Elektron ədəbiyyat və sənət portalı

Livan yazıçısının hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 10.11.2018

 

Görkəmli ərəb şairi, nasiri, rəssamı və filosofu Cübran Xəlil Cübran (1883-1931) Livanda doğulub. O, kiçik yaşlarından ailəsi ilə birgə ABŞ-a mühacirət etməli olub. Ailələri Bostonda məskunlaşıb və o, burada xeyriyyə cəmiyyətinin yardımı ilə təhsil alıb. Uşaqlıq çağlarından rəssamlığa meyil göstərib, 20 yaşından isə “Əl-Mühacir” qəzetinə məqalələr yazmağa başlayıb. 1906-cı ildə ərəb dilində “Vadi huriləri” adlı kitabını nəşr etdirib. 1908-ci ildə “Çəmənlik gəlinləri” və “Qiyamçı ruhlar” hekayə kitabları ilə bədii istedadını təsdiqləyib. Həmin il rəssamlıq təhsili almaq üçün Parisə gedən gənc yazıçı iki ildən sonra ABŞ-a qayıdaraq Nyu-Yorkda məskunlaşıb və qısa ömrünün sonunacan orada yaşayıb.

         Xəlil Cübran “Sınıq qanadlar” (1912) povestində və “Fırtınalar” (1920) hekayələr toplusunda, eləcə də “Göz yaşları və təbəssüm” (1914) esselər toplusunda insan qəlbinin dərinliklərini ustalıqla qələmə alıb. O, musiqi haqqında çoxlu məqalələr və “Musiqi” adlı kitab yazsa da, yaradıcılığının zirvəsi 26 fəlsəfi essedən ibarət olan “Peyğəmbər” (1923) əsəri sayılır.

         Xəlil Cübran 1920-ci ildə bir sıra mühacir ərəb yazıçıları ilə birgə “Qələm assosiasiyası” adlı yaradıcılıq təşkilatı yaradıb. O, dövrünün məşhur simalarının portretləri də daxil olmaqla 700-ə yaxın rəsm müəllifidir.

 

 

XOŞBƏXT ADAM

  (hekayə)

 

Bir dəfə böyük Şariya şəhərinə səhradan gəzərgi bir adam gəldi. Olanı yalnız əynindəki paltar və əlindəki əsa idi.

O, Şariyanın küçələrini gəzə-gəzə müstəsna gözəlliyə malik olan bu şəhərin məbədlərinə, qüllələrinə və saraylarına tamaşa eləyirdi. Həm də yoldan ötüb-keçənləri tez-tez söhbətə tutur, gördükləri barədə soruşurdu. Amma onlar bir-birlərinin dilini başa düşmürdülər.

Günorta o, sarı mərmərdən ucaldılmış əzəmətli bir binanın qarşısında dayandı. Adamlar ora tamamilə maneəsiz girib-çıxırdılar.

“Ola bilsin, məbəddi”, – gəlmə adam düşünüb içəri girdi. Amma masaları arxasında çoxlu sayda kişi və qadının əyləşdiyi gözəl bir zalı görəndə xeyli təəccübləndi. Onlar yeyib-içir, musiqiyə qulaq asırdılar.

“Yox, – gəlmə öz-özünə dedi, – nəsə dua eləyənə oxşamırlar. Bu, yəqin, şahzadələrin hansısa bir əlamətdar hadisəylə əlaqədar təşkil elədiyi kef məclisidi”.

         Həmin məqamda gəzərgi adamın şahzadə xidmətçisinə oxşatdığı bir nəfər ona yaxınlaşıb süfrəyə dəvət elədi. Sonra ona ət, şərab və ən ləziz şirniyyatlar verildi.

Yeyib doydu və getməyə hazırlaşdı. Onu qapı ağzında dəbdəbəli geyimdə olan ucaboy bir kişi qarşıladı.

