Tanımal Mustafa (hekayə)
Mustafa kişi bu səhər yuxudan yaman narahat oyanmışdı. Elə bil yekə bir boşluq ağrı olub dolmuşdu qarnının içinə. Gecə ilə səhərin arasında, torpaq hələ canındakı istiliyi son nəfəs kimi havaya tapşırmamışdan bir xeyli qabaq çarpayısından diyirlənib sağ böyrü üstə döşəməyə necə dəymişdisə, özü də mat qalmışdı bu işə. Bir xeyli eləcənə sərili qalmışdı. Handan-hana durub taytaya-taytaya çölə çıxmış, nərdivanın başında çöməlib oturmuşdu.
Mustafa kişinin - camaatın ağzıyla desək, “Tanımal Mustafanın" hər günü, demək olar ki, eyni qaydada başlar və elə eyni qaydadaca sona çatardı. Hər səhər hamıdan qabaq, alaqaranlıq oyanar, sırıqlısını çiyninə keçirib elə burda, bu nərdivanın bu pilləsindəcə domuşub oturardı. Səhərin bu sakitliyi darıxdırardı Mustafa kişini. Elə bil dünyada hamı ölüb, bircə sən sağ qalmısan. Hara gedəsən, nə iş tutasan ki, Allaha xoş gedə?! Tanımal Mustafa elə darıxırdı, heç olmayan kimi. Bəzən isə qəsdən ucadan öskürürdü ki, bəlkə, kimsə səsə oyana, gəlib beləcə çöməlib otura yanında. Öskürməkdən bir şey hasil olmayanda da sırıqlısının cibindən müştüyünü çıxarar, əvvəlcə ağzına tutub bir-iki dəfə var gücüylə üfürərdi ki, içindəki tütün qırıntıları yerə tökülsün. Papiros qutusundan bir papiros çıxarıb taxardı müştüyünə, ehmallıca qoyardı damağına. Sonra da o biri cibindən kibrit qutusunu çıxarardı, yavaşcana silkələyərdi ki, içinin boş və ya dolu olduğunu yəqin etsin. Qutudan bir kibrit dənəsi çıxarıb sürtərdi qaloşunun böyürünə. Elə ilk cəhddəncə alışdırardı. Papirosdan bir yağlı tüstü dartıb yerindəcə qurcuxardı. Bu nə qurcuxmaq idi, ya Rəbb! Elə qurcuxardı ki, deyərdin, kişinin altında kələ-kötür bir şey qalıb. Sonra ağzını ac sərçə balası kimi carradan açardı, tüstü bu səhərin sakit havasında burula-burula qalxardı yuxarı, elə bilirdin ki, bir ruhdu, çıxır bədəndən. Tüstü qatar-qatar olub üz qoyardı eşik darvazasına tərəf.
Busəhərki həngamədən bir Allah bəndəsi xəbər tutmamışdı. Bircə evin kiçik qızı, Tanımal Mustafanın nəvəsi Sitarədən başqa. Onda Sitarə hələ oyaq idi. Sabahkı günün həyəcanından yuxusu ərşə çəkilmişdi bu gecə. Bax beləcə, səhərəcən yerində fır-fır fırlanıb qalmışdı. Sevgilisi ilə telefonda danışa-danışa xumarlanmışdı. Daha doğrusu, telefonun o başındakı adamın danışdıqlarına qulaq verə-verə yerində qıvrılmışdı ilan balası kimi. Nə gözəl şeylər idi danışdıqları! Adam istəyirdi ki, heç dayanmasın. Ürəyində "hə, hə, dayanma!" desə də, oğlanın üstünə çəmkirmişdi yalanmışdan:
- Ədə, mənə elə şeylər danışma!
Bax beləcənə səhərədək nə oyunlardan çıxmışdılar, bir Allah bilir. Sitarə bir xeyli təzə söz eşitmişdi. Eşitdikcə də xoş bir sızıltı yanaqlarından başlayaraq üz qoymuşdu ayaqlarının arasına doğru. İlişib qalmışdı oradaca. Elə bil bu qızcığazın sevgi dolu ürəyi də o sızıltıya qoşulub, gedib durmuşdu ayaqlarının arasında. Guphagup-guphagup döyünmüşdü ordaca. Bax, səhərin o vədəsində guppultu səsi gələndə Sitarə əlini qorxa- qorxa ayaqlarının arasına aparıb tumanının altında gəzdirmişdi yavaşcana. Bir xeyli eləcənə donub-qalmışdı. Sonra da baxmışdı ki, tumanı suyun içindədi. Tez də əlini çəkmişdi ayağının arasından. Və birdən-birə gözlənilmədən qəribə bir üşütmə girmişdi canına. Yorğanı başına çəkib gizlənmişdi.
Ev adamları oyananda Tanımal Mustafa, Allah bilir, neçənci papirosunu çəkirdi. Hava işıqlaşar-işıqlaşmaz, bir anın içindəcə evin həyəti adamlarla dolub-daşdı. Ora- bura vurnuxan adamların vızıltısından ağız deyəni qulaq eşitməz oldu. Mustafa kişinin indicənə yadına düşdü ki, bu gün nəvəsi Sitarəyə nişan gətirirlər...
