Elektron ədəbiyyat və sənət portalı

Mövlana Rumi və Paulo Koelyo

Bölmə: Art 02.11.2018

Zuhriddin İSAMƏDDİNOV

(Özbəkistan)

 

Dörd-beş il əv­vəl Braziliya yazarı Paulo Koelyonun "Kimyagər" əsəri­ni professor Azad Şərəfəddinovun tərcüməsində ma­raqla oxuduq. Bu roman oxucular arasında geniş rəğbət qazandı və bunun nə­ticəsində ro­manın Əhməd Atabayev və Əziz Səid tərə­findən edilmiş tərcümələri də yaxşı qarşı­landı. Beləcə, 2 il ərzində özbək dilində bir romanın üç tərcüməsi peyda oldu. Bir əsərin üç dəfə çevrilməsi ədəbiyyatımız tarixində əvvəllər baş verməmiş ha­disələrdəndir. Lev Tolstoyun "Di­rilmə" romanının Yaponiyada düz qırx dəfə çevrildiyini, N.Barataşvilinin "Merani" şeirinin 250 dəfə rus dilinə tərcümə edilməsini eşitmiş­dik, bizdə də nə vaxtsa belə hadi­sələrin baş verəcəyini arzulayırdıq və nəhayət, arzumuza çatdıq.

Əslində, bu roman coğrafi cə­hətdən bizdən çox uzaq olan bir ölkənin yazıçısının əsəridir. Bu uzaq­lıq əsərin üslubunda, təsvir olu­nan həyat tərzinin bizə yadlığında, personajların xarakter və psixolo­giyasının özgəliyində, ifadə edilən bədii məzmunun bizə o qədər də uyğun olmamasında və s. özünü büruzə verir. Qeyd etdiklərimiz və digər cəhətlər əsəri dilimizə çevirməmək üçün yetərli idi.

Amma əksinə oldu. Düzdür, ro­manda hadisələr Braziliyada cərəyan etmir, əvvəlcə İspaniyada, sonra isə baş qəhrəman Santyaqonun Mərakeşi keçib, oradan da Misirə qədər davam edən səyahəti ərzində qarşılaşdığı ölkələrdə baş verir. Amma bununla, əlbəttə ki, Paulo Koelyo ərəb ədibinə çevrilmir. Bəs onda bu əsərə olan güclü marağın əsas səbəbi nədir?

Əvvəlcə əsərin adına fikir verək. "Kimyagər" sərlövhəsinin özündə şərqanə bir ruh nəzərə çarpmaqdadır. "Kimya" sözü latınca "ximiya" sözündən alınsa da, "əlkimya" elmi (adi metalları qızıla, gümüşə çevirmə cəhdi) Şərqdə geniş yayılmışdı. Əlkimya vasitəsi ilə hikmət daşını tapmağa inanıblar. Əlkimya sufiyanə təkamül – adi adamın sufiyə çevrilməsi prosesini ifadə edən təşbeh kimi də işlədilib.

"Kimyagər" romanının məzmu­nunu xatırlayaq: Santyaqo adlı çoban oğlan kasıblıqla ömür-gün ke­çirir, o da əksər yoxsul adamlar kimi qəfildən varlanmağı arzulayır. Bir gün qoyunlarını xaraba bir kilsəyə salıb, özü də dərin yuxuya gedir. Yuxusun­da ona Misir ehramları yaxınlığındakı çöldə, bir təpəlikdə saysız-hesabsız var-dövlət basdırıldığı, bu xəzinənin onu gözlədiyi əyan olur. Bu yuxunu o, iki dəfə görür. Xəyalpərəst Santyaqo işini-gücünü atıb, Allaha təvəkkül de­yərək yola düzəlir. Səfər ərzində qar­şılaşdığı cadugər və falabaxanlar, yolda ona yoldaş olan yaxşı-yaman adamların təsviri əsərin süjet xəttinə və məzmununa xeyli cazibədarlıq və maraq gətirib. Nəhayət, Misir ehram­larının yaxınlığına çatan Santyaqo oğru-quldurların əlinə düşür, onlar tərəfindən döyülür, var-yoxu talanır.

