Elektron ədəbiyyat və sənət portalı

Yazan, çəkən, bəstələyən və çalıb-oxuyanlar barədə…

Bölmə: Azad ərazi 06.10.2018

 

Açığı, bu barədə o qədər yazılıb və deyilib ki, adam çox vaxt ağzını ağrıtmağa da lüzum görmür. Lakin indiki və bundan sonrakı gedişatı şərtləndirən bir-iki məsələ var ki, onları deməsən olmur.

Birincisi, deyilənə görə, ölkənin yaradıcı təşkilatlarına üzv olanların sayı həndəsi silsilə üzrə artıb: az qala, iki adamdan biri cibində Parnasdan vəsiqə gəzdirir. Doğrusu, nə illah eləsən də, əli qələm və ya fırça tutanların, pianoda «Cip-cip, cücələrim»i çala bilənlərin hamısının elliklə yaradıcı təşkilatlara qəbul edilməsinin məntiqini anlaya bilməyəcəksən. Amma sən anlaya bilmirsənsə, bu, burada heç bir məntiqin olmamasına dəlalət etmir.  

Bu məsələylə bağlı sözügedən təşkilatların rəhbərliyini söyüb-yamanlayarkən, bir gerçəkliyi unutmaq olmaz – burada baş verənlər avtonom xarakterli deyil, ətrafda vəziyyət necədirsə, burada da aşağı-yuxarı elədir. Bu təşkilatların günahı isə, ümumi havaya qapılıb, özlərini boş buraxmalarıdır. Amma bu təşkilatlar ölkəmizdə sel kimi hər şeyi ağuşuna almış kütləvi mədəniyyətə yenik düşməməliydi; məsələn, sözünün keçərli və sanballı olması üçün ədəbiyyatın, mədəniyyətin elitarlığını qoruyub-saxlamağa çalışmalıydı. Elitar mədəniyyət, demək olar, bütün kulturoloji nəzəriyyələrdə populyar (kütləvi, “xalq”) mədəniyyətə qarşı qoyulur. «Elita» sözünün özü də fransızcada – «seçilmiş, ən yaxşı» deməkdir. Elitanı ən məharətli, ən usta, istedadlı sənətkarlar təşkil edir. Və bunlar nəyin nə olduğunu çox gözəl bilirlər. Elitar mədəniyyət – dəyərlərin, normaların, texnologiyaların mənimsənilməsi ilə bağlı xüsusi təlim görməyi  tələb edən professional, ixtisaslaşmış mədəniyyətdir. Burada ənənəvi obrazlara, üsullara, ənənələrin özünə riayət edilməsi əsas götürülmür, əksinə, ənənənin pozulması, yeni ideyaların, mənaların axtarışı ön plana çıxır. Nitsşenin «Zərdüşt belə buyurdu» əsərində deyildiyi kimi: yüksək mədəniyyət yalnız elə bir mühitdə mümkündür ki, burada icbari əmək kastası ilə birgə, kütləviləşmənin qarşısını alan azad əmək kastası da mövcud olsun. Xüsusilə də sənətdə...  

İndi gəlin görək, bizim televiziya kanallarında, radioda, mətbuat səhifələrində görüb-eşitdiklərimizin elitar mədəniyyətlə bir bağlılığı varmı?  Görünən odur ki, bizdə elitar mədəniyyət və kütləvi mədəniyyət adında qradasiya yoxdur. Televiziya verilişlərinin əksər qonaqları «motalizm» ədəbi cərəyanını çox gözəl təmsil edirlər. Hamısı da utanıb-qızarmadan hansısa yaradıcı təşkilatların üzvü olduqlarını xüsusi qeyd etməyi unutmurlar. Burada hansısa ştamplardan azad olmaq, bənzərsizliyə və öz uslubunun formalaşmasına çalışmaq, yeni özünüifadə formaları tapmaq kimi  çabalar görməzsiniz. Hara baxırsan, eyni mənzərəni görürsən. Kütləvi mədəniyyət o dərəcədə aqressivləşib ki, artıq sınır-sərhəd tanımır. Manıslar və popsa sevdalıları, epiqonçular və plagiat ustaları gecələrini gündüzlərinə qatıb milləti korluq çəkməyə qoymurlar.

Bu yaxınlarda dostumun dəvətiylə bir aşıq məclisində oldum. Deməli, hərbi əlbisə geyinmiş aşıqlar bir-bir səhnəyə çıxıb, mərdlik-namərdlik, nakam eşq, duz-çörək haqqında mahnılar oxuyurlar. Arxamda da bir nəfər oturub, dəqiqəbaşı «bu yaxşı oxumadı, bu yaxşı çalmır, xaric vurur» deyə şərhlər verir. Axırda dözməyib:

Xaric vurur, vursun da, siz niyə həyəcanlanırsınız? – soruşdum.

 – Necə yəni, camaatı aldadır axı! Düz çalmır.

– Camaatı aldadanlar elə o düz çalanlardır, – dedim.

Amma yeri deyildi deyə fikrimi xırdalaya bilmədim və o adam da, yəqin ki, məni «düz» başa düşmədi. Elə bildi, mən sadəcə höcətləşməyi xoşlayan adamam. Mənsə demək istəyirdim ki, sabitləşmiş normalar, qaydalar, nə bilim, etalonlar bəlkə də ictimai münasibətlərdə-zadda müəyyən pozitiv rol oynayır, amma sənətdə bunlar pozulmaq üçün yaradılıblar. Vəssalam!

 

Etimad Başkeçid