəkməyəcəkdi, uzağı, üçcə saat çəkəcəkd. Buna Polkovnik qəti əmindi – səkkiz ay qabaq oğlunun sağalacağına qəfildən necə əmin olmuşdusa, eləcə!
Bu səbəbdən, Professorun xeyli uzaqlardan eşidilən soyuq səsi Polkovnikin donuq gözlərini bircə kirpik də tərpətmədi; üstəlik, düz üç gündü qara bir küçüyün fəryad dolu zingiltisi Polkovnikə əməlli-başlı qənim kəsilmişdi və qulaqlarında tüğyan edən o zingiltidən başqa Polkovnik ayrı heç bir səs eşitmirdi. Eşitdiyi yalnız küçüyün ürək parçalayan səsiydi, qalan bütün səslər – Darya Samoylovnanın hıçqırıqları da, Katerina Vasilyevnanın ah-ufları da, Semyon Mixayloviçin tez-tez açılıb-örtülən köhnə cib saatının yeksənəq şıqqıltısı da! – o zingiltinin içində əriyib yoxa çıxırdı. Eynən o cür də Professorun xəncər kimi iti cümləsi zingiltiyə qarışıb korşaldı – küçüyün fəryadı Polkovnikə rahatlıq qıymırdı və Polkovnik o küçükdən savayı hər şeyi unutmuş, hər şeyə etinasız olmuşdu.
Küçüksə ara vermədən zingildəyir, elə hey zingildəyirdi...
***
Polkovnik gec evlənmişdi – Darya Samoylovnanın göy gözlərindəki təbəssüm öz qənirsiz doğmalığıyla onu səksəndirəndə artıq yarı yaşını adlamışdı, özü də nə sayaq adlamışdısa, evləndiyi günü yarızarafat-yarıciddi, öz ömrünün yeni erası adlandırırdı. Darya Samoylovna isə vur-tut iyirmi üç yaşlı şıltaq bir qız idi və bu yaşın çılğınlığı yeni erasının elə doqquzuncu ayında Polkovnikə göygöz bir oğul bəxş etmişdi.
O bəxtəvər axşamların birində sadiq qonşular da təbrik üçün onlara keçmiş, hələ Semyon Mixayloviç süfrə arxasında imkan tapıb bu neçə ildə bir dəfə də doğmayan turp kimi yumru arvadına xeyli giley-güzar da eləmişdi.
Amma nə fayda?! Katerina Vasilyevnanın həmin axşam heç nə vecinə gəlmirdi: körpəyə ad tapmaqla və tapdığı adlara qulp qoymaqla məşğuldu. Belədə Semyon Mixayloviç bir şilləlik canını iri cüssəli çalsaç mayorun (onda Polkovnik hələ mayor rütbəsində idi) ixtiyarına verib araq-çaxıra girişmişdi. Elə girişmişdi ki, axırda nə dili söz tutmuşdu, nə ayağı yer – sözü boğazında nə cür batıb qalmışdısa, özü də oturduğu yerdə o cür yatıb qalmışdı.
Dörd adamın qayğısıyla hasarlanan Seryoja tez dirçəldi. Boyda atasına çəkmişdi, yaraşıqda anasına – boyuna boy çatmırdı, yaraşığına yaraşıq. Bəxtəvərliyinə bəxtəvərlik çatmayan Darya Samoylovnanın da nə yerdə ayağa ehtiyacı vardı, nə göydə qanada – uçanda qanadsız uçduğutək, yeriyəndə də dabanı yerə dəymirdi.
Ancaq bir axşamüstü Polkovnik arvadına qoşulub qıvrımsaç oğlunu gözdolusu süzməkdəydi ki, gözlərindən dəlisov bir qorxu qabardı; qorxunc gözlərlə uşağın üstünə elə yeridi ki, Darya Samoylovnanın bütün varlığı üşəndi.