“Bura niyə gəlmisən, nəyə görə yeri qazırsan?" – deyə ondan soruşan quldurbaşıya Santyaqo yuxuda gördüklərini söyləməyə məcbur olur. O, Santyaqonun avamlığına gülüb: "Mən də bir vaxtlar elə sən uzandığın yerdə yatıb, bir yuxu görmüş­düm. Yuxumda guya İs­paniyanın filan vilayətinə gedib, filan məhləsindəki xaraba kilsənin həyətindəki böyük bir çinarın altında giz­lədilmiş saysız-hesabsız xəzinəni qazıb çıxarmağım mənə əyan olmuşdu. Bu yuxunu mən də düz iki dəfə gördüm, amma yuxuya inanıb İspaniyaya-zada gedən, orda yer qazıb xəzinə axtaran axmaqlardan deyiləm", deyir. Bəli, ömründə İspaniyanı görməyən bu qaçaq-qul­dur, Santyaqoya çox tanış olan doğma məh­ləsindəki yerlər­dən danışır, onun dediyi kilsə elə Santyaqonun qoyunlarını hər gün sal­dığı kilsə­nin özüdü! Santyaqo yenə də cəsarət edir – tez vətəni­nə qayıdır və həmin deyilən yeri qazıb, böyük bir xəzinə tapır.

Bir qədər fəlsəfi məna daşı­yan əsərdə baş qəhrəmanın axırda öz arzusuna çatması, ikinci dərəcəli vaqiə-hadisələrin təsvirində də yazıçının əxlaqi-estetik məsə­lələri bizim ruhumuza uyğun tərzdə bəyan etməsi "Kimya­gər" romanını özbək oxucusu­na sevdirdi.

Əsərin uğurunun sə­bəbi yalnız bundan ibarət de­yil, o özünün süjeti ilə də şərq adamlarının ruhuna uyğun təsəvvüfi məna daşıyır. Deməli, salik[1] idealına çatmaq üçün sə­fərə çıxır, amma bir çox möh­nət-məşəqqətlərə sinə gərəndən sonra məlum olur ki, onun ax­tardığı uzaqda, özgə yerlər­də deyil, Vətənində, qəlbində, özündə imiş... Bu bizə Əlişir Nəvainin "Lisanut təyr" ("Quş dili") əsərini (otuz quş Simur­qun vüsalına yetmək üçün yed­di vadidən uçub keçib, axırda Si­murqa çatmaq anında, qəfildən "simurq"un özləri "si murq" (otuz quş) olduqlarını fəhm etməsini) və ya Əbdüxaliq Ğijdüvaninin təsəvvüf fəlsəfəsinə daxil etdiyi "Sə­fər dər Vətən" ("Vətəndə səfər etmək") hikmətini xatırladır.

Səhrayi-kəbir içindən keçərək Misirə istiqamət alan karvan (bu karvanın içində Santyaqo da vardı) yola düşməzdən əvvəl karvanbaşı ha­mıya – "yol əzabı çox ağır, təhlükələrlə dolu­dur, bundan başqa, malımıza və canımıza qəsd edən quldurlar rastımıza çıxacaq, belə bir vəziyyətdə kim ki bunlara dözə bilməsə, bi­zimlə yola çıxmasın", – deyir. Bu, başqa sözlə, yəni ezoterik mənada pirin salik qarşısına qoyduğu birinci şərt-tələb idi.

Bundan sonra, karvanbaşı yola düşmək istəyən adamları ətrafına yığıb: "Aramız­da müxtəlif din və məzhəblərə aid adamlar var, səfər öncəsi, hər kəs öz dininə uyğun Tanrıdan mədət istəyib, iba­dət eləsin," – deyə onlara tapşırıq verir. Bu hökm isə Mövlana Cəlaləddin Ruminin "Bütün dinlər Allahı anlamaqda özünəxas yoldur və madam ki, belədir, demək, hər bir din ehtirama layiqdir," məş­hur kəlamının məcazi ifadəsidir.

Əsər özünəməxsus romantik bir ruh aşılayır: insan hərəkətdən və axtarışdan bezmə­məlidir. Bir gün arzuların çin olacağına inam, yalnız gün-güzəran qayğılarına gömülmə­mək, mal-mülk ardınca qaçıb dünyadan gözüac getmək haqqındakı nəsihət roma­nın leytmotivini təşkil edir. Əsər bu keyfiy­yəti ilə hazırkı Qərb ədəbiyyatının bir sıra nümunələrindən ciddi surətdə fərqlənir.

