Elektron ədəbiyyat və sənət portalı

Eksqumasiya

Bölmə: Dünya ədəbiyyatı 10.10.2018

 

Xosrov Şahani

(İran)

 

EKSQUMASİYA

Mən üç gün əvvəl avtomobil qəzasında faciəli şəkildə həlak olmuş Camal ağanın yasına gedirdim. Yolda mərhumla mənim ümumi dostumuz olan Sadığa rast gəldim.

– Xeyir ola, səhərin gözü açılmamış hara belə? – Sadıq soruşdu.

– Camal ağanın yasına. Gəl bir yerdə gedək!

– Yox, mən getmirəm.

– Nəsə bir işin var?

– Yox, sadəcə, innən belə nə dostlarımın, nə də tanış-bilişimin dəfni, ya təziyə mərasimi haqqında eşitmək belə istəmirəm. Elə yerlərə ayaq basmayacağıma and içmişəm! –  deyə təəssüflə bildirdi.

–  Niyə, noolub ki?

– Deyim də, noolub. Mənim Armenak adında bir erməni dostum vardı. Təxminən on-on iki il əvvəl Armenak öldü. Onun ölümünə çox üzülmüşdüm; çox yaxşı, səmimi, dürüst bir insan idi. Hadisədən üç gün sonra onun öldüyünü əmisi oğlu Jorjdan eşitdim. 

– Beş gün qabaq, –  dedi, –  bizim bu bədbəxt Armenakcan bir qəlyanaltıxanada, deyəsən, köhnə kolbasa yeyib, zəhərlənib və...

– Bəs məni niyə dəfnə çağırmadınız? – deyə, kədərimi gizlədə bilmədim.

Jorj başını yelləyib, dərin bir ah çəkdi:

– Əslinə qalsa, Sadıqcan, heç biz özümüz də onun dəfnində iştirak eləməmişik. Qaragünü öləndən sonra dərhal morqa aparıblar. Bizlərdən heç kim morqa müraciət eləmədiyinə görə, bir neçə gündən sonra onu naməlum adam kimi basdırıblar. Bütün bədbəxtlik də bundadır ki, zavallı Armenakı müsəlman qəbiristanlığında basdırıblar. Odu ki, biz də nə yas məclisi verə bilirik, nə də müvafiq xristian mərasimlərini icra edirik.

– Baba, bəyəm mərhumun müsəlman, yaxud xristian olduğunu müəyyən eləmək belə müşkül məsələdi ki? – təəccüblə soruşdum.

– Biz xristianlarla siz müsəlmanlar arasında yeganə fərq bundan ibarətdi ki, siz uşaqlarınızı sünnət eləyirsiz, bizsə eləmirik. Ancaq son vaxtlar –  bu əməliyyatın amerikan üsulu peyda olandan və təbabət sünnətolmanın gigiyenik olduğunu etiraf edəndən sonra biz də ondan istifadə eləməyə başladıq. Bizim Armenak da (ruhu şad olsun!) sünnət olunmuşdu deyə, həkim mərhumun müsəlman, ya xaçpərəst olduğunu müəyyənləşdirə bilməyib. Bədbəxtlikdən, üstündə şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb; balaca bir fotoşəkil olub ki, biz morqda onu həmin şəkildən tanımışıq.

– Yaxşı, bəs indi nə problem var? –  soruşdum.

Jorj kədərli halda dilləndi:

– Biz istəyirik Armenakın cəsədini erməni qəbiristanlığına aparaq. Amma deyirlər ki, bunu edə bilmərik, çünki sizin dininiz ölənlərin ruhunu narahat eləməyi qadağan edir. Eksqumasiya yalnız ölümün səbəbləri məlum olmadıqda, məhkəmə həkimi və prokurorurun icazəsi ilə aparılır. 

– Hə-ə, baba, çox qəliz məsələdi. Vəziyyətdən çıxış yolu tapmaq üçün gərək əməlli-başlı baş sındırasan.

– Qurban, bircə sən bizə kömək edə bilsəydin, – deyə Jorj yalvarış dolu baxışlarını üzümə zillədi, – sənə ömrümüz boyu minnətdar olardıq, Armenakın arvadı və uşaqları isə ölənə kimi sənə dua edərdi. Bir özün fikirləş də, biçarə öz din qardaşlarının yanına gələ bilmir. Kim bilir, indi necə əzablar içində yanır! Baba, özün neçə il Armenakla dostluq eləmisən, onun necə həssas qəlbli olduğunu sənə demək artıqdı! 