Polkovnik oğlunun başını əlləri arasına alıb diqqətlə gözlərinin içinə baxdı, sonra dodaqlarına baxdı, sonra dilinə baxdı, bir qədər ləngiyib nəfəsinə qulaq asdı; özü də qorxa-qorxa qulaq asdı. Qulaq asdıqca da, sifəti qaraldı.
Daha sonra hövsələsi daralan çaşqın arvadının yeknəsəq suallarına cavab verməkdən başqa nə desən elədi: köynəyini soyundurub Seryojanı divana uzatdı, bir də nəfəsinə qulaq asdı, bir də dilinə baxdı, bir də gözlərinə fikir verdi, nəhayət, ağır-ağır dilləndi:
- Elə bildim naxoşlayıb, boş şeymiş...
Amma Darya Samoylovna artıq iyirmi üç yaşlı şıltaq qız deyildi, on üç yaşlı oğul anasydı – ərinin hər qırışına bələd olduğu sərt üzündə oxuduğunu oxumuşdu, qandığı şey də bu dəqiqə içini deşir, beynini gəmirirdi. Bununla belə, o sərt üzdə elə zəhmli bir şey də yazılmışdı ki, ağzını açıb nəsə soruşmağa daha cürət eləmədi.
Lakin Polkovnikin qatbaqat qaralıb düyünlənmiş sifəti kənək qoz kimi qalınqabıq tapmacaya çevrilib qalmadı; Seryoja köynəyini əyninə keçirib həyətə çıxan kimi üzünü arvadına tutdu:
- Uşaq əməlli-başlı xəstədi...
- Ne-cə?!..
- Vərəm!..
Darya Samoylovna ölü kimi divana çökdü.
...Ertəsi gün Polkovnik Seryojaya yataqdan qalxmağa icazə vermədi və o gündən Seryoja bir daha həyətdə görsənmədi...
Kənardan baxana elə gələrdi ki, bütün göstərişlərə dinməz-söyləməz əməl edən uşağın, sadəcə, dili tutulub, böyründən əskik olmayan inadkar həkimin bütün cəhdləri də ondan ötrüdür ki, bu uşağın dili açılsın. Di gəl ki, Seryojanın «dili açılmadı» – dörd tərəfdən qayğısna büründüyü doğmaların gününü göy əsgiyə bükə-bükə dörd ay yataqdan durmadı. Polkovnikin işlədiyi hərbi hospitaldan gələn həkimlərin də sayı getdikcə azalırdı – müayinədən sonra onlardan heç birinin üzündə gerçəkliyinə bel bağlanası təpərli bir ümid olmasa da, hər halda, yatağın böyründə ümidli sözlər qoymağı hamısı özünə borc bilirdi. Darya Samoylovna hamıya inansa da, lap düzü, inanmamaqdan qorxsa da, təkcənə-bircənə balasının gün-gündən sozalan çöhrəsi bütün bu ümidləri heçə-puça çıxarırdı. Axırda Seryoja elə bir həddə gəlib çatdı ki, Darya Samoylovnaya təskinlik vermək bir yana, az qaldı Polkovnik özü də ona qoşulub hönkür-hönkür ağlasın.
Lakin Polkovnik ağlamadı, Polkovnik heykələ döndü; nə dedilərsə eşitmədi, nə eşitdisə dinmədi – otağın küncündə eləcə ağırlaşıb qaldı.
Bu qalmaqla düz iki sutka keçdi.
Daha bir gün də ötüb keçdi, amma Polkovnik eləcə qalmağında idi.
Yalnız ertəsi günün axşamı sadiq qonşunun sözlərindən üzü azca işıqlanan kimi oldu, yoxsa Allah bilir, bu qalmaqla hələ nə qədər qalacaqdı.
Bataqlıq kimi durğun sifətin qımıldandığını gözdən qaçırmayan Semyon Mixayloviç fürsəti də əldən qaçırtmadı: tez Polkovniki otağın o biri küncünə çəkib, ağzını onun qulağına dirədi.
