Elektron ədəbiyyat və sənət portalı

İsraf

Bölmə: Azad ərazi 24.10.2018

 

    İsraf geniş anlayışdır. Əslində, hətta insanın həyatı özü, əgər düşünülmüş deyilsə, israfdır. Biz bir cə­miyyət olaraq israfı metafizik qatda yox, sa­dəcə yas və toy zəminində, vətəndaşın çəkdiyi artıq xərc daxilində, bir sosial ədalət ştrixi kimi düşünməyə başlamışıq. Buna da şükür.

       Yas və ya toy israfından danışmamış onu edənin kimliyini, hansı sosial təbəqəyə aid olduğunu bil­məyimiz vacibdir. Biz kasıb təbəqənin yas və ya toy mərasimlərində yol verdiyi israfçılıqdan danışırıqsa, səhv edirik.    

      Kasıb yas, ya toy mərasimlərində qonşu qınağına tuş gəlməsin deyə, camaat mənə nə deyər düşüncəsi ilə uzaqbaşı borca düşə bilər. Borc isə israf deyil. Məncə, Azərbaycanda israfla mübarizə artıq təş­kilatlanmış yas və toy biznesi nümayəndələrinin ifşasından başlanmalıdır. Ancaq şadlıq saraylarının və qəbiristanlıq müdirlərinin adları hələ bizə hər şeyi deməyəcək. Reallıqda israf rəhmətə gedən adamın basdırılması üçün alınan bir qarış torpağın qiymətin­dən başlayır. Bu isə israf deyil, qaçılmaz reallıqdır.

       Əslində, müsəlmanıqsa, qəbirlərimiz it­məlidir. Bahalı başdaşları, təmtəraq, yasda verilən banan və digər bahalı ərzaqlar – bunlar dövrün və başqa dinlərin bizə təsiridir. Ölüsünü bu cür basdıran adam o günahsız yaxınını da Allah dərgahına günahla göndərir.

       Yas mollanın, aşpazın, yasxana sahibinin cibini doldurmaq üçün düşünülmüş biznes mərasimi deyil. Yas qutsal və müqəddəs vida anıdır. Bir canın başqa bir fazaya ötürülməsdir. Belə müqəddəs bir məqamda kim yeməyi və pulu düşünə bilər ki? Yaxud düşünməlidir? Yaxınını itirən insan onu başqa bir dünyaya tapşırır. Belə bir məqamda qazanc düşünmək ən böyük günahdır!

       Əslində, həcc ziyarəti ölüb yenidən dirilmək deməkdir. Mən Məkkədə ölüb, o torpaqlarda öz xoşu ilə dəfn olunan o xoşbəxt və müqəddəs insanların burda da bahalı qəbirlərini görəndə bizim müsəlman olduğumuza şübhə edirəm.

       Biz bir cəmiyyət olaraq yas və toy dəbini dəyişməliyik. Bunun üçün ya dövlət qanuni qadağalar tətbiq etməli, ya da biz dini maarifçilik zəminində kimliyimizi və nə etməli olduğumuzu anlamalıyıq.

       Prosesə dövlət qanunlarla müdaxilə etsə, Avropa institutlarından tutmuş populist siyasətçilərə qədər bir çoxları insan haqlarına müdaxilədən danışacaq. Əslində, bir cəmiyyət olaraq da yas və toy dəbini dəyişməyə hazır deyilik. Maddi və dünyəvi dəyərlər toplumun ruhani qatında hələ də dominantlıq edir. Mənsub olduğumuz dinin məğzini, mahiyyətini bilmirik. Avropanın bizə təlqin etdiyi xəstə rəqabət mühitinin internet səviyyəsində səthi təkrarçılarıyıq.

       Mən “Təzəpir” məscidində şam yandıranları bu gün də xatırlayıram. Falçıya, cadugərə inananları bu gün də görürəm. Ümumiyyətlə, heç kəsə və heç nəyə inanmayan adamların olduğunu da bilirəm. Amma mən Azərbaycana və azərbaycanlılara, bu gün israf dediyimiz o əndazəsizliyin tezliklə aradan qalxacağına da inanıram.