Yaman tanımal adam idi Mustafa kişi. Adamı adama oxşatmaqda, qoyunu qoyuna oxşatmaqda elə ad çıxarmışdı ki, adı dillər əzbəri idi. Hələ bircə kərə yanıldığı olmamışdı. Yumurtaya baxıb deyərdi ki, bu, filan toyuğun yumurtasıdır. Quzuya baxıb deyərdi ki, bu, filan qoyunun balasıdır. Uşağa baxıb deyərdi ki, bu, filan kişinin oğludur. Bir para əti bişir qoy qabağına, bircə dişlək vurub o saatca da yəqin edərdi ki, bu ət filan yerin ətidir. Nə isə, bu, elə sirli bir şey idi ki, heç Tanrı da baş açmazdı. Hələ dünyanın düz vaxtında, Çal dağlarında - yataqlarda çobanlıq eləyəndə sürünün içi ilə bir o başa, bir bu başa getmək kifayət edirdi ki, qoyunların hamısı yerindədirmi, yerində deyilmi, desin. Hələ yanıldığı olmamışdı. Yoxsa bir elə qoyunu saymaqmı olardı?! Düzünə qalsa, Mustafa kişi heç say da bilmirdi. Vallah, bilmirdi, billah, bilmirdi. Nə olmuşdusa, o zaman olmuşdu, Mustafanın 5-6 yaşı olanda. Atası Mustafanı qabağına qoyub say öyrətmək qərarına varmışdı. Demişdi ki, onsuz da bizimki qoyun-quzuyla gəlib bineyi-başdan. Qoy heç olmasa, say-hesab öyrənsin, quzuları qataq qabağına, otarsın, daha yekə gədədir. Belə gədəsi olan adamın quzuları niyə xalxalda ac-acına qalmalıdır! Fəqət Mustafa nə illah eləsə də, saymağı öyrənə bilmirdi ki, bilmirdi. Başa düşə bilmirdi ki, niyə, məsələn, beşdən sonra üç yox, məhz altı gəlir? Bu hikmətin sirrin qana bilməmişdi ki, bilməmişdi. Atası da hirslənib qulağının dalına bir tərs şapalaq ilişdirmişdi, Mustafa kor dəyirman kimi yerində fırlanıb durmuşdu bir xeyli. Sonra eləcənə, lap bu sabah olduğu kimi, huşunu itirib dalıüstə yerə dəymişdi. Elə dəymişdi ki, özü də mat qalmışdı. Gün o gün Mustafa saymaq sevdasından əl üzüb taleyi ilə barışmışdı. Yekə oğlan olanda da nə illah eləmişdisə, öyrənə bilməmişdi saymağı. Beləcə bütün ömrünü Çal dağlarında - yataqlarda çobanlıqla əritmişdi. Elə bil say bilmədiyinə görə ilahidən bir istedad verilmişdi Mustafaya. Qoyunların əlamətini elə dəqiqliklə yadında saxlayırdı ki, harda görsə, bir nişanla tanıyardı. Bir də görürdün, sürülər qarışdı bir-birinə. Tez gəlib Mustafanı, tanımal Mustafanı minnətlə aparardılar köməyə. Mustafa gedərdi, sürünün içi ilə bir o yana, bir bu yana şütüyərdi. Gəlib durardı bir qıraqda, başlayardı nişan verməyə: bax o kərə qoyun filan sürünündü, bax o alabaldır toğlu filan sürüdəki filan qoyunun nəslindəndi... Hamı da ağzını eləcənə açıb tamaşa edərdi Mustafaya, tanımal Mustafaya.
Mustafa kişi tanımallığı sayəsində özünə yaxşıca hörmət-izzət qazanmışdı. Kənd adamları Mustafa kişinin macəralarını nəql etməyi yaman xoşlayırdılar. Əlbəttə, bu zaman məsələni bir az şişirdənlər də olurdu, amma bir Allah şahiddir ki, olan şeyi danışırdılar...
Bu səhər qəribə bir nigarançılıq hakim kəsilmişdi Mustafa kişinin canına. Birdən yadına nə düşdüsə, diksinən kimi oldu, tələsik çəliyinə dirənib ayağa qalxdı, sonra ağlına nə yerləşdisə, eləcə qalxdığı kimi də oturdu yerinə. Bugünkü qonaqların arasında polis şöbəsinin rəisi Şahsuvar müəllimin də olacağı gözlənilirdi. Şahsuvar müəllim bu yerlərin ən hörmətli adamı idi. Hə, hə, heç şübhəsiz, əminliklə demək olar ki, ən hörmətli adamı idi. Ona görə də Mustafa kişinin canına hakim kəsilən bayaqkı nigarançılıq bir az da şiddətləndi. Həyətdə qarışqa kimi qaynaşan adamların arasından oğlu Səmədi manşırlayıb hayladı:
- Ayə, a Səməd! A bala, yeri dayın oğraşı çağır, gəlib toğluları boğazlasın! Daha mənim əvvəlki heyim yoxdu.
Səməd vurnuxmağında idi. Tut ağacının haçasından bir çatı sıyırıb tələsik tövləyə girdi, bir az sonra buruntaq verdiyi buzovu sürüyə-sürüyə çölə çıxardı. Çatını buzovun belinə atıb yenidən tövləyə girdi. Şişək bir toğlunun dal ayaqlarından yapışıb həyətə sürütlədi. Sonra isə bayır darvazasına tərəf getdi...