Məsələ beləydi ki, Semyon Mixayloviç bu müsibəti işdə hamıya danışmışdı, süpürgəçi arvad da məsləhət görmüşdü ki, hökmən qara bir küçük tapıb ətindən uşağa yedizdirsinlər. İndi Semyon Mixayloviç heykələ dönmüş Polkovnikə məhz bunu qandırmaq istəyirdi, di gəl, Polkovnik söz anlayası halda deyildi. Yaxşı ki, Semyon Mixayloviç vəziyyətdən tez duyuq düşdü və eyni sözü, Allah bilir, neçə dəfə təkrarlayası oldu. Hər eşitdikcə Polkovnikin donuq gözləri bir az da işarır, sərt üzü bir az da yumşalırdı. Çənəsinə güc verən Semyon Mixayloviç axırda neçənci kərə söylədisə, Polkovnik əməlli-başlı canlandı, dərhal da vurnuxmağa başladı. Lakin təzəcə dirçəlmiş nəhəng vücud təzədən sustaldı və Polkovnik divana çöküb başını qucaqladı: hər necə olsa, otuz beş illik həkim təcrübəsi bircə anlıq ömür sürmüş ufacıq ümidlə kəllə-kəlləyə gəlmişdi.
- H-m! Vərəmə bax, küçük ətinə bax! Ozü də qara küçük!
Lakin bu haqlı kinayə də, çarəsizlikdən, elə bircə anlıq ömür sürdü. Belə ki, qapqara bir küçük xəyalında canlanan kimi Polkovnik ət haqq-hesabının məchul tərkibinə baş çatlatmaqdan vaz keçdi – burada əsas məsələ küçüyün əti yox, onun qaralığıydı; məhz qara küçük əti!
Buna baxmayaraq Polkovnik yenə razılaşmadı.
Polkovnik, sadəcə, dözürdü, amma yaxşı bilirdi ki, Darya Samoylovnanın əli fələyin ətəyindən üzülməkdədi. Polkovnik həm də yaxşı bilirdi ki, fələyin ətəyindən üzülən kimi, Darya Samoylovnanın əlləri yenə onun yaxasından yapışacaq – ancaq yenə dözürdü.
Polkovnikin çarəsizlikdən dözdüyünü Darya Samoylovna da yaxşı bilirdi və bildiyindən göy gözlərinə elə bir qorxu çökmüşdü ki, Polkovnik indiyəcən yer üzündə şəkk gətirdiyi nə vardısa, hamısına birdən inanmağa hazırdı. O biri üzdən də, xəstəlik Seryojanı ümidsizliyin elə bir küncünə qısnamışdı ki, Polkovnikin otuz beş illik təcrübəsi otuz beş dəqiqəlik təcrübədən belə etibarsız olmuşdu.
Lakin Polkovnik bir az da dözdü.
Üç gündən sonra Seryoja ilk dəfə huşunu itirəndə Darya Samoylovnanın səsi çoxdan qurumuş boğazının harasından pırtlayıb çıxdısa, Polkovnikin sərt sifətini barıt kimi qarsıb, dözümünü yeddi yerdən çatlatdı. İnsan səsinə qətiyyən bənzəri olmayan bu hənirti Polkovniki top ağzından çıxan mərminin yekə bir qəlpəsi kimi düz həyətin ortasına vızıldatdı.
Polkovnik özünü bilmədən var gücüylə küçəyə tərəf götürüldü, amma həyət qapısından çıxmağa macal tapmamış – sanki qabaqcadan sözləşiblərmiş kimi! – Semyon Mixayloviç də eyni sürətlə özünü darvazadan içəri saldı.
- Dmitri...
- Tap gətir o küçüyü!
- Küçük hazırdı, gəldim ki...
- Tez!
Yaşlarına yaraşmayan cevikliklə ikisi də dönüb geri götürüldü: Polkovnik otağa, Semyon Mixayloviç küçəyə.
