Əziz yazıçı!
Stenforddakı ədəbiyyat kurslarında iştirakımın üstündən uzun müddət keçsə də, o vaxtkı təcrübələrimi çox yaxşı xatırlayıram; gözlərim parlayırdı, inşamı da gözəl hekayə yazmağın gizli düsturunu öyrənmək üçün hazırlamışdım. Həmin illüziya çox qısa sürdü. Bizə deyilənə görə, yaxşı hekayə yazmaq üçün bircə yol vardı ki, o da yaxşı hekayə yazmaq idi. Dediklərinə görə, hekayə yazmaq ən çətin iş idi. Buna sübut kimi də dünyada mükəmməl hekayələrin çox az olmasını misal çəkirdilər.
Bizə deyilən ilk qayda çox sadəydi: təsirli hekayə yazıçıdan oxucuya nəsə ötürməli, həmin ötürülənlər hekayənin mükəmməlliyinin göstəricisi olmalı idi. Bundan savayı qayda yox idi. Hekayə təsirli olmaqla yanaşı, istənilən mövzuda qələmə alına və ya müəyyən mənaya malik ola bilərdi. Bu qaydanın ikinci dərəcəli şərti kimi, yazıçının nə demək istədiyini, yəni nədən söhbət açdığını bilmək tələb olunurdu. Nümunə kimi, hekayənin məzmununu bir cümləyə sığışdırmaq tapşırılırdı. Sonra isə onu üç, altı və ya on min sözə qədər genişləndirməli idik.
Hekayə yazmağın gizli düsturu, gizli məzmunu bu idi. Bundan başqa üsul yox idi və biz yazıçılıq yolunda artıq tənhalığa qapılmışdıq. Zəif hekayələr yazmağa başladıq. Əgər kamilliyin bütün sirlərini kəşf etsəydim, onda zəhmətimə verilən qiymətlər mənə həqiqəti göstərərdi. Həm də əgər ədalətsizcəsinə tənqid olunduğumu hiss etsəydim, illərlə redaktorların söylədikləri rəylər mənə yox, müəllimlərimə haqq qazandırardı. Məktəbdə yazdığım hekayələrə verilən aşağı qiymətlər öz əksini sonradan onların nəşriyyatlar tərəfindən dəfələrlə rədd olunmasında da tapdı...
Bu, ədalətli deyildi. Yaxşı hekayələr oxuyurdum, hətta onların necə yazıldığından da baş çıxarırdım. Bəs özüm niyə elə hekayə yaza bilmirdim?
Əgər hekayə yazmağın bir sirri varsa, mən onun mövcudluğuna inansam belə, heç kəs bunu nəsildən-nəslə çatdıracaq nüsxə halına sala bilməz.
Əgər yazıçı əsl duyğuya malikdirsə, fikirləşdiyini çatdırmağa yol tapar. Hekayəni yüksəyə qaldıran mükəmməlliyi, ya da hekayənin səviyyəsini aşağı salan səhvləri aşkara çıxarmağı bacarmalısınız. Əslində, pis hesab etdiyimiz hekayə oxucunu təsirləndirməyən hekayədir.
Yazandan sonra hekayəni qiymətləndirmək çox da çətin deyil. Lakin üstündən illər keçsə də, hansısa bir hekayəni yazmağa başlamaq məni bu gün də ölüm qədər qorxudur. "Qorxmuram" deyən yazıçı xoşbəxtdir.
Mənə verilən tövsiyələrin çox az qismini xatırlayıram. Həmin tövsiyələr həddən artıq həyəcanlı, inadkar, iyirmi yaşlı bir oğlan kimi gəncliyin coşqunluğunu hiss etdiyim, hamının yazıçı olmağa çalışdığına inandığım vaxtlarımda verilmişdi.
Mənə dedilər: "Yaxşı hekayə yazmaq çox vaxt aparacaq və pul-para qazanmayacaqsan. Avropaya getmək sənin üçün daha münasib olar".
"Niyə?" – soruşdum.
"Çünki Avropada kasıblıq, sadəcə, bəxtsizlikdir, Amerikada isə bu, ayıb sayılır”.
Bir o qədər də bədbinliyə qapılmadım. Onda hamı kasıb idi və odur ki, bu, çox da ayıblı şey deyildi. Həm də insanın kasıblığa dözüb-dözməyəcəyini qabaqcadan bilmək olmaz. Lakin müəllimimin bir məsələdə haqlı olduğuna əminəm. Yazıçı olmağım, həqiqətən, çox uzun çəkdi. Bu proses hələ də davam edir...
Elə müəllimim də mənə bunu demişdi.
Tərcümə edən: NƏRİMAN