Rəislə Mustafa kişinin dostluğunun 20 yaşı vardı, bəlkə də, daha çox. Daha doğrusu, bu münasibət dostluqdan çox, ortaqlığa bənzəyirdi. O vaxt Şahsuvar müəllim milis şöbəsində təzəcə işə başlamışdı. Əsasən əl-ayaq işləri tapşırılırdı. Açığı, bu işlərin öhdəsindən bacarıqla gələrdi. Heç vaxt yuxarıları məyus etməzdi. Yuxarıdan gələn qonaqları qarşılamaq, içki məclisləri düzəltmək ona tapşırılardı. Bir dəfə yenə yuxarıdan qonaqların gəlişi gözlənilirdi. Şöbənin o zamankı rəisi Zalov - Allah ona rəhmət eləsin - Şahsuvarı çağırıb tapşırmışdı ki, gedib yataqlardan tutarlı bir toğlu alsın. Bu qonaqlar o biri qonaqlardan deyil. Gərək razı qalsınlar. Şahsuvar da üz qoymuşdu Çal dağlarına, bir-bir yataqları gəzib heydən düşmüşdü. Di gəl ki, babat bir heyvan tapa bilməmişdi ki, bilməmişdi. Bircə yataq qalırdı. Naümid gəlmişdi Mustafa kişinin çobanlıq etdiyi yatağa. Nə olmuşdusa, onda olmuşdu. Deyirlər, Mustafa kişi Şahsuvar müəllimi görən kimi tanımışdı. Ağına-bozuna baxmadan qayğıkeşliklə soruşmuşdu:
- A bala, sən oğru Avdırrahmanın gədəsi deyilsənmi?
-
Bu sözdən yaman incimişdi Şahsuvar müəllim. Amma üstünü vurmamışdı. Demişdi: “a kişi, mənə yaxşı bir toğlu ver, qonaqlarım var, vaxtım azdı". Bax onda Mustafa kişi
yaman işə yaramışdı. Şahsuvar müəllimə elə bir toğlu seçmişdi ki, qonaqlar da razı qalmışdılar, Zalovun özü də. Şahsuvarın hörməti birə-min artmışdı rəisin yanında. Son- ralar Şahsuvar müəllim rəis keçəndən sonra elə bir əhvalat baş vermişdi ki, el içində dillər əzbəri idi. Deyirlər, bir gün Şahsuvar müəllim öz adamları ilə rayon bazarının arxasındakı kababxanada nahar edirmiş. Mustafa kişi də bazara heyvan gətiribmiş. Heyvanları satandan sonra bir tikə çörək yemək keçib könlündən. Kababxanaya girəndə Şahsuvar müəllimi tanıyıb, istəyib, gəlsin, hal-əhval tutsun. Amma Şahsuvar müəllim özünü tanımazlığa vurub. Yəqin, ehtiyat edib ki, birdən kişi yenə axmaqlıq edər. Gözünü yumub, açar gül ağzını, Allahı yox, vallahı yox. Düzünə qalsa, bu məsələdə Şahsuvar müəllimə haqq qazandırmaq da olar. Mustafa kişi mat qalıb bu işə. Oturub, bir-iki şiş kabab sifariş verib, yanında da bir çappa tut arağı. Şahsuvar müəllimin çətin zamanları imiş. Rayonda oğurluq halları əndazədən çıxıbmış. Bir xeyli vaxt imiş ki, Hacı Mansurun yatağından oğurlanan heyvanlardan xəbər çıxmırmış. Nə izi bilinirmiş, nə tozu. Zarafat deyil, bir gecədə 50 qoyun yoxa çıxıbmış. Mustafa kişi kababdan bir tikə götürüb, öz- özünə mızıldanıb:
- Həə! Hajı Mansırın heyvanları dadlı olur! Ay kopoğlunun yovşanı!
Bayaqdan ona göz qoyan Şahsuvar müəllimin qulağı alıb bu sözü. Yaxınlaşıb Mustafa kişiyə, deyib: “a kişi, danışdığın nədi?" Mustafa kişi bayaqkı sözünü təkrar edib:
- Hajı Mansırın, deyirəm, heyvanları yovşan dadı verir ey. Sən Allah, dadına bir bax! A bala, Hajı Mansır ağıllı kişidir, Çalda nə qədər yovşanlıq varsa, alıb qatıb özünə...
Tezliklə məlum olub ki, Mustafa kişi haqlıdır. Doğrudan da, Hacı Mansurun yatağından oğurlanan qoyunların bir qismini bu kafenin yiyəsi alıbmış. Tutublar oğruları, basıblar qoduqluğa. Oğru da kim olsa, yaxşıdır? Hacı Mansurun çobanı Həvıllah kişi. Hə, olur belə şeylər, insan çiy süd əmib. Bundan sonra Şahsuvar müəllim dost olub Mustafa kişi ilə. Saya salıb, salam verib. Deyib, nə işin olsa, gəl.
Bir dəfə yenə hansısa yataqdan qoyunlar yoxa çıxıbmış. Şahsuvar müəllim adam göndərib, Mustafa kişini gətiriblər. İkisi qoşulub bir-birinə düşüblər bazarın canına. Burda da Mustafa kişi işinə yarayıb Şahsuvar müəllimin. Tanıyıb qoyunları. Deyib ki, bax bu qoyunlar o sürüdən ola bilər. Şahsuvar müəllim inansa da, yenə soruşub ki, hardan bilirsən? Mustafa kişi də deyib ki, bax bu qoyunların yunundakı pıtırğanları görürsənmi?! Şahsuvar müəllim də deyib ki, görürəm. Pıtırğan qoyunların qarnının altına yapışıb, belləri-böyürləri isə tərtəmizdir. Təkcə o sürünün otladığı yerlərdə pıtırğanlar gödək olur. Mustafa kişinin izahı Şahsuvar müəllimin canına yağ kimi yayılıb. Hamı da mat qalıb bu cavaba. Şahsuvar müəllimin hörməti, etibarı biz az da artıb Mustafa kişiyə. Bax beləcənə Mustafa kişi bundan sonra el arasında sayılıb-seçilən adama çevrilib. Kimin əyri bir işi olsa, gəlib Mustafa kişini qoltuqlayıb aparırmış minnətə? - rəisin qəbuluna. Şahsuvar müəllim də kişinin sözünü yerə salmazmış. Beləcə Mustafa kişi tanımallığı sayəsində özünə yaxşıca hörmət qazanıbmış. Hə, hər şey bax beləcənə olubmuş.