         “Hə, yəqin, bu, şahzadənin özüdü”, – gəlmə adam ürəyində fikirləşdi, təzim eləyib minnətdarlığını bildirdi.

         Ucaboy kişi cavabında öz şəhərinin dilində dedi:

– Ağa, sən yeməyin pulunu ödəməmisən.

         Amma o, deyiləni başa düşməyib, yenə ürəkdən minnətdarlıq elədi. Ucaboy kişi əvvəlcə fikrə getdi, amma yadelliyə diqqətlə baxıb, nimdaş paltarını görəndə başa düşdü ki, onun yeməyin haqqını ödəməyə pulu yoxdu. Əlini əlinə vurub ucadan səsləndi. Kişinin çağırışına dərhal dörd gözətçi gəldi. Onlar əmri dinləyib gəzərgi adamı həbs elədilər. Hər tərəfində iki gözətçi dayandı. O, gözətçilərin geyimlərinin gözəlliyini, özlərini vüqarla apardıqlarını görüb heyrətləndi.

“Görünür, bunlar da əsil-nəcabətli adamlardı”, – nəticə çıxardı.

         Onlar birlikdə məhkəmə binasına girdilər. Orada gəzərgi adam saqqallı, gözəl əbalı bir kişini taxtda əyləşmiş görüb fikirləşdi ki, hökmdarın hüzurundadı və belə bir şərəfə layiq görüldüyünə görə də sevindi.

         Gözətçilər, əslində hakim olan o şəxsin hüzuruna gətirdikləri adamın nədə günahlandırıldığını bildirəndə o, iki iclasçı təyin elədi ki, onlardan biri iddiaçı, digəri müdafiə olunan tərəfi təmsil eləsin. Onlar da bir-bir yerlərindən qalxıb öz dəlil-sübutlarını söyləməyə başladılar. Amma gəlmə adam elə bildi ki, təbrik nitqləri söylənilir və qəlbi bütün bu hörmət-izzətə görə hökmdara qarşı minnətdarlıq hissiylə doldu.

         Sonra hökm verildi. Həmin qərara görə yadellinin boynundan üstündə günahı yazılmış lövhə asacaq, özünü yəhərsiz ata mindirib  şeypurların və təbillərin sədası altında şəhərdə gəzdirəcəkdilər.

         Məhkum at belində şəhərdə gəzdiriləndə şəhər sakinləri irəlidə gedən şeypurçunun və təbilçinin qaldırdığı səsə tökülüşüb gəldi, yadellini görüb ələ salmağa başladılar, uşaqlarsa dəstə-dəstə arxasınca qaçdılar. Gəzərgi adamın qəlbi hədsiz minnətdarlıq hissiylə doldu, gözləri parıldadı, çünki elə bildi, boynundan asılmış lövhə hökmdarın mərhəmətinin əlaməti, bu yürüşsə onun şərəfinə təşkil olunmuş təntənədi.

         O, qəfildən camaatın arasında özü kimi bura səhradan gəlmiş şəxsi gördü. Qəlbi sevincdən dağa döndü, ucadan qışqırdı:

         – Ey, dostum! Səninlə biz hara gəlib çıxmışıq? Bu nə sevincdi? Burada nə qədər səxavətli insan yaşayır? Təsadüfi bir adamı öz saraylarında qonaq eləyirlər, şahzadələr şərəfinə ziyafət verirlər, hökmdar sinəsindən fərqlənmə nişanı asır, hələ üstəlik, həqiqətən, Allahın lütfü olan bu şəhərin camaatı da pişvazına çıxır!

         Amma səhradan gəlmiş həmin adam cavabında dinib-danışmadı. O, yalnız gülümsünüb yüngülcə başını tərpətdi. Mərasim isə davam elədi.

         Gəzərgi adam qürurla başını dik tutmuşdu, gözləri parlayırdı.

 

 

Tərcümə edən: N.Əbdülrəhmanlı