Günel Natiq
"Bir sual hamımızı narahat edir: impressionizmin banilərindən olan ustad rəssam Klod Monenin 80 illik yubileyi keçiriləcəkmi? Bu insan o qədər nəcibdir ki, müasirlərindən heç bir ehtiram, hörmət gözləmədən, heç bir təmənna güdmədən tənhalığa çəkilib yaşayır" ("Viktuar" qəzeti (Fransa), 1920-ci il, 28 oktyabr).
Oskar Klod Mone 1840-cı ildə Parisdə dünyaya gəlib. 5 yaşı olanda ailəsi Normandiya sahilindəki kiçik Qavr şəhərinə köçür. Atası baqqal idi, istəyirdi oğlu da onun sənətini davam etdirsin. Hərçənd Kloda çox da güvənmir, ümumiyyətlə, onu anlamaqda çətinlik çəkirdi. Oğlanın qəribə xasiyyəti vardı. Bəzən çox höcət və kobud olur, bəzən isə öz aləminə qapılıb saatlarla dinib-danışmırdı. Bununla belə, dostları onu çox sevirdi.
Klod daxilən azad insan idi. Məktəb ona həbsxana divarları kimi görünürdü. Axı bu divarların arxasında gün doğur və dəniz səni özünə çəkir!.. Bu halda "cansıxıcı" məktəb divarları arasında oturub "yorucu" söhbətləri dinləməkmi olar? Klod imkan tapan kimi dərsdən qaçıb ya dənizdə ləpələrlə oynayır, ya da qayalıqlarda gəzib təbiətin gözəlliyindən həzz alırdı.
Amma məktəb də lazım idi. Klod özünə məşğuliyyət tapmışdı: xəlvətcə müəllimlərin karikaturalarını çəkir, qüsurlarını iri planda verirdi.
Beləcə, Klodun karikaturalar çəkməyə başı elə qarışır ki, özü də fərqinə varmadan əməlli-başlı püxtələşir. Artıq 15 yaşında onu Qavrda məşhur karikaturaçı kimi tanıyırdılar. Sifarişçilərin sayı isə gün-gündən artırdı. Klod tezliklə anlayır ki, bu işdən hətta gəlir də əldə etmək olar. O, hər karikaturaya görə 20 frank alırdı.
Qavrda yalnız bir rəssamlıq dükanı vardı. Bu dükanın vitrinlərini də Klodun işləri və Ejen Buden adlı rəssamın peyzajları bəzəyirdi. İnsanlar Budenin əsərlərini anlamırdılar, ona qəribə baxırdılar. Klod da Budeni sevməzdi, hərçənd onunla bir kəlmə də kəsməmişdi. Bir gün Klod dükana gələndə təsadüfən Budeni orada görür və dönüb getmək istəyəndə dükan sahibi qabağını kəsib deyir:
– Cavan oğlan, cənab Buden sizin işlərinizi çox bəyənir. Əminəm ki, o sizə yaxşı məsləhətlər verə bilər.
Buden, doğrudan da, Kloda yaxşı məsləhətlər verir, onu lazım olan səmtə yönəldir. O deyir:
– Hiss olunur ki, siz istedadlı insansınız, rəngləri də gözəl seçirsiniz. Amma bununla kifayətlənməyin, üzərinizdə bir az da çalışın. Mənzərə çəkin, dənizi, göy üzünü çəkin, təbiəti duymağa və anlamağa çalışın.
Adətən, Buden açıq havada işləyirdi, mənzərə çəkməyə gedəndə Klodu da dəvət edirdi. Amma Mone hər dəfə bir bəhanə uydurur, nəzakətlə imtina edirdi.
Əslində, Klod özünə Budendən yaxşı məsləhətçi tapa bilməzdi: çünki o, məktəb müəllimləri kimi "çoxdanışan" və "yorucu" deyildi. Onun iti zəkası və həssas duyumu vardı. Düşündüklərini sadə dillə izah edirdi. O deyirdi ki, ilk təəssürat çox önəmlidir və mənzərə çəkərkən inadla ilkin təəssüratı qorumağı bacarmalısan. Nəhayət, Klodun gözləri açılır, o, təbiəti duymağa və hiss etməyə başlayır.
İş prosesi zamanı Klod Budeni heyranlıqla seyr edirdi. Buden sanki rəsm çəkmirdi, döyüşürdü. Bu, təbiətin özüylə, onun şıltaqlıqları ilə mübarizə idi.
La-Manş sahili elə bir yerdir ki, burada dəniz və göy üzü hər an öz cildini dəyişir, amma buna baxmayaraq, Buden buludlara qalib gələ bilirdi. O, onları ram edir, onlara hökm edir, eyni zamanda da oxşayıb-əzizləyirdi.
