Elektron ədəbiyyat və sənət portalı

Heminquey üçün çalınan əcəl zəngi

Bölmə: Art 30.10.2018

 

Ouk-Park şəhərciyində yaşayan gənc həkim Klarens Heminquey qonşunun qızı Qreysə aşiq idi. Qız tibb kollecini bitirmişdi, amma arzuları bu sakit şəhərin "divarlarına" sığmırdı. Qreys müğənni olmaq, dünyanı fəth etmək arzusundaydı. Nəticədə isə əyalət həkimi Klarens Heminqueyin həyat yoldaşı oldu və taleyilə barışdı. Bu izdivacdan 1899-cu ildə dün­yaya gələn Ernest ailənin ikinci uşağıydı. Klarens təbiət vurğunu idi, onun qoynunda özünü evindəki kimi hiss edirdi. Oğluna da bu sev­gini aşılamışdı. Hələ 3 yaşı olanda Ernest atasıyla balıq ovuna ge­dir və artıq ağacların, çiçəklərin, quşların, heyvanların "dilini" bilirdi. Ernest kitabları da sevirdi: Darvinin araşdırmalarını və tarixi əsərləri daha böyük həvəslə oxuyurdu.

Ernest sağlam və güclü idi, sevdiyi boksla məşğul olmaq üçün heç bir əngəl yox idi. Sonralar o, belə deyəcəkdi: "Boks mənə çox şey öyrətdi – məsələn, yıxılandan sonra yenidən hü­cuma hazır olmağı". Ernestin adını babasının şərəfinə qoymuşdular, amma öz adından xoşu gəlmirdi. Onun fikrincə, bu, burjua adına oxşayırdı. Ernestin barışmadığı çox şeylər var­dı. Məsələn, anası kimi əyalət həyatına alışmaq və taleyinə boyun əymək istəmirdi. Halbuki valideynlərinin fikrincə, o, məktəbi bitirəndən sonra mütləq universitetdə oxumalı, evlənməli və münasib iş tapıb həmişəlik bu kiçik şəhər­də yaşamalıydı. Amma belə sakit, adi həyat Ernesti cəlb etmirdi. O, həyatı daha gur yaşamaq istəyirdi, döyüşmək, içib şənlənmək, dünyanı fəth etmək istəyirdi. Okeanın o tayın­da 3 il idi ki, Birinci Dünya müharibəsi gedirdi. Ernestin nəzərində müharibə əyləncədən baş­qa bir şey deyildi. Belə bir "əyləncə" olan yer­də hansı universitetdən söhbət gedə bilərdi? O, lap dünyanın o başına da getməyə hazır idi, tə­ki buradan uzaqlaşsın!..

Ernest dayısının köməyilə Kanzas-Sitidə yerli qəzetlərdən birində işə düzəlir. Kriminal hadisələr onu daha çox cəlb edirdi. Müşahidə etdikləri sonralar əsərlərində ona çox lazım olacaqdı. Enerjisi aşıb-daşırdı. Dostları xatırla­yır ki, makinada yazanda barmaqlarını görmək olmurdu, fikirlərini yazıb çatdırmağa iki əl azlıq edirdi.

Bununla belə, müharibəyə yollanmaq fikri Ernesti rahat buraxmırdı. Gözlərində problem olduğu üçün komissarlıq onun istəyini rədd etsə də, Qırmızı Xaç Cəmiyyətindən İtaliya cəbhəsinə getməyə razılıq ala bilir. Ernest "Çi­kaqo" gəmisiylə Avropaya yola düşür. Sərni­şinlər alman sualtı qayıqlarının hücumundan ehtiyat edirdilər, o isə göyərtədə dayanıb gözlə­yirdi ki, görsün düşmən qayıqları nə vaxt suyun üzü­nə çıxacaq. Gəmi sağ-salamat mənzil başına çatanda dilxor olmuşdu. Elə hey düşü­nürdü ki, ona kələk gəliblər. Bəli, o, ma­cəra arzusundaydı.

Nəhayət, gənc macəraçı arzuladığı cəbhə həyatına qovuşa bilir. O, səngərlərə yemək və siqaret daşıyırdı. Güllələr yağış kimi yağır, o isə zarafatından qalmır və lovğalanırdı ki, güllə ona heç nə edə bilməz. Amma 8 iyul, 1918-ci ildə bir hadisə baş verir. O, adəti üzrə yenə velosipedlə, səngərlərə şokolad və siqaret daşıyırdı. Bu vaxt avstriyalılar qəfildən atəş açırlar. Ernestin yanındakı əsgərlər həlak olur, o, huşunu itirir. Özünə gələndə bir az aralıda italyan snayperin vurulduğunu görür. Sürünə-sürünə yoldaşının olduğu yerə gedir və onu çiyninə alıb geriyə, səngərə qayıdan­da yenidən güllə yağışına tutulur. Ernest aya­ğından güllə yarası alır və Milana, hospitala göndərilir.