Jorjun bu sözlərindən yaman mütəəssir oldum, mərhum Armenak da elə bil heç ölməmişdi, gəlib durdu gözlərimin qarşısında. Eh, ötən günlərimizin xatirələri yenidən canlandı və gözlərim yaşla doldu.  Hərçənd o erməni, mən isə müsəlmandım, amma bu, bizim dostluğumuza mane olmurdu. Mərhum, klassik şairimiz Orfi Şirazinin pərəstişkarıydı, Hafizin, Xəyyamın divanəsiydi. Onların qəzəlləri dilindən düşmürdü. Deyirdi ki, hər bir insan bu dünyada sevilməyə layiqdi. Bizi bir-birimizdən ayıran isə ancaq dərin kök salmış  xurafat və ömrünü başa vurmaqda olan ənənələrdi. Əslində isə insanlar arasında heç bir fərq yoxdu. Armenakın dünyagörüşünün genişliyi və  insani keyfiyyətləri məni ona daha çox yaxınlaşdırmış, dostluğumuzun gündən-günə möhkəmlənməsinə səbəb olmuşdu.

Xatirələr məni yamanca kövrəltdi, vəfat eləmiş dostumun meyitinin  yiyəsiz kimi özgə qəbiristanlıqda məzara quylanması yadıma düşəndə isə kədərimin böyüklüyündən gözümdən yaş sel kimi axmağa başladı. Hiss elədim ki, onun ruhunun o dünyada rahatlıq tapmasının bütün məsuliyyət yükü tamamilə mənim çiyinlərimə düşür. Sanki o, məni köməyə çağırırdı. Səsi qulaqlarımda idi: “Bu doğrudu, hərçənd mən özümü özgə dinin adamlarından ayırmamışam, amma burda yaxınlarımdan heç kim gəlib mənə baş çəkə bilmir. Öz ölülərimizin yanında özümü daha  rahat hiss edərdim də...”   

Xülasə, bu dünyanın faniliyinin qarasına o ki var deyinəndən sonra, özümü ələ alıb Jorja dedim:

– Daha neyləmək olar, gec-tez hamımız bu yolun yolçusu olacağıq! Görünür, zavallı Armenakınkı da bura kimiymiş! Yaxşı, sən mənə de görüm, sizə nə kimi kömək eləyə bilərəm? Çəkinmə, de.   

– Vallah, ay Sadıq, deyirəm, əgər bu gün-sabah, ya da münasib bir vaxtda  imkan tapıb mənimlə vəfat edənlərin qeydiyyatı şöbəsinə gedib həmin gün Armenakla bir yerdə olduğunu doktora desən, elə bil dünyaları bizə bağışlamış olarsan... Biz də hakimə iddia ərizəsi ilə müraciət edib Armenakın ölümündə sənin əlin olduğundan şübhələndiyimizi bildirərik. Ərizədə göstərərik ki, mərhumun belə gözlənilmədən vəfat etməsinin həqiqi mənzərəsini bərpa etmək məqsədilə meyitin eksqumasiya edilməsi barədə vəsatət qaldırırıq. Əlbəttə, sən özün də başa düşürsən ki, bütün bunlar boş, mənasız rəsmiyyətçilikdən başqa bir şey deyil. Məqsədimiz Armenakın meyitini müsəlman qəbiristanlığından çıxarıb erməni qəbiristanlığında basdırmaqdı. Elə ki bu işi görüb qurtardıq, bir ərizə də yazıb bildirərik ki, sənin heç bir günahın yoxdu, heç bir qətl-filan da baş verməyib və bizim də sənə qarşı heç bir iddiamız yoxdu. İşə xitam verilər, bir kimsə də sənə barmağının ucu ilə toxunmaz.

İlk baxışdan Jorjun planı olduqca sadə və asan icra olunası plan idi. Amma əslində, hər şey tamamilə onun düşündüyünün əksinə baş verdi.