Seryojanın huşu təzəcə qayıtmışdı ki, Semyon Mixayloviç özünü içəri təpdi, tez də qapının cəftəsini yerinə saldı. Polkovnik də ləngitmədi, alaçiy küçük ətinin girdə tikələrini, az qala, yalvara-yalvara oğlunun boğazına dürtməyə başladı. Seryoja elə bil hər şeyi hiss etmis, hamısını anlamışdı; onun üzgün varlığı ilk dəfə idi ki, bütün inadıyla inadkar ataya etiraz edirdi...
...Polkovnik möcüzə gözləyirdi. Lakin az keçmiş Seryoja təzədən bayıldı və onda Polkovnikin hədəqəsindən çıxmış gözləri otuz beş illik təcrübənin arxasından işlərin şuluq olduğunu aydınca gördü. Görən kimi də bərk-bərk sıxıldı və bir damcı yaş harasından qopub düşdüsə, Polkovnik daha heç nə duymadı, divara söykənib yer üzündə nəyə inamı vardısa, nəyə ümid edirdisə – hamısıyla birgə içinə çəkildi; Seryojanın son nəfəsində isə nəhəng bir daşa döndü...
O gündən Polkovnikin həyatında, çox güman ki, ayrı bir era başlanmışdı – indi o, durğun bataqlığı xatırladırdı. Az sonra yatağa düşdü. Xəstəliyi uzun çəkdi: qoca Professorun son cümləsi səslənən axşamdan üzü o yana hesablayanda – düz səkkiz ay. Hə, düppədüz səkkiz ay.
Səkkiz ayın səkkizi də sükutla keçmişdi; ağrı və nisgil qarışmış sükutla. Özü də hər ikisinin – həm Polkovnikin, həm də Darya Samoylovnanın gözlərindəki ağrı və nisgil dolu sükut bir-birinin eyniydi; fərq təkcə orasındaydı ki, yatağa döşənib qalmış Polkovnik həmin ağrını səhərdən axşamacan məchul nöqtəsindən göz ayırmadığı hündür tavanla bölüşürdü, Darya Samoylovna isə bu nisgili səhərlər özüylə evdən çölə aparır, axşamlar özüylə çöldən evə gətirirdi.
Hər axşam işdən sonra xəstəyə baş çəkməyi özünə borc bilən, bütün vaxtını dəmir çarpayının böyründə keçirib Polkovnikin başını qatan Semyon Mixayloviç ağlına korluq vermədən ağzına gələni çərənləyər, sözünün kəsilməyəcəyinə arxayın olduğundan nə danışdığının çox da fərqinə varmazdı.
Əslində, bu naqqallığın heç Polkovnikə də bir isti-soyuğu yoxdu – sadiq qonşusu çənəsinə azacıq rəhm eləyən kimi, Polkovnik bu söhbətlərə qətiyyən uyuşmayan bircə şey deyirdi:
- Semyon Mixayloviç, uşağın ölməyi məni o qədər də yandırmır, di gəl ki, küçük ətini özümə heç cür bağışlayammıram.
Onda Semyon Mixayloviç gözlərini yerə dikər, ya da Nuh əyyamından qalma köhnə cib saatının qapağını qaldırıb əqrəblərə zilləyərdi...
***
Artıq neçə gündü Polkovnik yalnız küçüyün fəryad dolu zingiltisini eşidirdi. O küçüyü hardan tapmışdılar, necə kəsmişdilər – xəbəri yoxdu və bu barədə bir dəfə də düşünməmişdi. Polkovnik indiyəcən yalnız öz oğlunu düşünmüşdü və son nəfəsində uşağa küçük əti yedizdirməsini yada salıb əzab çəkmişdi. Ancaq bu axır vaxtlarda, necə oldusa, Polkovnik o küçüyün özünü düşündü; fikirləşdi ki, görəsən küçüyü necə kəsirlər, nəylə kəsirlər – balta, yoxsa bıçaqla? Bir xeyli fikirləşəndən sonra dumanlı xəyalı axırda baltanın üzərində qərar tutmuşdu.
