İsgəndər PALA
(Türkiyə)
Şirin dil, acı dil
Ərəblərdə "selametül-insan fil-hıfzıl-lisan (insanın salamatlığı dilini saxlamaqdadır)" kimi bir məsəl var. Türkcədə "Dilini saxlayan, başını saxlayar" deyirlər. Qanuninin (Mühibbi) – "İstər isən kim pərişan olmayasın aqibət” (Böhtan demə kimsənin haqqında sən süsən kimi) – buyuraraq, sünbül təki ətrafındakılara böhtan atanların axırda pərişan olacağını deməsi də bu səbəbdəndir.
Bir də, bunun əksini qeyd edək. Sözlüklərimizdə "şirin dil ilanı yuvasından çıxarar" kimi atalar sözü var. Deməli, dilimiz həm şirin, həm də acıdır. Qədimdə qələmlərin ucu ikiyə haçalandığına görə onların "qoşadilli" adlandırılması da bu səbəbdəndir. Çünki eyni qələmlə həm yaxşını, həm də pisi, həm yararlını, həm də zərərlini yazmaq mümkündür.
Dil dostluqların da, düşmənliklərin də başlanğıcıdır. Yəni dil yaxşı da, pis də ola bilər. Bu söhbəti uşaqlıq çağlarımda atamdan (Allah rəhmət eləsin) eşitmişdim:
Deməli, varlı, elmli və nəzakətli əfəndilərdən biri dostlarını evinə qonaq çağırır. Niyyəti zəngin süfrə qurub, zəngin söhbətlər eləmək olur. Xidmətçisinə tapşırır:
– Bazara get, dünyanın ən şirin nemətlərindən qonaqlarıma gözəl bir süfrə hazırlat.
Xidmətçi qapıdan çıxır, amma bazar əvəzinə, qəssabın yanına gedir. Bütün qonaqlar üçün bəs eləyəcək qədər dil alıb aşpazlara əmrlər yağdırır. Axşam qonaqlar iştahla süfrənin ətrafında otururlar. Əvvəlcə dil şorbası gəlir. Gözəl!.. Arxasınca dil xaşlaması. Əla!.. Sonra dil bozartması. Olmadı!.. Arada isti yemək məqsədilə dil qızartması verilir... Bu vaxt qonaqların arasında mızıltı başlanır. Gözləyirlər ki, yağlı yemək, plov, paxlava və şirniyyatlar gələcək. Olmur!.. Ardınca qarşılarına dil külləməsi qoyulur. Ev sahibi artıq dözmür, xidmətçisini çağırtdırıb qəzəbini şillə kimi üzünə çırpır:
– Mən sənə demədimmi, bazardan ən ləzzətli təamlar al?
– Bəli, ağam, mən sizin əmrinizi yerinə yetirdim. Dünyada dildən daha yaxşı və şirin nə ola bilər? Mərifət və elmin açarı, xoşbəxtlik və səadətin başlanğıcı o deyilmi? Könüllər onunla şən, biliklər onunla rövşən olmurmu? Anlaşılmazlıqları çözən də odur, ədaləti bərqərar edən də!.. O qədər müqəddəsdir ki, ibadətlər onunla edilir...
Ağa cavab verə bilmir, amma yenə də qonaqlarının yanında özünü sındırmayıb qışqırır:
– Çox yaxşı, bir halda ki, dediyin kimidir, onda sabah bazara gedib bu dəfə bizə ən pis yeməklərdən süfrə hazırlat.
Xidmətçi ertəsi gün yenə qəssabın yanına gedir, yenə eyni yeməkləri hazırladır. Süfrə ətrafında oturanlar eyni sırayla yeməyə başlayırlar: dil şorbası, dil xaşlaması, dil bozartması... Əlbəttə, yenə eyni sorğu-sual olur. Xidmətçi bu dəfə də ibrətamiz cavab verir:
– Ağa, əmin olun, əmrinizi olduğu kimi yerinə yetirmək üçün bu yeməkləri hazırlatdım. Ən pis yeməklərdən istəmişdiniz. Siz Allah, dünyada dildən daha pis nə ola bilər?!. Məgər bütün pisliklərin, bütün bəlaların, bütün dava-dalaşların səbəbi dil deyilmi? Kim yalanın və iftiranın gözəl olduğunu deyə bilər? Kim, riya və yaltaqlığın faydasından bəhs eləyə bilər?!. Bütün bu pislikləri dil eləyirsə, hansı yemək ondan daha pis ola bilər?!.
Müsafirlər hamısı həmin gün süfrədən razı halda qalxdılar. Çünki xidmətçinin sözlərindən feyziyab olmuşdular.
Bu əhvalatı universitet illərində Ahmet Midhət Əfəndinin "Qissədən hissə" adlı kitabında da oxudum. "Qissədən hissə"də Ezop rəvayətlərinin tərcüməsi verilmişdi və bu əhvalat Ezopla ağası Xantos arasında olmuşdu. Miladdan 500 il əvvəl Kütahya ətrafında yaşayan Ezop, əslində, köləymiş. İşıqlı zəka gözəlliyinə malik olan başı, təəssüf ki, iri və yöndəmsiz, dili pəltək imiş. Xantos onu zəkasına görə almışdı, amma sifətinə baxanlar diksindiklərindən onu təsərrüfatında işlədir, arada qonaqları gələndə fikirlərini eşitmək üçün evinə çağırtdırırmış. Rəhmətlik atam Ezopun adını belə bilmirdi, ancaq yaşadığı torpaqlarda sözə həmişə böyük dəyər verilib. İnsanlar, nəsillər dəyişsə də, sözə olan bu münasibət dəyişməyib.
Uyğunlaşdırdı: Nəriman Əbdülrəhmanlı