1965-ci il. Aktyorluq sənətinə yenicə qədəm qoyan gənc Ceraldina 76 yaşlı atasından Milad məktubu alır.
Bu məktubda dünya kinematoqrafiyasında böyük bir epoxa yaratmış aktyor, təbəssüm dolu həyatının, əslində, acı həqiqətlərdən yoğrulduğunu yazırdı.
Həmin böyük insan Çarli Çaplin idi.
"Qızım!
İndi gecədir, Milad gecəsi. Sən məndən çox uzaqdasan, amma siman gözümün qabağındadır. Sənin portretin buradadır – stolumun üstündə, ürəyimin başında. Bəs özün haradasan?
Sirli Parisdəsən, yoxsa Yeliseyin əsrarəngiz səhnəsində oynayırsan?
Gecənin sakitliyində hərdən sənin addım səslərini eşidirəm, parıldayan gözlərini görürəm.
Mən "Tatar xanının əsiri – İran şahzadəsi " tamaşasında necə oynadığını bilirəm. Əgər ulduz olub səhnələrdə parlayacaqsansa, alqışlar səni məst edəcəksə, verilən qızılgüllərin ətirləri başını gicəlləndirəcəksə, kənara çəkil və məktubumu oxu, ürəyinin səsinə qulaq as.
Mən sənin atanam, Ceraldina! Mən Çarliyəm – Çarli Çaplin! Bilirsənmi, neçə-neçə gecələr beşiyinin başında oturub sənə nağıllar oxumuşam. Gözlərim qapananda isə yuxumu qovurdum, deyirdim, bu, mənim qızcığazımın arzularıdır.
Mən sənin arzularını görürdüm, Ceraldina, gələcəyini hiss edirdim. Mən səhnədə rəqs edən qızı, səmada uçan mələyi görürdüm. İnsanların pıçıltılarını eşidirdim. Onlar deyirdilər, görürsünüzmü bu qızı? Bu qız qoca təlxəyin qızıdır. Unutma ki, onun adı Çarli idi.
Bəli, mən Çarliyəm – qoca təlxək Çarli! Bu gün sənin oynamaq növbəndir! Mən cırıq şalvarda oynayırdım, amma sən şahzadənin ipək paltarında rəqs edirsən. Bu rəqslər və alqışlar səni göylərə qaldıracaq. Uç, göylərə uç! Amma yerə dönməyi də unutma! Sən adi insanların həyatını, küçə rəqqaslarının soyuqdan donduqlarını, əzab çəkdiklərini görməlisən. Mən onlar kimi idim, Ceraldina. Sən o sehrli gecələrdə danışdığım nağılların sədası altında yatarkən, dünyanın ən xoşbəxt adamıydım, səhərəcən gözümə yuxu getmirdi.
Mən sənin gözəl simana baxırdım, ürəyinin döyüntülərinə qulaq asırdım və özümə sual verirdim: "Çarli, bu pişik nə zamansa səni tanıyacaqmı?" Sən məni tanımırsan, Ceraldina. Sənə o uzaq keçmişdə çoxlu nağıllar danışmışam, amma öz həyat hekayəmi heç vaxt danışmamışam.
Bu hekayət digərlərindən heç də maraqsız deyil. Bu hekayət səfil təlxəyin Londonun kasıb məhəllələrində oxumağından, oynamağından və dilənməyindən bəhs edir. Bax, bu mənim hekayəmdir – evsizliyin, aclığın nə olduğunu mən onda dərk etmişəm. Mənə ən çox təsir edən o təlxəyin dilənməsi idi. Okean qədər qüruru olan təlxək atılan qəpiklər altında əzilirdi. Bunlara baxmayaraq, mən sağam və hər şey keçmişdə qalıb.
Yaxşısı budur, sənin haqqında danışaq. Sənin adından sonra mənim soyadım gəlir, Ceraldina Çaplin. Mən bu soyadla 40 ildən artıq insanları güldürmüşəm. Amma özüm bu gülüşdən qat-qat artıq ağlamışam. Ceraldina, sən yaşayan dünya təkcə rəqs və musiqidən ibarət deyil. Gecə böyük teatrlardan çıxıb evə qayıdanda, varlı pərəstişkarlarını yadından çıxara bilərsən, amma səni evə aparan sürücüdən mütləq onun həyat yoldaşının kefini soruş.
