Tərcümə nədir, tərcüməçi kimdir?
Tərcümə – orijinal və ya tərcümə olunmuş ədəbi, elmi, texniki mətnin kitab halında, jurnalda, dövri nəşrdə dərc olunmaq, yaxud teatrda tamaşaya qoyulmaq, kinoda, radio verilişlərində, televiziyada və ya hər hansı digər KİV-də səsləndirmək məqsədi ilə bir dildən başqa dilə çevrilməsi deməkdir. Tərcüməçi – ədəbi, elmi, yaxud texniki əsərlərin mütərcimidir. İstifadəçi – tərcümədən istifadə edən fiziki, yaxud hüquqi şəxsdir.
YUNESKO-nun “Tərcüməçilərin və tərcümələrin hüquqlarının mühafizəsi və tərcüməçilərin vəziyyətinin yaxşılaşdırılmasının praktik vasitələri haqqında tövsiyə”sindən
Bədii tərcümə haqqında
Bədii tərcümə – ədəbi yaradıcılıq növü, bir dildəki bədii əsərin başqa dilə çevrilməsidir. Bədii tərcümə başqa tərcümələrdən orijinal bədii yaradıcılıqla bilavasitə bağlılığına görə seçilir.
Bədii tərcümədə söz estetik mahiyyət kəsb edir, buna görə də onun problemləri bədii yaradıcılığın spesifik qanunlarına daxildir.
Bədii tərcümə orijinal yaradıcılıqdan öz obyektindən asılılığı ilə fərqlənir. Bu sənətin tarixi hər bir ölkənin ədəbiyyat tarixinin ayrılmaz hissəsidir. Bütün xalqların qədim yazılı abidələrində tərcüməçilik fəaliyyəti nəzərə çarpır.
Qədim dövrlərdən bədii tərcüməyə baxışda bir-birinə zidd iki tələb (tərcümənin orijinal mətnə və oxucu qavrayışına yaxınlığı) mövcud olub.
Azərbaycan Ensiklopediyasından
Tərcüməçilər tərcümə haqqında
Tərcümə zamanı sözlərin orijinal musiqisi itir. Lakin orijinal mətnə hörmət bəsləyən, ona sadiq qalan tərcüməçi duyduğu musiqiyə uyğun yenisini yaradır. İş vaxtı o, köməkçi yazıçı rolunu oynayır. Bu, tərcüməni yaradıcılıq prosesinə çevirir. Amma bu, xeyli yorucu işdir. Çox vaxt çevirmə işinə qul əməyi kimi baxıldığına görə tərcümə nadir hallarda sənətə çevrilir.
Tərcüməçi yalnız çevirdiyi mətnlə birləşəndə, alacağı zəhmət haqqına əhəmiyyət verməyəndə yeni musiqi yarada bilər. Tərcüməçilik çox çətin, incə, lakin müasir dünyada lazımınca qiymətləndirilməyən sənətdir.
Eduardo QALEANO (Uruqvay)
***
Görkəmli alman tərcüməçisi Ralf Maheim bu peşə sahiblərini müəllifin obrazına girib onun demək istədiklərini öz dilində oxuculara çatdıran aktyora bənzədir. Bu tərifin mürəkkəb və qıcıqlandırıcı variantı da var ki, həmin fikri tərcümənin keyfiyyətini yalnız onun anlaşıqlı olub-olmaması ilə ölçən tənqidçilər işlədir. Belələri üçün tərcümədə həmişə nəsə anlaşılmaz qalır. Onların gizli ittihamını çatdırmağa çalışsam, məncə, əslində demək istədikləri budur ki, tərcüməçi iş zamanı lazım olmayan dərəcədə mütilik göstərərək görünməz olur.
...Orijinala sədaqət, əlbəttə, bizim başlıca məqsədimizdir, ancaq tərcümə – mətnin surətini çıxarmaq deyil.
Məlumdur ki, dil uzunmüddətli mürəkkəb tarixi proses nəticəsində formalaşır. Mədəni ənənələrin yaxınlıq dərəcəsindən asılı olmayaraq, hər hansı iki dil heç vaxt üst-üstə düşmür. Bəli, orijinala sədaqət tərcümənin ən vacib amilidir, amma sözlərə sadiq qalmaq mümkün deyil, onlar hər dildə fərqlidir. Sintaksisi qoruyub saxlamaq da çətindir, çünki bu quruluş hər dildə müxtəlifdir. Məqsədə, mənaya sadiq qalmaqsa mümkündür.
Xorxe Luis Borxes öz tərcüməçilərinə təkidlə deyirdi: "Dediyimi yox, demək istədiyimi tərcümə edin".
Edit QROSSMAN (ABŞ)