Məhz bu keyfiyyətlərinə görə, "Kimya­gər" romanını Özbəkistanın tədris proqramlarına daxil etmək, "Ədəbiyyat" dərsliklərində ona yer ayırmaq üçün təşəbbüslər də göstərildi. Bu iş həyata keçsəydi, iki cəhətdən faydalıydı: uşaqlar dünya ədəbiyyatının ən seç­mə nümunələrindən biri ilə tanış olar, bunun nəticəsində, əxlaqi baxımdan qeyri-məqbul, mənəvi cəhətdən keyfiyyətsiz, hansısa mo­dern və ya absurd ədəbiyyat nümunələri ilə deyil, bizim şərqli ruhumuza uyğun bir əsərlə qidalanardılar.

Bu da maraqlıdır ki, görən, Paulo Koelyo uzaq Braziliyada ne­cə və hansı yolla öz əsərini bu qədər şərqsayağı nur və ruhla dolğunlaşdırıb? Düzdür, Kristafor Marlo "Böyük Teymur" faciəsini, Höte "Qərb-Şərq divanı"nı, Puşkin "Qurana nəzirələr"i yazıb. Bu siyahını davam etdirmək də olar. "Kimyagər" də be­lə əsərlərdəndir. Amma İslam Şərqinə xas olan sufiyanə meh bu romana necə və hansı yolla hopub?

Braziliyalı bir yazıçının romanı haqqında bu qədər geniş bəhs etməyimiz, bəlkə də, qəri­bə görünə bilər. Amma məsələ bundadır ki...

"Mən həyatımın on ilini əlkimyanı öy­rənməyə həsr etdim... – deyə Paulo Koelyo öz əsərinin müqəddiməsində yazır – “əlik­sir”i – dirilik suyunu tapmaq mənim bütün fikir və xəyalımı zəbt etmişdi... 1981-ci il­də həyatıma ustadım – Rama daxil oldu... mən Öz Yolumu və Tanrı Əlamətlərini kəşf etdim..."

Sonra o, ustadları – "Aləm ruhu"nu kəşf edən və ona uyğunlaşmağı bacaran, Ümumbəşəri dili mənimsəyən böyük yazıçılar: Heminquey, Bleyk, Borxes, Malba Taqana və başqalarının misilsiz xidmətlərini etiraf edir, amma Şərq fəlsəfə­sini, Şərq əlkimyasını dilinə gətirmir, Mövlana Ruminin adını da xatırlatmır.

Halbuki "Kimyagər" romanının təkcə süjeti deyil, fəlsəfəsi və qayələri də ulu Ru­minin "Məsnəviyi-mənəvi"sindən alınıb, tamamilə onun təsiri ilə yazılıb. "Məsnəvi­yi-mənəvi" Özbəkistan Xalq şairi Camal Kamal tərəfindən özbək dilinə çevriləndən sonra bu məsələ daha çox diqqəti cəlb elə­di. Professor Nəcməddin Kamilovun haqlı olaraq qeyd etdiyi kimi, "Fəlsəfəni Hegel və Marksdan, Şopenhauer və Kantdan, Nitsşe və Freyddən öyrənənlər, Mövlana Ruminin əsərlərini oxuyub görsünlər ki, hamısı və hər şey özümüzdə əvvəldən də var imiş, hər şeyi babalarımız söyləyib, gedib­lər. Bəli, Rumi hələ kəşf edilməmiş təfək­kür xəzinəsidir, bizim hələ tam və axıra ki­mi anlamadığımız mənalar ümmanıdır..."

"Məsnəviyi-mənəvi" – XIII yüzil dünya ədəbiyyatının şah əsəridir. Bu möhtəşəm əsərin özbəkcəyə tərcüməsi 2001–2004-cü illərdə həyata keçirilib. Mənəvi-fəlsəfi epo­peyanın sonuncu kitabındakı bir çox yer­lərdə sərvət, xəzinə tapmaq üçün səy gös­tərmək barəsində söhbət gedir. Amma 272-ci səhifədə konkret olaraq belə bir cümlə var: "Bir adam yatıb yuxu görür, kimsə ona Mi­sir məmləkətində filan məhəllədəki filan evin altında xəzinə basdırıldığını deyir..." Bu xəbər-sərlövhəyə Mövlana Ruminin ki­tabında rast gəlirik (bəli, Santyaqoya da yuxusunda xəzinəni məhz Misirdə axtar­maq lazım olduğu söylənilir).