– Yaxşı da, onda elə sabah səhər gələrsən, gedərik, –  tərəddüdlə razılıq verdim. Ancaq yenə də ümid edirdim ki, bəlkə sabaha kimi Jorj  bu işə başqa birisini qoşar, ya da mən özüm vəziyyətdən daha məqbul bir çıxış yolu taparam.  

Bütün gecəni səhərə kimi Armenakı yuxuda gördüm. Qaragün ilan dili çıxarıb məndən yardım istəyirdi. Bir neçə dəfə yuxudan oyandım, ancaq gözümə təzədən yuxu gedən kimi o, yenə də gəlib qarşımda durur, məlul-məlul üzümə baxırdı.

Səhərin gözü açılmamış Jorj dalımca gəldi. Mən geyindim və onun yanına düşüb vəfat edənlərin qeydiyyatı şöbəsinə, ordan da məhkəməyə gedib Jorjun şikayət ərizəsini verdik. Mən də öz növbəmdə iddia ərizəsində  bildirdim ki, faciə baş verən gün Armenakla bir yerdə olmuşam. Müstəntiq dedi ki, onda gərək məni dindirsin.

Bəli, istintaq başladı.

– Harda bir yerdə olmusunuz? –  Müstəntiq soruşdu.

– Filan qəlyanaltıxanada, –  dedim.

– Nə sifariş vermişdiniz?

– Filan yeməyi və filan şərabı!

– Saat neçəyə kimi orda olmusunuz?

– Saat on birə kimi.

– Bəs sonra harda ayrıldınız?

– Filan küçədə!

– Sən hara getdin?

– Öz evimə.

– Bəs Armenak hara getdi?

– Bilmirəm.

Müstəntiq daha bir çox bu kimi suallar verdi, arada otaqdan çıxdı, sonra təzədən gəldi, kiminləsə pıçıldaşdı və nəhayət, eksqumasiya haqqında göstəriş verdi. Məhkəmə həkimi Armenakın meyitini müayinə edib dedi ki, onun fikrinə görə, sən demə, həmin o uğursuz gecə mən Armenakı, sadəcə, qətlə yetirməklə kifayətlənməmiş, hələ üstəlik, onu qəddarcasına, vəhşiliklə təhqir də etmişəmmiş. Müayinənin nəticələri protokolda belə qeydə alınmışdı:  

1) qətlə yetirilmiş şəxsin boynunda yumruq zərbəsinə oxşar

zərbə izi var;

 2) sağ ayağında kəsici alətlə vurulmuş yara, çoxsaylı cızıqlar var;

3) sinəsində metal əşya ilə vurulmuş zərbə izləri var;

4) bağırsaqları zədələnib, mədəsində zəhər qalıqları aşkar edilib;

5) sol ayağının baş barmağı yoxdur... və s. və i.

Müayinə protokolu ilə tanış olub dəhşətə gəldim, ancaq Jorj bir daha bütün bunların yalnız bədbəxt Armenakın meyitinin eksqumasiyasından ötrü zəruri olan boş və mənasız rəsmiyyətçilik olduğunu deyib məni sakitləşdirdi. Nəhayət, bizə meyiti erməni qəbiristanlığında basdırmağa icazə verdilər. Mən də dəfndə iştirak etmək üçün Jorjun ardınca otaqdan çıxmaq istədikdə gözlənilmədən məni saxlayıb:

– Sən qal! – dedilər. – O birilər azaddı.

– Mən nəyə görə qalmalıyam ki?

– Bəs nə bilmişdin, düşünürdün ki, bayaq görmək səadətinə nəsib olduğun protokolu sənə boşuna göstərmişik?

– Başa düşmədim, yəni siz demək istəyirsiz ki, Allah eləməmiş, qulaqlara qurğuşun, mən doğrudan da Armenakı... yəni o söz?  

– Gədə, biz heç nə demək istəmirik, sən özün öz əlinlə hər şeyi yazıb boynuna almısan da!

– Allaha and olsun, ağayi-rəis, – təşviş içərisində bağırdım, – bütün bunları ancaq ona görə yazdım ki, Armenakın meyitinin müsəlman qəbiristanlığından erməni məzarlığına keçirilməsinə icazə alaq! Əslinə qalanda isə, hadisə baş verən gün mən mərhumun heç üzünü də görməmişəm!