Mustafa kişi yatsa, yuxusuna da gəlməzdi ki, Şahsuvar müəllimlə duz-çörək kəsə bilər. Bütün kənd bilir ki, bu tayfadan hələ fərli bir kişi çıxmayıb. Mustafa kişinin atasına mizik Məhəmməd deyərmişlər. Nədən ki, Məhəmməd kişi mizik iyi verərmiş. Qoxusu baş salarmış, bu qoxu canından əskik olmazmış. Elə bil bu, bir lənət imiş, giribmiş bu atauşağının canına. Miz qoxusu 40 metrdən vururmuş adamı. Miziklilər deyərmişlər bu tayfaya. Mustafa kişininin tanımallığı olmasaydı, bu ləqəbi ona da yapışdıracaqdılar. Özü də necə yapışdıracaqdılar, bir Allah bilir. Lap miz iyi verməsə də, hamı mizik Mustafa çağıracaqdı onu. Hamı da əmin olacaqdı ki, Mustafa da miz iyi verir ata-babaları kimi. Amma bir Allah şahiddir ki, Mustafa kişidə mizik qoxusundan əsər-əlamət yox idi. İndi bütün bunları Mustafa kişi öz beynində çək-çevir edə-edə anlayırdı ki, onun qanına girən Şahsuvar müəllimdi. Şahsuvar müəllim bir Allah payıdır ki, çıxıb qabağına. Ona görə də səhər-axşam dua edirdi ki, Şahsuvar müəllimin canını sağ, işini nizam eləsin. Mustafa kişi - tanımal Mustafa şükür etməyi də unutmurdu. Oturub-durub Allaha şükür edirdi ki, bu istedadı ondan əsirgəməyib. Mustafa kişi yaxşi bilirdi ki, onun bu fani dünyada tanımallığından savayı, bir özgə məziyyəti yoxdur. Dərin-dərin xəyallara baş vuranda bircə şeylə təskinlik tapırdı. Ölümünü düşünürdü Mustafa kişi, hər düşündükcə də, elə bil qulağına səslər gəlirdi: camaat Mustafa kişini torpağa tapşırıb qayıdır... Şenlik kəndin qulağına çathaçatda kimsə sükutu pozur:
- Həəə! Mustafa kişi də belə getdi... Rəhmətlik yaman tanımal kişi idi. Ey gidi dünya!
Hamı da bir nəfər kimi bunu təsdiq edir:
- Hə, yaman tanımal kişi idi rəhmətlik!
Bu sözləri eşidən kimi olurdu Mustafa kişi və həyatı boyu çəkdiyi bütün əziyyətlər bir anın içindəcə şirin xatirəyə çevrilirdi...
...Mustafa kişi xəyallardan ayrılanda günortaya az qalırdı. Hazırlıq işlərinin çoxu qurtarmışdı. Sitarə qırmızı donunu geyib dalkı olacaqda eləcənə oturmuşdu. Axşamkı söhbətləri xatırladıqca məsum bir gülüş gəlib qonurdu dodaqlarına, ana qaranquş yuvasının qırağına qonan kimi. Tut ağacının altında uzun bir masa qurulmuş, üstünə boşqablar düzülmüş, manqaldakı kababın qoxusu həyətə yayılmışdı. Kənd uşaqları bu qoxunu ciyərlərinə darta-darta qulaqlarını şəkləyib qonaqların gəlişini bildirən siqnal səslərinin intizarını çəkməkdə idilər...
Mustafa kişinin tanımallığı, sözsüz ki, bu adamların ən maraqlı əyləncəsi idi. Hamı gözləyirdi ki, indicə Mustafa kişi darvazanın qabağında dayanacaq, gələn qonaqların
bir-bir üzünə baxıb kimlərdən olduğunu müəyyənləşdirəcək. Onlar da qonaqların bu işə mat qalmalarına baxıb həzz alacaqlar. Bir az sonra uzaqdan siqnal səsləri eşidilməyə başladı. Həyətdəki uşaqlar dodaqlarını yaladılar, üzlərinə sevinc qondu, bir-birilərini itələyə-itələyə, dümsükləyə-dümsükləyə qaçışdılar yola tərəf. Bayaqdan bəri hökm sürən darıxdırıcı sakitlik pozuldu, Mustafa kişi oturduğu yerdə qurcuxdu. Darvazanın eşiyindən toz qalxdı.
Beş-altı maşın gəlib darvazanın eşiyində dayandı. Tanımal Mustafa çəliyinə dirənə- dirənə qapıya tərəf getdi. Əli xonçalı qızlar və gəlinlər maşınlardan düşüb eləcənə dayandılar. Kişilər isə hırıldaşa-hırıldaşa, oğlan evinə xas qəribə bir yekəxanalıqla qapıya tərəf getdilər. Həyətdəkilər darvazanın qabağında yarımçevrə kimi düzülüb tamaşanın başlamasını gözlədilər. Mustafa kişi gələn qonaqların əlini bir-bir tutub məharətini göstərməyə tələsdi:
- Xoş gəlmisiz! Həə! Ayə, sən tat Əhmədin gədəsi deyilsənmi?... A bala, sən donuzçu Kərəmin oğlu deyilsənmi?... A qızım, sən Tamaşa arvadınmı qızısan?..