Ağrılar ona rahatlıq vermirdi. Amma Ernest get-gedə ağrılarına elə öyrəşir ki, sağalandan sonra özünü nəsə qeyri-təbii hiss edir. Bu vaxt müharibə də başa çatır. Heminquey İtaliyanın "İgidliyə görə"gümüş medalıyla təltif edilir. Sonralar yazıçı deyə­cəkdi: "Mən müharibəyə yollanan vaxt lap axmaq olmuşam, orada dava gedir, qan su yerinə axır­dı, mən isə hələ də elə bilirdim ki, biz avstriyalılarla yarışan idman komandasıyıq".

Heminqueyə görə, yazıçının hər şeydən əvvəl, yaxşı müşahidə qabiliyyəti olmalı idi: "Hətta can üstə olan adamın yanında dayanıb, nə qədər ağır olsa da, ən kiçik detalı belə nəzərdən qaçırmaq olmaz". Onun əsərlərindən birində qadın və kişi barda oturub hansısa əhəmiyyətsiz şey­lərdən danışırlar, ancaq səsin titrəyişindən, hansısa ötəri söz, ya jestdən sezilir ki, hər ikisi böyük faciə yaşayır.

Səssiz ağrıları Ernest Heminqueyin “Okeandakı adalar” əsərində də duymaq olar. Heminqueyin qəhrəmanı Tomas Xadson  rəssamdır, təbiətlə harmoniyada olmaq üçün okeandakı adada yaşayır. Hər yay tə­tilində oğlanları adaya dincəlməyə gəlir. Ro­manın birinci hissəsi üç oğlanın macəralarıyla yadda qalır. İkinci hissədə artıq uşaqlar yoxdur, onlar həlak olublar. Bütün roman boyunca ən əziz varlıqlarını – övladları­nı itirmiş Tomas Xadsonun ağrısını duyuruq, amma bu kədər üzdə deyil, görün­məyən tərəfdədir. Bu hisslər istər-istəməz oxucunu ağrının lap dərinliyinə çəkib aparır. Qəhrəman özü bu barədə bir kəlmə də danışmır, amma onun için­də gizli qalmış, özünü ifadə etməmiş kədər bütün roman boyu oxucunu müşayiət edir. O daha rəsm çəkmir, çünki təbiətlə harmoniya, rabitə itib, məhv olub. Səssiz ağrılar romanın pişiklərlə bağlı hissəsində də özünü büruzə ve­rir. Qəhrəman artıq mehrini pişiklərə salıb, çünki onun sevgisinə, bəlkə də, indi tək elə bu sahib­siz pişiklərin ehtiyacı var. Sanki öz övladı kimi onların qayğısına qalır, xidmətçilər də pişiklərə ailə üzvü kimi qulluq edirlər.

Heminquey özü də pişikləri çox sevirdi. Hətta sevimli pişiyinin onun yemək masasına belə çıxmaq "hüququ" vardı. Qəhrəmanı Tomas Xadson kimi, Heminquey də 4 dəfə evlən­mişdi. Boşanmaların səbəbkarı, təşəbbüska­rı özüydü və maraqlıdır ki, hər boşanma prosesindən sonra ən çox əziyyəti də özü çəkir, özünü qınayırdı: "Axı onlar hər bi­ri qeyri-adi qadın idi". Amma əsərinin qəh­rəmanı Xadson kimi, Heminquey də bu ayrılmanın səbəbini anlamaqda aciz idi. Açıq-aydın görünür ki, bu romanda Heminquey özünü yazıb. Çünki ancaq dahilər belə kədərlənə bilər... Əsərin qəhrəmanı Xadson, əslində, Heminqueyin kədərini, iztirablarını, qorxu­larını daşıyır. Elə ona görə də bu kədər oxucunun yaddaşında əbədi izlər qoyur. Folkner deyirdi ki, "mən səslərin səssizliyinə üs­tünlük verirəm – sözlərlə yaradılmış obraz da sükutun içində olmalıdır".

Heminqueyin səssiz kədəri kimi... İspaniyada vətəndaş müharibəsi vaxtı yazı­çı Madridə gedir, mühasirəyə alınmış şəhərdə özünü heç kimi və heç nəyi olmayan bir adam kimi hiss edir. Tövlələrdə, yük maşınlarında gecələyir, güllələr altında ağır kameraları ora-bura daşıyıb münasib yer axtara­raq müharibə haqqında sənədli film lentə alır.

