Ömrü uzunu ibadət etmiş bir qoca başına gələn müsibətlərə dözməyib ölür. Düşür o dünyaya. Cənnətin qapısında dayanmış gülərüz mələklər onu içəri dəvət edirlər. Qoca imtina edir, üz tutur Allahın dərgahına. Kandarda dayanan mələklərə hirslə deyir ki, onu Yaradanla görüşdürsünlər, soruşacaqları var:
– Qoy mənə anlatsın görüm, bir adam öləndən sonra Cənnətə düşəcək deyə, niyə başı bu qədər bəlalar çəkməlidi?
Mələklər qocanı dinləyib gülümsünürlər, istəyindən Allahın xəbərdar olduğunu, onunla görüşü - Yer ilinin on üçüncü ayının otuz ikisinə, həftənin səkkizinci günü, saat iyirmi beşə təyin etdiyini söyləyirlər.
Qoca anlayır ki, bu vədələşmə ilə görüş baş tutmayacaq, acıq edib oradan enir Cəhənnəmin darvazasına. Girişdə onu Cənnət darvazalarına sarı yönəltməyə çalısan Cəhənnəm mələklərinə məhəl qoymayıb birbaş içəri keçir. Qarşısına İblis çıxır.
– Mənə qır qazanının yerini göstər, – İblisə çəpəki baxaraq, dillənir qoca.
İblis gülümsünüb ona qazan olan səmti göstərir. Qoca gedib qazana yaxınlaşır, baxır ki, altı yanmır, içindəki qır da donub, daş kimi bərkiyib. Əsəbi halda, bayaqdan arxasınca düşüb onu gözdən qoymayan mələklərə sarı çönür və:
– Bu qazanın altı niyə yanmır? – deyə soruşur.
Mələklər cavab verirlər ki, odun yoxdur, bu gün səhərdən Cəhənnəmin bütün ocaqları sönüb.
Ətrafda bir Cənnət sərinliyi var idi...
İlqar Rəsul