Bundan sonra Rumidə bədii mətn baş­lanğıcında – bir adamın ehtiyac içində ol­ması, Allaha münacat etdikdən sonra yuxusunda qeybdən səs gəlib, onun Misirə getməsinin zəruriliyi vurğulanır.

Beləliklə, o adam Misirə gəlib, qarnıac, heç nəsiz, pulsuz-parasız qaldığından çə­tin vəziyyətə düşür. Yeri qazmaz­dan əvvəl adamların çox olduğu, izdihamlı küçədə əl açıb dilənməyə, çörək istəməyə başlayır. Onu mirşablar[2] tutub dö­yürlər. Həmin adam: “Mən oğru-quldur deyiləm”, deyə fəryad qo­parır. Sonra isə başına gələnləri söyləyib deyir ki, bəs Bağ­daddan gəlmişəm, yuxumda Misirə getməli olduğum tapşırılmış, mənə buradan xəzinə tapacağım əyan olmuşdur. Sonra bütün sərgüzəştlərini bir-bir nağıl edir ("Kimyagər"də isə qəhrəman quldurların başçısına başına gələnləri söyləyir!). Bu vəziyyəti Rumi aşağıdakı kimi təsvir edir (sətri tərcümə): Dedi mirşab:

Yaxşı adamsan, amma nadansan bil.

Gənc[3] gömülmüş guşə bir mənzil oyun,

O qəribin adın söylədi yeyin.

Yuxu deyə bunca yoldan gəlmisən,

Varmı səndə zərrə ağıl, huş?

Neçə dəfə mən də yuxu gördüm, yazıq,

Dedilər: Bağdadda axtar simuzər.

O qonağın məhəllə, köyünü,

Söylədi mirşab sonra mənzil, soyunu.

Dedi ki, gördüm bu yuxunu neçə dəfə,

Dedilər: Bağdada get, Bağdada.

Yuxuya inanmadım, mən getmədim Bağdada,

Sən isə yuxu deyib, qalmısan yolda.

Olar nadan yuxusu nadana xas,

Boş bir şeydir, heç nəyə dəyməz.

Ruminin qəhrəmanı məəttəl qalıb Bağdada qayıdır və mirşabın söylədiyi xəzinəni qazıb öz həyətində tapır:

Evə qayıtdı, tapdı gənc şadan olub,

Həyatı Haqq lütfündən bostan olub.

İndi isə "Kimyagər"də oxuyuruq:

– Mən xəzinə axtarıram, – deyə Santyaqo bağırdı.

O, susuzluqdan çatlamış, qan daman do­daqlarını zorla tərpədib, quldurlara Misir ehramları yanında gizlədilmiş xəzinəni iki dəfə yuxusunda gördüyünü söylədi... On­lardan biri, deyəsən, quldurbaşıya oxşayan birisi bunu eşidib xeyli fikirə getdi...

...Santyaqo arxasıüstə yıxıldı. Quldurbaşı onun gözlərinə baxmaq istədi, amma oğlan gözlərini ehramlardan çəkmədən uzanmışdı.

– Gedək burdan, – quldurbaşı yoldaşları­na dedi, sonra isə Santyaqoya tərəf döndü: – Nə qədər axmaq olduğunu başa düş­məyin üçün səni öldürmürəm. Mən də iki il bundan əvvəl düz sənin yatdığın yerdə bir yuxunu iki dəfə görmüşəm. Yuxum­da guya mən İspaniyaya getməli imişəm, çobanların qoyunları ilə birlikdə yatdığı, qarşısında böyük bir çinar olan xaraba kilsəni tapmağı mənə buyururdular, amma mən sənin kimi hansısa yuxudan ötrü bu səhranı piyada keçən axmaqlardan deyiləm.

Bu sözləri deyib quldurlar dərhal uzaq­laşdılar".

Düzdür, ədəbiyyatşünaslıqda "səyyar süjet­lər" anlayışı var. Məsələn, "Zümrüd və Qiymət" nağılı bir çox xalqlarda mövcuddur. Baş qəhrə­manın öz nökəri ilə səfərə çıxması və əcaib-qəraib sərgüzəştləri ilə bağlı səyyar süjet "Don Kixot"dan əvvəl də var idi. Bu yöndə bizə məlum olan mükəmməl əsərlərdən biri Puşkinin "Kapitan qızı" povestidir, Abdulla Qədirinin "Ötən günlər" ro­manını da həmin süjet sisteminə aid etmək olar.