Bax beləcənə, Mustafa kişi hər bir qonağı tanıdıqca, ev adamlarından gülüş qopdu. Sanki Mustafa kişini alqışladılar. Qonşu kənddən gələn qonaqlar isə bu işə mat qaldılar. Qonaqların arasında məktəb direktoru Abdulla müəllim də vardı. Növbə çatdı Abdulla müəllimə. Mustafa kişinin əlini sıxıb heç nə demədən eləcənə gözlədi. Mustafa kişi qonağın üzünə baxıb əminliklə dilləndi:
- Dərdin alım, sən doxdur Bayramın oğlusanmı?
Əslində bu, sual deyildi, ona görə də cavab gözləmədən sözünə davam elədi:
- Ömrügödəknən salam-əleykim olub. Yaman bilikli adam idi. Allah rəhmət eləsin!
Dedi və biz azcana kədərlənən kimi oldu. Araya bir anlıq sükut çökdü. Sonra qonaqlardan kimsə qaqqıltıyla gülməyə başladı. Bu gülüş bayaqkı gülüşlərə bənzəmədi. Camaat da ona qoşulub hırıldadı. Onların arasında polis rəisi Şahsuvar müəllim də vardı. Nə vaxt gəlmişdi, necə gəlib durmuşdu camaatın arasında, görən olmamışdı. Şahsuvar müəllim irəli çıxıb məktəb direktoru ilə Mustafa kişinin böyründə dayandı. Əl uzadıb Mustafa kişi ilə görüşdü, sonra başı ilə hamını salamlaya-salamlaya dedi:
- Ay Mustafa kişi, deyəsən, qocalırsan ha! Bu, Abdulla müəllimdi, özü də doktor Bayramın yox, rəhmətlik Əvəz dayının oğludur.
Dedi və hırıldadı. Bu hırıltı itimil ox kimi girdi Mustafa kişinin ürəyinə. Mat qaldı bu işə. Bilmədi, nə desin. Bir də baxdı Abdulla müəllimin üzünə. Sol qaşının üstündəki xalı tutdu gözü. Doktor Bayramın üzü gəlib durdu gözünün qabağında. Oxşatdı xalları bir-birinə. Diksinən kimi oldu elə bil. Bütün bunlar bir anın içindəcə baş verdi, adamlar Mustafa kişinin diksinən kimi olmağından başqa bir şey görmədilər. Mustafa kişi dilləndi:
- Nətər yəni doxtur Bayramın oğlu deyil, ayə?! Ayə, bir bu xala baxsana! Ağzımda deyirəm, doxdur Bayramın oğludur. Mənəmi kələk gəlirsiz, hay?!
Camaat yenə hırıldadı. Amma bu hırıldamaq bir başqa hırıldamaq idi. Şahsuvar müəllim zarafat etmək qərarına gəldi, direktorla arasının açıq olmağından istifadə edib dedi:
- A Mustafa kişi, bunu gedib Abdulla müəllimin anası Tükəz xaladan soruşmaq lazımdı.
Dedi və qəhqəhə çəkdi. Öz zarafatı özünə yaman xoş gəldi. Camaat da ona qoşulub bir az da bərkdən gülüşdü. Abdulla müəllim də güldü. Bircə Mustafa kişi gülmədi. Yaman qaraldı qanı tanımal Mustafanın. Elə bil ayaqları büdrəyən kimi oldu, ağırlığını çəliyinin üstünə saldı...
Məclis get-gedə qızışdı, şişlər dolu gəldi, boş qayıtdı. Sifətlər qızardı, səslər daha gur çıxmağa başladı. Uşaqlar doyunca kababdan yeyib "dava-dava" oynamağa yollandılar. Bayaqkı əhvalat elə bil adamların yadından çıxan kimi oldu. Mustafa kişi qabağındakı arağı başına çəkib ağzını əlinin dalı ilə sildi. Çəliyinə dirənib durdu ayağa. Bir xeyli eləcənə Abdulla müəllimin üzünə baxıb durdu. Sonra çəliyini masanın üstünə elə çırpdı ki, bir dənə salamat qab qalmadı. Ağzı köpükləndi Mustafa kişinin. Əlini havada yelləyə-yelləyə bağırdı. Elə bağırdı ki, deyərdin, kişinin başına hava gəlib:
- Köpək uşağı! Mustafa kişiyəm ey, mən! Sizə deyirəm ki, doxdur Bayramın oğludur!
Heç kim bir söz demədi, eləcə durub baxdılar. Şahsuvar müəllim arxaya söykənib əlini qarnının üstünə qoydu. Bir kədər gəlib yapışdı sifətinə:
- Ay Mustafa kişi - dedi. Yox, vallah qocalırsan! Heyif sənnən! Qocalıq axmaq şeymiş...
Sonra çappasını əlinə alıb ayağa durdu, baxışlarını uzaqlara zilləyib Mustafa kişinin cavanlığından danışdı. Təklif etdi ki, bu çappanı onun sağlığına içsinlər, Mustafa kişinin. Yaxşı şeylər danışdı, di gəl ki, Mustafa kişidən başqa, bir Allah bəndəsi rəisin onun haqqında keçmiş zamanda danışdığına diqqət etmədi. Heç kim rəisin "yaman tanımal kişiydi Mustafa kişi" deməyini eşitmədi. Mustafa kişi gəlib Abdulla müəllimin qabağında dayandı. Yazıq-yazıq baxdı direktorun üzünə. Dili söz tutmadı, birtəhər özünü toplayıb Abdulla müəllimi yola gətirməyə çalışdı:
- Ay oğul, - dedi. - Gəl daşı tök ətəyindən. Düzünü de, sən o bir olan Allah, sən doxdur Bayramın oğlu deyilsənmi?