Klod Mone karandaş və vərəqlərlə vidalaşırdı və artıq onun yolunu kətan, fırça, boyalar, dəniz, Günəş və göy üzü gözləyirdi...
Budeni müasirləri qiymətləndirə bilməmişdi – o, demək olar ki, yarıac- yarıtox yaşayırdı. Rəssam gündəliyində yazırdı:
"Bu gün axırıncı puluma natürmort çəkmək üçün bir neçə meyvə aldım".
Yaxud belə bir yazı: "Son gücüm də məni tərk edir. Pulsuz-parasızam, cibimdə bir santimim də yoxdur. Düzdür, balaca bir sifarişim var, amma onu hec cür başa çatdıra bilmirəm".
Klod Mone hələ bilmirdi ki, yaxın 25 ildə onu da belə yoxsul həyat gözləyir.
Buden təvazökar insan idi və hesab edirdi ki, tək onun dərsləri kifayət etməyəcək. Nəhayət, Ejen Buden Klod Moneni Parisə yollanmağa razı salır. Mone Parisə əliboş getmir, iki natürmortunu da rəssam Truayona göstərmək üçün özüylə aparırdı.
Konstan Truayon əsl sənətkar idi, amma şöhrət onu gec tapmışdı. Təsviri sənətdə onu "inəklər üzrə mütəxəssis" adlandırırdılar. O, müxtəlif inək şəkilləri çəkirdi. Deyilənə görə, 3-cü Napoleon sərgi salonunda onun əsərlərinə bir xeyli tamaşa etdikdən sonra söyləmişdi: “Heç nə başa düşmədim, amma bu önəmli deyil, çünki deyəsən, mənim incəsənətdən başım çıxmır”.
Bununla belə, Truayonun işləri pis satılmırdı.
Beləliklə, Truayon Monenin əsərlərinə baxır və deyir: “Siz rəngləri hiss edə bilirsiniz, amma daha səylə çalışmaq lazımdır”.
Sonralar Klod Mone onun haqqında deyirdi: "Truayonun işləri mənim xoşuma gəlir, amma o, kölgəni çox qaralayır".
Mone qara rəngi sevmirdi. Bu rəng onu elə qıcıqlandırırdı ki, nəhayət, bir gün qaranı öz rəsmlərindən "qovub" çıxardı.Truayonun təklifi ilə Mone qərara alır ki, qışı Parisdə keçirib emalatxanada təcrübə toplasın, yazda, təbiət yenidən canlanmağa başlayanda isə Qavra qayıdıb peyzaj çəksin.
1862-ci ildə Mone incəsənət fakültəsinə qəbul olunur, amma tezliklə məyus halda buranı tərk edir və Şarl Qleyrin emalatxanasına gəlir. Qəbul olunmuş qaydalar ona maraqsız və cansıxıcı görünürdü. Emalatxanada isə Renuar, Sisley, Bazil kimi yenilikçi gənclər toplanmışdı. Onlar, demək olar, yaşıd idilər və incəsənətə baxışları da uyğun gəlirdi.
1864-cü ilə qədər o, Qleyrin emalatxanasında qalır, o biri il Paris sərgi salonu növbəti yarmarka üçün onun iki əsərini alır. Bu, geniş publikaya tanınmaq istiqamətində bəlkə də yeganə şans idi.
Klod Monenin realist rəsmləri yüksək qiymətləndirilirdi. Məsələn, "Kamilla Donsye və ya yaşıl paltarlı qadının portreti" əsəri bu qəbildən idi. 1870-ci ildə Mone ona şöhrət gətirən portretin qəhrəmanı Kamilla ilə evlənir, bu izdivacdan onların Jan və Mişel adlı iki oğlu dünyaya gəlir.
Tədricən Monenin üslubu dəyişir, indi onun üçün yalnız hansısa səhnəni təsvir etmək əsas deyildi, o, həm də şəxsi təəssüratlarını çatdırmaq istəyirdi. Rəssam deyirdi: "Mən mümkün olmayanı etmək, işığın rəsmini çəkmək istəyirəm".
Klod Mone və digər impressionistlərin əsərləri ilk dəfə 1874-cü ildə fotoqraf Nadarın qalereyasında sərgiləndi. Bura gələn seyrçilər təəccüblə tablolara, sonra isə bir-birilərinə baxıb çiyinlərini çəkirdilər.
Qəzetlər isə belə yazırdı: "Yeni məktəbin kahinlərinin təqdim etdiyi işlərə baxıb xeyli əyləndik. Yasəmən rəngli kəndlər, qara çaylar və göyümtül uşaqlar, doğrudan da, gülməli idi! Hələ Klod Monenin "Təəssürat və ya Günəşin doğuşu" tablosunu demirik! Orada, ümumiyyətlə, təəssüratdan başqa heç nə yox idi"!
