"Əli və Nino" romanının əvvəlində Əli Xan Şirvanşir belə deyir:
"Nino hələ də dünyanın ən gözəl qızıydı..."
Əslində, biz Kölndən yola çıxarkən fikrimizdə Nino yox idi, amma Frankfurta çatan kimi Ninonun xəbərini aldıq. Builki Frankfurt kitab sərgisində açılış nitqini gürcü yazıçısı Nino Hartişvilli söyləmişdi. Bu Nino bizim Əli Xanın aşiq olduğu Nino deyildi, amma onun yurdundan gəlmiş gənc bir xanım idi. Otuz beş yaşlı bu gənc xanım on beşə yaxın roman yazıb və bir çox mükafatların sahibidir.
Atalar demiş, niyyətin hara, mənzilin ora... Biz Nino xanımın nitqinə yetişmədik. Amma yazıçı dostum Ələddin Dikərlə sərgidə sağa-sola gəzərkən Ninoya aşiq başqa bir alman dostumla qarşılaşdım. Qurban Səid heyranı və onun bütün əsərlərini toplayan, hətta bir qismini Almaniyada nəşr etdirən Hans Yürgen Maurerlə qarşılaşdıqdan sonra onu heç buraxardımmı?! Onunla birlikdə əvvəlcə Azərbaycan bölümünə getdik. Orada Azərbaycanı təmsil edən dostumuz Aslan Cəfərovla məmləkətimiz üzərinə gözəl bir söhbət etdik. Aslan Cəfərov fəaliyyətlərindən bəhs etdi və bizə bir neçə kitab hədiyyə etdi. Dost çox, söhbət gözəl, təəssüf ki, zaman az... Oradan ayrılan kimi sərginin qonaq ölkəsi Gürcüstan bölümünə getdik. Sadəcə Hans Yürgen deyil, doğrusu, biz də Ninonu axtarırdıq. Birdən ətrafımızda uzun, zərif, incə belli, ceyran gözlü gözəl gürcü qızlarını görüncə çaşıb qaldıq. Milli geyimlərində səhnəyə çıxıb “Kartuli” rəqsiylə hər kəsi məst, heyran etdilər... Hans Yürgenə: "Al, bu da sənə Ninolar… Nino, Nino deyə sayıqlayırdın", deyincə o da şirin bir gülümsəməylə üzümə baxdı.
Gürcüstana ayrılmış bölüm yarıqaranlıqdı və otuz üç otağa ayrılmışdı. Gürcülərə görə belə vacib günlərdə otuz üç qapı açılmalı, otuz üç çörək bişirilməli, otuz üç qayıq yola çıxmalı və otuz üç mahnı oxunmalı idi... Otuz üç mahnı dinləmədik, amma ətrafımızda "Chacha" içən nəşəli gürcü ədəbiyyatsevərlərini gördükcə biz də nəşələndik.
Bu il sərgiyə yüz on ölkədən tam yeddi min beş yüz nəşriyyatçı qatılmışdı. Azərbaycanın ən önəmli nəşriyyatçılarından olan dostumuz Şahbaz Xuduoğlu ilə söhbətin dadında da "Əli və Nino" qoxusu vardı deyə bilərəm.
Hans Yürgenlə sərginin çıxışına qədər Əsəd Bəy, Nino, Azərbaycan ədəbiyyatı üzərinə söhbət etdik. Qurban Səid (Əsəd Bəy) ilə bağlı harada nə tapsa ardınca qaçan, ən kiçik qəzet xəbərini belə toplayan Hans Yürgen Maurer eyni zamanda, yorulmaz tədqiqatçı və naşirdir. İki dəfə Azərbaycana getmiş, orada ədəbiyyat çevrəsi ilə tanış olmuş və Almaniyada alman oxucuları üçün möhtəşəm bir kitab nəşr etmişdir. Azərbaycan Tərcümə Mərkəzi ilə birlikdə hazırladığı "Das Geheimnis" (Sirr) adlı kitabı, ayrılarkən bizə hədiyyə etdi. Çox gözəl bir üz qabığı olan dörd yüz səhifəlik kitabda ən tanınmış Azərbaycan yazıçılarının seçmə hekayələri almancaya tərcümə edilmişdi. Kitabın içində kimlər yox ki?! Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Sabir Azəri, Anar, Elçin, Mövlud Süleymanlı, Ramiz Rövşən, Kamal Abdulla, Rafiq Tağı, Saday Budaqlı, Afaq Məsud, Mübariz Cəfərli, Yaşar, Etimad Başkeçid, Orxan Fikrətoğlu, Cavid Zeynallı...
Kitaba ön sözü Almaniyanın tanınmış germanşünası professor Ziqlinde Hartman yazıb. Alman şairi Osvald von Volkenşteynin tədqiqatçısı olan xanım Hartman Bakı Slavyan Universiteti ilə bağlantısı olan bir elm adamıdır. O, yeddi səhifəlik uzun ön söz yazısında Bakıdakı Ədəbiyyat Muzeyindən başlamış Azərbaycandakı son ədəbi proseslərə qədər hər şeyi alman oxucusuna anlatmağa çalışmış, Kamal Abdullanın, Rafiq Tağının, Yaşarın, Cavid Zeynallının hekayələrindən önə çıxaraq, ədəbiyyatımızdakı yeni üslub axtarışı və dəyişimlərdən nümunələr vermişdir. Ön sözün sonunda müəllif yazır: "Bu kitabda müxtəlif mövzular işlənsə də, hər hekayədə insan həyatından parçalar var. Bu hekayələrdə Qərb insanıyla Şərq insanının arasındakı fərqliliklər də ortaya çıxır. Bu fərqlilikləri ortaya çıxaran yazıçılara da təşəkkür borcumuz var. Bu yazıçıların əsərləriylə bizim üçün sirr olan bir dünyanın qapısı açılmaqda və Azərbaycan ədəbiyyatı yoluyla o dünyanı bizlər də tanımaqdayıq".
Hans Yürgenə bu əvəzolunmaz xidməti üçün təşəkkür etdim və o da sevindi. Dilimizi bilməsə də, Bakıda "Leyli və Məcnun" operasını Azərbaycan türkcəsində izləyən Azərbaycanın bu dostu Azərbaycanı bizim çoxumuzdan yaxşı tanıyır.
Günəş batarkən Frankfurtdan çıxdıq. Yorğun idik, amma kitabın qoxusu ilə sanki bir başqa aləmə düşmüşdük...