Hamı gülüşdü bu sözə. Abdulla müəllim pərt olan kimi oldu. Yox, dedi, ağsaqqal, Əvəzin oğluyam. Yanlışın var. Mustafa kişi havalandı bu sözdən. Söyməyə başladı hamını, nə arvad qandı, nə uşaq. Eləcənə söydü gözü gördüyünü. Ağzı köpükləndi. Dili topuq vurdu. Gözünə qaranlıq çökdü Mustafa kişinin. Qulağına Şahsuvar müəllimin səsi gələr kimi oldu:
- Kopoğlunun qocalığı! Kişinin ağlı uçub. Yaman kişiydi e! Yaman tanımal kişiydi!
Mustafa kişinin qolundan tutub içəri apardılar. Qonaqların da kefi bir azcana qaçan
kimi oldu...
Gecənin bir aləmi Abdulla müəllimin səsinə anası Tükəz arvad dik atıldı. Deyəsən, sayıqlayırdı. Yavaşca-yacaşca gəlib oğlu ilə gəlini yatan otağın ağzında dayandı. İndi səs aydınca eşidilirdi:
- Doxdur Bayram... doxdur Bayram... Ha-ha-haaa.. doxdur Bayram... Ha-ha-ha..
Tükəz arvadın canını qara qayğılar aldı, tükləri biz-biz durdu. Barmaqlarının ucuna
qalxıb qapını ehmallıca araladı. Qapının cırıltısına Abdulla müəllimin ömür-gün yoldaşı Sədaqət eymənən kimi oldu. Tükəz arvadı görüb şikayətlənirmiş kimi, əli ilə Abdulla müəllimi göstərdi. Tükəz arvad eləcənə barmaqlarının ucundaca içəri girib dayandı. Abdulla müəllim hələ də sayıqlayırdı:
- Doxdur Bayram... doxdur Bayram...
Tükəz arvadın içinə qəribə bir üşütmə düşdü, donub-qaldı eləcənə. Sədaqət ərini silkələyə-silkələyə dodağının altında deyindi:
- Bu andıra qalmışı az iç də!
Abdulla müəllim oyanan kimi oldu. Başının üstündə anasını görüb dedi:
- Sənə qurban olum, ay ana.
Dedi və uşaq kimi ağlamağa başladı. Tükəz arvadın heç tükü də qımıldamadı, bayaqdan neçə donub-qalmışdısa, elə eləcənə də qaldı. Abdulla müəllim sonra başını çevirib Sədaqətə baxdı. Güc-bəla ilə udqunub dedi:
- Sən başın, dur, mənə bir dolça su gətir.
Sədaqət başını bulaya-bulaya otağın qapısına tərəf getdi. Abdulla müəllimin ağlına nə gəldisə, arvadının dalınca bağırdı:
- Sən başın, quruşquyu ağzınnan birvəbir doldur.
Sonra yenə anasına baxdı:
- Sənə qurban olum, aaana!
Tükəz arvadın göz qapaqlarından başqa, bir yeri tərpənmədi. Eləcə göz qapaqları bircə dəfə qapanıb təzədən açıldı. Abdulla müəllim dodağının altında donquldandı:
- Kopolunun arağı! Yaman yanğı verir. Həlvət, köpəyuşağı çiyidli-çiyidli basıblarmış əriyi arağa...
Tükəz arvad bu sözlərin heç birini eşitmədi. O, indi hardasa uzaqlarda idi. Gözünü otağın pəncərəsindən bayıra zilləyib dodağının altında yavaşcana, qorxa-qorxa bir ad tutdu:
- Doxdur Bayram!
Tükəz arvadın gözləri yaşaran kimi oldu. 42 il əvvəli, o yaz axşamını xatırladı. Onda Tükəz arvad cavan gəlin idi. Əvəzin arvadıydı Tükəz, “qancıq Əvəzin". Günü-gündənəriyirdi, əyirib çöpə dönmüşdü bu iki ildə. Nə dərdi bilinirdi, nə dərmanı. 15 yaşı vardı Tükəzin Əvəz götürüb qaçanda. Çox oğlanların tamahı vardı Tükəzdə. Bir axşam Əvəz qolunu burub basmışdı bu qızı maşına. Demişdi, səni özümə arvad edəcəm. Tükəz özünü yerdən-yerə vurmuşdu, demişdi ki, get, anqır, tayını tap, yaxın qoymamışdı Əvəzi. Sonra arvadlar yığışıb dilə tutmuşdular, demişdilər ki, a bala, daha bundan sonra səni alan olmaz, gəl daşı tök ətəyindən. İnad eləmə! Yenə dönməmişdi Tükəz dediyindən. Günlərlə ac saxlamışdılar qızı. Bax eləcənə kilidli qapı dalında Tükəz günlərlə ağlayıb durmuşdu. Bir axşam baxmışdılar ki, qız sakitləşib. Birtəhər yola gətirmişdilər Tükəzi. Əvəz həmin gecə dadına baxmışdı qızın. Elə həmin gecə də tutub dama basmışdılar Əvəzi. Məhkəmə qurulmuşdu, 9 il iş kəsmişdilər. Tükəz sevinmişdi, elə bilmişdi ki, ata evinə qayıdacaq. Amma atası razı olmamışdı. Bax beləcə Tükəz illərlə Əvəzin yolunu gözləmişdi. Bir adama baxmamışdı, elə oturub-durub Əvəzi düşünmüşdü. Sevmişdi Əvəzi yavaş-yavaş xəyallarında, özünə ər bilmişdi. Gecələr yerinə girən kimi, Əvəzin qayıdacağı günü xəyal etmişdi. Qıvrılmışdı yerindəcə. Mütəkkəni baldırının arasına sıxıb yatmışdı eləcənə axşamlar.