Rəssam bu əsərdə, doğrudan da, təəssüratını anbaan tabloya köçürmüşdü. Və əslində, əgər seyrçi diqqətlə baxsaydı, özünü canlı olaraq bu mənzərənin içində hiss edə bilər, havanın nəmliyini və səhərin ilıq şəfəqlərini duya bilərdi... Ancaq ənənəvi üsluba alışmış seyrçilərə bu yenilik əcaib görünürdü.
Tənqidçilər və jurnalistlər yazırdı: "Onlar rəssam deyil, sadəcə və sadəcə, təəssürat yaradanlardır!" O vaxt bu fikirdə olanların ağlına belə gəlməzdi ki, bu təşbehləri rəssamlığın ən önəmli cərəyanlarından birinin adına çevriləcək. (impression – fransızca "təəssürat" deməkdir).
"Təəssüratçı" gənclər isə rəsmən 1877-ci ildən özlərini "impressionist" adlandırmağa başladılar.
Bir neçə ildən sonra bu "qiyamçılar" öz həqiqi qiymətlərini alacaqdı. Hələlik isə bütün bu yeniliklər cəmiyyətdə anlaşılmazlıq və hiddət doğururdu. İmpressionistlərin əsərləri qalereyalarda qəbul olunmurdu. Şəxsi kolleksiyaçılar da onların əsərlərinə laqeyd idi: bu əsərlər ya alınmırdı, ya da qəpik-quruşa satılırdı. Mone ehtiyac içində yaşayır, nə çörək, nə də boya almağa pul tapırdı. Amma üslubunu da dəyişmirdi.
İkinci uşaq doğulduqdan sonra ailənin ehtiyacı daha da artır. Yoluxucu xəstəliyə tutulan Kamilla isə gün-gündən şam kimi əriyirdi. Moneyə şöhrət gətirən portretin qəhrəmanı – "yaşıl paltarlı qadın" 32 yaşında dünyasını dəyişdi.
Mone iki uşaqla baş-başa qalır. Rəssamın bir vaxtlar sifarişçisi olan Ernest Qoşadenin dul qalmış qadını Alisa Qoşade uşaqlara qayğını öz üzərinə götürür. Bir neçə ildən sonra Mone Alisa ilə evlənib Sena sahilindəki Vedey kəndində ev kirayə edir.
Zaman keçdikcə novator əsərlərə baxış dəyişir və bir vaxtlar Monenin işlərinə "bu, rəssamlıq nümunəsi deyil, adicə bir kətan parçasıdır" deyib qəpik-quruş verənlər, indi böyük məbləğlər təklif edirdilər. 50 yaşında artıq Mone kifayət qədər zəngin adam idi. O, (Sena sahilindəki Jiverni kəndində) ev alıb ətrafında gözəl bir bağ salır. Və bütün qalan ömrünü Jivernidə gözəl bağının rayihəsi içində keçirir.
Ahıl çağlarında Monenin gözləri zəifləməyə başlayır. O şikayətlənir ki, çiçəkləri əvvəlki kimi aydın görə bilmir, işığı əvvəlki kimi düzgün əks etdirə bilmir – qırmızı gözünə çirkli görünür, çəhrayı isə sönük... 1923-cü ildə Mone uğurlu əməliyyat keçirir və budur, rənglər əvvəlkitək aydın və şəffafdır... Rəssam yenidən işə girişir. Mone yeganə rəssam idi ki, eyni obyekti dəfələrlə müxtəlif əsərlərində, günün fərqli saatlarında çəkirdi. O, hansısa bir əsərinin silsiləsini yaradırdı.
Bir qış günü Mone Normandiya sahilinə gedir. Xatirələr elə rəngli, elə canlı idi ki... Nə vaxtsa o, bu yerlərdə rəngləri özünə tabe etməyə çalışmışdı... Bax, bu da həmin kollec. O kollecdə qaşqabaqlı bir qoca dərs deyirdi və uşaqları əmin etmək istəyirdi ki, yalnız və yalnız orta əsrlərdəki kimi çəkmək lazımdır. Bu da Qavrın yeganə rəssamlıq dükanı… burda onun ilk işləri satılmışdı. Bax, burda Ejen Budenlə gəzirdi. Buden göy üzünə baxmağı və onun gözəlliyindən zövq almağı hər şeydən çox sevirdi... Mone məhəbbətlə dənizə, Günəşə və göy üzünə baxır, ona elə gəlirdi ki, dəniz, Günəş, göy üzü də onu – idealları üçün mübarizə etmiş və qələbə çalmış böyük rəssamı məhəbbətlə salamlayır...
Elə həmin illərdə Moneni bir vaxtlar dəyərlərə hörmətsizlikdə günahlandıran qəzetlər yazırdı: "Bu, 80 yaşlı rəssamın 60 illik yaradıcılığının bəhrəsidir. O, bu gün yaşayıb-yaradan ən dahi fransız rəssamıdır!