– Sən bizə burda nağıl danışma, baba. İttiham olunanların hamısı müstəntiqə verdikləri ifadələrdən elə sənin kimi,  imtina eləyir.  

– Axı bu necə olur? – heyrətimi gizlədə bilməyib soruşdum. – Siz özünüz bir həftə əvvəl meyiti müayinə etmisiniz və mərhumun bədənində heç bir xəsarət aşkar etməyib basdırılmasına icazə vermisiniz. Balam, bəs indi bu xəsarətlər hardan və necə yarandı, hə?  

– O vaxt şikayət-filan daxil olmamışdı və biz də mərhumun öz əcəliylə öldüyünü deməyi lazım bilmişdik. Ancaq indi məsələ başqa cürdü.

– İmkan versəniz, mərhumun əmisi oğlu Jorj hər şeyi sizə başa salar!

– Onun izahatı sənin cəzanı olsa-olsa bir balaca yüngülləşdirə bilər. Ancaq hər bir halda, cinayətə görə sən cavab verməli olacaqsan!..

Görürəm ki, mərhum Armenakın meyitini aparırlar, hamı çıxıb gedir... Qışqırıram:

– Noolar, aparmayın da! Ölümün əsl səbəbini müəyyənləşdirməkdən ötrü  daha ciddi müayinə edin! Allaha, bütün peyğəmbərlərə and olsun ki, o gecə mən Armenakla bir yerdə olmamışam! A kişilər, mən ömrümdə bir toyuq başı da kəsməmişəm, sizin burda yazdıqlarınız isə ancaq peşəkar qatillərin işi ola bilər!

Sözlərimi qulaqardına vurub dedilər:

– Burda hay-küy qaldırıb baş-beynimizi aparma. Otur oturduğun yerdə!

– Ay başınıza dönüm, Allah xatirinə, – deyə yalvarırdım, – inanmırsınız arvadımdan, uşaqlarımdan soruşun, onlar təsdiq edər ki, mən evdə olmuşam. Onların dedikləri həqiqətin üzə çıxmasına kömək edər! 

– Vaxtı çatanda, heç şübhəsiz, onlardan da soruşarıq. Ancaq hələlik sən burda qalmalı olacaqsan!

– Necə yəni “qalmalıyam”, ağayi-rəis? Bəs mənim işim-gücüm necə olsun? Təqsir mənim özümdədi də, mənə deyən lazımdı ki, ay filan-filanşüdə, xeyirxahlıq elə sənə qalmışdı? Axı sənin burda nə itin azmışdı? Siz Allah, ağayi-rəis, buraxın məni, çıxım gedim! 

– Mənə bax, bura səninçün dədənin xarabası deyil ha! Kirimişcə dur! ­– deyib səsimi kəsdilər.

Uzun sözün qısası, məni altı ay istintaq altında saxladılar. Hər gün də dindirməyə aparır, hədə-qorxu gəlirdilər. Mən hər nə qədər and-aman edib Armenakla ayrılmaz dostlar, necə deyərlər, “iki bədəndə bir can” olduğumuzu, hər şeyin günahkarının məni bu yanlış addımı atmağa vadar etmiş o lənətə gəlmiş Orfi Şirazi olduğunu desəm də, xeyri olmurdu. Yaxamdan yapışıb əl çəkmir, Orfi Şirazinin kim olduğunu, hansı ünvanda yaşadığını soruşurdular. Bilmirdim, bu halıma gülüm, yoxsa ağlayım. Ən dəhşətlisi də o idi ki, heç kimə heç nəyi sübut eləyə bilmirdim. İndi mən onlar üçün Orfi Şirazini hardan tapım axı?

Canımı dişimə tutub dedim:

– O ölüb axı!

– Niyə ölüb?

– Mən nə bilim?!

– Öz əcəliylə ölüb?

– Hə!

– Sən bunu hardan bilirsən?

– Kitabdan oxumuşam.

– O nə kitabdı elə?

– “Şairlərin tərcümeyi-halı”!

– Haçan ölüb?

– Nə deyim, vallah, təxminən dörd yüz il bundan qabaq!