Hə-ə, küçük elə xalis küçükdü, özü də qarasından: hər şeyi duymuşdu, qabaq ayaqlarını var gücüylə torpağa yeridib, zingildəyə-zingildəyə dala dartınırdı. Küçüyün zingiltisi hərdən qulaqlarında o qədər yaxından, elə gerçəkdən səslənirdi ki, Polkovnikin bədəni üşənirdi, başını sərt hərəkətlə geriyə atıb, səsi qulaqlarında boğmaq, zingiltini özündən uzaqlaşdırmaq istəyirdi. Amma nə illah eləsə də, xeyri olmurdu – zingilti get-gedə daha da yaxınlaşırdı, daha da gerçəkləşirdi.
Zingilti qulaqlarında lap şiddətlənən vaxt küçük də dartına-dartına lap yaxınlaşmışdı, ayağına uzunboğaz çəkmə geymiş qaraqabaq kişinin əlində hazır tutduğu qəssab baltasının ağzı da gün işığında par-par yanırdı. Polkovnik üzünü yana çevirib gözlərini bərk-bərk yumsa da, bunun heç bir xeyri olmadı – indi də küçüyün qana bulaşmış sallaq başını görürdü və ən qəribəsi bu idi ki, başı kəsiləndən sonra da küçüyün zingiltisi kəsilmək bilmirdi.
Beləcə, düz üç gündü Polkovnik bu səsdən özgə heç nə eşitmir, qulağına dəyən başqa səslər də küçüyün zingiltisinə qarışıb əriyirdi...
- Uzağı üçcə gün çəkər!
Uzaqdan, xeyli uzaqdan gələn bu səs də yavaş-yavaş öləziyib itdi, bir azdan Polkovnikin qulağına eyni uzaqlıqdan ayrı bir səs – hönkürtü səsi gəldi. Sonra hönkürtülər çoxalıb lap yaxından eşidildi və bu vaxt Polkovnik ağzında pis bir tam duydu; belə tamı ömründə bircə dəfə – oğluna küçük əti yedizdirərkən duymuşdu.
Huşu onu tərk etdiyi anda hönkürtülər lap yaxından, həm də daha bərkdən səsləndi və Polkovnik həmin tamı lap gerçəkdən duydu; o qədər gerçəkdən ki, elə bil ağzında küçüyün alaçiy tikəsini çeynəyirdi.
Daha sonra Polkovnikə elə gəldi ki, heç kəs hönkürmür, onu dörd tərəfdən dövrələmiş bir sürü küçük zingildəyir, özü də küçüklərin hamısının başı qanlı və sallaqdı. Huşu tamamilə ayrılıb gedəndən sonra da Polkovnik hələ bir müddət zingilti səsləri eşitdi. Axırda səslərin hamısı soğulub getdi; heç bir səs, heç bir hənirti qalmadı, Polkovnik də daha heç nə eşitmədi, halbuki Darya Samoylovna ilə Katerina Vasilyevnanın hönkürtüsü kəsilməmişdi.
Hə, qadınların ağlaması hələ bir xeylaq davam elədi. Əslində, ağlamaqdan başqa elə vacib işləri də qalmamışdı və sanki bunu özləri də yaxşı bildiklərindən bir-birini ovutmağa çalışmadan baş-başa verib bəs deyincə ağladılar.
Semyon Mixayloviç isə, həmişəki adəti üzrə, Nuh əyyamından qalma köhnə cib saatının qapağını şıqqıltı ilə qaldırıb, gözünü əqrəblərə zilləmişdi və bayaqdan bəri dinməzcə oturub tamaşa eləyirdi.
...Professorun getdiyi vaxtdan düppədüz üç saat keçmişdi...