9 ilin tamamına az qalmış Əvəz qayıtmışdı qazamatdan. Əvvəlki Əvəzdən əsər- əlamət yox idi. Yaman sınıxmışdı. Hamıdan çox Tükəz sevinmişdi bu işə. Oturub eləcənə gecənin düşməyini gözləmişdi. Birinci gecə Əvəz gəlməmişdi yerinə.
Səhərəcən içmişdi tay-tuşlarıyla üzümlükdə. İkinci gecə də girib yerinə dalını çevirmişdi Tükəzə, bir kəlmə nədi, kəsməmişdi. Səhərəcən Tükəzin gözünə yuxu getməmişdi. Üçüncü gecə Tükəz yenə bəzənib-düzənib yatağına uzanmışdı, Əvəzin yolunu gözləmişdi. Güllü gecə paltarında qarşılamışdı Əvəzi. İçəri girən kimi boynuna sarılmışdı. Əvəz də qarşılıq vermişdi Tükəzə. Amma Tükəzin gözlədiyi olmamışdı, eləcənə əlləşdirib durmuşdu. Əlləşdirdikcə də tər basmışdı Əvəzi, getdikcə əsəbiləşmişdi. Sonra beyninə nə yerləşmişdisə, Tükəzə bir şillə vurub çıxmışdı otaqdan. Gecənin bir aləmi qayıtmışdı yerinə. Görmüşdü ki, Tükəz eləcənə uzanıb yerində. Ayın işığında Tükəzin baldırları dəymişdi gözünə. Gəlib girmişdi yerinə. Tükəzi arxadan qucaqlayıb sıxmışdı özünə, əlləşdirməyə başlamışdı sinəsini. Tükəzin huşu çıxmışdı başından. Gözlərini yumub qıvrılmışdı yerindəcə. Sonra Əvəz birdən-birə havalanmışdı elə bil, otaqda nə var idisə, başına endirmişdi Tükəzin. Bax beləcə iki il dözmüşdü Tükəz. Hər gecə inilti səsləri, çığır-bağır. Hamı elə bilmişdi ki, 9 ilin heyifini çıxır Tükəzlə Əvəz. Hamı həsəd aparmışdı bu işə. Əvəzin qardaşları da, qardaşı arvadları da. O biri gəlinlər paxıllıq etmişdilər Tükəzə, hamısı öz ərinin qarasınca danışmışdı, demişdi ki, kül bizimkinin başına. Bax beləcə Tükəz dərdini deməyə bir Allah bəndəsi tapmamışdı. İçi özünü yandırmışdı, çölü özgəni. Əriyib çöpə dönmüşdü günü-gündən. Üzünə qırışlar düşmüşdü bu cavan yaşında. Camaat sonsuzluğuna yozmuşdu Tükəzin dərdini. Abdulla müəllim bir dolça suyu başına çəkib təzədən kefləndi. Bayaqdan başının üstündə eləcə heykəl kimi dinməzcə durmuş anasına baxıb dedi:
- Sənə qurban olum, ay ana!
Tükəz arvadın gözündə iki damcı yaş süzülüb yanağına axdı. Həmin o yaz axşamı gəldi gözünün qabağına. Bir söz demədən otaqdan çıxıb yerinə getdi. Çarpayısına uzanıb yorğanı başına çəkdi. İlıq bir şey keçdi canından. İçini titrətdi Tükəz arvadın. Həmin gün də içi, bax beləcə titrəmişdi.
O yaz axşamı Tükəz ocağında su qızdırmış, iki vedrə su ilıqlayıb və bir dolça qatıq suyu götürüb girmişdi tövləyə. Deyirdilər ki, qatıq suyu saçı yaman yumşaldır. Tövləyə girib qapının dalına mıxca dirəmişdi ki, girən olmasın. Vedrələri yaxına çəkib vannaya girmişdi Tükəz. Başına bir dolça su endirib eləcənə gözləmişdi ki, canı yumşalsın. Bir də baxmışdı ki, bacanı tıxamaq yadından çıxıb. Ərinmişdi durmağa. Kisəni götürüb islatmışdı suda. Sonra boynuna, sinəsinə sürtməyə başlamışdı. Sinəsinə sürtə-sürtə xoş bir üşütmə hiss etmişdi Tükəz. Bax beləcə dayanmadan kisəni sinəsinə sürtə-sürtə durmuşdu. Neçə vaxt beləcə durmuşdu, Allah bilir. Elə bil qopub getmişdi bu kənddən, bu dərədən, bu dünyadan. Bir də onda ayılmışdı ki, tövlənin bacasında bir üz baxır ona tərəf. Tanımışdı bu üzü. Doktor Bayramın üzü idi bu. Kəndin təzə həkimi Bayram. Bakıdan göndərmişdilər Bayram doktoru. Tükəzgilə qonşu olmuşdu. Sütül bir cavan idi. Boy-buxun da öz yerində. Eləcə donub-qalmışdı Tükəz. Handan-hana kisəni tullayıb əlləri ilə döşlərini tutmuşdu. Bayram da ürkmüşdü elə bil. Tükəzin ağlı çıxmışdı başından. Gecələr sinəsini sığallaya-sığallaya Bayramı düşünmüşdü. Elə bil dirilmişdi Tükəz. Harda kirli iş vardısa, atırdı özünü ora. Bütün gün eşələnirdi həyətdə, toz-torpağa batırdı. Axşamlar da su qızdırıb yollanırdı tövləyə. Bayram da gəlib dururdu bacanın ağzında. Güdürdü Tükəzi. Tükəz özünü görməzliyə vururdu. Eləcənə lütlənib girirdi vannaya. Başından bir dolça su endirib kisələyirdi özünü. Axırda da qatıq suyu ilə yuyurdu saçlarını. Tükəzin rəngi-ruhu düzəlmişdi elə bil. Dərisinə ət dolmuşdu, gözünə işıq gəlmişdi. Hamı da baxıb mat qalmışdı bu işə. Kəndə yayılmışdı bu xəbər. Qızlar-gəlinlər gündə əlli kərə qatıq suyu çəkərdilər üzünə, başlarını qatıq suyu ilə yuyardılar.