– Ay səni, pədərsüxtə, – ağayi-rəis hirslə bağırdı, – gədə, istintaqı ələ salırsan? Özün dedin ki, səni cinayətə Orfi sövq edib. İndi də iddia eləyirsən ki, guya o, dörd yüz il əvvəl ölüb, hə? Qanunu barmağına sarımısan? Əgər bu dəqiqə cinayət ortağın Orfini ələ verməsən, ünvanını deməsən, ikinizin cinayətinə görə tək özün cavab verməli olacaqsan!

– Aman Allahım, ağayi-rəis, məni dolandır balalarının başına, mən Orfini necə tapa bilərəm axı? Onun sümükləri torpağın altında çoxdan çürüyüb. Orfi şair olub, on altıncı əsrdə yaşayıb, hindi üslubunda yazıb. Ədəbiyyat fakültəsinin professorları onu daha yaxşı tanıyırlar. 

– Sarsaq gədə, bəyəm özün demirdin ki, törətdiyin əmələ görə Orfi təqsirkardı?

– Bəli, ağa, deməyinə demişəm, amma başqa mənada. Mən Orfi Şirazinin Armenakın da, mənim də çox sevdiyimiz qəzəllərini nəzərdə tutmuşdum! Əgər belədirsə, onda gərək Xəyyamı, Hafizi və Sədini də məhkəməyə gətirim ki!

– Nə deyirəm ki, çox yaxşı olar! Neynək, madam ki Orfinin ünvanını bilmirsən, onda zəhmət çək, get o üç nəfəri tap gətir! 

– Hansı üç nəfəri?

– Əşi, onları da, özün dedin ki... nəydi adları... hə, Sədi, Hafiz, bir də, deyəsən, Xəyyam idi, hə?..

Bəh-bəh!.. Heyvanına şükür, ilahi! Daha sənə sözüm yoxdu, ağayi-rəis!  Başa salmağa çalışıram:

– Qurban, bəyəm mən ruhları çağıra bilirəm? Lap tutaq ki çağırdım, onlar mənə qulaq asacaqlar? Hələ onu demirəm ki, Sədinin və Hafizin dalınca Şiraza, Xəyyamdan ötrü isə gərək Nişapura gedim. 

– Onlar Tehranı nə vaxt tərk eləyiblər ki?

– Kimi deyirsiniz? 

– Kimi deyəcəyəm, onlar da... Hafiz, Sədi, Xəyyam! 

Və beləcə, mən altı ay əzab çəkdim, qardaş. Əlqərəz, Armenakın qohumlarının, yaxınlarının uzun-uzadı istintaqından, dindirilməsindən sonra məlum oldu ki, mərhumun boynundakı çapıq o, uşaqlıqda nərdivandan yıxılandan sonra əmələ gəlib. Sağ ayağını ölməmişdən iki gün qabaq – kefli vəziyyətdə evdə dəmir çarpayıya vuraraq yaralayıb.  Sol ayağının baş barmağı isə anadangəlmə, yerli-dibli olmayıb. Bağırsağının zədələnməsinə və mədəsində zəhər aşkar olunmasına acgözlüyü səbəb olub. Döş qəfəsi  isə xəstəxana gözətçisi ilə dalaşarkən aldığı zərbə nəticəsində əzilmişdi. Həmin gecə Armenak özünü pis hiss edib və xəstəxanaya yollanıb. Amma gözətçi onu içəri buraxmayıb və aralarında dava düşüb...

Qısası, məlum olub ki, mən günahsızam və heç bir qətl hadisəsi də baş verməyib. Məni sərbəst buraxdılar. O gündən artıq on-on iki ilə yaxın bir vaxt keçib, mərhum Armenakın uşaqları böyüyüblər. Ancaq bu günə kimi də onlar atalarının ölümündə məni günahlandırır və deyirlər ki, əgər həmin gecə atalarını tək qoymasaydım, o, ölməzdi. İndi hər yerdə də deyirlər ki, lap yerin deşiyindən də olsa, axtarıb məni tapacaq və atalarının qisasını alacaqlar!

İndi bildin ki, dost-tanışlarımın nə dəfninə, nə də yas mərasiminə niyə getmirəm?

– Hə, indi hər şey aydın oldu, –  deyə cavab verdim.

                        

Tərcümə edən: Bəhlul Seyfəddinoğlu