Mark Tven
Mark Tven gənc yazıçılara etdiyi məzəli və kinayəli məsləhətləri ilə məşhur idi:
Hansısa əsəri qələmə alanda "çox" əvəzinə "həddən artıq" yazın. Redaktorunuz həmin sözü sizin istədiyinizlə əvəz eləyəcək.
Əsəri başlamaq üçün ən yaxşı vaxt onu artıq fikrinizdə yazıb bitirdiyiniz vaxtdır. Əslində, nə demək istədiyinizi yalnız bundan sonra aydın və məntiqi şəkildə dərk edəcəksiniz.
İdeya hamıda var. Amma həmin ideyanı bir neçə səhifədə yox, məhz bir abzasda ifadə etmək qabiliyyəti heç də hamıda yoxdur.
"Qadın qışqırdı" yazmayın. Onu elə vəziyyətə gətirin ki, özü qışqırsın.
Böyük kitablar təmtəraqlı dilinə yox, üslubuna və mətnin mahiyyətinə görə qiymətləndirilir.
Kurt Vonnequt
Kurt Vonnequt "Baqombonun tütünqabısı: Dağınıq hekayələr" əsərində gənc yazıçılara fikirlərini qısa ifadə etməklə bağlı maraqlı məsləhətlər verib:
Naməlum oxucunun sizə ayırdığı vaxtı əbəs yerə uzatmayın.
Oxucunuzun tez və asanlıqla isinişə biləcəyi obrazlar yaradın.
Hekayənin əvvəlinin məntiqi sonluğa uyğun olmalıdır.
Hekayənizin qəhrəmanı dərhal nəsə etməli, ən azı bir stəkan su içməlidir.
Cümlə ya qəhrəmanın xarakterini göstərməli, ya da hərəkəti təsvir etməlidir.
Personajlarınıza münasibətdə qəddarlıq göstərin. Oxucunun onu yaxşı qiymətləndirməsi üçün qəhrəmanınızı çıxılmaz vəziyyətlərə salın.
Konfliktin səbəbini gizli saxlamağa çalışmayın, bütün məlumatları dərhal açıqlayın. Əgər mətbəx böcəkləri əsərinizin sonuncu səhifələrini yesələr, oxucunuz özü sərbəst şəkildə hekayəni bitirmək imkanında olmalıdır.
Frensis Skott Fitscerald
Hansısa bir adi adamdan başlayın və görəcəksiniz ki, tipik obraz yaratmısınız. Tipik obrazdan başlasanız görəcəksiniz ki, heç nə yaratmamısınız.
Elə yazın ki, guya bu işi bir nəfər üçün görürsünüz. Çünki hamının xoşuna gəlməyə çalışsanız, qələmə aldığınız əhvalata ölüm hökmü çıxarmış olarsınız.
Çak Palanik
"Döyüş klubu" romanı ilə məşhurlaşan Çak Palanikin isə gənclərə məsləhəti bunlardır:
Oxucu sənin güman elədiyindən ağıllıdır. Hekayətin forması və zaman keçidləri ilə eksperiment aparmaqdan çəkinmə. Kino bizi bu baxımdan kifayət qədər hazırlıqlı edib. Həm də oxucunu heyrətləndirmək sizin güman etdiyinizdən də çətindir.
Yazanda nə hadisələri tələsdir, nə də finalı uzat. Sən yalnız sonrakı hadisələr barədə fikirləş. Sonra nə baş verəcəyinin hamısını bilməyinə ehtiyac yoxdur. Əslində, bunu bilsən, düşündüklərini təsvir etmək həddən artıq çətin olacaq.
Özün oxumaq istədiyin kitabı yaz.
Hazırladı: NƏRİMAN