Əgər onun həyat yoldaşı hamilədirsə, yaxud maddi çətinlikləri varsa, cibinə pul qoy. Mən sənin xərclərinin ödənilməsi barədə banka göstəriş vermişəm. Amma hərdən metro və avtobusdan istifadə etməyi unutma. Hava yaxşı olanda piyada gəz, ətrafa fikir ver.
İnsanlara, xüsusilə kimsəsizlərə diqqət yetir. Mən ən azı gündə bir dəfə özümü onlara oxşadıram, onlara bərabər tuturam. Bəli, qızım, sən də onlardan birisən!
Yaradıcılıq göylərə uçmaq üçün insana qanad verməzdən əvvəl mütləq ayaqlarını qırır. Əgər bir gün tamaşaçıların səndən üstün olduğunu hiss etsən, həmin an səhnəni tərk elə.
Əvvəl taksi ilə Parisin kənarına get: oraları çox gözəl tanıyıram. Orada sənin kimi oynayanları görəcəksən. Hətta onların səndən də gözəl oynadıqlarını duyacaqsan. Sənin gözlərini kor edən səhnə projektorları orada olmayacaq. Unutma ki, onların projektorları ayın işığıdır. Diqqətlə bax, onlar səndən də gözəl oynayırlar, eləmi? Qızım, bil ki, həmişə səndən daha gözəl rəqs edən tapılacaq! Mən öləcəyəm, amma sən yaşayacaqsan, istəyirəm, sən heç zaman kasıblıq görməyəsən.
Məktubla yanaşı, sənə qəbz kitabçamı göndərirəm – pulu ehtiyacın olan qədər xərclə. Amma iki frank xərclədikdə unutma ki, üçüncü sənin deyil, tanımadığına, ehtiyacı olana qismət olmalıdır. Sənə pul haqda ona görə danışıram ki, onların şeytani qüvvəsini hiss etmişəm. Mən sirkdə çox olmuşam: həmişə kəndir üstündə gəzənlər üçün narahatlıq keçirmişəm.
Bir gün brilyantın parıltısı sənin gözlərini kor edə bilər. Günlərin bir günü qarşına ağ atlı şahzadə çıxacaq, amma qəlbini qızıla, pula və zinət əşyalarına satma. Unutma ki, ən böyük brilyantın sənin ürəyindir. Vaxtı gələndə sevəcəksən. O vaxt həmin adama bütün qəlbinlə bağlan. Sevgi ilə bağlı anana demişəm ki, səninlə özü danışsın, o bu barədə məndən çox bilir.
Sənin bədənin sadəcə ipək parçası ilə örtülüb. Səhnə üçün soyunmaq da olar, amma oradan dönəndən sonra geyinməyinlə bərabər təmizliyini də qorumağı unutma. Mən qocayam, bəlkə sözlərim gülməli səslənə bilər, amma düşüncəmə görə, sənin çılpaq bədəninə yalnız çılpaq ruhunu sevən adam yiyələnə bilər. Gözlərimin yaşı yazdığım məktuba axa-axa inanmaq istəyirəm ki, bugünkü Milad gecəsi möcüzələr gecəsinə çevriləcək.
İstərdim, möcüzə baş versin, dedikərimi həqiqətən anlayasan. Çarli artıq qocalıb, Ceraldina. Gec-tez sənin əynindəki ağ ipək əlbisə matəm libasına çevriləcək ki, mənim qəbrim üstünə gələsən. Kefini pozmaq istəmirəm, amma zamanla aynaya baxanda, sifət cizgilərimi öz çöhrəndə görəcəksən. Sənin damarlarında mənim qanım axır. Öz damarlarımda qan qurusa belə, sənin damarlarında axmağa davam edəcək. İstərdim ki, öz atanı unutmayasan. Düzdür, mən heç zaman mələk olmamışam, amma həmişə insan olmağa çalışmışam.
Öpürəm, Ceraldina.
Sənin Çarlin
1965-ci il”.
Tərcümə edən: Nəriman