Amma biri-birinə əkiz tayı kimi oxşayan bütün əsərləri "səyyar süjet" qəlibi ilə dəyər­ləndirmək düzgündürmü? "Kimyagər"də isə nəinki süjet, hətta süjetin məzmunundan çıxan fəlsəfi məna – qayə də eynidir: Rumi də, Paulo Koelyo da: "İnsan həyatda öz yerini tapmaq üçün öz qəlbinə səfər etməlidir, hər şey onun özündə mövcuddur", – qənaətinə gəlir. Yeri gəlmişkən, Rumi "Fihi ma fihi" ("içindəki içindədir") əsərində bu barədə mükəmməl dərəcədə öz fikirlərini ifadə edib.

"Məsnəviyi-mənəvi"nin yazıldığı vaxtdan 750 ildən çox keçir. Kim bilir, bəlkə də, Braziliya ədibi Paulo Koelyo Ruminin bu böyük əsərindən xəbərsiz olub. Bəlkə də, buna görə o, Ruminin adını çəkməyib. Əslində, Y.E.Bertelsin dünya ədəbiyyatının Şekspir və Höte kimi klassikləri ilə bir sıraya qoyduğu Ru­minin buna heç ehtiyacı da yoxdu. Amma bir məsələ şübhəsizdir: Ruminin kitabındakı məşhur süjet – nüvə olmasaydı, "Kimyagər" romanı bir sıra ezoterik anlayışlar haq­qındakı qeyri-müəyyən bəyanlardan ibarət olardı. Əgər zaman tərsinə dönsəydi və Paulo Koelyo "Kim­yagər" romanını XIII əsrdə, Rumi isə "Məsnəviyi-mənəvi"sini XX əsrin axırlarında yazsaydı, mən "Məsnəvi"dəki həmin yerlərin Paulo Koelyonun "Kimyagər" romanından tə­sirlənib yazıldığı, amma Rumidə ulu bir qüdrətlə tərənnüm olunduğu qənaətinə gələrdim. Amma Paulo Koelyo bunu etiraf etmir. Allah bağışlasın, həqiqət isə bundan ibarətdir ki, fars, ərəb və türk dillərində yazıb-yaradan, əslən özbək olan dahi şairimizin "cibindən düşüb qalmış" kiçik bir löv­hə – "Məsnəviyi-mənəvi" dəryasının bir damla­sı dünyanın o başındakı bir ədibin qələminə qida verib, gözəl bir əsərin məğzinə çevrilib və bu roman hal-hazırda dünyanın 120 ölkə­sində maraqla, sevilərək mütaliə edilmək­dədir. Mövlana Rumi məhz belə bir ulu və bənzərsiz mütəfəkkirdir.

Yuxarıda Paulo Koelyonun romanının ədəbiyyat dərslərində tədris edilməsinin zəruriliyini vurğulamışdıq. Biz yenə də bu fikirdəyik. Amma... bəs Mövlana Rumini uşaqlarımız nə vaxt oxuyacaqlar? Dərslik yazan, hazırlayan pedaqoq alimlərimiz nə vaxt bizim balalarımıza Rumi və Əttarların dünyasına uzanan yolu açacaq? Hamı bilir ki, Abdulla Qədiri, Çolpan, Fitrət, Qafur Qulam, Aybək həqiqi və ulu ziyalılar olub. Çünki onlar Şərqin müqəddəs və mötəbər mənəvi xəzinələrindən nur alaraq qidalanıb yetişiblər. Bəs bu gün dünyagörüşü teleseriallar və bulvar qəzetlərilə formalaşdırılan uşaqlar necə və nə dərəcədə ziyalı kimi yetişəcəklər?

İspaniyadan Misirə yol alan Santyaqo öz vətəninə (qəlbinə, mahiyyətinə) qayıtmasa, arzusuna çatmazdı – əsl məqsəd qeyb olardı.

Biz də uzaq ədəbi səfərlərə çıxaq. Amma sonda öz mənəvi vətənlərimizə qayıtmağı unutmayaq. Çünki məhz o zaman biz əsl və əbədi xəzinə sahibinə çevriləcəyik...

 

Özbəkcədən çevirən: Yaşar QASIMBƏYLİ

 

[1] Salik – sufi olmağı qarşısına məqsəd qoyan adam

[2] Mirşab – nəzarətçi

[3] Gənc – xəzinə