1949-cu ildə yazıçı yenidən ədəbi fəaliyyətə başlayır. Nobel mükafatına layiq görülən məşhur "Qoca və dəniz" əsəri də bu illərdə yazılır. Heminqueyin bu obrazı (qoca Santyaqo) yazıçının digər əsər­lərinin qəhrəmanları kimi tənha deyil. Çünki o özünü nəhəng və gözəl dünyanın bir parçası sa­yır. O dünyanın ki, orada dəniz var, okean var, o okeanda irili-xırdalı balıqlar var... Qoca balıqçı dənizi çox sevir və onun haqqında elə danışır ki, sanki hansısa bir qadından bəhs edir. O, yaşlıdır, heydən düşüb, gözləri də əvvəlki kimi görmür. Amma öz gücünə inanır. Budur, 84 gündür ki, qocanın bəxti gətirmir, o, bir balıq belə tuta bil­məyib. Balaca oğlan – onun yeganə həyanı qo­caya ürək-dirək verir. Bir vaxtlar qoca ona balıq tutmağı öyrədib, indi oğlan onu öz doğması kimi sevir. Balaca oğlana da dəniz çox şey verib. O, böyüklər kimi davranır, qocanın qayğısına qalır.

85-ci gün qoca Santyaqo dənizə yollanır. Axır ki, bəxti gətirir, arzuladığı nəhəng balıq qocanın toruna düşür! Amma onu qayığa qal­dırmaq heç də asan deyil. İnsanla balığın qəri­bə mübarizəsi gedir. "İkimizdən birimiz öləcə­yik!" Ən ümidsiz anında qoca belə deyir. Amma təslim olmaq istəmir. Balıq isə qayığı sahildən elə hey uzaqlaşdırır. Artıq gecədir. Amma qo­ca qorxmur. O fikirləşir ki, insan dənizdə heç vaxt tənha ola bilməz, çünki ay işığı, buludlar var, okean, onun xırdalı-böyüklü balıqları və başqa canlıları var. Səhər açılır. Qoca da, nə­həng balıq da səbirlidir – ikisinin də həyatın çətinliklərinə qarşı müqavimət gücü var. Çünki hər ikisi bu dünyada çox illər keçi­rib. Biri o birinin məğlub olacağı anı gözlə­yir. Qoca düşünür ki, insanı məhv etmək olar, amma onu heç vaxt məğlub etmək olmaz.

Nəhayət, qoca qalib gəlir. Balığı dartıb qayığa qoya bilir. Amma bir müddətdən sonra köpəkbalıqlarının hücumuyla üzləşir. Qoca geri çəkilmək fikrində deyil. Çünki həyat ona çox şey öyrədib. Balaca oğlanın göz yaşları da ona çox şey öyrədib. İlk baxışda zəif görünən qocanın, əslində, çox bö­yük iradəyə sahib olması və sona qədər mübarizə aparması oxucunu təsirləndirir.

1960-cı ildə Heminquey ağır depressiya ke­çirir. Gecələr yuxusuna kabuslar girir. Ona elə gəlir ki, Federal Təhlükəsizlik Bürosunun casusları onu izləyir, telefon danışıqlarını dinləyir, hətta bank hesablarını belə yoxlayırlar. Nəhayət, hə­yat yoldaşı onu psixiatrik klinikada müali­cə olunmağa razı sala bilir. Amma yazıçı­nın vəziyyəti yaxşılaşmır, həkimlər qərara gəlirlər ki, o, evdə özünü daha yaxşı hiss edə bilər.

Heminquey bu dövrdə Paris xatirələrini yazmaq istəyirdi, amma heç nə alın­mırdı. O, həkimləri və həyat yoldaşını gü­nahlandırırdı, deyirdi ki, onlar onun iste­dadını məhv ediblər, yaddaşını siliblər və o, artıq heç nə yaza bilmir. " Ağlımı itir­məyə razıyam, amma təki yenidən yaza bilim, təki hamı kimi olmayım". 

1961-ci ilin günəşli bir yay səhəridir. Evdəkilər hələ şirin yuxudadırlar. O, anbara düşür, həyat yoldaşının gizlətdiyi qoşalülə tüfəngi tapmaq yazıçı üçün elə də çətin olmur. Özünü çox yorğun hiss edir və düşünür ki, haradasa uzaqda, ağacların kölgəsində o, rahatlıq tapacaq. Atası intihar etdikdən sonra özünün dediyi sözləri xatırlayır: "Həyatdan ancaq qorxaqlar bu cür gedə bilər". Qoca Santyaqo da əmin idi ki, "insanı məhv etmək olar, amma onu məğlub etmək mümkün deyil". O qoca Santyaqo ki, həyatda qalmaq üçün köpək balıqlarını, aclığı, yoxsulluğu, hətta tənhalığı belə məğlub etmişdi... Həyatın o biri üzü isə yazıçını dəniz kimi özünə çəkirdi. Və böyük Heminquey artıq belə düşünürdü: "İnsanı məğlub etmək – bu, necə də asanmış, ilahi, necə də asan..."

 

 Günel Natiq