Elektron ədəbiyyat və sənət portalı

Leyla Əliyeva - Unuda bilmirəm gözlərini mən

Bölmə: Yeni imzalar 31.10.2018

Unuda bilmirəm gözlərini mən

Uşaq evinin kimsəsiz körpələrinə

 

Unuda bilmirəm kədərlə dolu,

Dəryalarca dərin gözlərini mən.

Bircə sən... bircə sən gülümsəmirdin,

İndi üzülürəm sənin fikrindən.

 

Söylə, nə gördün sən bu səkkiz ildə?

Qəddarlıq, haqsızlıq, yersiz tənələr...

Qəlbinin işığın kim söndürdü, de,

Pozulub naxışlar, itibdi rənglər...

 

Bilirəm, axşamlar çox üzülürsən,

Divardan o üzdə nələr var deyə.

Bütöv bir dünya var gözəldən gözəl...

Sənsə inanmırsan möcüzələrə.

 

Üzünə təbəssüm donu geysən də,

Durar göz yaşların məsum üzündə.

Ümidi balaca əlində sıxıb

Gizli saxlayarsan ovcun içində.

 

İsti ev görürsən gözünü yumub,

Eşidirsən gülüş, musiqi səsi...

Üstünə yorğantək çəkib buludu,

Sən nəfəs alırsan... nəfəsin əsir.

 

Bayramlar gələndə, sən də umursan,

Hamı yalan deyər, aldadar səni.

Gecələr düşəndə, sükut çökəndə,

Köməyə səslərsən ana səsini...

 

Amma onun səsi laldı, bilirsən,

O səs cavab vermir sənə heç zaman.

Qəlbində əriməz buz parçasıyla

Yalqız qalmaq üçün sən doğulmusan.

 

Bu dərdli, bu ürkək baxışlarınla

Gəlmisən dünyaya bil ki, təkliyə.

Kiçik əllərinlə sığal çəkirsən

Hər an yanındakı körpə mələyə.

 

İnanmıram

 

Yenə yara vuruldu

Ruhum soluxdu gültək.

Qırıq misralarımın

İçindən düşdü ürək...

 

Ürəyim qaya kimi

Çırpıldı uçrumlara.

Sən ruhuma rəhm elə,

İlahi, qaçım hara?

 

Aylardan, ya günlərdən

Güclü olurmu heç an?

Olur… çünki geriyə

Dönmür o an heç zaman.

 

Bu nə gülüş səsidi?

Bu təbəssüm nə gizlər?

Mənim bu ruhum təki

De, varmı incəliklər.

 

Çırpınır yazıq ruhum

Qəfəsində quş kimi.

Çırpınır dənizlərdə

Batmış əzizim kimi.

 

Boğulur... yox iradəm

Ruhumu çıxarmağa.

Ağlamaq istəyirəm,

Gücüm yox ağlamağa.

 

Əllərim gücsüzləşib

Ağrım gözümdə donub...

Pozuldu bu hekayə,

Yazmaq çətindi onu.

 

Pozuldu bu hekayə,

"Yox" deyib qışqırsam da.

Səsim təpərdən düşüb

Ağzım zəhər dadsa da.

 

Nə dəyişdi qəfildən?

Qışmış demə, qar yağır...

Sən demə, şaxta imiş

Nə biləydim mən-fağır?

 

Yarpaqlar da tökülür...

Toran basır gündüzü.

Niyə inanmıram bəs?

Niyə?.. Bilmirəm, özüm.

 

 

Tərk edə bilmərəm heç zaman səni

 

Zaman hara axdı sürətlə belə?

Qapının ağzını qış aldı yenə.

Yenə yay ruhumu soyuğa verdim,

Tutuldum darıxmaq xəstəliyinə.

 

Gün doğur, bağçada qızılgül açmır,

Xəzərin qumları parlamır gündə...

Yandırır köksünü həsrət yanğısı,

Kim ki, sonsuzacan yalqızdı yenə.

 

Nədən yenə dondun, mənim ürəyim?

Bu buza dönmüşü kim əridəcək?

Heç cürə qızınmaq istəmirsən sən,

Sənin adətindi qışda qəm yemək.

 

Zaman hara axdı, görəsən, belə?

Mən "dayan" – söylədim, o dayanmadı,

Yola toran çökdü saat altıda,

Əlimsə Günəşə uzana qaldı.

 

Yetişə bilsəydi əgər əllərim,

Ovcumun içində gizlərdim onu.

 

Elə sıxardım ki, salıb qəlbimə,

Bir daha gəlməzdi gündüzün sonu.

 

Ancaq göz yaşını görür gecələr...

Bağışla, ürəyim, məni bağışla.

Bir daha xətrinə dəymərəm sənin,

Bir daha qaçmaram səndən heç yana.

 

Gedim, bir az ağlayım

 

Gedim, bir az ağlayım.

Elə belə, bir azca...

Ürəyimi gizlədib yastıq altda saxlayım.

Yoxsa çölə tullayım?

Yox, gedim mən ağlayım.

Bəlkə, onu bağımıza aparım?

Yoxsa atım dənizə, dalğalarda azdırım?

Bəlkə, küləyə verim, aparsın onu məndən?

Yoxsa ləkdə basdırım, çiçək bitirsin hərdən?

Axı demir o mənə, nədən deşir sinəmi?

Əkim onu dibçəkdə, bəlkə, bitdi gül kimi?..

Bəlkə, futbol oynayan uşaqlara top gərək?

Götürün, bu da ürək!

Yoxsa qonaqlar gəlsin, vaxtı hədər verməyək?

Bolluca şərab içək, qoy qəlbimdən dadsınlar,

Didib yesinlər onu mərhəmətli qonaqlar.

Axı deyə bilmədi bu rahatsız ürəyim

Mən – yazıqdan nə umar?..

Mən qəlbimi satıram!

Bazar piştaxtasında!

Buyur, götür, ay adam, sən onu pulsuz apar!

İçi tikan-tilişkə, amansız qasırğalar...

Canımı ondan qurtar!

Yağışlı havalarda çətirimi açmaram,

Qoy bu rahatsız qəlbim yağışlar altda qalsın.

Bəlkə, bir az toxtasın...

Ağrısını, qəmini sular yuyub aparsın.

Gecənin səssizliyi, tənhalıq dolu kədər...

Qəlbimlə baş-başayıq sübhün sonuna qədər.

"Onu məndən qoparın"! - sübh açılınca dedim.

Bilmirəm, niyə onu sənə bəxşiş vermədim?