Həmin gün yenə Tükəz iki vedrə su ilıqlayıb tövləyə yollanmışdı. Qapının dalına mıxça dirəmişdi ki, girən olmasın. Vannaya girib başına bir dolça su əndərmişdi. Gözü bacada qalmışdı Tükəzin. Bayramın yolunu gözləmişdi eləcənə. Bir xeyli keçəndən sonra özünü yetirmişdi Bayram. Tükəz daha özünü görməzliyə vurmamışdı. Baxıb gülümsünmüşdü Bayrama. Özünü itirmişdi Bayram. Bir xeyli eləcənə qalmışdı. Sonra beyninə nə yerləşmişdisə, Tükəzə baxa-baxa girmişdi bacadan içəri. Titrəyə-titrəyə gəlib dayanmışdı Tükəzin qabağında. Kisəni götürüb suda islatmışdı. Yavaşca-yavaşca sinəsinə sürtmüşdü Tükəzin. Sonra kisəni tullamışdı bir qırağa. Sığallamağa başlamışdıTükəzin sinəsini. Tükəzin huşu çıxmışdı başından. Sonra nələr olmuşdusa, öz-özünə olmuşdu, Bayramdan xəbərsiz, Tükəzdən xəbərsiz... Tükəz çimib tövlədən çıxanda mat qalmışdı gəlinlər. Bircə saatın içində Tükəz necə gözəlləşmişdi, İlahi!
Tükəz arvad bunları xatırlaya-xatırlaya yerində qıvrılırdı. Qıvrıldıqca da həmin ilıq bir şey dolaşırdı canında...
Səhərə kimi gözünü qırpmamışdı Mustafa kişi. Eləcə yerində o üzə-bu üzə fırlanıb durmuşdu. Ev adamları da mat qalmışdılar bu işə. Odur ki, atası Sitarəni göndərmişdi ki, get, gör, dədəm salamatdımı? Sitarə də gəlib dayanmışdı, Mustafa kişinin başının üstündə, demişdi ki, ay baba, atam deyir, get, gör, dədəm salamatdımı? Mustafa kişi də demişdi ki, get denən, salamatdı. Bax beləcə, günlərlə yerindən qalxmamışdı Mustafa kişi. Nə dərdi bilinirdi, nə dərmanı. Bu nə sirr idi, heç Allah da baş açmazdı.
Günlərin bir günü kəndə söz yayıldı ki, bu gecə filankəsin qoyunları yoxa çıxıb. Mustafa kişinin qulağı aldı bu sözü. Durub çəliyinə dirənə-dirənə çıxdı həyətə. Gəlib bu tut ağacının altında oturdu eləcənə. Dedi, mənə bir çay verin, indicə Şahsuvar müəllim gələcək, bazara gedəcəm onunla. Amma bir xəbər çıxmadı Şahsuvar müəllimdən, nə özü gəldi, nə adam göndərdi. Bax beləcə, axşama qədər Şahsuvar müəllimdən xəbər gözlədi Mustafa kişi. Papirosu papirosa caladı, qurcuxa-qurcuxa durdu yerində. Dindirəndə dindi, dindirməyəndə eləcə kirimişcə oturdu. Bir tikə keçmədi boğazından. Gecənin bir vədəsi elə çəliyini o tut ağacının altındaca tullayıb yollandı yerinə. Səhərəcən zarıdı eləcə. Səsini eşidən olmadı. Gecə ilə səhərin arasında torpaq hələ canındakı istiliyi son nəfəs kimi havaya tapşırmamışdan bir xeyli qabaq gözlərini yumdu Mustafa kişi... Həmin günün axşamı ev adamları xəbər tutdular ki, Mustafa kişi daha bu dünyalıq deyil. Hay düşdü kəndə. Şahsuvar müəllim də özünü yetirdi. Dedi ki, rəhmətliyin bütün yas xərci mənim boynuma, öz sözünə də əməl etdi sonra.
Şenlik Mustafa kişini torpağa tapşırıb qayıdanda kəndin qulağına çathaçatda kimsə sükutu pozdu:
- Həə! Mustafa kişi də belə getdi! Rəhmətliyin ağlı zayıllamışdı axır vaxtlar! Ey gidi dünya!
Hamı da bir nəfər kimi bu sözü təsdiq etdi:
- Həə, yaman zayıllamışdı...